Название | Sıyrılmış qılınc |
---|---|
Автор произведения | Cəlal Bərgüşad |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-9952-8450-1-3 |
Romanda təsvir edilən obrazların əksəriyyəti tarixi şəxsiyyətlərdir. Şəhrək oğlu Cavidan, Dombagöz Əbu İmran, Harun, Əmin, Məmun, Mötəsim, şair Əbu Nüvvas, həkim Cəbrayıl, Zübeydə xatun, baş vəzir Cəfər, Hayzurana xatun, İshaq, cəlladbaşı Məsrur, əl-Kindi, Şeyx İsmayıl, Qərənfil, Fənhas, Bərumənd, tacir Şibl, Səhl ibn Sumbat, Müaviyə, Abdulla, Kəldəniyyə və nəhayət, baş sərkərdə Afşin! Böyüklü-kiçikli bu obrazların hər biri öz-özlüyündə bitkindir.
Onu da qeyd etmək lazımdır ki, xəlifələr apardıqları işğalçı müharibələrə, törətdikləri cinayətlərə bəraət qazandırmaq, xalqın gözündən pərdə asmaq üçün özlərinə qəsidələr yazdırır, din yolunda canından keçən mücahidlərini tərifləyir, şəhidlərinin şəninə isə mərsiyə dedirtdirirdilər. Bu məqsədlə Altun sarayına dövrün məşhur şairləri dəvət olunurdu. Əbu Nüvvas həm xəlifə Harun ər-Rəşidin nədimi, həm də sarayın nüfuzlu şairi idi. Filosof əl-Kindi Xəlifə Məmunun məsləhətçisi idi. Yeri gəldikcə müəllif, ayrı-ayrı fəsillərdə Əbu Nüvvas və başqa şairlərdən lirik parçalar verir, filosof əl-Kindinin kəlamları ilə romanını zənginləşdirir.
Müəllif, obrazlarını fərdiləşdirməkdən ötrü onların hər birini öz dililə danışdırır, həmin obrazlar yeri gəldikcə ərəb, fars və Azərbaycan məsəlləri çəkir, fikirlərini atalar sözləri ilə, hikmətli kəlamlarla bəzəyir, özlərinin milli mənsubiyyətini, siyasi-ictimai mövqelərini nümayiş etdirirlər.
Romanın dili sadə və obrazlıdır.
Tarixdən Babəkin ölümü hamıya məlumdur. Babək qətlə yetirilərkən dünyada misli görünməmiş qoçaqlıq göstərir. Calal Bərgüşad Babəkin qətl səhnəsini özünəməxsus bir orijinallıqla təsvir etmişdir. Xəlifə Mötəsimin hökmü ilə cəlladbaşı Məsrur zəncirlənmiş qəhrəmanı qılıncla doğramaq istərkən Babək gözlənilmədən məğlubiyyəti qələbəyə çevirir və o, düşmənə meydan oxuya-oxuya deyir:
«Cəllad gözümü bağlama! Mən son nəfəsimdə bu dünyaya, bu dünyadakı doğma Odlar yurduma baxa-baxa ölmək istəyirəm!»
Müəllif, Babəki oxucusunun gözündə daha da yüksəltməkdən ötrü düşməni Xəlifə Mötəsimin bu səhnə qarşısında necə sarsıldığını göstərir, onun dililə belə deyir: Bağışlanmalı şeytan idi, ancaq gecdir!»
Roman boyu Babək, zülmətlərə işıq saçan bir həqiqət qılıncı kimi parlayır, qürur, qəhrəmanlıq duyğuları aşılayır. Oxucu romanda təsvir edilən sarsıdıcı səhnələrlə tanış olduqca belə bir qənaətə gəlir ki, mən də gərək Vətəni Babəkim kimi sevəm! Mən də gərək doğma torpağı yadelli işğalçılardan Babək kimi qoruyam! Mən də gərək lazım gəlsə azadlıq və istiqlaliyyət uğrunda gedən mübarizələrə sinə gərəm!
Cəsarətlə deyə bilərik ki, yazıçı Calal Bərgüşad ağır, gərgin tədqiqat və yaradıcılıq axtarışları, sənətkar təxəyyülünün gücü sayəsində Babək Xürrəmini – nəsillərə nümunə olan bu qəhrəmanını «Sıyrılmış qılınc» romanı ilə yenidən dünyaya gətirmişdir. Cəsarətlə deyə bilərik ki, Calal Bərgüşad canı qədər sevdiyi doğma yurdu Azərbaycanda Babəkə əbədi bir abidə ucaltmışdır.
I
ŞİRİN CƏHƏNNƏM
Zahirən əsrarlı görünən dəbdəbəli saraylarda xidmət edənlərə qibtə etməyin! Onlar, sanki hər an taxtaları çürümüş gəmi ilə tufanlı dənizdə balıq ovuna çıxırlar. Əgər tale onların üzünə gülsə ovları uğurlu olar, gülməsə gəmiləri ilə birlikdə batarlar.
Baş məlaikə Hayzurana xatun, Roma imperatoru Neronun1 anası Aqrippina kimi hökmdarlıq iddiasında idi. O, oğlu Harun ər-Rəşiddən sonra nüfuzuna görə ikinci xəlifə sayılırdı. Rəsmən oğlu xəlifə olsa da dövlət işlərini əsasən o özü aparırdı. Xəlifənin başı, Neron kimi ovdan, kefdən ayrılmazdı. O hər gün Altun sarayındakı Qızıl ağacın altında dəbdəbəli məclislər düzəltdirər, burada şamların zərif işığı altında yarıçılpaq rəqqasələrlə əylənər, gözəl kənizlərin nəğmələrinə qulaq asardı. Məşuqəsi Qərənfil oxuduqca xəlifə şirin röyalara dalar, özünü hurilərin gül ətirli ağuşunda hiss edərdi. Bu şeiri xəlifə məşuqəsinin dilindən dönə-dönə eşitsə də usanmazdı:
Ürəyimə bir ox dəydi,
Sevgi oxu,
Yaşayacam bundan belə,
Sənə inam gətirməklə.
Qazanmışam
Bir məhəbbət əzabını,
Bir ürəyin dincliyini itirməklə.
Məclislər şən keçərdi. Soyuyub ara verəndə xəlifənin nədimi-ürək dostu şair Əbu Nüvvas2 xəlifə üçün başqa əyləncə tapardı… Fərraşlar, çaparlar, carçılar cəld atlanıb harın köhlənlərini Bağdadın daş döşənmiş küçələri ilə ora-bura çapardılar. Onların bağırtısı bütün məhəllələri ayağa qaldırardı:
– Camaat, eşidin, bilin, böyük və ədalətli Xəlifə Harun ər-Rəşid ova çıxacaq! Heç bir allah bəndəsi küçələrdə görünməsin!
Xəlifə Harun ov paltarını geyib hind səfirinin ona bağışladığı şirboğan Seyyuri itini yanına salar, çiynində ağ şahin, bər-bəzəkli Qara atına minərdi… Kim idi çaparların, fərraşların və carçıların hay-küyünə, hədə-qorxusuna baxan? Bütün Bağdad şəhəri Babil bataqlığına şir ovuna gedən Xəlifə Haruna tamaşa eləyərdi. Darvazalardan və pəncərələrdən neçə qara çadralı, neçə üzü qızıl rübəndli baş küçələrə tərəf uzanardı, neçə parlaq qara göz gizlicə xəlifəyə baxardı. Çoxları deyərdi:
–Mindiyi at deyil, allahın töhfəsidir. Bir şəhərin qiyməti var!
Tamaşaya duranlar xəlifədən daha çox onun Qara atına baxardı. Qədim Sasani padşahları kimi Xəlifə Harun da atını zər-zibaya tutdurmuş, yalına və quyruğuna xına qoydurmuşdu. Atın yalı elə bil qız teli idi. Qızıl yəhərin qaşında daş-qaşlar bərq vururdu. Üzəngi də qızıldan idi. Atın cilovu nadir mirvarilərlə, incilərlə bəzədilmişdi. Qara at çilçıraq kimi alışıb yanırdı. Əcnəbi tacirlər mübahisə edirdilər:
– Deyirsən, yəni bu at cənab Əlinin çəpgöz Dül-Dülündən yaraşıqlıdır?
– Görmürsən? O ki göz qabağındadır,
– Bu
1
Ömrünü dəbdəbəli ziyafətlərdə və əyləncələrdə keçirən Roma imperatoru. Neron (64-68) tarixə «yadda qalan» bir şəxsiyyət kimi daxil olmuşdur. O, imperiyada böyük nüfuz qazanmış və hakimiyyət iddiasında olan doğma anası Aqrippinanı və məhəbbət macəralarına düçar olmuş, təmiz qəlbdən başqa gözəllik və ağıl sahibi olan arvadı Sabinə Pompeyi öldürmüşdür. Neron özünün aktyorluq və şairliyini imperator taxt-tacından üstün tuturdu. Hətta o, bir aktyor kimi səfərlərə çıxır, olduğu yerlərdə özünü imperator kimi deyil, aktyor kimi aparırdı. Neron 32 yaşında özünü öldürərkən son nəfəsində bu sözləri dönə-dönə təkrar etmişdir: «Təəssüf ki, böyük bir aktyor dünyanı tərk edir».
2
Əbu Nüvvas o dövrün şairi (762 – 813).