Название | Qaraca qız |
---|---|
Автор произведения | Сулейман Сани Ахундов |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-9952-311-62-4 |
Hər ikisi səs gələn tərəfə yüz dutub getdilər; ancaq səs meşəyə düşməyə görə ayının yeri yavuq görünürdü, amma həqiqətdə böylə olmayıb, ayı xeyli uzaqda idi. Axırda gəlib ayını tapdılar. Ayı zənciri ilə ağaca dolaşıb dartınırdı və bağırırdı. Yusif ona çatan kibi hirsindən və acığından ayını azad etməmiş əlindəki ağacı ilə onu döyməgə başladı. Ayının bağırtısı meşəni başına götürdü. Axırda ayı dartındığı halda xaltası başından çıxdı və ildırım kibi özünü Yusifin üstünə atdı. Bir dəqiqə keçmədi ki, qızmış ayı sahibini parçaladı. Qaraca qız bunu gördükdə dəhşətli bir hal ilə qaçdı. Amma qorxudan özünü itirib yol əvəzinə meşənin ortasına tərəf qaçdı. Bir azdan sonra ayı Yusifin meyitini buraxıb Qaraca qızın dalınca düşdü. Bunu gördükdə zavallı qızın bədəninə titrəmə düşdü və var gücü ilə qaçmağa başladı. Getdikcə ayı Qaraca qıza yavuqlaşırdı. Bu halda Qaraca qızın qabağına bir uçurum dərə çıxdı. Qaraca qız dərədən endikdə ayı özünü ona çatdırdı. Ancaq ayı eniş aşağı qaça bilmədiyindən dərənin içinə yumbalandı. Qaraca qız fürsət tapıb özünü dərənin döşündəki mağaraya saldı. Bu mağaranın ağzı enli idi, amma içəri getdikcə daralırdı. Ayı dərənin dibinə kibi yumbalandı. Sonra ayağa qalxıb yüzü yuxarı dırmaşmağa başladı. Məlumdur ki, ayının dal ayaqları qısa olduğundan enişi pis və yoxuşu qüvvətli dırmaşırlar. Ayı axtarıb mağaranı tapdı və içinə girdi. Qaraca qız sürünə-sürünə özünü mağaranın dar bir yerinə saldı. Ayı isə onu bacarmadı və bir az donquldayıb mağaranın ağzında yatdı. Qaraca qız tərpənməyə də qorxurdu, ancaq onun qorxusu nahaq idi, çünki imdi ayının hirsi yatmışdı, ona dəyməzdi və bəlkə də, onun orada olmasına şad olardı.
İki saətdən artıq idi ki, Qaraca qız mağaranın içində yatıb qalmışdı. Biçarə qız ayının qorxusundan özünü mağaranın deşiyinə öylə pərçim etmişdi ki, tərpənməyə də amanı yox idi. Bir tərəfdən mağaranın içindəki havanın azlığı, digər tərəfdən də ayının vahiməsi zavallı qızı bihuşluq halına salmışdı. Ayı isə fısıldaya-fısaldaya yatmışdı. Birdən ayı oyanıb donquldamağa başladı, bu halda Qaraca qızın qulağına çoxlu it səsi gəldi. Ayının da donqultusu artdı. Çox çəkmədi ki, itlər hürəhürə mağaranın ağzını aldılar. Ancaq cürət edib içəri girə bilmədilər. Bir azdan atlı ovçular da qışqıra-qışqıra gəlib çıxdılar. Bunlar mağaranın içindən ayının bağırtısını eşidib tüfənglərini hazırladılar və itləri içəri qısqırtdılar. Onlardan bir neçəsi cürətlənib mağaranın içərisinə girdi. Ancaq çox çəkmədi ki, yenə zingildəyə-zingildəyə geri qayıtdılar. Onlardan bir-ikisi yaralanmışdı. Bu halda avçılar20 bayırdan:
– Axtar, bas! Xallı, bas! Gümüş, bas! – deyə itləri qısqırtdılar. Onlar da cürətlənib, yenə özlərini içəri soxdular və ayı ilə dutaşdılar. Ayı bir müddət bunlar ilə boğuşandan sonra mağaradan sıçrayıb çıxdı. Bu halda üç güllə birdən onun üzərinə açıldı. Bunların zərbindən biçarə ayı boğanaqdan yıxılan ağac kibi yerə sərildi. Bu halda bir adam qışqırdı:
– Afərin, bənim gülləm!
– Xeyr, Hüseynqulu ağa, səhv etmə, ayını öldürən bənim gülləmdir.
– Bağışla, Səlim bəy, bən ayını başından atmışım. Yəqin ki, onu yıxan bənim gülləmdir!
– Səbir edin, əzizlərim! Bu saət məlum olar.
Bunu deyib əvvəlki adam atdan düşdü və nökərlərin köməyi ilə ayının cəmdəyini o yana-bu yana çevirdi və diqqət ilə baxmağa başladı. Sonra da dedi:
– Əzizlərim, heç bəhs etməyin, üçümüzün də gülləsi ayıya dəymişdir!
Sonra yüzünü nökərlərə tərəf dutub dedi:
– Cəld olun, ayının dərisini soyun!
Üzünü Rəhim bəyə çevirdi:
– Rəhim bəy, demədimmi ki, ayısız bu ovdan qayıtmayacağam? Öylə öz meşənizi tərif edib bəni məsxərə edirdiniz ki, sizin meşənizdə dovşan da tapılmaz! Pəs bu nədir?
– Yenə, Hüseynqulu ağa, öz fikrimdə möhkəm durmuşam! Bu ayı meşə ayısı deyil, əldə bəslənmiş ayıdır.
– Öylə iş ola bilməz! Onu haradan bildin?
– Budur, bax, ayının boynunun tüklərini zəncir aparmışdır, Səlim bəy, gör, doğru diyorum, ya yox.?!
Səlim bəy baxıb Rəhim bəyin sözünü təsdiq etdi. Bundan sonra bəylərin hər ikisi qaqqıltı ilə gülməyə başıladı. Hüseynqulu ağa əvvəl dostlarının sözünü zərafət hesab etdi, amma sonra özü də diqqət ilə baxıb şəkkə düşdü. Bu halda həvəslənib av itlərinə qoşulan Hüseynqulu ağanın Qara köpəyi mağaraya girdi, bunun dalınca başqa itlər də getdilər və yenə içəridə hürüşmə başladı. Bunu gördükdə Hüseynqulu ağa dedi:
– Deyəsən, mağarada yenə ayı var?
Bəylər tüfənglərini hazırlayıb mağaranın ağzını kəsdirdilər. Bu halda Qara köpək Qaraca qızın ayağından dutub itlərin arasından onu sürüyə-sürüyə mağaradan bayıra çıxartdı. Bəylər bunu gördükdə təəccüb edib heyrətdə qaldılar.
Qara köpək Qaraca qızı buraxdı, amma o, hərəkətsiz qalıb ayağa qalxmadı. Bəylər dərhal Qaraca qızın üstünü aldılar. Hüseynqulu ağa Qaraca qızı qaldırıb qucağına aldı. Qaraca qız zəif hal ilə gözlərini açdı. Hüseynqulu ağa ondan soruşdu:
– Qız, sən kimsən? Bu mağarada nə qayırırdın?
Qaraca qız bu suallara cavab vermədi. Rəhim bəy dedi:
– Hüseynqulu ağa, görməyirsənmi, yazıq qız hələ lazımınca özünə gəlməmişdir? Nə sual edirsən? Bən əhvalatı onsuz da anlayıram. Qızın sifətindən və libasından görməyirsənmi, qaraçı qızıdır? Bu av etdiyimiz ayı da əldə bəslənmiş qaraçı ayısıdır. Ancaq sahibi haradadır? Yalnız burası bənim üçün aşkar deyildir.
Rəhim bəyin fikrinə Səlim bəy dəxi şərik oldu.
Bəylər Qaraca qızı nökərlərinə tapşırıb yenə av etməyə başladılar, amma dörd saata qədər meşəni dolanıb, bir tülkü və iki dovşandan başqa əllərinə bir av keçirə bilmədilər. Buna görə avı tərk edib mənzillərinə tərəf qayıtdılar. Qaraca qız özünə gəlib yol uzunu başına gələn əhvalatı alayarımçıq nəql elədi. Hüseynqulu ağa Qaraca qızın ataanasız bir yetim olduğunu bilib onu özü ilə evinə saxlamağa apardı.
Hüseynqulu ağa 40 yaşında böyük bir mülkədar idi. 13 yaşında ikən atası Mehdi ağa onu bir növ ilə edadi21 “realni” məktəbinə qoya bilmişdi; amma Hüseynqulu ağanın fikri həmişə at binmədə, ava çıxmada olub, oxumaq ilə əsla arası yox idi. Hər il o sinifdə, bu sinifdə qala-qala bir növ ilə 4-cü sinfə çıxa bilmişdi. Daha bundan yuxarı bir sinfə keçə bilməyib məktəbdən xaric oldu. Atası bu işə çox da qəmgin olmadı, çünki onun çox dövləti və varı var idi. Edadi məktəbini qurtarandan sonra
20
Avçı – ovçu
21
Edad(iyyə) – orta (məktəb haqqında)