Название | Sıyrılmış qılınc |
---|---|
Автор произведения | Cəlal Bərgüşad |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-9952-8450-1-3 |
Anaların gözünə yuxu getmirdi. «Oddan döşəyi, ilandan yastığı olan adamın yuxusu gəlməz» deyiblər. Körpələr hərdən diksinib yuxudan oyanır, çığır-bağır salırdılar.
Bəruməndin girdə, sarışın sifəti tamam solmuşdu. O, fikirli halda qızılı saçlarının ucuna bağladığı gümüş bəzəkləri oynada-oynada, öz-özünə danışırdı: «Oğlum olsa adını mən qoyaram, qızım olsa… Bəs harda qalmısan, gəl çıx da. Oğlum olub!» Körpə, Bəruməndin qucağında mışıldayırdı. Birdən yuxuda çığırdı. Bərumənd fikirdən ayılıb oğlunu döşünə saldı və onun bələyini imsilədi.
Bərumənd xoş xəyallara qapılmışdı. Ona elə gəlirdi ki, qucağına sıxdığı bu körpə bir xalqın igid tərlanı olacaq. Bəlkə də Abdulla deyərdi: «Mənim Bəruməndim, mənə elə bir oğlan doğarsan ki, qılıncı qınında yatmasın. Elə bir oğlan doğarsan ki, müqəddəs Atəşgahlarımızın odunu söndürən xəlifələrdən intiqam ala bilsin!»
Günəş Həməl bürcündən çıxmışdısa da Atəşgah hələ soyuq idi. Xüsusilə küləkli gecələrdə ocaq yandırılmalı idi. Lakin odun azlıq eləyirdi, hərə körpəsini öz nəfəsi ilə qızdırırdı. Bərumənd sükutu sevmirdi, o:
– Mənim bacılarım – dedi – kimin uşağının başının altında bıçaq yoxdur, bıçaq qoysun.
– Hardan alaq bıçağı?
– Bunu fikrinizdə eləyin.
– Elədik! Bəs sən nə qoyursan körpənin başı altına?
– Qayçı! Hələ körpənin zınqırovu da var. Hal anası daha bizə yaxın düşə bilməz.
Bərumənd özünü qəsdən nikbin göstərirdi. O, sinəsindəki düyünçədə Atəşgaha bir az üzərrik gətirmişdi, indi bunu körpəsinin başı altına qoymuşdu. Üzərrikdən götürüb yandırdı. Qarasını barmağına sürtüb oğlunun alnına basdı. Analar bir ağızdan oxudular:
Üzərrik, haşa üzərrik,
Gülləri qoşa üzərrik,
Kim balama göz vursa
Dönsün daşa, üzərrik!..
Artıq səhər küləyi əsməkdə idi. Hasarın yanında gəzişən keşikçilər ayaq üstə güclə dururdular. Kimsə əsnəyə-əsnəyə dedi:
– Of! Səhərə yaxın necə yatardım!.. Yuxum gözümdən tökülür.
Keşikçilər birdən döyükdilər, anaların mahnısı qalın divarları yarıb yayılırdı. «Nə səs-küydür görəsən? Keşikçilərdən biri gözünü ova-ova cəld qulağını Atəşgahın qapısına söykədi. «Belə də millət olar?! Zindanda da oxuyurlar!
Anaların mahnısı bitdi. Yenə söhbətə keçdilər. Bərumənd:
– Mənim bacılarım – dedi – bədnəzərin gözünə bıçaq. Əlimizdə gül kimi uşaqlarımız var. Onların bələyinə göz yaşı yağdırmaq nəyə lazım? Özünüzü toxtaq tutun, düşmən görüb kor olsun. Bikef olsaq Əhriman sevinər! Bizim xürrəmilər dədə-babadan məğlubiyyət vaxtı qəsdən özlərini şən aparıblar. Bunu ki bilirsiniz.
Bərumənd körpəsini dizinin üstündəki qırmızı döşəkcədə yatızdırmışdı. Onunla yanbayan Müaviyə adlı bir uşaq da uyuyurdu. Anasını Dombagöz Əbu İmran atlara ayaqlatmışdı. Atası isə Cavidana29 kömək edərkən döyüşdə həlak olmuşdu. Bərumənd həmin sahibsiz körpəni götürüb özü ilə bura gətirmişdi, indi ona da süd verirdi: «Oğlum, sən oldun balamın süd qardaşı. Əliniz qılınc tutanda bir-birinizə dayaq durun». Müaviyə yuxuda hərdən qımışırdı. Dünyadan nə xəbəri. Bilmirdi ki, anasının cəsədi torpaqlara qarışıb. Bilmirdi ki, Bilalabadın yandırılmış evlərindən hələ də tüstü qalxır. Bilmirdi ki, Atəşgahın dövrəsində düşmən qılıncları parıldaşır.
Keşikçilər söhbət edirdilər:
– Bunlar nə təhər adamlardır? Aclıqdan, susuzluqdan ölürlər, ancaq oxuyurlar.
– Bəs nə bilmişdin atəşpərəstləri? Onlar meyiti də dəfn etmirlər. Hər kəndin, hər şəhərin özünün «sükut evləri var. Onlarda adət-ənənə başqadı, bizdə başqa. Meyitləri burada sal daşların üstünə qoyurlar. Qurd-quş, yırtıcı heyvanlar meyiti yeyir. Zərdüşt30 dininə görə torpaq müqəddəsdir, onu meyitlə murdarlamaq olmaz. Atəşpərəstlər bir müddət keçəndən sonra meyitin sür-sümüyünü taxtadan, gildən qayrılmış asudan adlanan tabuta yığıb, əkindən, sudan uzaq yerlərdə dəfn edirlər… Atəşpərəstlər sükut evində də şərab içirlər.
Haradasa isa-musa quşu oxuyurdu: «Tapdın? «Tapmadım! İlbizlər sakitliyi pozurdu. Göydə ulduzlar azalmışdı. Qara buludlar karvan-karvan Bəzzə tərəf axırdı. Aman evi tərəfdən xışıltı gəldi. Keşikçilər cəld qılınclarını siyirib xoruz qəfəslərinin böyrünə sindilər:
– Sss!.. Deyəsən gəlirlər!..
– Hazır olun!
– Qoyun gəlsinlər!
Keşikçilərin ikisi darvazanın ağzına süründü. Hənirti güclənirdi. Ancaq ala-qaranlıqda heç nə görmək olmurdu. Birdən üç əli qılınclı, üzü niqablı igid, keşikçilərin üstünü aldı:
– Ölməyə gəlmişəm, qayıdıb qaçmağa yox! Təslim olun!
– Yarağınızı atın yerə, yoxsa…
Xəlifə keşikçilərinin tükləri ürpəşdi: «Ölümümüz çatıb!»
Qılınclar cingildədi. Atəşgahın həyətində bağırtı qopdu. Əsir qadınların hamısı ayaq üstə idi. Başa düşdülər ki, onları xilas etməyə gələn var. Körpələr yuxudan oyanmışdı. Bərumənd qadınlara qapını göstərdi:
– Sındıraq!
Qadınlar sinələrini qapıya dayadılar:
– Bir, iki, üç! Hə, bacılar, güc verin!..
Şaarak!.. Qapı qopdu. Qadınların hərəsi əlinə bir kösöv aldı. Həyətə axışdılar. Abdulla iki keşikçi ilə vuruşurdu. İkisini də doğradı. Sonra Şibllə Salmanı divara qısnayan üç keşikçinin üstünə atıldı…
Qadınlar kösövləri keşikçilərin başına-gözünə çırpırdılar. Ara qarışmışdı. Gözlənilməz bir vuruş gedirdi. Abdulla üç keşikçini də şaqqaladı. Xürrəmi qadınlar və kişilər od kimi döyüşürdülər! Qabaqlarına çıxanı o dünyalıq eləyirdilər. Keşikçilərdən ikisi qalmışdı. Onlar qaçmağa üz qoydular. Biri qaçarkən özünü saxlaya bilmədi, iri bir daşa toxunub tir-tap düşdü.
Bir azdan hava işıqlandı, göy nurlandı. Abdulla, Şibl və Salman Atəşgah həyətindəki qanlı daşların üstündə oturub nəfəslərini dərirdilər. Çiyinləri qalxıb-enirdi, qadınlar həyəcanla onlara baxırdılar.
Günəş
29
Cavidan – Məşhur Bəzz qalasının sahibi olub. Xürrəmilər 807 – 816-cı illərdə Cavidanın başçılığı ilə xəlifə əleyhinə üsyan qaldırmışdılar. Babək hələ yeniyetmə ikən bu üsyanda iştirak etmişdi. Babəkin bir cəngavər kimi yetişməsində Cavidanın rolu xüsusilə böyükdür. 816-cı ildə Cavidan qətlə yetiriləndən sonra Babək xürrəmilərin sərkərdəsi olur.
30
Tarixçilər Zərdüştü atəşpərəstliyin banisi kimi qələmə verirlər. Zərdüşt dininin etiqadları hələ bizim eradan əvvəl – VII əsrdə Midiyada yazılmış müqəddəs Avestada geniş şərh olunmuşdur. Deyildiyinə görə Avesta on iki min inək dərisində yazılıb. Zərdüşt dinində baş kahin – baş allah Günəş və xeyir allahı Hörmüzdür. Xürrəmilər dini məsələlərdə Zərdüştə arxalanırdılar. Zərdüşt dininə görə kainatda vahid allah yoxdur, dünya daimidir, ruh heç vaxt ölmür.