Quldur qızı Roni. Астрид Линдгрен

Читать онлайн.
Название Quldur qızı Roni
Автор произведения Астрид Линдгрен
Жанр
Серия Dünya ədəbiyyatından seçmələr
Издательство
Год выпуска 0
isbn 9789952242966 



Скачать книгу

Daş uçurumun dibinə düşəndə elə boğuq, elə uzaq səs çıxartdı ki, qız qorxuya düşdü. Nə deyəsən, bu, həqiqətən də, qorxulu uçurumuydu. Ancaq qalanı yarıya bölən dəlik o qədər də geniş deyildi, əgər bərk qaçıb gəlsən, onun üstündən tullanıb keçmək də olardı. Amma elə bir axmağı haradan tapasan ki, onun üstündən tullansın. Bəlkə, uçurumdan qorunmağın ən yaxşı yolu elə budur?

      Roni yenə aşağı baxdı, ay dərinlik idi ha! Sonra yan-yörəsinə baxıb hesabladı ki, haradan tullansa yaxşı olar və gördü ki… Elə bir şey gördü ki, heyrətindən güclə ayaq üstə dayana bildi. O tərəfdə kimsə oturmuşdu. Bu “kimsə” təxminən elə onu boydaydı, uçurumun lap kənarında oturub ayaqlarını yelləyirdi.

      Roni anladı ki, dünyada yeganə uşaq deyil. O, quldur meşəsində, Mattisin qəsrində yeganə uşaq idi. Lovisa ona dəfələrlə demişdi ki, dünya uşaqlarla doludur, bəziləri böyüyəndə Mattis, bəzilərisə Lovisa olur. Roni hiss etdi ki, uçurumun o başında oturub ayaqlarını yelləyən də böyüyəndə Mattis olacaq.

      O hələ qızı görmürdü. Roni uzun müddət ona baxıb sevinclə astadan güldü.

      III

      Sonra o da qızı gördü, o da güldü.

      – Mən bilirəm sən kimsən, – deyə qışqırdı. – Sən quldur qızısan, bütün günü meşəylə qaçırsan. Mən səni görmüşəm.

      – Bəs sən kimsən? – Roni də qışqırdı. – Sən bura necə gəlib çıxmısan?

      – Mənim adım Birkdir, mən Borkanın oğluyam, indi burada yaşayıram. Bu gün gecə biz bura köçmüşük.

      Roni çaşqınlıqla ona baxdı.

      – Necə yəni biz?

      – Borka, Undisa, mən, bir də on iki quldurumuz.

      Roni onun sözlərini tam anlayana kimi bir müddət keçdi. Nəhayət, soruşdu:

      – Sən demək istəyirsən ki, bizim qalanın Şimal qülləsi indi zir-zibillə dolub?

      O güldü:

      – Yox, orada yalnız quldurbaşı Borkanın cəsur quldurlarıdır, amma qalanın sən yaşadığın Cənub qülləsi zir-zibillə doludur, bunu hamı bilir.

      – Ah, hamı bunu bilir, eləmi?! Sən heç bilirsənmi ki!.. – Roni hirsindən əsib-coşdu.

      – Bir də nəzərə al ki, – Birk qışqırdı, – daha sizin Şimal qülləniz yoxdur, Borkanın qalası var. Bu gündən onun adı belədir. Yadda saxla!..

      Roni çətinliklə nəfəsini dərdi, yaman qəzəblənmişdi. Borkanın qalası! Adamın lap nəfəsi kəsilər. Borkanın bu quldurları yaramazdırlar, hələ bu küçüyə bax, orada oturub istehzayla irişir də. O da onların tayıdır.

      – Sizi görüm yanasınız! – qız qışqırdı. – Bir dayan, qoy bu xəbər Mattisin qulağına çatsın, hamınız buradan kəlləmayallaq aşacaqsınız!

      – “Kəlləmayallaq!”.. – Birk istehzayla yamsıladı. – Gözlə ha!

      Amma Roni Mattisi təsəvvürünə gətirib qorxdu. Axı onun necə qəzəbləndiyini görmüşdü, bilirdi ki, bunun axırı yaxşı qurtarmır. Onların qalası bir də iki yerə bölünüb darmadağın olacaq. Bu fikir ağlına gələndə dəhşətdən hətta inildədi də.

      – Noldu sənə? – Birk soruşdu. – Halın pisləşdi?

      Roni cavab vermədi. Bəsdir! Boş-boş çənə döydüyü, axmaq sözlərə qulaq asdığı bəsdir! İşə başlamaq lazımdır, Mattislə quldurları tezliklə evə qayıdacaqlar, onda aləm bir-birinə dəyəcək! Borkanın bütün yaramaz dəstəsi Mattisin qalasından güllə kimi uçacaq.

      O ayağa qalxdı, getmək istəyəndə Borkanın oğlunun nə etmək fikrində olduğunu gördü. Təsəvvür edin ki, bu küçük nə az, nə çox – düz uçurumun üstündən tullanmağı hədəfə almışdı. O tərəfdə Roniylə üzbəüz dayanmışdı, birdən yerindən qopub uçuruma tərəf qaçdı. O zaman qız qışqırdı:

      – Hünərin var tullan, vurub burnunu əzərəm!

      – Ha-ha! – Birk cavabında bağırıb uçurumdan quş kimi tullandı. – Sən belə tullana bilməzsən!.. – deyə kinayə ilə əlavə etdi.

      Bax bunu nahaq dedi, bu lap ağ oldu. Öz yaramaz dostları ilə birlikdə Şimal qülləsini tutmaları azmış kimi, üstəlik, indi də belə hoqqa çıxardır. Qız heç cür yol verə bilməzdi ki, Borkanın quldurunun elədiyini Mattisin qulduru təkrar edə bilməsin.

      Roni qət etdi. Özü də neylədiyini əməlli-başlı anlamadan uçurumun üzərindən atılıb o tərəfə düşdü.

      – Yamansan ha! – Birk qışqırıb onun dalınca tullandı.

      Amma Roni gözləmədən öz tərəfinə atıldı. Qoy o, orada durub nə qədər istəyir gözlərini zilləyib qıza baxsın!

      – Ey, noldu, məni niyə vurmadın, – Birk qışqırdı. – Gəlirəm yanına.

      – Əzişdirmək lazımdır səni!

      O, yenə qız tərəfə tullandı. Amma bu dəfə qız onu gözləməyib əks tərəfə atıldı. Roni qərara almışdı ki, lazım gələn qədər, lap son nəfəsinədək oyana-buyana tullansın, bircə onun yanında olmasın.

      Bundan sonra heç biri bir kəlmə də danışmadı. Onlar sanki ağıllarını itirmiş halda dinməzcə irəli-geri tullanırdılar, ağır, kəsik-kəsik nəfəslərindən başqa heç nə eşidilmirdi. Yalnız qüllələrin dişlərində oturmuş qarğalar xırıltıyla qarıldayır, qorxulu, boğuq sükutu pozurdular. Elə bil Mattisin dağ başındakı qəsri indicə bir bədbəxt hadisə baş verəcəyini hiss edərək nəfəsini içinə çəkmişdi.

      “İndi ikimiz də bu uçuruma yuvarlanacağıq, – Roni düşündü. – Heç olmasa, tullanmaqdan əl çəkərik”.

      Birk yenə ona tərəf uçdu, o da yenə cavab sıçrayışına hazırlaşdı; artıq sıçrayışların sayı bilinmirdi. Roniyə elə gəldi ki, Birklə görüşməmək üçün sanki ömürboyu uçurumdan tullanmaqla məşğuluymuş.

      Birdən gördü ki, Birk yerə düşəndə ayağı daşa ilişdi və yarıqda yoxa çıxmazdan əvvəl onun qışqırtısını eşitdi.

      Sükut çökdü, yalnız qarğalar qarıldaşırdı. Roni gözünü qıydı, indi bircə istəyi bu idi ki, kaş bütün bunların heç biri olmayaydı. Niyə dəli kimi tullanırdılar? Yaxşı olardı ki, bu Birklə heç zaman qarşılaşmayaydı.

      Roni uçurumun kənarına sürünüb aşağı baxdı və onu gördü. O, düz Roninin aşağı tərəfində bir ayaq enində qabağa çıxan bir daşın, ya sınmış bir tirin, ya da ildırımın parçaladığı divardan çıxan bir şeyin üstündə dayanmışdı. Aşağısında isə uçurum görünürdü. Birk titrəyən əllərini divarda gəzdirir, bir çıxıntı axtarırdı ki, barmaqlarıyla yapışıb yıxılmasın. O da, Roni də başa düşdülər ki, kömək olmasa, oradan çıxa bilməyəcək. Gücü tükənənə qədər orada dayanacaqdı, sonra aydın məsələdir ki, dünyada Birk adlı adam olmayacaqdı.

      – Tərpənmə! – Roni qışqırdı.

      – Daha neyləyim ki? – o cavabında istehzayla gülümsündü. Amma