Ömər Xəyyam (1048 – 1131) şair, riyaziyyatçı, astronom və filosof olmuşdur. İbn Sina və bir çox başqa şərqli alimlər kimi o həm də şair idi. Amma o, başqa alimlərdən fərqli olaraq həm Şərqdə və Qərbdə özünün müdriklik və satira dolu rübailəri ilə məşhurdur. Kitabda Ömər Xəyyamın müxtəlif illərdə dilimizə tərcümə olunmuş rübailəri (o cümlədən, eyni rübailərinin müxtəlif tərcümələri) vardır.
Dünya şöhrətli yazıçı və ictimai xadim, amerikan ədəbiyyatında realizmin ən görkəmli nümayəndələrindən biri sayılan Teodor Drayzer «„Kerri bacı“» romanını 1900-cü ildə yazdı. Romanın qəhrəmanı öncə evli adamın məşuqəsi, sonra isə məşhur aktrisa olan bir qızdır. Romanda qadın xoşbəxtliyinə aparan yolun təmiz və şərəfli, bu yolla gedənin isə ləyaqətli, namuslu, günahsız olduğunu vəsf edən Amerika həyat tərzi, sadə insanların mənəviyyatını pozan, onların saf, bakirə əxlaqına təcavüz edən burjua cəmiyyəti ciddi tənqid edilmişdir. “Kerri bacı” romanı insan psixologiyası və cəmiyyətin təzadları baxımından olduqca maraqlı bir əsərdir.
Ədibin kitabda verilmiş əsərləri zəmanəsinin əyani təsviri və sətiraltı mənalarıyla müasir oxucu üçün maraqlı olacaqdır.
Azərbaycanın görkəmli dövlət xadimi Şah İsmayıl Xətai 38 illik həyatında vaxtının çoxunu dövlət işlərinə sərf etməsinə baxmayaraq zəngin və çoxcəhətli ədəbi bir irs yaratmışdır. O, həm əruz, həm də heca vəznində, həm epik, həm də lirik janrlarda gözəl əsərlər yaratmış, yaddaqalan, nümunə, örnək ola bilən əsərləri ilə Azərbaycan ədəbiyyatını zənginləşdirmişdir. Kitaba onun səmimi, ürəkdən qopub gələn poeziyasından seçmələr daxil etmişik.
Ölü canlar – Ukrayna əsilli rus yazıçısı Nikolay Vasilyeviç Qoqolun 1842-ci ildə ilk cildini tamamladığı amma bitirmədiyi romanıdır. Romanın mövzusu ona Puşkin tərəfindən təklif edilmişdir. Üç cild olaraq düşünülən roman-poema əslində Dantenin İlahi Komedyasından ruhlanaraq yazılmışdır. İlk cilddə romanın baş qəhrəmanı Çiçikovun öz mənfəətləri uğruna etdiyi pisliklər əks olunmuşdur. Qoqol, cəhənnəmi izah etdiyi bu hissədən sonra cənnəti izah edəcəyi, Çiçikovun əxlaq və vicdan sahibi olduğunu göstərəcəyi ikinci cildin əlyazmalarını keçirdiyi böhran nəticəsində yandırmışdır. Daha sonra bir neçə dəfə təkrar yazmağa çalışdığı bu hissələri toplayıb dərc etmişlər. Çiçikov, Rusiyada şəhər-şəhər gəzib, feodal qanunlara görə torpaq sahiblərinin malı olan kölə kəndlilərini satın alır. Ancaq istədiyi kəndlilər işini yaxşı bilən ya da sağlam olanlar deyil, tam əksinə ölü canlardır. Dövrün tənqid oxlarını üzərinə çəkən, feodal quruluşunun düşüncə tərziylə qarşı-qarşıya qoyan roman, bu baxımdan müəyyən təbəqə insanların həyatında çevriliş etmişdir.
Kitaba Mirzə Fətəli Məhəmmədtağı oğlu Axundovun (Axundzadə – 1812 Nuxa/Şəki – 1878 Tiflis – Azərbaycan yazıçı-dramaturqu, materialist filosofu, ictimai xadim, Azərbaycan dramaturgiyasının banisi) nəsr əsərləri, şeirləri, dramları və məqalələri daxil edilmişdir.
Nasir, dramaturq, 1940-cı ildən AYB-nin üzvü, Azərbaycanın Əməkdar incəsənət xadimi (1960), Azərbaycan Dövlət Mükafatı laureatı (1972), Azərbaycanın xalq yazıçısı (1979) İlyas Məhəmməd oğlu Əfəndiyevin (1914-1996) seçilmiş əsərlərinə onun hekayələri, povestləri və bir romanı daxil edilmişdir.
Fransız yazıçısı Stendalın “Vanina Vanini” povesti italyan vətənpərvərlərin (Karbonarilər) Avstriya hökmranlığına qarşı mübarizəsindən bəhs edir. Öz vətənlərinin azadlığı uğrunda döyüşən xalqa hüsnü-rəğbətini gizlətməyən Stendal, gənc karbonari – Tyetro Missirillinin parlaq surətini yaradır. Pyetronun qəlbindəki inqilabi borc hissi kübar və həm də gözəl Vaniniyə olan məhəbbət hissi ilə daima mübarizə aparır. Vanini isə Missirilinin yalnız ona məxsus olmasından ötrü karbonarilərin ittifaqını düşmənə satır, lakin Missirili əqidəsindən dönməyərək Vaniniyə olan məhəbbətindən imtina edir və məsləkdaşları ilə vətənin azadlığı uğrundakı mübarizəsini davam etdirir.
“Qarlı aşırım” əsəri ilə böyük ədəbiyyata gələn görkəmli yazıçı, tarixi romanlar ustası Fərman Kərimzadənin “Xudafərin körpüsü” romanında XV əsrin axırı XVI əsrin əvvəllərində baş vermiş tarixi hadisələr, Şah İsmayıl Xətainin uşaqlıq və gənclik illəri, hakimiyyət uğrundakı mübarizəsi qələmə alınıb. Romanda, həmçinin Şah İsmayıl Xətainin bir şair, sərkərdə və dövlət xadimi kimi yetişib formalaşdığı tarixi şərait təsvir edilib, Uzun Həsən, Sara Xatun, Hüseyn Lələ bəy, Əbih Sultan kimi tarixi şəxsiyyətlərin yadda qalan obrazları yaradılıb.