Quldur qızı Roni. Астрид Линдгрен

Читать онлайн.
Название Quldur qızı Roni
Автор произведения Астрид Линдгрен
Жанр
Серия Dünya ədəbiyyatından seçmələr
Издательство
Год выпуска 0
isbn 9789952242966 



Скачать книгу

verirdi ki, bu da quldurları xüsusilə heyran edirdi. Lovisa belə hesab edirdi ki, uşaqların əksəriyyəti gec-tez iməkləməyə başlayır. Buna da heç kim yersiz sevinmir, bu iməkləyən uşaqların ataları da işlərini-güclərini buraxıb saatlarla heyran-heyran onlara tamaşa eləmirlər.

      Bir dəfə bütün dəstə Mattisin başçılığı ilə qəsrə soxulub Roninin sıyığı ovurdlarına doldurmasına və anasının onu beşiyə qoymasına tamaşa etməyə başladı. Lovisa deyindi:

      – Mattis, sən Borkanın meşədə əl-qol açmasına imkan verirsən!

      Amma Mattis arvadının deyinməsini qulaqardına vurdu.

      – Qızım, mənim əzizim, – Roni sol ayağıyla təkan verib zalla iməkləyə-iməkləyə ona tərəf gələndə qışqırdı.

      Sonra öz sevimlisini dizləri üstə oturdub yedizdirdi; on iki quldurun hamısı onları dövrəyə alıb diqqətlə baxırdı.

      Sıyıq dolu çuqun qazança sacayağın üzərindən asılmışdı, Mattisin əlləri güclü, yöndəmsiz olduğuna görə sıyığı tez-tez döşəməyə tökürdü, bir yandan da Roni qaşığı geri qaytarırdı, buna görə də Mattisin qaşları da sıyığa bulaşmışdı. Qız birinci dəfə belə edəndə quldurlar elə ucadan qəhqəhə çəkdilər ki, Roni qorxub ağlamağa başladı. Amma tezliklə başa düşdü ki, qaşığı vuran kimi hamı gülüşür, beləcə hamını güldürməyə adət elədi, amma bu, atasından çox quldurlara ləzzət verirdi. Bu nə üçünsə onun xoşuna gəlmirdi, hərçənd Roninin bütün elədiklərini bənzərsiz, onun özünü isə dünyanın ən gözəl məxluqu hesab edirdi.

      Saqqalı, qaşları sıyığa bulaşmış Mattis öz sevimlisini yedizdirəndə hətta Lovisa da gülürdü.

      – Aman Allah, Mattis, indi sənə baxanın haradan ağlına gələrdi ki, sən dünyanın bütün dağlarının, meşələrinin ən qüdrətli quldurbaşısısan? İndi Borka səni görsəydi, gülməkdən ölərdi.

      – Hə, yaman gülərdi! – Mattis qışqırdı.

      Borka onun qatı düşməniydi, Borkanın ata-babası da Mattisin ata-babasıyla qatı düşmən olmuşdular. Adamların yadındadır ki, hər iki dəstə ta əzəldən bir-biriylə düşmənçilik edir. Bəli, onlar lap qədim zamanlardan soyğunçuluqla məşğul olur, mallarını arabaya qoyub quldurlar yaşayan sıx meşəylə aparan tacirlərin canına vəlvələ salırdılar.

      Adamlar quldur meşəsindən keçən dağ yolunu yada salanda, adətən, belə deyirdilər: “İlahi, yolu sıldırımdan düşənlərə özün kömək ol”. Quldurlar bu yollar boyunca pusqu qurur, qurbanlarını güdürdülər. Yoldan keçən tacirlər onları kimin dəstəsinin qarət etdiyinin fərqinə varmırdılar, amma Mattislə Borka qənimətin kimin əlinə keçəcəyinə qətiyyən biganə qalmırdılar. Hər iki dəstə qənimət uğrunda amansızcasına döyüşürdü, tacirlər sərt sıldırımdan yol salmayanda isə quldurlar bir-birini qarət etməyə başlayırdılar.

      Əlbəttə, bunların heç birindən Roninin xəbəri yox idi, çünki hələ çox balacaydı. Heç ağlına da gətirmirdi ki, atası təhlükəli quldurbaşıdır. O, qızı üçün ucadan qəhqəhə çəkən, mahnı oxuyan, gücü gəldikcə şən-şən bağıran, ona sıyıq yedizdirən, sadəcə xeyirxah, saqqallı Mattisiydi və qız onu sevirdi.

      Roni günbəgün yox, saatbasaat böyüyür, yavaş-yavaş ətrafındakı aləmə nəzər salmağa başlayırdı. Uzun müddət fikirləşirdi ki, bütün dünya elə daş divarları olan nəhəng zaldan ibarətdir. Bu aləmdə də özünü əla hiss edirdi, xüsusilə böyük stolun altına girib Mattisin onun üçün gətirdiyi qoza və daşlarla oynayanda.

      Bu zal, doğrudan da, uşaq oyunları üçün münasib yer idi. Orada həmişə əyləncə tapılırdı, qız orada çox şeylər öyrənmişdi. Roni quldurların axşamlar ocağın yanında əyləşib mahnı oxumalarını xoşlayırdı. O, stolun altında siçan kimi sakitcə oturub qulaq asır, tədricən bütün quldur mahnılarını yadında saxlayırdı. Zınqırov kimi cingiltili səsi ilə oxumağa başlayanda isə Mattis belə yaxşı oxuyan gözəl qızına heyran olmaqdan yorulmurdu.

      Roni rəqs eləməyi də özü öyrənmişdi. Quldurlar qənimətlə qayıdanda sevinclə oynayır, zalda vəhşi keçi kimi atılıb-düşürdülər, Roni də tezliklə onları yamsılamağa başladı. Qızın da onlar kimi qızğınlıqla oynaması, lap əsl quldurlartək atılıb-düşməsi atasını hədsiz sevindirirdi. Belə dəlicəsinə rəqs edəndən sonra quldurlar taqətsiz halda böyük stolun ətrafındakı skamyalara sərələnib özlərini pivəyə tutur, Mattis isə qızıyla öyünməyə başlayırdı:

      – Bilirsiniz, o, balaca druda kimi qəşəngdir, eləmi? Onun kimi boylu-buxunlu, qonurgözlü və qarasaçlıdır! Sizin heç biriniz heç zaman belə gözəl qız görməyibsiniz, eləmi?

      Quldurlar da mehribanlıqla başlarını tərpədib xorla cavab verirdilər:

      – Elədir!

      Roni sakitcə stolun arxasında oturub daşlarla, qozalarla oynayır, elə ki gözü quldurların xəzi bayıra çıxan keçi dərisindən toxunmuş ayaqqabılarına sataşdı, onları vurağan keçi hesab edib oyuna qatırdı. Keçiləri pəyədə görmüşdü, Lovisa onları sağmağa gedəndə uşağı həmişə özüylə aparırdı.

      Roninin bütün qısa həyatı boyu öyrənə bildiklərinin hamısı, bəlkə də, bunlar idi. Onun Mattisin qəsrindən kənarda nələr olduğu haqqında azacıq təsəvvürü belə yox idi. Günlərin bir günü Mattis başa düşdü ki, – bu onun heç də ürəyincə olmadı – quşcuğazı azadlığa buraxmaq vaxtıdır. Onda arvadına dedi:

      – Lovisa, bizim qızımız mənim quldurluq elədiyim meşədə gəzib-dolaşmağı öyrənməlidir. Qoy gedib gəzsin.

      – Allaha şükür, axır ki, sən də bunu başa düşdün, – Lovisa dedi. – Məndən olsaydı, o, indi çoxdan meşədə gəzirdi.

      Beləcə, Roniyə kefi istədiyi yerə getməyə icazə verdilər. Ancaq Mattis əvvəlcə onu gözlənilən təhlükələrdən xəbərdar etdi.

      – Deməli, belə: qəzəbli drudlardan, boz cırtdanlardan və Borkanın quldurlarından özünü gözlə.

      – Bəs mən necə bilim ki, bu, qəzəbli drud, ya boz cırtdan, ya da Borkanın quldurudur?

      – Özün biləcəksən, – Mattis cavab verdi.

      – Aydındır, – Roni dedi.

      – Bir də bax azmayasan ha, – Mattis davam etdi.

      – Bəs azsam, neyləyim?

      – Lazım olan cığırı tap.

      – Aydındır.

      – Ehtiyatlı ol, çaya düşmə.

      – Çaya düşsəm, neyləyim?

      – Üz çıx.

      – Aydındır.

      – Uçurumdan da özünü gözlə, – Mattis ildırımın quldur qəsrinə düşdüyü gecə əmələ gəlmiş dərin uçurumu xatırladı.

      – Bəs uçuruma düşsəm, neyləyim?

      – Onda sən daha heç nə edə bilməzsən, – Mattis bunu deyib birdən elə acı-acı inildədi ki, sanki bütün dünyanın dərdi sinəsinə yığılmışdı.

      – Aydındır,