XIX əsrin sonlarında – XX əsrin əvvəllərində yaşayıb-yaratmış və ədəbiyyatımızı «Xortdanın cəhənnəm məktubları», «Dağılan tifaq», «Bəxtsiz cavan», «Pəri cadu» kimi dərin məzmunlu əsərlərlə zənginləşdirən Əbdürrəhim bəy Haqverdiyevin ustalıqla qələmə aldığı bədii sənət nümunələrindən biri də «Mirzə Səfər» hekayəsidir. Yazıçı hekayədə özünün bir sıra siyasi fikirlərini oxuculara çatdırmışdır. Belə ki, o, rus dilinin milli dilləri sıxışdırmasına, insanlara milli mənsubiyyətlərinə görə fərq qoyulmasına, azərbaycanlılara yüksək vəzifə etibar edilməməsinə narazılığını ifadə etmişdir. Məsələn, müəllif əsərin baş qəhrəmanı Mirzə Səfərin məhz rus dilində savadı az olması səbəbindən dəftərxanada aşağı vəzifə tutmasını əbəs yerə vurğulamır. Ədib belə incə vasitələrlə əslində siyasi quruluşun mahiyyətindən irəli gələn milli ayrı-seçkiliyə etirazını nəzərə çarpdırmaq istəmişdir.
Çağdaş Gürcü edebiyyatının en meşhur eserlerinden biri, David Turaşvilinin “Cins dövrünün uşaqları” romanı may ayında çapdan çıxacaq. Əsərdə 1980-ci ildə sovet Gürcüstanında baş vermiş faciəli tarixi hadisədən bəhs olunur. Yeddi gənc oğlan və qız Sovet İttifaqından qurtulmaq məqsədilə təyyarəni qaçırmaq qərarına gəlirlər, lakin SSRİ-dən qaçmaq cinayət hesab olunurdu, hətta təsəvvürə gətirmək belə qadağan idi. Sovet hakimiyyəti, təhlükəli işe girişmiş saf niyyətli gənclərin çoxunu ölüm cəzasına məhkum edir. İctimai rəy isə ikilidir: kimlərsə onları terrorist hesab edir, kimlərsə SSRİ-də yaşamaq ağır olduğuna görə onlara bəraət qazandırır. David Turaşvili özü 80-ci illərin tələbə hərəkatında aktiv iştirak edib. Bu günə qədər 12 kitabı nəşr olunub. Rus, İngilis, İspan dillərindən tərcümələri ilə də tanınan bir yazardır. 1966-cı ilde anadan olub. “Cins dövrünün uşaqları” Azerbaycan dili daxil olmaqla 8 dile tercüme edilib.
"Dəli yığıncağı" – Cəlil Məmmədquluzadənin pyesi. Dünya ədəbiyyatındakı orijinal tragikomik pyeslərdən biri. M. əsəri 1927 ildə Bakıda yazmışdır. Özünün ideya-məzmun xüsusiyyətləri, hadisələri, obrazları ilə pyes şərti, simvolik xarakterdədir. Əsas məsələ Şimali və Cənubi Azərb., İran və bəzi b. Şərq ölkələrində davam edib gələn dini mövhumat və xurafatın cürətli, kəsərli ifşasıdır. Əsərdə süjet, kompozisiya, hadisələr komik, insanların çoxu gülünc, əsasən təəssüf, qəzəb və nifrət oyadıcıdır. Buradakı «farmasyonluq» da real tarixi məsələdir. Komediyadakı Dəli Molla Abbasın proobrazları 19 əsr Naxçıvan farmasyonlarından Kərbəlayı Abbas və Abbas Vəzirovdur; farmasyon Rüstəm də xaraktercə, ruhən onlara yaxındır. Süjetdə əsas məsələlər özünü xalqa möhtərəm bir şəxsiyyət kimi göstərən Fazil Məhəmmədin, habelə, Hacı Xudaverdi, Haci Cəfər və s. köhnəpərəst, əxlaq düşkünlərinin boğazdan yuxarı dua etmələrinin, Mehdi Sahibəzzaman və başqalarının işdəklərinin əsl həqiqətdə «dəlilik» dən qeyri bir şey olmadığını tamaşaçıya çatdırmaq, onu ayıq salmaq, oyatmaqdır. Bu tiplərin səciyyəvi sifətlərindən biri vaxtilə M.F.Axundovıın «Kəmalüddövlə məktubları» nda ifşa olunan möcüzə və «xəvariqat» dır. Molla Abbasın camaatı başına yığıb «həzrətin tumanbağısına lağ etməsi» haqqında hacılardan birinin şikayətində və başqa bir hacının «qurban olum həzrətin tumanına da, tumanbağısına da!» sözlərində M.-nin dini xurafata qəhqəhəsi öldürücü bir balda meydana çıxır. Bir sıra Şərq təriqətlərində olduğu kimi, farmasyonlar da Fazil Məclisi, Məhəmməd Yəqub Küleyni təki «üləmaya», «İxtiyarat», «Üsuli-kafı» kimi sxolastik kitablara gülür, "imanın zühurunun söhbətində […] mayallaq aşır, "atabir, anabir qardaşlarının əxlaqsızlığını, öz qardaşı arvadı ilə «cimdik-cimdik» oynadıqlarını görüb hiddət və nifrətlə qəhqəhə qoparırlar. M. bu acı və gülünc həqiqətləri ürəyinin müsibətdən, biabırçılıqdan partlamaq dərəcəsinə gəldiyi bir vəziyyətdə qələmə alıb təsvir etmişdir. O, göstərmişdir ki, «dılğır» adlandırdıqları həmvətənlərinin ehtiyac və dərdlərinə göz yuman, laqeyd qalan, yerli xalqla onun ana dilində danışa bilməyən hakimlərin «millətçiliyi» də, Lalbyüz kimi əcnəbi həkimlərin mənəvi yoxsulluğu, vaizlərin ölüm havası çalan moizələri də pyesin Abbas, Sona, Rüstəm kimi qeyrətli, sevimli, yazıq qəhrəmanlarını dözülməz dərdə düçar etmişdir. Beləliklə, əsərdə «dəlilik» mövzusu dərindən açılır; mənfi surətlərin nəzərinə «dəlilik» hesab olunan «farmasyonluq» – mövcud həyata biganəlik, ən son nəticədə cəmiyyətə, təbiətə tənqidi münasibət bəsləyən ağıllı, namuslu adamların faciəli taleyinin qeyri-adi təzahürü kimi mənalandırmağı tələb edir və bəraət qazanır. «Ölülər» də olduğu kimi, burada da ədibin gəldıyi nəticə bu idi ki, «dəli» lərin əslində ağıllı, «ağıllılar» ın isə əslində dəli olduğunu düşünmək lazım gəlir. M. özünün klassik yaradıcılıq ənənələrinə sadiq qalıb, yeni dövrdə onları sənətin yeni dili, yeni qanunları ilə təcəssüm etdirmişdi. "D.y." pyesi dəfələrlə Azərb. teatrlarında tamaşaya qoyulmuşdur.
Yaradıcılığı metodlar müxtəlifliyi ilə seçilən Cəfər Cabbarlı hər zaman yenilik axtarışında idi. Yazıb-yaratdıqları ilə xalqa nəyisə çatdırmağa çalışırdı. “Oqtay Eloğlu” əsərinin də məhz teatr mövzusunda olması heç də təsadüfi deyildi. “Hər kəs bacardığını. Buradan kimsə geriyə qaça bilməz. Səhnəmiz yox. Fəqət olmalıdır. Onu da mən yaradacağam” ,– deyən Oqtayı müəllif səhnədə təsvir etməklə, əslində 20-ci əsrdə hələ də davam edən sosial problemləri göstərməyə çalışırdı. Teatr burada sadəcə bir vasitə idi. Əslində fərqində olmasa belə, insan hərəkətləri teatr formalaşdırır. Hiss, həyəcan, bədən dili, səs tonları və s. ilə. Səhnə isə bunun daha geniş formada əks olunduğum məkandır. C. Cabbarlı Oqtayın səhnədə və həyatda davam edən faciələrini təsvir edib. Əslində Oqtayın həyatı elə səhnədir. O, özünü səhnəyə adamış bir fədai idi. Özünün adlandırdığı kimi-böyük bir vahidin kiçik bir parçası. Maddi cəhətlər sıxıntılar yaşaması da onun qarşısında əngəllər yaradırdı. Amma bundan da betəri o idi ki, bu qədər çətinliyə rəğmən hər şeyə sinə gərib teatr uğrunda mübarizə aparan insanı kənardakılar ciddi qəbul etmirdilər. Heç kim Oqtaya qız vermək istəmirdi. Hətta öz doğma əmisi nişanlısını özgəyə verir ki, mən arvad paltarı geyinən birinə qız vermərəm. Oqtayın səhnə üçün etdiklərinin qarşılığında isə gördüyü rəftar belə idi. Cəmiyyətdəki boşluqların qarşısında aciz qalan Oqtay, kirayə pulunu verə bilmək üçün heç düşünmədən üzüyündən belə keçmişdi. Səhnəyə çıxmağa yaxın yaşanan problemlər onu yolundan döndərə bilmirdi, o teatrı ləğv eləməyi ağlından belə keçirmirdi. Onsuz da teatrdan qaçan xalqı, yalvararaq bilet satdıqları 3-4 zavallını da qaçırtmaq istəmirdi. Səhnə yaratmaq arzusunda olan, bu yolda hər şeyindən keçən Oqtay, hətta anası və bacısının çətin dolanışığını görəndə deyir: “ O zavallılar da…fəqət edə bilmirəm. Çünki Səməd bəy, mən qocaman bir xalqı, onun səadətini, gələcəyini iki nəfər qadının istirahətinə fəda edə bilmərəm”. Səmədin ona təklif elədiyi adlı-sanlı işi rədd edir ki, mənim məqsədim pul qazanmaq deyil. Bu yazıq xalqı tək buraxıb qaçmağı özünə layiq bilmir: “ Mən heç nə istəmirəm. Mən bu yolda gəlirkən, xalqımdan altun taclar gözləmirdim. Mən o şeyi gözləyirdim ki, onu da alıram”.
Kabinetimdə oturmuşdum. İcarə pulunu ödəmək vaxtı çatmışdı. Buna görə də Makkelvi məni köçürməyə çalışırdı. İçəridə nəfəskəsən isti vardı. Kondisioner işləmirdi. Hardansa gəlib stolun üzərinə qonmuş milçək iməkləyə-iməkləyə gəzirdi. Əlimi yelləyib milçəyi ovcumla əzdim. Xatirə qoyub getdiyi cəsəd izlərini balağıma sürtüb təmizlədim. Elə bu anda telefon zırıldadı. Dəstəyi qaldırdım. – Eşidirəm. – Lui-Ferdinand Selinin əsərlərini oxumusunuz? – qadın soruşdu. Çılğın səsi vardı. Neçə illər idi, qadınlarla münasibətdə deyildim. – Hmm-m, – dedim, – Selin… – Mən Selini axtarıram, – qadın dedi. – O, mənə lazımdır. Səsinin çılğınlığı ona olan marağımı artırdı. – Selin? – mən soruşdum. – Onun haqqında nəsə bir məlumat verin. Xanım, susmayın, danışın görüm… – Şalvarınızın miyançasını bağlayın. Şalvarıma baxdım. – Hardan bildiniz qabağı açıqdır? – soruşdum. – İzahata ehtiyac duymuram. Mənə Selin lazımdır. – O, ölüb axı… – Xeyr, ölməyib. Onu tapın. Mənə lazımdır. – Əgər yalnız meyidinə məxsus sümükləri tapsam, onda necə? – Ay səfeh, gicləmə, Selin yaşayır. – Harda yaşayır? – Hollivudda. Qulağıma çatan məlumatlara görə, Red Koldovskiyə məxsus kitab mağazasının həndəvərində dolaşır. – Elə isə, özünüz niyə tapmırsınız? – Həmin adamın Selin olmasına əmin deyiləm. Heç olmasa, bunu bilmək lazımdır. – Şəhərdə yüzlərlə dedektiv ola-ola, mənə niyə müraciət edirsiniz ki? – Con Barton məsləhət gördü. – Hə, Barton, deyirəm axı. Qulaq asın. Pulu qabaqcadan ödəməlisiniz. Sizinlə şəxsən görüşməliyəm. – Bir neçə dəqiqədən sonra sizdə olacam, – o, dedi. Dəstəyi asdı. Şalvarımın qabağını bağlayıb, onu gözlədim.
Romanda hadisələr 1950-ci illərdə – İsrail dövlətinin qurulduğu illərdə cərəyan edir. Əsər Hanna Qonenin dilindən danışılır və onun Mixaellə tanışlığından başlanır. Hanna universitet tələbəsi olduğu illərdə Mixaaellə – geologiya fakültəsinin aspirantıyla tanış olur və onlar evlənirlər. Hanna gecələr gec saatlaradək elmi işləriylə məşğul olan bu soyuq təbiətli insanla illərini paylaşır, öz karyerasını qurban verir, uşaq tərbiyə edir, xəstəliklə mübarizə aparır. Amos Oz yaşayıb-yaşamayacağı bəlli olmayan bir nikahın tarixçəsini yazır. Müstəqilliyi sual altında olan ölkənin taleyi ilə əvvəldən-axıra paralel təşkil edən süjetdə oxucu Hannanı öz müstəqilliyindən ötrü mübarizə aparan görür, zahirən məişət səviyyəsində görünən hadisələr tarixi kontekst qazanır. Büsbütün depressiyaya uğramış olan Hanna get-gedə daha səbatsız olur. Hannanın nikahı və sağlam düşüncəsi zəiflədikcə, müəllifin simvolları daha dərin mənalar qazanır və universallıq kəsb edir. Hanna faciə qəhrəmanıdır, qrotesk varlqıdır, ustalıqla yaradılmış qadın xarakteridir. O, zəhmətkeş insan olan, ailəsinə dəyər verən və öz sahəsində önəmli uğurlar qazanan ərini qiymətləndirə bilmir. Maykldan fərqli olaraq, Hanna uşaq doğduqdan sonra təhsilini yarımçıq saxlayır, davam etmək haqqında heç düşünmür də. Gününü şirin xəyallarda keçirməklə məşğul olur, özünü kraliça kimi təsəvvür edir…