Джафар Джаббарлы

Список книг автора Джафар Джаббарлы



    Sevil

    Джафар Джаббарлы

    "Yeni" ilə «köhnə» – yəni çadranı atmaq və ya çadranı örtmək C.Cabbarlının «Sevil» əsərində ictimai ziddiyyət kimi qarşılaşdırıldığı üçün C.Cabbarlı «Sevil» əsərində bu problemdən çox gözəl istifadə etmişdir. C.Cabbarlı cəmiyyətin əsası olan ailədə bu qarşılaşmanı çox bariz şəkildə verdiyi üçün «Sevil» əsəri bir növ həyatın özü, zamanın səsi idi. C.Cabbarlı hökumətin tədbirlərindən yararlanaraq Azərbaycan qadınının inkişaf perspektivlərini göstərməyə çalışırdı. "Sevil" pyesində əsas dramaturji konkflikt zahirən Balaşla Sevil arasında ziddiyyət kimi görünür. Əslində Balaşla Sevil arasındakı ziddiyyət ər-arvad arasında bütün zamanlarda, bütün xalqlarda özünü göstərən şəxsiyyət, xarakter müxtəlifliyindən doğan ailə konflikti deyil, əsrin öz konfliktidir. Cabbarlı Sevilin simasında Azərbaycan qadınının mübarizəsində onun təkamül prosesini göstərməyə çalışdı. Belə ki, əsərin əvvəllərində gördüyümüz Sevil sonrakı şəkillərdəki Sevil deyil. O, artıq günün, əsrin qadınıdır. O, indi eyhamlarla, qəhqəhələrlə danışır. Bu qəhqəhələri, bu eyhamları ilə Balaşdan intiqam alır. Bu intiqamın özü də bir şəxsin bir şəxs üzərindəki qələbəsi, intiqamı deyil, öz haqqını axtarıb tapan qadının qələbəsi və intiqamıdır. Beləliklə, C.Cabbarlı böyük bir dramaturji ustalıqla əsrlər boyu yaranmış təzadları, onun inkişaf yollarını təsvir etməyə çalışmışdır. Bu mənada «Sevil» pyesi həm əxlaqi-tərbiyəvi xüsusiyyətləri, həm də qəhrəmanların tipikləşdirilməsi baxımından əsl sənət nümunəsi oldu. C.Cabbarlı Sevili ideallaşdırır, onu sevdirməyə, onun hər addımını təqdir etməyə çalışırdı. C.Cabbarlının əsərlərinə, bu əsərlərindəki personaclara rəmzi adlar verildiyi bir həqiqətdir. Almaz, Yaşar, Oqtay Eloğlu, Gülüş, Dönüş kimi. Bu, ədəbiyyatda bir yenilik idi. Bu adlar gəlişi gözəl bir mənada deyil, hər personajın və əsərin xarakterinə uyğun olaraq seçilirdi. «Sevil» əsərinin qəhrəmanı Sevil də bu mənada bir rəmz idi. C.Cabbarlıya görə hüququ və azadlığı müəmmalı olan hər bir qadın özünü yetişdirməyi, dəyişməyi, döyüşməyi bacarmalı və bacarığına görə də sevilməli, təqdir olunmalıdır. Əsərin əvvəllərində hüquqsuz, itaətkar, müti, avam bir qadın olan Sevil yavaş-yavaş öz hərəkəti, davranışı, biliyi ilə ətalətdən çıxır, dəyişir, dəyiə-dəyişə də hamı tərəfindən sevilməyə başlayır. Demək, C.Cabbarlı Sevil adını məqsədli yaratmış və əsər boyu öz qəhrəmanını bu məqsədlə inkişafda vermiş, onun sevilməsinin bütün atributlarını verə bilmiş, Sevil adını bir məqsədlə yaratdığını ifadə edə bilmişdir. Sevil daxili-mənəvi bir inkişafla böyüyür, dəyişir və bu müsbət dəyişiklik onu sevdirir. O, sevilməyə, təqdir olunmağa başlayır. Ta şifahi xalq ədəbiyyatından başlamış XX əsrin əvvəllərinə qədər Azərbaycan yazıçı və ictimai xadimlərinin qadın azadlığı haqqında mülahzələri, qadın azadlığı ətrafında XX əsrin əvvəllərində Azərbaycan mətbuatında gedən mübahisələr işığında C.Cabbarlı «Sevil»də qadın azadlığına öz münasibətini şərh etdi. «Sevil» pyesi Azərbaycan qadınının azadlıq tarixinin bir epoxada bədii əksi oldu. Göründüyü kimi, C.Cabbarlını «Sevil» ə gətirən köklər, böyük tarixə malik olan ədəbiyyatımızın öz ənənəsindən gəlib çıxırdı. C.Cabbarlı böyük tərbiyəçi olan sələflərinin əsərlərində dilə gətirdikləri qadına münasibət məsələləsini yeni əsrdə yaranan şəraitə uyğun olaraq bədii əsərə gətirdi, onun reallığının bədii dərkini ifadə edə bildi. "Sevil" XXI əsrin astanasında da öz həyatını yaşayır. Bir tərəfdən çadralılar artmağa başlayır, digər tərəfdən açıq-saçıq geyinmiş yarıçılpaqlar. "Sevil" in birinci pərdəsində belə bir epizod var. Açıq-saçıq geyinmiş Dilbər (Edilya) bir otaqdan, çadraya bürünmüş Sevil isə başqa otaqdan çıxıb üz-üzə gəlirlər və hər ikisi qışqıraraq geri dönürlər. Bu vahimənin səbəbi odur ki, Dilbər Sevili çadrada görəndə guya vahimələnib qışqırır, Sevil isə Dilbəri açıq-saçıq geyinmiş görərkən heyrətdən və xəcalətdən qışqırır. "Sevil" də qaldırılan məsələ bu gün üçün keçilmiş etap kimi görüsə də, bütövlükdə əsər öz aktuallığını itirməmiş, qadına köhnə münasibətin qalıqlarına qarşı bu günlə səsləşir. Qadındakı təkamül, inkişaf, dünyaya baxış, hüququnu və haqqını dərk məsələsini cəmiyyətin mövqeyindən həll etmək baxışından «Sevil» dramı bu gün də ədəbiyyatımızda öz üstün mövqeyini mühafizə etməkdədir. Bu gün də bəşəriyyətin qarşısında duran ən nəcib və şərəfli vəzifələrdən biri qadın, onun cəmiyyətdəki rolu ideyasının tənzimlənməsidir.

    Oktay Eloğlu

    Джафар Джаббарлы

    Yaradıcılığı metodlar müxtəlifliyi ilə seçilən Cəfər Cabbarlı hər zaman yenilik axtarışında idi. Yazıb-yaratdıqları ilə xalqa nəyisə çatdırmağa çalışırdı. “Oqtay Eloğlu” əsərinin də məhz teatr mövzusunda olması heç də təsadüfi deyildi. “Hər kəs bacardığını. Buradan kimsə geriyə qaça bilməz. Səhnəmiz yox. Fəqət olmalıdır. Onu da mən yaradacağam” ,– deyən Oqtayı müəllif səhnədə təsvir etməklə, əslində 20-ci əsrdə hələ də davam edən sosial problemləri göstərməyə çalışırdı. Teatr burada sadəcə bir vasitə idi. Əslində fərqində olmasa belə, insan hərəkətləri teatr formalaşdırır. Hiss, həyəcan, bədən dili, səs tonları və s. ilə. Səhnə isə bunun daha geniş formada əks olunduğum məkandır. C. Cabbarlı Oqtayın səhnədə və həyatda davam edən faciələrini təsvir edib. Əslində Oqtayın həyatı elə səhnədir. O, özünü səhnəyə adamış bir fədai idi. Özünün adlandırdığı kimi-böyük bir vahidin kiçik bir parçası. Maddi cəhətlər sıxıntılar yaşaması da onun qarşısında əngəllər yaradırdı. Amma bundan da betəri o idi ki, bu qədər çətinliyə rəğmən hər şeyə sinə gərib teatr uğrunda mübarizə aparan insanı kənardakılar ciddi qəbul etmirdilər. Heç kim Oqtaya qız vermək istəmirdi. Hətta öz doğma əmisi nişanlısını özgəyə verir ki, mən arvad paltarı geyinən birinə qız vermərəm. Oqtayın səhnə üçün etdiklərinin qarşılığında isə gördüyü rəftar belə idi. Cəmiyyətdəki boşluqların qarşısında aciz qalan Oqtay, kirayə pulunu verə bilmək üçün heç düşünmədən üzüyündən belə keçmişdi. Səhnəyə çıxmağa yaxın yaşanan problemlər onu yolundan döndərə bilmirdi, o teatrı ləğv eləməyi ağlından belə keçirmirdi. Onsuz da teatrdan qaçan xalqı, yalvararaq bilet satdıqları 3-4 zavallını da qaçırtmaq istəmirdi. Səhnə yaratmaq arzusunda olan, bu yolda hər şeyindən keçən Oqtay, hətta anası və bacısının çətin dolanışığını görəndə deyir: “ O zavallılar da…fəqət edə bilmirəm. Çünki Səməd bəy, mən qocaman bir xalqı, onun səadətini, gələcəyini iki nəfər qadının istirahətinə fəda edə bilmərəm”. Səmədin ona təklif elədiyi adlı-sanlı işi rədd edir ki, mənim məqsədim pul qazanmaq deyil. Bu yazıq xalqı tək buraxıb qaçmağı özünə layiq bilmir: “ Mən heç nə istəmirəm. Mən bu yolda gəlirkən, xalqımdan altun taclar gözləmirdim. Mən o şeyi gözləyirdim ki, onu da alıram”.

    Aydın

    Джафар Джаббарлы

    “Aydın” pyesi təkcə Cəfər Cabbarlının deyil, ümumən Azərbaycan dramaturgiyasının qiymətli əsərlərindən biri kimi indi də diqqətəlayiqdir. “Aydın”da ümumiyyətlə, kapitalizm dünyasına, onun əxlaq normalarına qarşı üsyan öz əksini tapıb. Bu əsərlə ədəbiyyatımıza, səhnəmizə yeni tipli üsyançı qəhrəman – Aydın gəldi. O, səhnəyə yüksək humanist arzuları və təsirli həyat faciəsini gətirmişdi. Onun həyat, cəmiyyət, azadlıq, məhəbbət, ailə haqqında özünəməxsus müstəqil fikirləri, bəzən dolaşıq, ziddiyyətli, bir qədər də dumanlı görünən həyat fəlsəfəsi, həyat məramı var. O hər yerdə həqiqət axtaran azad bir insan kimi çıxış edir. Sadə, təmiz vicdanlı, yüksək bəşəri amala malik insanları “altun dünyasının” hökmranlığından üstün tutan Aydın “Mən bir heç deyiləm, mən bir həqiqətəm” deyə “parasız, altunsuz”, lakin saf və ali mənəviyyatlı yaşamağı əsil həyat hesab edir, yoxsul, lakin daxilən zəngin adamların yüksək cəmiyyətin cibi dolu, qəlbi boş ağalarından qat-qat üstün olduqlarını sübuta çalışır. Belə böyük arzuları ilə “altunsuz”, cibboş Aydın altun-kapital dünyası ilə üz-üzə gəlir, fərdi, bir qədər də anarxist çıxışları ilə həmin dünyanın amansız məngənəsində sıxılır, əzilir, acizliyini dərk edir. Lakin, o, Dövlətbəylərin, Balaxanların, ümumən, kapital dünyasının ifşasında mənən qalib gəlir. Aydın sevimli arvadı gözəl və fədakar Gültəkini burjua mühitinin kəsif havasında qoruyub saxlaya bilmir, onların saf məhəbbəti bu mühitin ağır təzyiqi altında tapdanır, məhv edilir…

    Almas

    Джафар Джаббарлы

    1930-cu il. Azərbaycanın uzaq dağ kəndi. Bu kəndə işləməyə gələn gənc müəllimə Almaz (İzzət Oruczadə) burada quruluşun inkişafı və möhkəmləndirilməsi yolunda qarşıya çıxan əngəllər və çətinliklərlə qarşılaşır. Kənddə eyni zamanda kollektivləşmə ilə əlaqədar sinfi mübarizə gedir. Belə bir təzadlı və çətin vaxtda kənddə fəaliyyətə başlayan, bir sıra mürəkkəb məsələlərlə üz-üzə qalan gənc müəllimənin keşməkeşli həyat yolu filmin əsas süjet xəttini təşkil edir.

    Od gəlini

    Джафар Джаббарлы

    "Od gəlini" tragediyasını yazmaq fikri ilk dəfə Cabbarlıda 1924-cü ildə oyanmışdır. «Od gəlini» əsas etibarı ilə IX əsrdə baş vermiş tipik tarixi hadisələrə və bu hadisələrin başında duran xalq sərkərdəsi Babəkin ərəb işğalçılarına qarşı mübarizəsinə həsr edilmişdir. Əsərin ilk variantı 1925-ci ilin ortalarında hazır olduğu halda, Cabbarlı onun üzərində tam üç il də işləmiş, təkmilləşdirmiş və ancaq bundan sonra teatra vermişdir. 1928-ci ildə dramaturq «Od gəlini» pyesi ilə tarixi mənşəyinə görə problematik, zamanına görə aktual bir mövzuya müraciət etmişdi. Əsər ilk variantında 38 şəkildən ibarət pyes kimi qələmə alınmış, tamaşaya hazırlıq prosesində isə 18 şəklə endirilmişdir. Sovet tənqidinin «ateist ruhlu», dinə qarşı mübarizədə çox təsirli əsər kimi qiymətləndirdiyi faciədə konkret olaraq islam və onun ziyanlı cəhətlərinin təsviri yoxdur, lakin ərəblərin Azərbaycanda işğalçılığını, soyğunçuluğunu, xalqın adətlərinə, dininə, heysiyyatına təcavüzünü əks etdirən səhnələr bir-birini əvəz edir

    Mən bir susmaz duyğuyam ki…

    Джафар Джаббарлы

    Kitabda Azərbaycan dramaturqu, şairi və nasiri, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor, əməkdar incəsənət xadimi Cəfər Cabbarlının lirik və satirik şeirləri, hekayə və dram əsərləri, həmçinin ədəbi-tənqidi məqalələri yer almışdır.