“Qorio ata” romanı “Bəşəri məzhəkə”nin sütunlarından biridir. Bu əsərdə yazıçı yoxsul tələblərin, katorqaçıların, müflisləşmiş burjuaların, pozğun və amansız kübar xanımların, fırıldaqçı tacirlərin dolaşdığı mühitdə “ictimai mühərrik”in doğurduğu müsibətləri, insanlara aşıladığı eybəcər əqidəni, yaratdığı mənəvi uçurumu qüdrətlə əks etdirmişdir. Qoca Qorio da bu cəmiyyətin və onun yaratdığı əxlaqın qurbanıdır. Min bir fırıldaqla sərvət qazanan, bütün varlığını övlad məhəbbətinə qurban verən bu zavallı insan ölüm ayağında boynuna alır ki, pul insana hər şey, hətta övlad bəxş edir.
Şerlok Holms ingilis yazıçısı Artur Konan Doylun (1859–1930) yaratdığı xəfiyyə obrazıdır; ilk dəfə onun haqqında 1887-ci ildə yazılmış “Al tonlarda etüd” povestində məlumat verilmişdir. Holms Londonda Beyker-strit ünvanında yaşayır və Böyük Britaniya boyu cinayətkarları təqib edir, dolaşıq cinayət işlərinin üstünü açırdı. Şerlok Holms obrazının prototipi tibb məktəbində oxuyarkən Konan Doyla dərs demiş ekssentrik doktor Cozef Bell olmuşdur. Holmsun məşhur deduksiya qabiliyyəti də Bellin xəstələrin diaqnozunu müəyyənləşdirmək üçün istifadə etdiyi qeyri-adi metodlardan yaranıb. Şerlok Holmsun əksər macəraları onun dostu doktor Uotsonun dilindən təsvir edilir. Ümumilikdə Konan Doylun qələmindən 4 belə povest və 56 kiçik hekayə çıxıb ki, onlar da Holmsun 1878–1914-cü illərdəki fəaliyyətini əhatə edir. Şerlok Holms obrazı bütün dövrlərin ən çox ekranlaşdırılmış obrazlarından biri sayılır. Belə ki, Holms haqqında indiyə qədər 200-dən çox film çəkilib. Şerlok Holms obrazının məşhurluğu və oxucu kütləsi üzərində təsiri o qədər böyük idi ki, Konan Doylun ölümündən sonra da müxtəlif yazıçılar Holmsu öz əsərlərinin qəhrəmanı şeçməkdə davam edirdilər. Bunlardan ən əsası isə yazıçının oğlu Adrian Konan Doylun (1910–1970) Con Dikson Karr (1906–1977) ilə birlikdə qələmə aldığı “Şerlok Holms macəraları”dır. Artur Konan Doylun bu kitabında “Alabəzək lent”, “Göy yaqut”, “Boskomb dərəsinin sirri”, “Holmsun son əməliyyatı”, “Boş evin sərgüzəşti” adlı hekayələri yer alıb. Bu hekayələrdə Məşhur xəfiyyə Şerlok Holms və onun dostu Doktor Uatsonun səylə araşdırdığı bir-birindən maraqlı hadisələrin, müəmmalı cinayətlərin üstünün açılması prosesinin şahidinə çevriləcəksiniz.
Yeni dövr Belçika milli ədəbiyyatının banisi sayılan Şarl de Koster öz yaradıcılığı ilə ədəbiyyata demokratik ideyalar gətirmişdir. Əslən flamanq olan, özü də fransız dilində yazıb-yaradan görkəmli sənətkar bütün yaradıcılığı boyu zəngin folklordan istifadə etmişdir. Yazıçının təqdim olunan «Ulenşpigel və Lamme Qudzak əfsanəsi» Avropa xalqlarının bir çoxunun folklorunda rast gəlinən xalq yaradıcılığı motivləri əsasında qələmə alınmış bir romandır.
Rafiq Ağayevin bu kitabındakı hekayə və nağılların mövzusu körpələrin və kiçikyaşlı məktəblilərin həyatından götürülmüşdür. Bu əsərlərin qəhrəmanları Nigar, Yalçın, Ülkər, Erkin, Tuncəl, Biləyən, Gopçu və başqaları ağıllı , mehriban, gözüaçıq uşaqlardır. Onlar təbiəti, quşları, heyvanları sevir, yaşıllığın qorunmasında yaxından iştirak edirlər… Bu balaca uşaqların dili ilə müəllif sanki böyüklərə də bir ismarıc çatdırmış olur.