Qaraca qız. Сулейман Сани Ахундов

Читать онлайн.
Название Qaraca qız
Автор произведения Сулейман Сани Ахундов
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9952-311-62-4

Скачать книгу

ağa evləndikdən sonra artıq yoldaşları ilə həva-həvəs23 və keyfə məşğul olmayırdı. Ancaq yoldaşlarını öz evinə çağırıb qonaqlıqlar edərdi.

Mehdi ağa Hüseynqulu ağanı evləndirdikdən bir il sonra vəfat etdi. Hüseynqulu ağa ilə arvadı Pəricahan xanımın xasiyyətləri biri-birinə dutmayırdı. Pəricahan xanım gimnaziya təhsilində cəmi Avropa adətlərini götürüb öz milli adətləri xoşuna gəlməyirdi. Hətta öz ana dilindən öylə ikrah etmişdi ki, bu dil ilə danışmaq da istəməyirdi və labüd qalıb danışanda da yarı rus, yarı türki kəlimələrini qarışdırıb danışmaqla qulaq asanları özünə güldürürdü.

Hüseynqulu ağa isə Avropa qaydalarını sevməyib, öz ata və baba adətlərini çox istəyirdi; hətta Pəricahan xanım nə qədər çalışdı isə də, ondan çərkəsi paltarı çıxarıb, Avropa libası geyindirə bilmədi. Pəricahan xanım Hüseynqulu ağanın evinə gələndən sonra köhnə qulluqçuları dəyişdirib evin hər bir qaydasını Avropa səliqəsinə saldı. Hüseynqulu ağa bu tazə qaydaları sevmədiyi üçün vaxtının çoxunu kənddə qalıb şəhərdə az-az görünürdü. Çox danışıqdan sonra axırda Pəricahan xanımı razı edib kənddə öz mülklərinə köçürtdü. Bunun üçün də Hüseynqulu ağa nəhayət dərəcədə şad oldu, çünki şəhər yaşayışını o, əsla sevməyirdi.

Hüseynqulu ağanın mülkündəki evi qayət basəfa24 bir yerdə idi. Bu evin yanından çay axırdı və meşə də çox yaxın idi, dəmir yolu isə mülkün bir verstliyində idi. Burada da Pəricahan xanım şəhərdəki kibi tazə qaydalar qoymağa başladı. Hüseynqulu ağa səhərdən axşama qədər mülk işləri ilə məşğul olub, onun işlərinə qarışmayırdı. Bu tövr ilə hər ikisi öz işlərinə məşğul olub ömür sürməyə başladılar. Ancaq bunların övladları durmayırdı, üç-dörd yaşına çatan kibi ölürdü. Ər-arvad arasında həmişə tərbiyə məsələsində höcət olurdu. Hüseynqulu ağa arvadının övladına verdiyi tərbiyəsini tənqid edib deyirdi:

– Sən bu kənd yerində yazıq uşağı quş kibi qəfəsə salıb evdən bayıra çıxmağa qoymayırsan, ona görə yazıq uşaq zəif qalıb balaca soyuq dəyən kibi azarlayıb xəstə olur. Axırda da ölür.

Pəricahan xanım isə bunun sözünə qulaq asmayıb bu barədə öz fikrindən daşınmayırdı. Hüseynqulu ağa arvadının öz fikrində artıq dərəcədə möhkəm durduğunu görüb axırda tərbiyə işinə bilmərrə25 qarışmadı. Bu vaxt Pəricahan xanımın 6 yaşında Ağca xanım adlı bir qızı var idi. Bu yaşa gəlincə Ağca xanım Avropa qaydasınca tərbiyə almışdı; həmişə də yanında bonası26 olub yalnız onun ilə gəzməyə çıxırdı. Anasının hökmülə bonası onu kimsə ilə oynamağa, gəzməyə buraxmayırdı.

Axşam Hüseynqulu ağa öz dostları Rəhim bəy və Səlim bəy ilə bərabər düşmənə qalib gəlmiş sərəskər27 kibi kamal təntənə və şəşəə28 ilə öz evinə varid oldu. Bunların pişvazına cəmi qapı xidmətçiləri çıxmışdılar. İtlərin hürməyi, avçıların səsi, nökər və mehtərlərin qışqırığı biri-birinə qarışmışdı. Ağca xanım səs və küyə bonasından izinsiz evdən çıxıb atasının qabağına yügürdü. Hüseynqulu ağa qızını qucaqlayıb öpdü və sonra Qaraca qızı göstərib dedi:

– Bax, qızım, sənin üçün oyun yoldaşı gətirmişəm. İmdiyə kibi yalnız qalmışdın, oynamağa yoldaşın yox idi.

Bu sözdən sonra Ağca xanım və Qarcaqa qız nəzərlərini biri-birinə salıb bir müddət diqqət ilə baxışdılar. Bu iki tifildə böyük bir təfavüt var idi: biri iki bəyzadədən törəmə bir nəcibə, o biri iki zəhmətkeşdən törəmə bir əyal29 balası! Biri zəif, zərif, hər bir şeydə özgəyə möhtac olan bir tifil; o biri fulad30 kibi sağlam bədən, az sinnində çox görmüş, öz zəhməti ilə məişət edən bir çocuq! Birinin baxışı sanki özgələri köməyə çağırırdı; o birinin nəzəri cümləni qovğaya çağırırdı.

Ağca xanım zərif əlini Qaraca qıza uzatdı, o da kobud barmaqları ilə onun əlini sıxdı. Ağca xanım bu zaman qışqırdı, sonra güldü. Bir az keçmədi ki, şirin söhbətə başladılar. Hüseynqulu ağa bunları söhbətdə qoyub bəylər ilə otağa daxil oldu. Ağca xanım ilə Qaraca qızın söhbəti çox çəkmədi. Pəricahan xanım otaqdan nökər və qulluqçuların toplaşmasını görüb həyətə endi və qızını Qaraca qız ilə şirin söhbət edən görüb çox bərk acıqlandı və bonanı çağırıb dedi:

– Xanım əfəndi, harada qalmışsınız? Nə üçün öz vəzifənizi unudursunuz? Baxınız, tərbiyə verdiyiniz qız kimlər ilə ülfət etmişdir? Otağına aparınız! Bu gecə şamsız qalacaqdır.

Bona zavallı Ağca xanımın gözü yaşlı əlindən dutub otağına apardı. Qaraca qıza da Pəricahan xanım “Dalımca gəl, qaraçı qızı!” deyib Hüseynqulu ağanın otağına apardı və rişxənd ilə dedi:

– Bu şahzadə qızını haradan tapıb gətirmisən, əzizim? Qızın ilə də tanış etmişsən!

Hüseynqulu ağa əhvalatı ona nəql edib dedi:

– Pəricahan xanım, qızına yazığın gəlsin. Gör yoldaşsızlıq yazığı nə hala salmışdır?! Qoy bu qız ilə oynasın, atlansın, qol-qanadı açılsın, bədəni bərkisin, keyfi açılsın! Bu qız qaraçı qızı deyildir, olsa da, nə eybi vardır? Bonası yanında olacaqdır. Bir pis iş edərlərsə, tənbih edib qoymaz!

Bu sözləri Pəricahan xanıma əsla təsir etmədi.

– Sən bənə söz vermişdin ki, tərbiyə məsələsinə qarışmayacaqsan. İmdi neyçün sözündə dəvam etməyirsən? Bu qız buradan gedəsidir. Artıq söz lazım deyil.

Hüseynqulu ağa və bəylər Qaraca qız barəsində çox təvəqqe etdilər. Axırda Pəricahan xanım onun qalmasına razı oldu, bu şərtlə ki, Qaraca qız bağban Piri kişinin evində saxlanıb Ağca xanım ilə əlaqə etməsin, çünki ondan pis xasiyyət götürər.

Bu şərt qəbul olundu və Qaraca qız da haman31 gecə Piri kişiyə tapşırıldı. Piri kişinin daxması ağalığın böyük meyvə bağının içində idi.

Piri kişi 70 yaşında bir qoca idi. Heç bir kəsi yox idi və özü də Hüseynqulu ağanın rəiyyəti olub cavanlığından Mehdi ağaya bağbanlıq edirdi. Həmişə bağda ömür sürüb ağalıq qapısına işi düşməsə, gəlməzdi. Özü də yumşaqtəbiətli bir şəxs idi.

Piri kişi Qaraca qıza çox şad oldu. Onun üçün komasında yer hazırladı. Və yedirdib rahət etdi. Qaraca qız yerə girib bir müddət yata bilmədi. Sonra Piri kişidən soruşdu:

– Baba, o xanım qızını bənim ilə neyçün oynamağa və danışmağa qoymayır?

– Qızım, onlar bəydirlər. Biz onların rəiyyətiyik. Onlar ağadırlar, biz nökər! Bizim ilə onların nə yoldaşlığı?

23

Həva həvəs (həvavü həvəs) – həvəs, şəhvət, ehtiras

24

Basəfa – səfalı

25

Bilmərrə – birdəfəlik; tamamilə, bütünlüklə

26

Rus dilindəki “бонна” sözünün təhrif olunmuş forması, “tərbiyəçi qadın” mənasındadır.

27

Sərəskər – qoşun başçısı, baş komandan

28

Şəşəə – təmtəraq, dəbdəbə

29

Əyal – külfət, ailə

30

Fulad – polad

31

Haman – həmin