Qaçaq Kərəm. Fərman Eyvazlı

Читать онлайн.
Название Qaçaq Kərəm
Автор произведения Fərman Eyvazlı
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9952-8260-5-0



Скачать книгу

Lakin artıq ixtiyarlaşmışdı. Altmış beş yaşı vardı, amma yaşından bir qədər cavan görünürdü. Uzun müddət rus ordusunda qulluq etdiyindən onda bir hərbi səliqə-sahmanı vardı. Özü də çox narahat adam idi. Ucaboylu, sağlambədənli və gümrah bir kişi idi. Lakin təzəlikdə düçar olduğu təngnəfəslik hərdən əl-ayağını göməşdirirdi. Odur ki, bir gün o, yanına gələn, özündən bir yaş böyük qardaşı ilə məsləhətləşdi.

      – Alı, ağlıma bir fikir gəlib… İstəyirəm Molla Zal oğlu İsgəndəri sərkar tutam.

      – İsgəndəri? – Məşədi Alı maraqlandı.

      – Hə, daha qocalmışam, bu təngnəfəslik də bir yandan… Hər şeyə göz ola bilmirəm… Kəndçilər də, bilirsən daa… göz qırpmağa bənddirlər.

      Məşədi Alı nimçədəki quruddan bir-iki qaşıq götürüb qarşısındakı yağlı xəngəlin üstünə tökdü.

      – Elə olmağına elədir, – dedi – mal-dövlət can odudur. Görək gecə-gündüz hər şeyin haqq-hesabını aparasan. Əmbə…

      Cavahir xanım hiss elədi ki, Məşədi Alı kişini fikrindən döndərmək istəyir. Söhbətə qarışdı.

      – Bunu çoxdan eləməliydin, yoxsa hər şeyin dalınca özün qaçırsan. canın əzab-əziyyətlərdən qurtarar. Dağdan gələndən gah bostana qaçırsan, gah xırmana. gah o tayda yataqda, gah bu tayda cələdə…

      Oruc ağa qaragül Buxara papağını çıxarıb böyrünə qoydu, xəngəl sinisini qabağına çəkdi.

      – Mənə elə gəlir ki, o, rəiyyətlə də rəftar eləməyi bacarır, bəylərlə də.

      Samovarın yanında oturub təzə çay dəmləyən Cavahir xanım:

      – Elədir, – deyə ərinin sözünə qüvvət verdi. – O, həm qoçaqdır, həm də el-oba içində nüfuzu var. Yazı-pozu da bacarır.

      Molla Zal oğlu İsgəndər adicə rəncbər idi. Amma el arasında gözüaçıq, ağıllı və qoçaq bir kişi kimi tanıyırdı. Qırx yaşı vardı, di gəl, yoxsul kəndlilər, qohum-əqrəba ona bir ağsaqqal kimi baxırdı. Dara düşəndə yanına məsləhətə gedərdilər.

      Məşədi Alı ovcu ilə yağlı saqqalını sildi. Sonra öz fikrini bildirdi:

      – Əmbə bir iş var ki, o bir az dikbaşdır. Bilmirəm sən deyənə razı olacaq ya yox? Özün halısan ki, rəiyyət olsa da məğrur adamdı. Ağalara, bəylərə baş əyən döyül.

      Kişinin qaşları çatıldı. Ürəyində: «Elə dikbaş olduğuna görə də neçə dəfə divana düşüb-çıxıb!» – deyə fikirləşdi və əsəbi halda dilləndi:

      – Bir yesin, beş də nəzir-niyaz versin ki, mənim kimi bir ağaya sərkar olacaq. Bu qədər var-dövlətin, nökər-nayibin ixtiyarını ona verirəm. Filan qədər də haqq alacaq razılıq verməz, mən də gedərəm başqasını tutaram. O qədər yalvaran var ki…

      Cavahir xanım ərinə təkid qarışıq bir məsləhətlə:

      – Hər yalvarana etibar olmaz kişi, – dedi, – Elə İsgəndər yaxşıdı. Yalvar da, yaxar da təki onu yola gətir. O, gözü-könlü tox adamdı. Nə yazıq ki, indi araya sərinlik düşüb. Biz onlarla əvvəllər ki, yaxın olmuşuq? Bir də unutma, onların bizə yaxşılığı keçib…

      Cavahir xanımın yada saldığı yaxşılığın nədən ibarət olduğunu Oruc ağa yaxşı bilirdi. Oğlu İsrafil anadan olanda Cavahir xanım süddən kəsilmişdi. Uşağı il yarım İsgəndərin arvadı Fəxrənsə əmizdirmişdi. Bir dizi üstə Kərəmi, bir dizi üstə İsrafili oturtmuşdu. Onlar süd qardaşları idi. İndiyədək də doğma qardaş kimi bir-birinə mehribanlıq göstərirdilər.

      Ürəyində arvadının sözlərinə haqq qazandıran ağa yenə yumşaldı.

      – Mən də elə o köhnə xətir-hörmətə görə onu sərkar tutmaq istəyirəm.

      …Ertəsi gün kişi İsgəndəri yanına çağırtdırıb fikrini ona söylədi. İsgəndər bu gözlənilməz təklifə təəccüb eləyib bir qədər fikrə getdi və sonra:

      – Ağa, möhlət ver, bir fikirləşim, – dedi.

      – Nə möhlət! Başın üstündə, fikrin başında. «Hə» de, çıxsın getsin.

      İsgəndər gülümsədi. Ağa onu dilə tutub arxayın saldı ki, hər şey yaxşı olacaq, onlar bir ailə üzvü kimi dolanacaqlar. İsgəndərin külfəti çox idi. Uşaqları dolandırmaq üçün ağanın təklifi ona şirindirici göründü.

      Kişi əlini İsgəndərə uzatdı.

      – Dəmiri isti-isti döyərlər, allah xeyir versin! İsgəndər gülümsəyərək ağanın əlini sıxdı.

      – Yaxşı, allah xeyir versin!

      …O vaxtdan indi düz iki il keçirdi. İsgəndər bütün var-dövlətin haqq-hesabını aparır, taxılı vaxtında əkdirib-biçdirir, xırmanlara ciddi nəzarət edir, ətlik qoyunları, bostandan əldə olan məhsulu Gəncə – Tiflis bazarlarında satdırır, dağa-arana gedəndə ağanın köçünə kalladarlıq eləyirdi. Bir sözlə kişinin sağ əli idi, onun bütün təsərrüfat işlərinə o baxırdı.

      Günü-gündən varlanan Oruc ağa sərkarından razı idi. Onun təsərrüfatında işləyən kəndlilər də daha bir o qədər narazılıq eləmirdilər. İsgəndər onları incitmir, haqlarını vaxtlı-vaxtında verir, imkan düşəndə də əl-altdan kasıblara kömək eləyirdi. Lakin onun bəzi məsələlərə müdaxilə eləməsi, kəndliləri ayıq salması Kəsəmən ağalarının xoşuna gəlmirdi, Onların mənliyinə, mənafeyinə, toxunurdu. Odur ki, hərdən ondan Oruc ağaya qandırırdılar. «Sən ona inanma, saman altdan su yeridəndir»

      Başqa birisi deyirdi: «O, rəiyyətlə əlbirdir, onlara dil verir».

      Get-gedə bu deyilənlərdən şübhələnən kişi sərkarına göz qoymağa başladı. Camaatın acınacaqlı vəziyyətinə acıyan İsgəndər isə öz işində idi…

      Əlqərəz… Onlar üç gün toy evində qonaq qaldılar, Yedilər, içdilər, aşıqlara qulaq asdılar, qara zurnanın havasına oynadılar.

      Geri qayıdanda mahalın üst tərəfindəki gədikdə bu yerlərə təzə gəlmiş əsgərlərin düşərgə saldığını gördülər. Onların bir hissəsi kazarma tikir, bir hissəsi də xeyli aralıda hərbi təlim keçirdi.

      Oruc ağa onları görəndə öz cavanlığı, könüllü əsgər gedib rus ordusunda xidmət elədiyi günləri xatırladı. Qaragül Buxara papağını yenə yan qoydu. Ağarmış bığlarını eşdi. Qamətini düzəldib yəhərin üstündə şax oturdu. Xəyalı ilişib o illərdə qaldı. Xatirələr birər-birər yadına düşdü.

      O, 1828-1829-cu il rus-türk savaşının iştirakçısı idi. Müharibədə böyük şücaətlər göstərdiyinə görə orden-medallarla təltif olunmuş və çin almışdı. Hərdən bu haqda söhbət düşəndə özü öyünə-öyünə danışırdı:

      «…Qarsın yaxınlığında qızğın dava gedirdi. Gah ruslar basılırdı, gah türklər. Amma bizimkilər hər dəfə xeyli irəliləyirdi. Bir kərə bizim dəstə türk əsgərlərini Soğanlıq dərəsi deyilən yerdə haqlayıb onların bir neçə top-tüfəngini və bayrağını ələ keçirdi. Bax, bu medalı mənə onda veriblər…

      Bir dəfə də