Название | Qaraca qız |
---|---|
Автор произведения | Сулейман Сани Ахундов |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-9952-311-62-4 |
Qızım, axşam oldu. Acından Məleykənin qırmızı yanaqları saralmışdı…
Birdən Fatma özünü atasının qucağına atıb dedi:
– Ata, demə, demə! Qorxuram.
Hacı Səməd qızının başını sığallayaraq dedi:
– Qorxma, qızım, dalı yaxşıdır. Qulaq as, harada qaldım? Hə, Xədicə Məleykəni soyundurub yerə qoydu ki, bəlkə, yuxuya gedə. Amma yazıq tifil rahat ola bilmirdi. Axırda Xədicə onu sakit etmək üçün dedi:
– Qızım, Məleykə, gözlərini yumub yat; onda gecə mələk bacamızdan sənə çörək salar.
Məleykə gözlərini yumdu. Bir azdan sonra yuxuya getdi. Amma Əhməd anası ilə oyaq qalmışdı. Gecədən xeyli keçmiş bacadan gumbultu ilə bir şey içəri düşdü.
Ana və oğul diksinmiş ayağa qalxdılar ki, görsünlər, o düşən nədir. Gördülər ki, ağzı bağlı bir torbadır. Xədicə əli əsə-əsə torbanın ağzını açdı. Gördülər ki, içi çörək, yemiş, cücə, yumurta və qeyri yeməli şeylərlə doludur. Bunu görcək Əhməd dedi:
– Ana, gördünmü, mələk bacamızdan bizə çörək saldı.
Xədicə heyrətdə qalıb cavab verə bilmədi. Bu halda torbanı boşaldanda içindən kağıza bükülmüş bir yumru şey çıxdı. Açanda gördülər ki, hamısı qızıl puldur.
Bunu görən ana və oğul daha da artıq təəccüb etdilər. Bu halda Əhmədin gözünə pula bükülmüş kağızda yazı sataşdı:
– Ana, burada yazı var; qoy görək nədir? – deyə Əhməd kağızı oxudu.
“Qızım Məleykə, mən bir qoca səyyaham. Yolda evinizin yanında faytonumun çarxı oxdan çıxdı, onu salıncan mən istədim ki, sizdə bir az qızınıb, rahat olam. Qapıya gəldikdə anan dediyi sözləri eşitdim. Geri qayıdıb bu şeyləri və pulu sənin üçün hazır etdim və təzədən gəlib bacanızdan atdım. Yaşa, qızım, yaşa, mən qoca babanı da yaddan çıxartma. Xudahafiz.
Səyyah Cəmaləddin”.
Bu halda Məleykə oyanıb dedi:
– Ana, mələk bacamızdan çörək saldımı?
– Bəli, ağıllı qızım, ancaq mələk yox, baban Cəmaləddin, – deyə Xədicə Məleykənin qabağını yeməli şeylərlə doldurdu. O gecəsi iki bala, bir ana şadlıqlarından bilmirdilər ki, nə etsinlər. Axırda hamı şad-xürrəm yıxılıb yatdılar.
İndi siz də, əziz balalarım, durun, yatın, səhər dərsə gedəcəksiniz.
Bu sözlərlə Hacı Səməd sözünü tamam etdi.
Abbas və Zeynəb
Məmməd və Fatma şamdan sonra sabahkı dərslərini hazırlayıb, yazılarını yazıb oturmuşdular. Tez-tez atalarının üzünə baxırdılar. Hacı Səməd uşaqlarının fikrini duyub dedi:
– Yenə nağıl istəyirsiniz?
– Bəli, ata, – deyə Məmməd cavab verdi.
Fatma dedi:
– Ata, bu gün müəlliməmiz bizə “Əlibaba və qırx quldur”un nağılını oxudu. Sən də bizə qul-durdan söylə.
– Yaxşı, qızım, ancaq bunu bil ki, quldurlar elmsiz, tərbiyəsiz tayfadan çıxarlar. Heyvanın vəhşisi qurd, pələng və şir olan kimi, insanın da vəhşisi bunlardır. Ancaq təfavütləri odur ki, quldurlar onlardan neçə qat rəhmsiz, insafsız və zalımdırlar. Qulaq as, bu nağıldan özün bilərsən.
– Qızım, bahar fəslində dan ulduzunun parlaq bir vaxtı idi. Qayadibi adlı kəndin əhli hələ yatmışdı. Bu kənd Zaqafqaziyanın cənub tərəfində, uca dağlarla əhatələnmiş bir çay qırağında, meşə kənarında salınmışdı.
Birdən azançının “Allahü-əkbər” səsi ucaldı. Cütçülər bundan əvvəl oyanmışdılar, o zəhmətkeşlər zəmilərinə cüt əkməyə getdilər.
Getdikcə dan yerinin qızartısı artırdı. Dərələrdən və çaylardan duman qalxırdı. Günəş dağın dalından ahəstə-ahəstə çıxırdı. Hələ özü görünmürdü. Amma şəfəqi qarşıdakı uca dağın başına düşmüşdü. Sonra yavaş-yavaş qalxıb dağın dalından göründü və ruh verən qızıl zərrələrini aləmə dağıdıb cümlə yatmışları oyatdı. Çəmənlərdə, seyrəngahlarda, çiçəklər qönçələrində gizlənmiş pərvanələri və arıları oyatdı. Quşların cəh-cəhi havaya ucaldı. Bunların xoş avazları cütçünü şura gətirdi. O da ahəstə-ahəstə cütünü sürüb öz nəğməsini oxudu. Dağ döşündə sürüsünü otaran çoban da bayatı nəğməsini tütəyində ucaltdı.
Günəş yavaş-yavaş qalxırdı. Onun qızıl şəfəqi getdikcə gümüş rənginə dönürdü. Qayadibi kəndinin əhalisi durub hərə öz işinə getdi…
– Abbas, bax, gör mən nə qədər yığmışam.
– Afərin, bacım Zeynəb, indi otur, bunları dəstə tutaq, bazarda satıb sənə çoxlu kişmiş alacağam.
– Fındıq da.
– Yaxşı, fındıq da alaram.
Bacı və qardaş ətəklərinə yığdıqları qulançarı yerə töküb, bir təpənin üstündə oturdular və onları dəstə tutmağa başladılar.
Bu iki uşaq atadan yetim idi və bir quru daxmadan başqa, ataları bunlara bir şey qoymamışdı. Ancaq anaları Fatma cəhrəçilik edib bir növ gündəlik çörəyini qazanırdı. Uşaqlar kiçik olduqlarından analarına bir o qədər köməkləri çatmırdı.
Abbasın 10 yaşı, Zeynəbin 7 yaşı vardı. Abbas ancaq bu ildən hər gün meşəyə odun qırmağa gedirdi və qırdığı odunu şələləyib, bazarda dükançılara bir az pula satırdı. İki gün bundan qabaq Abbas odun ilə bərabər bir dəstə qulançar da yığıb bazara gətirmişdi və onu bir şahı pula satıb anasına vermişdi.
Bu gün Abbas meşəyə getməyə hazırlananda Zeynəb də qulançar yığmaq həvəsilə anasından rüsxət istədi. Amma Fatma heç birini qoymaq istəmirdi, çünki quldur Səfərdən qorxurdu. 4 il bundan əqdəm Səfərin qardaşı el davasında Qayadibi əhli tərəfindən öldürülmüşdü. Amma qatili kim olduğu məlum deyildi. Ona görə Səfər qardaşının qanını bütün kənddən iddia edirdi.
Bir dəfə Qayadibi camaatı Səfərdən belə dəhşətli bir sifariş aldı: “Ey qayadibililər! And içirəm məni yaradan xaliqə. And içirəm anamın, bacımın namusuna, ta sizin böyük-kiçiyinizi, arvad-uşağınızı qırıb o gözəl vətəninizi odlayıb tar-mar etməyincə dünyada yaşamayacağam; vaxtınıza hazır olun”.
Bu xəbər hamını bərk qorxuya salmışdı, çünki Səfər dəliqanlı bir adam idi.
Bu sifarişdən çox keçməmişdi ki, Səfəri adam öldürmək üstündə Sibirə göndərdilər. 4 il idi ki, ondan bir xəbər-ətər yox idi. Ancaq bu yaxın zamanda Səfərin Sibirdən qaçıb başına özü kimi dəliqanlıları cəm edərək quldurluq etməyi hər