Radetski Marşı. Йозеф Рот

Читать онлайн.
Название Radetski Marşı
Автор произведения Йозеф Рот
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9953-8066-3-8



Скачать книгу

Jak.

      Jak da fırça, pasta və cilanı bir kənara qoyar, mərhumdan danışmağa başlamazdan əvvəl sanki əllərini təmizləmək istəyirmiş kimi bir-birinə sürtərək daha əvvəl ən azı iyirmi dəfə olduğu kimi sözə başlayardı:

      –Onunla aramız həmişə yaxşı idi! Mən malikanəyə gələndə artıq çox gənc deyildim, heç evlənmədim, evlənməyim mərhumun xoşuna gəlməzdi. Qadınlardan xoşlanmazdı, özününkü, yəni baronessa xaric, amma o da onsuz da erkən öldü, ağciyərləri… Hər kəs mərhumun Solferino müharibəsində imperatorun həyatını xilas etdiyini bilirdi, lakin özü bundan heç danışmazdı, ağzından bir söz belə çıxmadı. Buna görə məzar daşına “Solferino qəhrəmanı” yazdılar. Öldükdə çox da yaşlı deyildi, axşam saat doqquza yaxın, gərək ki, noyabrda idi. Qar yağmağa başlamışdı, günortadan sonra həyətə düşüb məndən soruşdu: “Jak, xəzdərili çəkmələri hara qoydun?” Çəkmələrin harada olduğunu bilmirdim, amma dedim: “Dərhal gətirərəm, herr baron”. “Sabah olsa da olar”, – dedi, amma ertəsi gün onlara ehtiyacı olmadı. Mən heç evlənmədim!

      Bildikləri bu qədər idi.

      Bölgə qubernatoru bir gün (son tətillər idi, bir il sonra Karl Cozef məzun olacaqdı) vidalaşarkən dedi:

      –Hər şeyin yolunda gedəcəyinə ümid edirəm. Sən Solferino qəhrəmanının nəvəsisən. Bunu fikrindən çıxarmasan sənə bir şey olmaz.

      Mayor, müəllimlər və ehtiyat zabitlər də bunu fikirlərindən çıxarmadılar; başqa sözlə, Karl Cozefə həqiqətən də bir şey olmadı. Yaxşı bir minici olmamasına, xəritəni yaxşı çəkə bilməməsinə, triqonometriyada tamamilə müvəffəqiyyətsiz olmasına baxmayaraq imtahanlardan "yaxşı bir qiymətlə" keçdi, leytenant rütbəsiylə məzun olaraq onuncu Süvari Birliyinə təyinatı verildi.

      Gözlərində yeni əldə edilən təntənə və son mərasimdən sonra yaranmış özündən keçmiş bir ifadə, qulaqlarında hələ də mayorun guruldayan məzuniyyət çıxışı, əynində qızılı düyməli mavi uniforma, sol əlində dəri kənarlı papağı, qıpqırmızı minici şalvarı, ayaqlarında par-par parıldayan mahmızlı çəkmələr, ombasında isə geniş qəfəsli bir qılınc – Karl Cozef isti bir yay günü atasının qarşısına bax belə çıxdı. Bu dəfə bazar günü deyildi. Leytenant çərşənbə günü də gələ bilərdi. Bölgə qubernatoru iş otağında oturmuşdu.

      –Rahat ol, – dedi. Gözlüyünü burnunun üzərindən götürdü, göz qapaqlarını qısdı, dikəlib oğlunu süzdü; hər şeyin yolunda olduğu qənaətinə gəldi. Karl Cozefi qucaqladı, bir-birlərinin yanaqlarından qeyri-səmimi şəkildə öpdülər. Bölgə qubernatoru oturmasını tapşırıb leytenantı kresloya doğru istiqamətləndirdi. Özü otaqda o baş-bu başa gedirdi. Sözləri üçün münasib bir başlanğıc düşünürdü. Bu dəfə hər hansı bir qınamadan söz belə gedə bilməzdi, razılıq ifadəsiylə başlamaq da mümkün deyildi. Nəhayət, dedi:

      –İndi alayının tarixiylə maraqlansan yaxşı olar, üstəlik, babanın döyüşdüyü alayın tarixiylə əlaqədar bəzi şeyləri də oxumalısan. Vəzifəmlə bağlı Vyanada iki gün işim var, mənə yoldaşlıq edəcəksən.

      Sonra masa zəngini çaldı. Jak gəldi. Bölgə qubernatoru təlimatını verdi:

      –Frauleyn Hirşvits bu gün masaya şərab qoydursun. Yeməkdə əgər mümkünsə mal ətiylə albalılı keks olsun. Bu gün yeməyə normal vaxtdakından iyirmi dəqiqə gec oturacağıq.

      Jak "əmrinizlə, herr baron" deyərək Karl Cozefə baxdı, pıçıltıyla onu təbrik etdi. Bölgə qubernatoru pəncərəyə sarı getdi, havada təsirli bir səhnə təhlükəsi vardı. Arxasında oğlunun xidmətçiyə əlini verdiyini, Jakın kiçik addımlar ataraq mərhum ağa haqqında aydın olmayan sözlər mızıldadığını eşitdi. Jakın otaqdan çıxmasını gözləyib üzünü çevirdi.

      Yaşlı kişi bu sözlərlə başladı:

      –Hava istidi, elə deyilmi?

      –Bəli, ata.

      –Məncə, açıq havaya çıxaq.

      –Əlbəttə, ata.

      Bölgə qubernatoru adi vaxtlarda günortadan əvvəl götürməyi sevdiyi sarı bambuk çəliyi deyil, qaraağacdan düzəldilmiş qara çəliyi götürdü. Əlcəklərini də sol əlində tutmaq yerinə əllərinə keçirdi. Silindr şlyapasını başına qoyub oğluyla birlikdə otaqdan çıxdı. Ağır addımlarla danışmadan şəhər parkının yaya xas səssizliyi içərisində irəliləyirdilər. Şəhər polisi salam verdi, oturacaqlarda oturan adamlar dikəlib salamlaşdılar. Yaşlı kişinin ağır cazibə qüvvəsinin yanında oğlanın təzətər rəngarəngliyi olduğundan daha parlaq, daha təntənəli görünürdü. Sarışın bir qızın qırmızı çətir altında moruqlu mineral su satdığı gəzinti yolunda yaşlı kişi dayanaraq dedi:

      –Təzə bir içki pis olmaz.

      İki sadə soda aldılar, gizlədə bilmədiyi bir şəhvətlə Karl Cozefin rəngli işıltısından gözü qamaşdığı görünən sarışın qızı ötəri bir qürurla süzdü. İçkilərini bitirib yollarına davam etdilər. Bölgə qubernatoru arabir cilovlaya bildiyi bir coşqunluğa eyham vurmaq istəyirmiş kimi çəliyini yelləyirdi. Susqun olmasına və həmişəki kimi ciddiliyini qorumasına baxmayaraq, oğluna bu gün az qala enerjili görünürdü. Şən əhvalı bəzən halından razı bir şəkildə yüngülcə öskürməsinə səbəb olurdu, buna bir növ gülmək də deyilə bilərdi. Yolda bir adam salam verincə, yüngülcə şlyapasını götürüb yenə başına qoyurdu. Məsələn, "nəzakətlilik də çətinlik yarada bilir" kimi cürətli paradoksları dilə gətirməyə cəsarət etdiyi anlar belə yaşanırdı. Yanlarından gəlib keçənlərin heyrət dolu baxışlarına necə sevindiyini bildirmək-dənsə, cürətli bir söz deməyi üstün tuturdu. Yenidən evin qapısına yaxınlaşarkən bir daha dayandı. Oğluna doğru dönərək dedi:

      –Gəncliyimdə mən də əsgər olmaq istəyirdim. Baban bunu qəti bir şəkildə qadağan etdi. İndi sən məmur olmadığın üçün şadam.

      Karl Cozef atasına baxıb cavab verdi:

      –Bəli, ata.

      Yeməkdə şərab vardı, mal ətiylə albalılı keksi də çatdıra bilmişdilər. Frauleyn Hirşvits bazar günlərinə xas boz ipək paltarıyla gəldi, Karl Cozefi görüncə ciddiliyini böyük bir ölçüdə kənara buraxıb dedi:

      –Çox sevindim, sizi ürəkdən təbrik edirəm.

      Sonra yeməyə başladılar.

      –Tələsməyin lazım deyil, – yaşlı kişi dedi. – Əgər daha əvvəl bitirsəm, bir az gözləyərəm.

      Karl Cozef başını qaldırdı. Atasının yeməkdə ona çatmağın nə qədər səy tələb etdiyini illərdən bəri bildiyini bu anda anlamışdı. İlk dəfə yaşlı kişinin zirehini dəlib ürəyinə, gizli düşüncələrinə çata bildiyini hiss etdi. Karl Cozef artıq leytenant olmasına baxmayaraq qızardı.

      –Təşəkkür edirəm, ata, – dedi. Bölgə qubernatoru yeməyi tələsik qaşıqlamağa davam etdi. Heç bir şey eşitmirmiş kimi idi.

      Bir neçə gün sonra Vyanaya gedən qatara mindilər. Oğlan qəzet, yaşlı kişi isə sənəd oxuyurdu. Bölgə qubernatoru başını qaldıraraq dedi:

      –Vyanada sənə bir salon şalvarı sifarişi verək, sadəcə iki salon şalvarın var.

      –Təşəkkür