Название | Sıyrılmış qılınc |
---|---|
Автор произведения | Cəlal Bərgüşad |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-9952-8450-1-3 |
Xəlifə Harunun baxışları güzgü önündə cilvələnən xanımın əndamını səyahətə çıxmışdı. Harun elə bil onu birinci dəfə idi görürdü. Sanki zifaf gecəsi idi.
«Fətəbərəküllah əhsənül xaliqin!»
Xəlifə çox sevdiyi bu kəlamı dodaqaltı pıçıldayıb ayağa qalxdı və şən halda məlaikəyə yaxınlaşdı. O, üsulluca, titrək barmaqları ilə xanımının təzəcə belinə bağladığı zümrüd qaşlı kəmərini açdı…
«Əfv edin məni, xanım! Nə buyruğunuz var, əməl olunacaq!» Xəlifəni məstedici qadın nəfəsi oxşadı.
Onların gözündə zər-xaralı ipək yorğan-döşək yenidən bəxtəvər oldu. Zübeydə xatun ürəyində dedi: «Əhsən sənə Ruhiyyə! Baş məşşatəlik sənə yaraşır. Məni elə bəzəyibsən ki! Əvəzi çatar». Məlaikənin zərlə nəqşlənmiş dırnaqları xəlifənin kürəyində közərirdi. Xəlifə xəyalən məşuqəsi Qərənfillə Zübeydə xatunun gözəlliyini müqayisə edirdi. Gah üstünlüyü məşuqəsinə, gah da xanımına verirdi. Hər halda onun yanında indi Zübeydə xatun idi. Xəlifəyə elə gəlirdi ki, günəş özü belə bu afətin gözəlliyinə həsəd aparır.
– Fətəbərəküllah əhsənül xaliqin! Ya rəbb, görəsən yer üzündə qadından gözəl məxluq varmı? Qadının sərvəti «qarət» olunarkən üzə çıxır, zinəti üzə çıxır. Gələcəyin hökmdarı qadının bətnində günəşə dönür… Gözəlim, söz verirəm, mənim taxt-tacımın sahibi sənin bətnində günəşə dönən Əmin olacaq. Odur mənim vəliəhdim! Doğru sözdür ki: «Qardaş qardaşın, ancaq süd payına şərik ola bilər. halbuki onların südü də ayrı olub.
Zübeydə xatun xoşbəxt idi, səadət duyğuları onu çulğamışdı. Dinmirdi, zərif burnunu hərdən Harunun qabarmış sinəsinə toxundururdu. Nəhayət o:
– Ey mənim taleyim – dedi – deyirlər: «Nə qədər qulun, o qədər qənimin!» Məni gözü götürməyən çoxdur. Onlar sənin bu ədalətli sözlərini eşitsələr paxıllıqdan partlayarlar.
Zübeydə xatun bilmirdi xəlifəyə necə dil-ağız eləsin, bir qadın kimi onun zövqünü necə oxşasın!.. Bu anda gözlənilmədən qapı tıqqıldadı. Nadir hadisə idi, xəlifə şaşqın halda qollarını Zübeydə xatundan çəkdi. Sakitlikdə Harunun ürək döyüntüləri eşidildi. Xəlifə ayağa qalxdı, məlaikə isə dikəlib yerin içində oturdu. Belə bir vaxtda xəlifəni narahat edən kim ola bilərdi?! Ölümündən qorxmurdumu həmin kəs?
Xəlifə hirsləndi:
– Bu fərraşlar harda qırılıblar görəsən?!
Qapıya tərəf getdi və qapı arxasından anasının səsini eşitdi:
– Namünasib vaxtda gəlmişəm, oğul! Qasid qırmızı lələkli məktub gətirib. Bədbəxtlik üz verib. Xəzərlər Dərbəndə hücum ediblər. Hökmün nədir?
Xəlifə qapının bəri üzündən dedi:
– Səbrin olsun, ana! Dünya dağılmaz. Gələrəm, məşvərət eləyərik.
Xəlifənin kefi pozulsa da Zübeydə xatunun ağuşuna qayıtdı. Xanım soruşdu:
– Nə hadisə baş verib?
– Xəzərlər Dərbəndə hücum ediblər.
Zübeydə xatun:
– Aaah! – dedi.
Xəlifə onu sakitləşdirdi:
– Qəm eləmə – dedi – mən hələ ölməmişəm ki, Dərbənd əldən gedə!..
Xəlifə uzanıb qolunu balışın altında çarpazlamışdı. Xanımı da yanında idi. Qızıl və gümüş məcməyilərdə ətirli meyvələr onları közləyirdi. Büllur sürahilərdə Kütrəbbul11 şərabı qızarırdı. Üzərində aşiqanə şeirlər həkk edilmiş qızıl piyalələr meylə dolu idi. Xəlifə qalxıb ortasında heyvan və quş şəkli olan nəfis Şamaxı xalısının üstündə asta-asta gəzişir, xanımının təklifini gözləyirdi. Xalının kənarlarında Azərbaycan mənzərələri rəsm edilmişdi. Birdən bunlara baxıb Harun hirsləndi: «Lənətə gəlmiş atəşpərəstlər yenə dinc dayanmırlar! Bu kafirlər bilmirəm xilafətdən nə istəyirlər? Anam deyəndən sonra Əbu İmrana çaparla məktub göndərmişəm. Bəs o, Donbagöz nə üçün iğtişaşların qarşısını almır? Yəqin Şəhrək oğlu Cavidana gücü çatmır. Yox, Cavidanı asdırmasam mənə bu yataq otağında da dinclik olmayacaq!.. Hələ xəzərlər!» Xəlifə Harun narahatlığı özündən qovmağa çalışdı. Dolu qızıl qədəhi götürüb, xanımına yanaşdı:
– Yuxun gəlir?.. Mənim mələyim, gör bu piyalənin üstündə nə yazılıb? Əbu Nüvvasın kəlamlarıdır, oxu səsini eşidim.
Zübeydə xatun şeiri şirin ərəb ləhcəsi ilə oxudu:
İstəyirəm meyxoş olam,
İstəyirəm sərxoş olam.
İstəyirəm allah özü,
Mənə bəxşiş, ənam versin.
Əllərimdə daşan badə
Bir gözəlin dodağını
Bax beləcə əmən görsün.
– Mənim mələyim, şeir xoşuna gəldimi?
– Əlbət ki…
– Mənim mələyim, həyat nəşədir. Mən, həyatda nəşədən qiymətli bir sərvət tanımıram. Kefcil Cəmşidin12 icad etdiyi bu al şərabdan sənin şərəfinə beş ritl13 içsəm də «az oldu» deyərdim. Bir bax, bu da Kütrəbbul şərabı! Şair Əbu Nüvvas deyir ki, Kütrəbbul şərabı qədim yunan allahlarının çox sevdikləri Nektar və Falern şərablarından da gözəldir. Bundan sonra mən dilimə Muğan şərabı vurmaram! Onu qoy atəşpərəstlərin özləri içsinlər. Pəh-pəh… Kütrəbbül şərabının rənginə tamaşa qıl! Ətri bihuş edir adamı. Şairlər haqlıdır. Cəmşidin şərab qədəhinə «Cami-cəm» adı verməkdə.
8
Gilələ – alt qadın paltarı.
9
Çələbiyyə – ərəb qadınlarının gecələr geydiyi paltar.
10
Tuğra – Abbasi nəslindən olan qadınlara və qızlara məxsus xüsusi daş-qaşla bəzədilmiş baş geyimi.
11
Kütrəbbul – bu şərab Bağdadın yaxınlığındakı Kütrəbbul kəndində hazırlanırdı.
12
Cəmşid – İranın Pişdadiyan sülaləsinin əfsanəvi şəxsiyyəti
13
Bir ritl – dörd yüz qram