Название | Quldur qızı Roni |
---|---|
Автор произведения | Астрид Линдгрен |
Жанр | |
Серия | Dünya ədəbiyyatından seçmələr |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952242966 |
Roni cığırla düz meşəliyə girdi, axırda gedib meşədəki gölün sahilinə çıxdı. Mattisin dediyinə görə, burdan o yana getməməliydi. Gölün qara güzgüsü qara şam ağaclarıyla əhatə olunmuşdu, yalnız suzanbaqları suyun üzərində ağ işıqlar kimi yırğalanırdı. Roni, əlbəttə, bunların ağ suzanbağı olduğunu bilmirdi, amma uzun müddət onlara baxdı və onlar var olduğu üçün astadan güldü.
O, gününü gölün yanında keçirdi, gördüklərinə hədsiz sevindi. Suya uzun müddət şam qozaları atdı, suda ayaqlarını azca tərpədən kimi qozaların üzdüyünü görəndə sevincindən qəhqəhə çəkdi. Ömründə belə sevinməmiş, heç vaxt belə sərbəst gəzib-dolaşmamışdı.
Qaya parçalarına dırmaşmaq daha əyləncəli oldu. Gölün ətrafında mamır basmış nəhəng daşlar ucalırdı, elə bil lap üstlərinə çıxmaq üçün yaradılmışdılar. Bir də şam və sidr ağacları bitmişdi ki, budaqlarında yaxşıca yellənmək olardı. Roni də günəş ağacların arxasında batana kimi yelləndi, aşağı tullandı, yenə qayalara çıxdı.
Aclıq hiss edəndə özüylə gətirdiyi dəri kisəcikdən çörək, süd çıxarıb iştahla yedi. Sonra bir az dincəlmək üçün mamırın üstünə uzandı; başı üzərində hündür ağaclar səs salırdı. O, yuxarı baxıb onların var olduğuna fərəhləndi. Sonra yuxuya getdi.
Roni oyananda hava artıq qaralmışdı, ağacların başı üzərində ulduzlar parlayırdı. Bu vaxt başa düşdü ki, dünya onun düşündüyündən daha böyükdür. Onu bircə kədərləndirən o idi ki, əlini ha ulduzlara uzatsaydın da, çata bilməzdin…
Meşədə ona icazə verdiklərindən çox qalmışdı, tez evə qayıtmaq lazım idi, yoxsa atası həyəcandan dəli olardı. Bunu qız yaxşı başa düşürdü.
Ətraf qatı zülmət idi, yalnız ulduzlar suda əks olunmuşdu. Amma Roni qaranlıqdan qorxmurdu, ona öyrəşmişdi: quldur qəsrində uzun qış gecələrində ocaq söndürüləndə elə qaranlıq çökürdü ki, göz gözü görmürdü. Yox, o, qaranlıqdan qorxmurdu.
Roni geriyə qayıtmağa hazırlaşarkən birdən yadına düşdü ki, dəri kisəciyini yemək yediyi qayanın üstündə qoyub, o dəqiqə qayaya çıxdı. Yuxarıda ona elə gəldi ki, indi ulduzlara daha yaxındır. Yenə əllərini göyə uzatdı ki, heç olmasa, ən balaca ulduzların bir neçəsini götürüb evə aparsın, amma əfsus ki, bunu edə bilmədi. Onda bu qərara gəldi ki, aşağı düşmək vaxtıdır.
Amma birdən gördü ki, ağacların arasında kiminsə gözləri parıldayır, bərk qorxdu, əməlli-başlı qorxdu. Bəli, bəli, qayanın ətrafında göz parıldadığını görməmişdi – bu gözlər onu izləyirdi. Onların parlaq cazibəsinə düşdü. Əvvəllər heç vaxt qaranlıqda parıldayan gözlər görməmişdi.
– Ey, siz! – deyə qışqırdı. – Sizə nə lazımdır?
Amma cavab almadı. Əvəzində gözlər yaxınlaşmağa başladı. İşıldayan gözlər asta-asta ona yaxınlaşdı; əvvəlcə anlaşılmaz, boğuq, qəribə fısıltılı səslər eşitdi, sonra sözləri də ayırd etdi:
– Qulaq asın, boz cırtdanlar, hamınız qulaq asın, burada, meşəmizdə adam var. Onu tutun, dişləyin, çimdikləyin, döyün… Boz cırtdanlar, hamınız bir nəfər kimi tutun, dişləyin, didişdirin, döyün… Tıq-tıq-tıq!..
Onlar, bu qəribə boz məxluqlar artıq qayanı dövrəyə almışdılar, ona açıq-aşkar pislik etmək istəyirdilər. Roni onları yaxşı seçə bilmirdi, amma ikrahla hiss edirdi ki, lap yaxındadırlar. Bəli, indi bildi ki, boz cırtdanlar necə təhlükəlidir, Mattis onu əbəs yerə xəbərdar etməmişdi ki, özünü gözləsin. Amma daha gec idi.
Onlar qayanı ağaclamı, dəyənəkləmi arasıkəsilmədən döyəcləməyə başladılar, bir Allah bilir əllərindəki nə idi. Tıqqıltı, çatırtı, gurultu meşəni başına götürəndə Roni qışqırdı. O, əməllicə qorxmuşdu – birdən onu öldürərdilər.
Cırtdanlar daşı döyəcləməkdən əl çəkdilər, amma sükut çökən kimi o daha qorxulu bir səs–xışıltı eşitdi. Bu, qayaya dırmaşan cırtdanlar idi. Onlar hər tərəfdən qıza yaxınlaşırdılar. Dırnaqlarıyla daşı cırmaqlayır, cızırdılar. Yenə də cırıltılı səsləri eşidildi:
– Bütün boz cırtdanlar, hamı bir nəfər kimi dişləyin, didişdirin, döyün – tıq-tıq-tıq!..
O zaman Roni dəhşətlə daha ucadan qışqırdı və ümidsizliklə dəri kisəciyi yelləməyə başladı. Aydın məsələdir ki, indicə onun üstünə atılıb dişləyəcək, ölüncə didəcəklər. Meşədəki ilk günü elə axırıncı günü olacaq.
Ancaq elə bu an qorxunc bir səs eşitdi – belə qorxunc səslə yalnız Mattis qışqıra bilərdi. Əlbəttə ki, bu onun atasıydı, on iki qulduru da yanında. Məşəllərin işığı ağacların arasında görünürdü, Mattisin söyüşü isə meşəni başına götürmüşdü:
– Rədd olun, boz cırtdanlar! Cəhənnəm olun, yoxsa baltalara tuş gələcəksiniz!
Roni balaca vücudların şappıltıyla yerə töküldüyünü eşitdi. Məşəllərin parlaq işığında indi onları görə bilirdi: iyrənc boz məxluqlar var gücləriylə qaçıb qaranlıqda yoxa çıxırdılar. O, dəri kisəciyinə kirşəyə oturan kimi oturdu, qayaaşağı sürüşdü, elə bu zaman Mattis özünü yetirərək onu yerdən qaldırıb bərk-bərk qucaqladı. Yolboyu qız başını atasının saqqalına söykəyib ağlayırdı.
– Hə, indi boz cırtdanları tanıdınmı? – onlar ocağın kənarında oturub Roni donmuş ayaqlarını isidəndə Mattis soruşdu.
– Aha, mən indi boz cırtdanları tanıdım.
– Amma sən hələ onlara necə üstün gəlməyi bilmirsən. Elə ki uzaqdan kiminsə onlardan qorxduğunu hiss etdilər, həmin dəqiqə də təhlükəli olurlar.
– Hə, hə, – Lovisa təsdiqlədi. – Təkcə boz cırtdanlar belə deyillər. Buna görə də meşədə təhlükələrdən uzaq olmaq üçün heç nədən qorxmamalısan.
– Yaxşı, – Roni dedi. – Bunu yadda saxlayaram.
Mattis yalnız ah çəkib onu köksünə sıxdı.
– Yadındadır, hələ özünü nələrdən gözləməlisən? – soruşdu.
Bəli, o bunların hamısını, sözsüz ki, yaxşı xatırlayırdı. Sonrakı günlərdə bütün təhlükələrdən qorunmaqla məşğul olurdu, buna görə də özünü qorxulu şeylərdən qorxmamağa məcbur edirdi. Mattis ona çaya yıxılmamağı tapşırdığı üçün suyun ən gur axdığı yerlərdə sürüşkən daşların üzərində cəsarətlə atılıb-düşürdü. Axı meşədə gəzməklə çaya düşməməyi öyrənə bilməzdi ki. Çaydan özünü gözləmək lazımdırsa, gərək suyun gur axdığı, burulğanlar olduğu yerlərə gedəsən.
Amma belə yerlərə getmək üçün yalnız qalanın yerləşdiyi dik qaya ilə düşmək lazım idi. Belə olduqda Roni həm də dik qayalardan qorxmamağı öyrəndi. Birinci dəfə çətinliklə düşdü, elə qorxurdu