Sıyrılmış qılınc. Cəlal Bərgüşad

Читать онлайн.
Название Sıyrılmış qılınc
Автор произведения Cəlal Bərgüşad
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9952-8450-1-3



Скачать книгу

yüz qul azad edərdi. Bu bir növ Şərq siyasəti idi. Xəlifə olduqca hiyləgər idi. O, hətta zindanda yatan məhbuslar üçün dini bayram günləri xüsusi dinar da buraxdırardı. Belə pulların üstündə xüsusi nişan olduğundan bunları, ancaq məhbuslar xərcləyə bilərdi.

      Adətən Xəlifə Harun ər-Rəşidin başı kefə qarışanda taxt-tacında anası Hayzurana xatun əyləşərdi. O, taxt-tacı anasına qısqanmazdı. Əksinə, çətinə düşəndə baş vəziri Cəfərdən sonra anası ilə məsləhətləşərdi:

      – Mənim ağıllı anam, bu kafir xürrəmilər Bəzzdə yenə dinc dayanmırlar. Onlarla necə bacarmaq olar? Neçə vergi məmurumuzu öldürüblər. Neçə dəfə Bağdaddan Dərbəndə gedən karvanlarımızı Araz üstündə qarət ediblər. Bu kafirlərə qılınc kar eləmir.

      – Mənim ağıllı oğlum, al geyinən bu yaramazların kökünü kəsmək sənə o qədər də asan gəlməsin. Mərd döyüşündə onlar səni yıxa bilərlər. Burda baş işlətmək lazımdır. Sən Əbu İmranla gizli əlaqə saxla, ona böyük ənam vəd elə. Dost min olsa azdır, düşmən bir olsa çoxdur, əsas dostların sayını artırmalısan. Bil ki, ağacı həmişə qurd içindən yeyər… Biz, Sasani padşahı kimi böyük bir padşahı məhv etmişik, ancaq Azərbaycan hələ diz çökməyib. O diz çökməyincə gecələr yuxun ərşə çəkiləcək.

      – Mənim ağıllı anam, hər şey aydındır. Ölüncə vuruşacağam ki, Azərbaycan diz çöksün.

      Elə ki qasid Bəzzdən qırmızı lələkli məktublar gətirirdi, hökmdar anası Hayzurana xatunun qırışlı sifətində, sanki ilanlar qaynaşırdı: «Bilmirəm bu kafirlər oğlumdan nə istəyirlər?! Mən onların öhdəsindən gələrəm. Yaxşı!.. Ancaq başımızı leyləkboğaz baş vəzir Cəfər yaman qatıb. Bir də ki bizanslar dinclik vermirlər bizə. Xəzərlərdə xəncərlərini itiləyiblər, Dərbəndə soxulmaq istəyirlər. Əndəlüs valisi Birinci Hakim mənim oğlumu tanımaq istəmir. Yaxşı ki fransız kralı Böyük Karl oğlumla dostdur. O, gələcəkdə Hakimi susdura bilər. Tanrı qənimini yetirib. Bilmirəm bu nadinc misirlilərə nə düşüb? Gündə bir üsyan qaldırırlar. Görünür, xürrəmi qılınclarının cingiltisi gedib onların da qulağına çatıb. Eyb etməz, mən hələ ölməmişəm. Qoymaram xilafət parçalana, bir tikə torpaq qopub ayrıla».

      Artıq, xilafətin müvazinəti pozulurdu. Onu ayaq üstə saxlamaq olduqca çətin idi. Hayzurana xatun bilmirdi ki, nə etsin, neçə etsin. Gecə-gündüz oğlunun taxt-tacına keşik çəkə-çəkə ilana cığır fikirləşirdi.

      Hayzurana xatunun da, Xəlifə Harunun da yuxusuna haram qatan ən çox gizli saray çəkişmələri idi. Ana-bala açıq düşmənlərdən çox gizli düşmənlərdən qorxurdular. Bir yandan şöhrətpərəst fars əyanları baş vəzir Cəfərin ətrafına toplaşıb qaynaşırdılar, bir yandan da xəlifənin ərköyün, hikkəli zövcələri bir-biri ilə didişirdi. Gör iş nə yerə gəlib çatmışdı ki, baş vəzir Cəfərin sevimli məşuqəsi, Xəlifə Harunun doğmaca bacısı Abbasə də farslara rəğbət bəsləyirdi.

      Abbasə çoxdan qardaşı arvadlarına acıq elədiyini bəhanə gətirərək Naxrəvan yaylağında yaşayırdı. Baş vəzir Cəfər neçə il idi ki, gecələr atını bu yaylağa çapıb Abbasə ilə görüşürdü. Abbasə baş vəzir Cəfərdən dünyaya iki oğlan uşağı gətirmişdi. Abbasənin sarayına lap əvvəldən baş vəzirin adamları keşik çəkirdi və hər şeyi sirr kimi saxlayırdılar.

      Abbasə istəyirdi gələcəkdə qardaşı Harunun taxt-tacına oğlanlarından biri sahib olsun. Ancaq onun bir məsələdən xəbəri yox idi ki, Zübeydə xatun gecə-gündüz baş vəzir Cəfəri izləyir, onun bütün məxfi işlərini tədricən öyrənir və bunları Xəlifə Haruna xəbər vermək üçün münasib vaxt gözləyirdi.

      Altun sarayında baş verən bir-birindən təhlükəli hadisələr çoxlarının boynunu çəkib cəllad Məsrurun kötüyünün üstünə gətirəcəkdi. Bəzi saray əyanları bu barədə fikirləşmədən öz işlərində idilər. Ehtiraslar get-gedə qızışır, Harun ailəsinin daxili böhranı daha da kəskinləşirdi.

      II

      XƏLİFƏNİN YATAQ OTAĞINDA

      Əsl məhəbbət yalnız qadınlara məxsusdur.

Gi de MOPASSAN.

      Altun sarayında nüfuz və mənsəb sahibi olan farslar ortaya vəliəhd söhbəti atmışdılar və bu söhbət xilafətdə ağızdan-ağıza gəzir, təhlükəli şəkil alır, beyinləri dumanlandırırdı. Sarayın baş cəlladı Məsrurun iti qılıncı kimin başında çatlayacaqdı? Bu, məlum deyildi. Məlum olan bu idi ki, Xəlifə Harunun zövcələri arasında qısqanclıq və düşmənçilik hissləri tədricən güclənirdi. Vəliəhd məsələsi gah onu, gah bunu alov kimi qarsıdırdı. Zövcələr elə dərdə düçar olmuşdular ki, bunu Məkkədəki müqəddəs Həcəri əsvəd4 də sağalda bilməzdi.

      Ərəb əyanlarını baş vəzir Cəfərin tərəfdarları sıxışdırırdılar, sarayda ərəblər dərdlərini deməyə bir adam axtarırdılar. Ümid bağladıqları bircə baş məlaikə Zübeydə xatun idi, o da Təbrizdə idi. İsitmə xəstəliyinə tutulduğuna görə Zübeydə xatun sağalınca Təbrizdəki yaylağında qalmalı idi.

      Baş məlaikə gözlənilmədən Bağdada qayıtdı. Onun gəlişi farsları qəzəbləndirsə də, ərəbləri sevindirdi… Günəş Həməl bürcündən çıxan günün axşamı artıq Zübeydə xatun Xəlifə Harunun yataq otağında idi. Qullar, cariyələr və xacələr bir-birini muştuluqladı. Onların arasında fal açanlar çox idi. Görəsən, tale bu dəfə saray əsirlərindən hansının üzünə güləcəkdir?!

      Zübeydə xatun qəsdən özünü xəlifəyə incik göstərirdi. Onda bir adət vardı, tələsməzdi, əvvəl şamları yandırıb incə belini əsdirə-əsdirə giley-güzara başlayar, xəlifənin daş ürəyini əlinə alıb muma döndərər və öz xeyrinə bəzi vədlər alandan sonra fələyə bac verərdi.

      Xəlifə Harun tələsmədən bir-bir şamlara od vuran Zübeydə xatunun kölgəsinə çevrilib onunla birlikdə gəzinir və əllərini zövcəsinin qızıl tozu səpilmiş gur saçlarına toxundurub, ehtirasla qara gözlərini onun çəmən qoxuyan dolu sinəsindən çəkmirdi. Zübeydə xatun xüsusi bir əda ilə ərini süzüb:

      – Səbir elə, – dedi, – mənim xeyirxah və ədalətli hökmdarımla açıq danışa bilərəmmi?

      Xəlifə zövcəsinin ürəyindən keçənləri duymuşdu. O, dodaqlarını ehmalca Zübeydə xatunun ulduzlu saçlarına toxundurub pıçıldadı:

      –Mənim gözəl mələyim bilməlidir ki, bu anda hökmdarlıq xanımların əlində olur.

      Zübeydə xatun şamların hamısını yandırıb qurtardı və yataq otağının ortasındakı xalının bir küncündə əyləşdi.

      –Bilirsən nə üçün belə adət yaranıb? Yataq otağının şamlarını, adətən xanım özü yandırmalıdır.

      –Nə üçün belədir?

      – Ərlərə xoş olsun deyə. Mən bütün şamları alışdırdım. Sən də söz ver ki, mənim qəlbimdəki yüz çıraqdan bircəsini yandıracaqsan.

      – Gözəlim, ərz etdim ki, bu gecə hökmdar sənsən!

      Zübeydə xatun ürəkləndi:

      – Əmirəlmömin onu bilməlidir ki, mən təkcə



<p>4</p>

Həcəri-əsvəd – haçansa göydən Məkkəyə düşmüş meteor parçası. Buna Qara daş deyirlər. Bu daş müqəddəs sayılır. Ziyarətə gedən hər zəvvar o daşın başına dolanıb öz niyyətini bildirir.