Название | Qaraca qız |
---|---|
Автор произведения | Сулейман Сани Ахундов |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-9952-311-62-4 |
– Qaraca qızı su batırmaz, od yandırmaz.
Amma bunun ilə belə Qaraca qız çox rəhmli, səxavətli qız idi: hər nə əlinə düşsə idi, yoldaşları ilə bölüşərdi.
Usta Səttar sakin olduğu şəhərdə tez-tez zəlzələ olardı. Bir qış haman şəhərdə böyük zəlzələ olub, çox ev uçurdu. Bir dəfə zəlzələ gecəyarısı xalq şirin yatan zaman ittifaq düşdügünə görə çox adam çökmüş evlərin altında qalıb tələf oldu. Səhər açıldıqda ətraf və əknafdan xəlq tökülüb şəhərə köməyə gəldi. Adamlar dəstə-dəstə əllərində kürək, bel, külüng, uçuqları qazmağa başladılar. Ata oğulu, oğul atanı, qardaş bacını səsləyə-səsləyə daş toprağı ayırırdılar. Bir dəstə də usta Səttar olan evi qazırdı. Əvvəlcə Şərəfnisanın, bunun dalınca usta Səttarın meyiti çıxdı. Bir az da qazandan sonra bir deşik açıldı, buradan bir balaca qız, üst paltarsız sıçrayıb çıxdı. Bu qız haman Qaraca qız idi. O, ata-anasının meyitini görüb ağlamağa başladı. Hər kəs öz qohuməqrəbasını aramağa məşğul olub, Qaraca qızın qeydinə qalan yox idi. Zəlzələ ittifaq düşəndən iki gün qabaq bir dəstə qaraçı bu şəhərin kənarında çadır qurub düşmüşdü. Haman dəstədən bir qaraçı arvadının Qaraca qıza yazığı gəlib çadırlarına apardı və orada ona yemək və paltar verib ocağın qırağında oturtdu. Qaraçılar Qaraca qızın yetim qalmağını və onun burada heç bir kəsi olmayıb qərib olduğunu bilib öz yanlarında saxlamağa naçar qaldılar. Qaraca qızı qızlığa götürən qaraçı arvadı Yasəmən 20 yaşında gözəl camallı, yumşaq təbiətli şad yürəkli bir cavana idi. Xasiyyəti cəhətinə Yasəməni hamı sevərdi, amma onun əri Yusifi heç kəs sevməzdi, çünki o, çox bədxasiyyət, tündməcaz, zalım bir şəxs idi. Yasəmən fala baxmaq ilə qaval çalıb oxumaq və oynamaq ilə pul qazanıb dəstəyə xeyli mənfəət verərdi. Yusif də ayı oynadıb qapı-qapı gəzərdi. Yasəmən Qaraca qızı çadıra gətirən zaman əri Yusif orada yox idi, çünki dəstənin bir hissəsi onun ilə bərabər sübh tezdən buradan çıxıb yola düşmüşdülər. Yerdə qalanları getməyə yığışırdı. Yasəmən ərindən çox qorxurdu, ona görə bilmirdi ki, əri Qaraca qızı qəbul edəcək, ya yox. Bunun üçün Yasəmən iztirabda idi.
Qaraçı dəstəsinin yerdə qalanı da yola düşdü.
Yasəmənin iztirabı bihudə deyil imiş; çünki dalda qalan dəstə gəlib qabaqdakına çatdıqda Yusif əhvaldan xəbərdar olub çox hirsləndi və bir kəndə çatan kibi10 Qaraca qızı orada atmağına söz verdi. Yasəmən ərinə yalvardı ki, o, böylə işi etməsin, lakin Yusif ona qulaq asmadı. Qaraca qız isə yürəgində bu işə şad idi; çünki Yusifdən qorxurdu və qorxmağa da haqqı var idi: Yusifin heybətli sifəti və ələlxüsus qara və parlaq gözləri nəinki uşağı, hətta böyük adamı da qorxuya salırdı. Yasəmən ərinin tamahkarlığını bilirdi, ona görə gələcəkdə Qaraca qızın onlara böyük mənfəət verməyini söylədi:
– Bilirsənmi, mən nə fikirdəyəm? Mən Qaraca qıza mahnı oxumaq, özüm kibi oynamaq öyrədəcəgəm və onun üst-başını bəzəyib, kəndlərdə, şəhərlərdə oynadacağam. Sənin üçün pul yığacağam.
Bu fikri Yusif bəyənib Qaraca qızın dəstədə qalmasına razı oldu. Bivətən qaraçıların məişətini Qaraca qız çox bəyəndi, bu gün burada, sabah bir tazə yerdə, çay qırağında, meşə kənarında mənzil edib çadır qurma, ocaq çatıb xörək bişirmə, bir yerdə mahnı oxuma, nağıl söyləmə – bunların hamısı Qaraca qıza çox xoş gəlirdi. Əvvəl vəqtlər Qaraca qız Yusifin ayısından qorxurdu, amma sonralar öyrənib, onun ilə çox dost olmuşdu. Ayı da onun ilə oynamağı sevirdi. Yasəmən Qaraca qızı, ərinə söz verdiyi kibi, yaxşı geyindirib, oxumaq və oynamaq öyrətmişdi. Tamaşaçılar Qaraca qızın gözəl səsinə və oynamağına təəccüb edib heyrətdə qalırdılar. Qaraca qız balaca qavalını açıb tamaşaçılara tərəf dutanda dərhal onun içi pul ilə dolurdu. Bu isə Yasəməni artıq şad edirdi. Yusif bu barədə arvadından və Qaraca qızdan razı idisə də, yenə hər ikisini xasiyyətinin pisliyindən çox incidərdi. Qaraca qızın təbiətində inadcıllıq var idi. Bu xasiyyətinə görə Yusifdən nə qədər kötək yeyirdisə də, yenə tərsliyindən əl götürməyirdi. Qaraca qız ancaq Yasəmənin sözündən heç vaxt çıxmıyordu. Çünki Yasəmən onunla çox məhəbbət və mehribanlıq ilə dolanıyordu. Yusif Qaraca qızın tərsliyinə təəccüb edib arvadına diyordu:
– Bu zorbalıqda ayı bənim qamçımın qorxusundan hər cür oyun çıxardır, amma bu balacalıqda qızın əlində aciz qalmışam!
Yasəmən ona böylə cavab veriyordu:
– Bunun səbəbi odur ki, ayı heyvandır, bu isə insandır!.. Heyvan ilə edilən rəftar insan ilə ediləməz. Heyvana yoğun çubuq lazım isə, insana məhəbbətli rəftar, dadlı və mehriban söz lazımdır!
Cahanda qafil olmuşam, Zəlil, cahil olmuşam, Avam qoymuşam səni, Bağışla, sevgilim, bəni!..
Yusif arvadının bu doğru sözünə inanmayıb diyordu:
– Yox, bu bir səbəb deyildir, sən olmasan, bən onu iki günün ərzində mum edərəm!
Ər ilə arvadın arasında böylə söhbətin nəticəsi o olardı ki, Yusif Qaraca qızı daha da artıq kötəklərdi.
Qaraca qız bu zülmdən xilas olmaq üçün neçə dəfə qaçmaq fikrinə düşmüş idisə də, yenə axırda ancaq Yasəmənin xatiri üçün fikrini əmələ gətirməmişdi.
Bir ildən artıq idi ki, Qaraca qız qaraçı dəstəsində yaşayıb, mahnı oxumağı və oynamağı ilə ətrafda məşhur olmuşdu. Hər kəs Qaraca qızın oxumaq və oynamasını bəyənib tərif edərdi. Yusif Qaraca qızı çox incidəndə Yasəmən onu qorxudub diyordu:
– Bu zavallı qıza nə çox əziyyət verirsən?! Axırda bu qız səni qoyub qaçar və sənin də əlin böylə böyük mənfəətdən çıxar.
Bu sözlər həmişə Yusifə təsir edib, Qaraca qızı bir müddət döyməkdən çəkinərdi.
Yayın orta ayı idi. Günün istisində insanlar, heyvanlar, quşlar cümləsi kölgə yer və sərin su arayırdılar. Qaraçı dəstəsi bir dağ üzərindən axan çayın kənarında çadırlarını qurub mənzil etmişdi. Günorta vaxtı idi. Qaraçıların hamısı bir işə məşğul idi. Yusif ayısını götürüb yavuq11 kəndə getmişdi. Yasəmən çayın qırağında su qızdırıb, paltar yuyurdu. Çay dağ döşündən gəldiginə görə xeyli iti və səs ilə axırdı. Amma suyu az olduğundan Qaraca qız üçün qorxusu yox idi. Yasəmən paltarı yuyub kolların üstünə sərdi ki, qurusun; özü də başını yumaq fikri ilə uzun və qara saçlarını hörükdən açıb sinəsinə tökdü. Yasəmən Qaraca qızı səslədi ki, gəlib onun başına su töksün. Qaraca qız iki arşın ucalıqdan tökülən şəlalənin altında durub çimdiginə görə Yasəmənin səsini eşitmədi. Bir azdan sonra Yasəmən Qaraca qızı bir də çağırdı, bu səfər də cavab almadı. Yasəmən saçlarını yığıb belinə atdı; bu halda qulağına çay tərəfdən sel gurultusu gəldi. Bunu eşitcək Yasəmən dik atılıb çaya
10
Kibi – kimi
11
Yavuq – yaxın