Название | Sıyrılmış qılınc |
---|---|
Автор произведения | Cəlal Bərgüşad |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-9952-8450-1-3 |
– Haydı, irəli!
Birdən Abdulla sıçrayıb həmin süvarinin tərkinə qondu, cəld onun qılıncını alıb düşmənin kürəyinə sapladı. Süvaridən vəhşi bağırtı qopdu:
– A-a-a-h!
Abdulla onu yerə itələyib özü yəhərə qondu. O biri süvarilər çaşıb qaldılar, Abdulla qılıncı başı üzərinə qaldırıb gur səslə qışqırdı:
– Qardaşlar, bacılar, qul bazarına çəkilmək ölümə bərabərdir! Bir qaşıq qanınızdan qorxmayın! Vurun bu quldurları!
Əsirlər birdən güclü axına çevrilib xəzərlərin üstünə töküldülər. Atlı xəzərlər qolu qandallı, yorğun əsirlərdən heç də belə qəfil hücumu gözləmirdilər. Axşamçağı yolda ağlagəlməz vuruş başlandı!.. Qadınlar dişləri, dırnaqları ilə xəzərlərin üz-gözünü didib parçalayır, kişilər bir-birinin qolunu açır, qandallarla onları əzişdirirdilər.
– Vurun!
– Vurun!
– Vurun!
– Bax, belə gəbərərsiz!
Xəzərlər özlərini itirmişdilər. Əsirlər çox, onlar isə az idi. Əsirlər boyunlarından qurğuşun lövhələri açıb atırdı. Hərə bir tərəfə üz tuturdu. Yollarda ancaq ağır yaralananlar və ölənlər qalırdı. Şibl də, Salman da artıq at belində idilər. Öldürülmüş iki süvarinin atlarını ələ keçirmişdilər. Abdulla əl atıb onların boynundan nömrələrini bir-bir qopardı və atın cilovunu dəstələdi:
– Ardımca çapın, Bərumənddən nigaranam!
…Dərbənddən Bərdəyə gedən yollarda toz sütunları göyə dirənmişdi. Bərdə Dərbənd arasında Xəzər qoşunları qaynaşırdı. Barlı-bəhərli Şirvan torpağı atların dırnağında didilirdi. Mil də, Muğan da qorxu altında idi. Çanaqqalada xəlifə qoşunlarının məğlubiyyətindən sonra xəzərlər kükrəmişdi. Onlar qarşılarına çıxanı parçalayır, şəhər və kəndləri talan eləyib yandırırdılar. Əsir alınmış adamlar qandallanıb xaqanın hüzuruna göndərilirdi.
Bərdədə qarışıqlıq idi. Azərbaycan valisi Yezid ibn Məzyəd işgəncə ilə öldürülmüşdü. Bu xəbər artıq Bağdada gedib çatmışdı. Altun sarayının şairləri Xəlifə Harunun yaxın dostu Yezidin ölümünə mərsiyələr yazırdılar.
Azərbaycan başsız qalmışdı. Xaqan Yezidin ölümündən xəbər tutandan sonra öz bildiyini edirdi.
Hayzurana xatun gizlində oğlu Harunu məzəmmət etmişdi: «O gecə işrətə başın qarışdı, gətirdiyim qara xəbərə məhəl qoymadın. Bir anın da hökmü var!»
Eyş-işrətdən hələ başı ayılmamış Xəlifə Harun məzəmmət olunduqdan sonra anası Hayzurana xatunla və baş vəziri Cəfərlə neçə gün idi ki, məşvərət edirdi. Onlar azğın, talançı xəzərlərin qabağını almaq, onlara ömürlük dərs vermək məqsədilə ən güclü və sınanmış ordularını şimala göndərdilər.
Harun, hətta lazım gəldikcə bizansları hədələmək məqsədilə Şahi, Sənəm və Ərdəbil qalalarında ehtiyatda saxladığı nizami piyada və süvari qoşunlarının da xaqanın qabağına göndərilməsinə fərman vermişdi. Xəlifənin qanına yerikləyən bizanslar artıq xəzərlərin iti hücumundan xəbər tutmuşdular. Odur ki, arabir Bizans sərhədlərində onların xəlifə qoşunları ilə toqquşmaları olurdu. Xəlifə qoşunları qəzəbli idi. Sərkərdələr bilmirdilər xəzərlərin heyfini kimdən çıxsınlar. Onlar Şimala gedərkən Dombagöz Əbu İmranın fitvası ilə Bəzzin ətraf kəndlərində üsyançı xürrəmilərə divan tuturdular.
Bilalabad atəşgahında çoxlu əsir qadın var idi. Qadınlar qara günlərini sayırdılar. Abdullanın gözəl-göyçək sevimlisi Bərumənd də Atəşgahda idi: «Mənim vəfalı ərim, Dərbənddə çox qalma, ha! Gələndə mənə turş alça gətir. Oğlum olsa adını sən qoyarsan, qızım olsa adını özüm qoyacağam!».
Bilalabada tələsən Abdullanın qulağı cingildəyirdi…
IV
ATƏŞ OĞLU
O toxum ki göyərəcək, o daşı da dəlib çıxar.
Bədbəxtlik bəzən xoşbəxtlərin də qapısını döyür. Bilalabad kəndinin qadınları, sanki anadan elə bu cür, qaşqabaqlı doğulmuşdular. Elə bil, bu kənddə heç kəsin ömrü boyu bircə dəfə üzü gülməmişdi. Elə bil, kəndin od-alovunu şər allahı Əhriman26 oğurlayıb qeyb olmuşdu; ulu Hörmüz Əhrimanı axtarır, tapa bilmirdi.
Bilalabadın təbiəti də yaslı idi. Narlı dərənin, Qanlı düzün baharı bahara bənzəmirdi. Hər yanda bir hüzn, bir küskünlük duyulurdu. Göylərin nəriltisindən, hayqırtısından aləm uçunurdu. Elə bil, Cavanşir27 də buludlara qalxmış, öz nəhəng çəkicini hey nəhəng zindana döyəcləyirdi. Zindandan qopan qığılcımlar buludlara dolub onları dağıtmaq istəyirdi.
Quldurbaşı Əbu İmran Bəzzin ətraf kəndlərində igid qoymamışdı. O, acıqca Miməd nahiyəsinə məxsus kəndləri də xarabaya çevirmişdi.
Bilalabadı görənlər gözlərini tutardı. Dombagöz Əbu İmran Bilalabadda çoxlarını «ölüm ağaclarından» asdırmış, sahibsiz arvad-uşaqları isə gətirib Atəşgaha doldurmuşdu. Bu da bir növ göz dağı idi.
Neçə yuxusuz, yorğun və iztirablı göz Atəşgahın qapısında qalmışdı. Hamı xilaskar gözləyirdi. Lakin hələ Abdulladan da xəbər yox idi. Hərdən boş qalmış xoruz qəfəslərinin yanında gəzişən zınqırovlu, yaylı-oxlu xəlifə keşikçilərinin boğunuq və xırıltılı səsləri gəlirdi. Zahirən özlərini məğrur göstərən analar artıq iztiraba tab gətirə bilmirdilər, bircə Bərumənd özünü sındırmırdı. O, əliuşaqlı analara ürək-dirək verirdi.
– Mənim bacılarım, düşmən bizi bura xürrəmilərə acıq vermək üçün doldurub. Yaman günün ömrü az olar. Şirvin peyğəmbərin ruhu haqqı mənim Abdullam harda olsa gəlib çıxacaq. O, heç vaxt bizi darda qoymaz. Dərbənd budur, qulağımızın dibindən. Əl uzatsan çatar.
Analar Bəruməndin sözlərindən bir balaca toxtayırdılar, az sonra dərd, kədər yenə özünü göstərirdi. Aclığa, fəlakətə, əzaba nə qədər dözmək olardı? Göz yaşları da tükənirdi. Qadınlardan çoxunun saçı bura düşəndən bəri ağarmışdı. Baharda da qar yağarmış!..
Bilalabadın əli silah tutanları dağlarda bölük-bölük olub vuruşurdu. Atəşgahı xəlifə əsgərləri möhkəm qoruyurdu, ora yaxınlaşmaq çətin idi.
Atəşgahın qaramıx kolları basmış mamırlı daş hasarının dibində əli qılınclı keşikçilər gəzinirdi. Onlar hər an qan tökməyə hazır idilər.
Gecə də, gündüz də od yanan mərasimli Atəşgah indi qədim Misir fironlarının sərdabalarından da cansıxıcı görünürdü. Adi günlərdə Atəşgahın həyətindəki iri qəfəslərdə quqquldaşan, müqəddəs ağ xoruzlar da gözə dəymirdi. Darvaza ağzında zəhmli pəncələrini irəli uzadıb «pusquda duran» daş şirdə əzəmət qalmamışdı. Xəlifə keşikçiləri bu daş şirin başını
26
Əhrimən, atəşpərəstlərin müqəddəs kitabı Avestaya görə, şər allahıdır və həmişə xeyir allahı Hörmüzü təqib edir. Əhrimənin Zairishaq adlı köməkçisi Hörmüzün Xordad adlı köməkçisi ilə qarşı-qarşıya durur. Atəşpərəst dininə görə canavar, qaranlıq, tufan, qara bulud həmişə Əhrimən tərəfində olub, insanlara fəlakət və aclıq gətirir. Xeyir allahı Hörmüz isə daima bu şər qüvvələrlə mübarizə aparır.
27
Cavanşir Mehranilər sülaləsindən olub Azərbaycanın şimal-şərqində yerləşən Girdman hökmdarı Varazın oğlu idi. Atasından sonra Cavanşir hakimiyyət başına keçmiş və o, VII əsrdə İran ordusu ilə birlikdə iyirmi min qoşunla Dəclə-Fərat ətrafında ərəb qoşunu ilə vuruşmuşdur. Cavanşir ağır yara alsa da döyüş meydanından çəkilməmiş və böyük şücaət göstərmişdir. Xəzərlər də Cavanşirin qorxusundan Azərbaycana ayaq basa bilmirdi. Cavanşir xaqanı hədələyib demişdi: «Rədd ol get, bu yerlərə bir də ayağını basma!»