Radetski Marşı. Йозеф Рот

Читать онлайн.
Название Radetski Marşı
Автор произведения Йозеф Рот
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9953-8066-3-8



Скачать книгу

– kiçik Trottanı görüncə dedi: – Bu dəqiqə açıram.

      Dəhlizə baxan qapını açdı, içəri sərin idi, yüngülcə ətir iyi gəlirdi. Frau Slama paltarına bir damla ətir vurmuşdu. Karl Cozef Vyananın gecə klublarını xatırladı.

      –Baş çavuş yoxdurmu? – deyə soruşdu. Qadın cavab verdi:

      –İş başındadı, herr von Trotta. İçəri gəlin.

      Karl Cozef indi Slamaların salonunda idi. Qırmızımtıl, alçaq tavanlı, çox sərin bir otaq idi; adam özünü buzxanadaymış kimi hiss edirdi; yastıqlı kresloların yüksək arxalıqları oturunca adamın kürəyini ağrıdan, qəhvəyi rəngə boyanmış yarpaq şəklindəki oyma bəzəklərdən ibarət idi. Frau Slama soyuq limonad gətirdi, narın qurtumlarla içib kiçik barmağını ayrı tuturdu, ayağını ayağının üstünə aşırmışdı. Karl Cozefin yanında üzü ona çevrilmiş şəkildə oturmuşdu, ipək qırmızı başmaq geyindiyi ayaqlarından birini yelləyirdi, ayaqlarına corab geyinməmişdi, çılpaq idi. Karl Cozef əvvəlcə ayağa, sonra da limonada baxdı. Frau Slamanın üzünə baxmadı. Papağı dizlərinin üstündə idi, limonadın önündə sanki iş başındaymış kimi dimdik otururdu.

      –Xeyli vaxtdır gəlmirsiniz, herr von Trotta, – qadın dedi. – Çox böyümüsünüz! On dörd yaşınız geridə qaldı hər halda?

      –Bəli, çoxdan. – Evdən tezcə çıxmağı düşündü. Limonadı bir qurtumda bitirməli, gözəl bir reverans etməli, ərinə salam deyərək getməli idi. Çarəsizcə limonada baxdı, heç cür bitirə bilmirdi. Frau Slama yarımçıq stəkanı yenə doldurdu. Siqaret gətirdi. Siqaret çəkməsi qadağan idi. Frau Slama bir siqaret yandırıb tüstüsüylə burun pərlərini şişirərək laqeyd halda içinə çəkdi, sonra ayağını yellədi. Birdən-birə heç nə demədən Karl Cozefin dizlərinin üstündəki papağı götürüb masanın üstünə qoydu. Sonra siqaretini Karl Cozefin dodaqlarının arasına dürtdü, əlindən tüstü və odekolon iyi gəlir, güllü yay donunun qolları Karl Cozefin gözlərinin qarşısında parlayırdı. Karl Cozef ucunda hələ də qadının dodaqlarının nəmliyi hiss edilən siqareti nəzakətlə çəkməyə davam edərək limonada baxdı.

      Frau Slama siqareti yenə öz ağzına alıb Karl Cozefin arxasına keçdi. Karl Cozef başını çevirməyə qorxurdu. Paltarın parlayan qolları birdən-birə boynunda idi, qadının üzünü saçlarında hiss etdi. Tərpənmədi. Lakin ürəyi dəlicəsinə döyünürdü, içində donub qalmış bədəniylə formasının düymələrinin cilovlamağa çalışdığı fırtına qopdu. Frau Slama “gəl” deyə pıçıldadı. Qucağında oturdu, sürətlə Karl Cozefi öpdü və işvəylə gözlərini çevirdi. Alnına bir tutam saç düşdü, dodaqlarıyla saçı alnından üfürməyə çalışdı. Karl Cozef qadının ağırlığını ayaqlarının üstündə hiss edirdi, eyni anda içində yeni şeylər oyandı; Karl Cozefin qol və ayaqlarındakı əzələləri dartındı. Qadını qollarıyla qucaqladı, formasının sərt parçasının üzərində döşlərinin yumşaq sərinliyini hiss edirdi. Frau Slamanın boğazından yüngül bir səs qopdu, bu hıçqırıqla fit arası bir səs idi; gözləri nəm idi. Sonra geriyə doğru qanrıldı, mehribanlıqla, həvəslə formanın düymələrini bir-bir açmağa başladı. Sərin, yumşaq əlini Karl Cozefin sinəsinə qoyub oğlanın dodaqlarından planlı bir həzlə uzun-uzadı öpdü, sonra sanki bir səsdən ürkübmüş kimi birdən-birə ayağa qalxdı. Karl Cozef də dərhal yerindən atıldı, qadın gülümsəyib dal-dalı qapıya doğru gedərək yavaşca oğlanı arxasınca çəkdi, qollarını irəliyə uzatmış, başını arxaya atmışdı; üzü parlayırdı, qapını ayağıyla itələyərək açdı. Yataq otağına girdilər. Karl Cozef yarıaralı göz qapaqlarının arasından qadının onu soyundurduğunu gördü; yavaşca, etinayla, bir ana kimi. Dəhşət içərisində mərasim formasının cansız parçalar şəklində yerə düşdüyünü gördü, ayaqqabılarının yerə düşərkən çıxardığı boğuq səsi eşitdi, frau Slamanın əlini ayağında hiss etdi. Aşağıdan yuxarıya doğru yeni bir istilik, yeni bir sərinlik dalğası sinəsinə çatdı. Özünü yatağın üzərinə buraxdı. Qadın zövqdən, atəşdən və sudan ibarət olan yumşaq, böyük bir dalğa kimi üzərinə döşəndi.

      Oyandı. Frau Slama qarşısında dayanırdı, geyimlərini bir-bir ona uzatmağa başladı; Karl Cozef tələsik geyinməyə başladı. Frau Slama salona gedib əlcəkləriylə papağını gətirdi. Pencəyini düzəldən Karl Cozef qadının baxışlarını davamlı üzündə hiss edir, amma ona baxmaqdan qaçırdı. Topuqlarını bir-birinə vurub qadının əlini sıxdı və bunu edərkən inadla sağ çiyninə baxmağa davam etdi, sonra çıxıb getdi.

      Bir qüllədən saat yeddini bildirən zəng səsi gəldi. Günəş bu anda lap göy üzü kimi mavi bir rəng alan və buludlardan demək olar ki, heç ayırd edilə bilməyən təpələrə yaxınlaşdı. Yolun kənarındakı ağaclar ətrafa şirin bir qoxu yayırdı. Axşam küləyi yolun iki tərəfindəki yamacların qısa çəmənlərini darayır, küləyin görünməyən, səssiz və böyük əlinin altında çəmənliklərin necə titrəyərək dalğalandığı hiss edilirdi. Uzaqlardakı bataqlıqlarda qurbağalar quruldamağa başlamışdı. Sapsarı bir evin açıq pəncərəsindən gənc bir qadın bomboş olan küçəyə baxırdı. Karl Cozef qadını əvvəllər heç görməmiş olmasına rəğmən hörmətlə salamladı. Qadın bir az qəribsəyərək və minnətdarlıqla baş əydi. Karl Cozef özünü sanki frau Slamayla daha çox indi vidalaşırmış kimi hiss etdi. Pəncərədəki yad qadın sevgi ilə həyat arasında bir sərhəd patrulu kimi dayanırdı. Qadını salamladıqdan sonra Karl Cozef özünü dünyaya geri dönübmüş kimi hiss edirdi. Addımlarını sürətləndirdi. Saat düz səkkizə iyirmi dəqiqə qalmış evə çatmışdı və atasına geri döndüyünü bildirdi; solğun, qısa və qərarlı; eynilə kişilərin etməli olduğu kimi.

      Baş çavuşun iki gündən bir patrul vəzifəsi vardı. Hər gün əlində bir sənəd dəstəsiylə Bölgə Qubernatorluğuna gəlir, amma bölgə qubernatorunun oğluyla heç bir zaman qarşılaşmazdı. Karl Cozef hər iki gündən bir saat dörddə Jandarm Birliyinə gedər, saat yeddidə oranı tərk edərdi. Frau Slamadan özüylə gətirdiyi ətir quru yay axşamlarının başqa qoxularıyla qarışar, Karl Cozefin əllərinə hopardı. Karl Cozef yemək vaxtı atasına lazım olduğundan çox yaxınlaşmamağa çalışardı. Bir axşam yaşlı Trotta dedi:

      –Buradan payızın iyi gəlir.

      Ümumiləşdirirdi. Frau Slama əsasən əspərək çiçəyi ətirindən istifadə edərdi.

      III

      Portret bölgə qubernatorunun siqaret otağında pəncərənin qarşısındakı divarda o qədər yüksəkdən asılmışdı ki, alın və saçlar köhnə taxta yuxarı kandarın tünd qəhvəyi kölgəsində itirdi. Nəvənin marağı davamlı bir şəkildə babasının aşınmış, solğun cizgiləriylə unudulmağa üz tutmuş şöhrəti arasında gəzişirdi. Pəncərələrin açıq olduğu, şəhər parkındakı şabalıd ağaclarının tünd yaşıl kölgəsinin otağı yay mövsümünün bütün dolğun, güclü sükunətiylə bürüdüyü, bölgə qubernatorunun şəhər kənarında bir komissiya yığıncağını idarə etdiyi, keçə başmaqlarıyla evin içində gəzən Jakın isə ayaqqabı, paltar, külqabı, şamdan və ayaqlı lampaları təmizləmək məqsədilə yığdığı bəzi günortadan sonrakı sakit vaxtlarda Karl Cozef bir kürsünün üstünə çıxıb babasının şəklinə yaxından baxardı. Şəkil saysız dərin kölgəylə aydın işıq ləkələrinə, fırçayla çəkilən cizgilərlə xallara, minlərlə detala