Название | Sehrbazın Şagirdi |
---|---|
Автор произведения | Эвальд Флисар |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn |
Seçim sonsuz idi, ona görə də mən sadəcə orada dayanıb ayaqlarıma baxaraq bu əzablı anların keçməsini gözləyirdim. Həyatımda ilk dəfə idi ki, xəcalətin acizliyin bir forması olduğunu anladım və ilk dəfə bunu fiziki ağrı kimi hiss etdim.
Qoca təqdimatı tamamladıqda ondan onlara nə dediyini soruşdum.
"Niyə bilmək istəyirsən?" O, təəccüblə mənə baxdı.
"Özümü qəribə hiss edirəm, çünki mənim haqqımda nə düşündüklərini bilmirəm", – dedim.
Bir söz demədən arxasını mənə çevirdi və yaxınlıqda dayanan qoca bir lama ilə danışmağa başladı. Bir dəqiqə keçməmiş arxamca gurultulu gülüşlər eşitdim.
"Gəl gedək", – dedi Yoqananda. Yarımexaniki-yarıyuxulu bir vəziyyətdə onun arxasınca ibadət zalından çıxdım. Gənc rahib lama Lobsanq təkidlə bel çantamı daşımaqda israr etdi.
Freskalar və heykəllər olan otaqlardan, qorxulu ritual maskalar, qılınclar və qədim silahlar olan salonlardan, sonra nağara, truba və kitablarla dolu otaqlardan keçdik. Nəhayət, uzun bir terrasa çatdıq, oradan dar qapılarla rahiblərin hücrələrinə daxil olduq. Lama Lobsanq sıradakı səkkizincinin qapısını açdı.
"İstirahət et", – Yoqananda dedi.
Onların səndəllərinin səsləri terras boyu eşidilirdi.
Kiçik pəncərəyə tərəf addımladım. Kəskin meh içəri və üzümə doğru nüfuz edirdi; pəncərənin şüşəsi yox idi. Keçdiyimiz günəşli vadini, yaxınlıqdakı dağların kölgəli mavi-boz yamaclarını və onlardan xeyli arxada Himalay silsiləsinin qarlı zirvələrini görürdüm.
Birdən bir səs eşitdim. Yoqananda arxamda dayanmışdı.
"De görüm, – dedi. – Səni rahiblərlə tanış edəndə onlara nə dediyimi bilmək istəyirdin ki, onların sənin haqqında nə düşündüklərini anlaya biləsən, ona əsasən də nə olduğunuzu anlaya biləsən. Sən nə olduğunu bilmirsən?”
Başımı əydim. "Düzdür, bəzən çox mexaniki davranıram…"
"İllüziyalar tələsi, – az qala qışqıra-qışqıra dedi. – Kölgələr və işıq oyunu. Mən sənin nə olduğunu bilmək istəyirəm. Niyə mənimlə qalmaq istəyirsən? Mən məqsədsiz, heç bir məqsəd güdmədən ətrafda dolaşan qəribə bir qocayam. Bu, mənim həyatımdır, mənim üçün idealdır. Amma sən mənimlə gəzməyə başladın. Niyə? Əgər bunu bilmirsənsə, davam etməyimiz mənasızdır”.
Qəfil dönüb hücrədən çıxdı.
Aşağıdakı binadan qonqun səsi eşidilirdi. Bu, yəqin ki, ya rahibləri yeməyə çağırırdı, ya da dua etməyə. Fikirləşdim: bura mənim bildiyim dünyadan, ev dediyim yerdən çox uzaq deyil?
Mədəni boşluqla bağlı qəfil fərqində olma məni şoka saldı. Yuyunmayan və əsas qidası arpa sıyığı olan bu dağ camaatının arasında mənim nə işim var? Onlar üçün dua etməkdən ötrü cırıq bayraqlardan və fırlanan təkərlərdən kim istifadə edir?
Bu dəyişmək, özünügenişləndirmə və dərinləşdirmə istəyi haradan qaynaqlanır? Bu cür şeylər dəbdən düşməyib? Tutaq ki, bu istək azadlığa deyil, dünyadan daha yaxın deyil, daha uzaqda olan bir dəlilik formasına gətirib çıxarmazmı? Və bu həvəsin təbiəti necədir? Dinidir? Fəlsəfi? Mən mistik olmaq istəyirəm?
Mistik, alim, filosof, şair, bəstəkar – hamısı bu mənasız dünyada məna yaratmaq istəyindən enerji alır. Mistik qurtuluşa çıxmaq istəməsi ilə digərlərindən fərqlənir: o, gecədən gündüzün işığına oyanmaq istəyir.
Yoqanandaya bunu deməliyəm? Ki oyanmaq istərdim? “Budda” sözü sanskritcə "budh" kökündən gəlir, bilmək, var olanı oyatmaq deməkdir. Mən həqiqətən oyananda Budda oluram. Lakin təkcə mənim Budda kimi düşünməyə və yaşamağa başlamağım mənasında.
Buddist düşüncə tərzi prosesləri əşyalara, hadisələri isə obyektlərə çevirmir. Buddizm, bəzilərinin bu ideyanı bəyən-məməsindən asılı olmayaraq, fəlsəfə və psixologiyanın əvəzolunmaz bir kompozisiyasıdır, özünü və dünyadakı rolunu və dəyərini tanımaq üçün zəhmət tələb edən bir üsuldur. Beləliklə, eyni zamanda əsl reallıqla əlaqə qurma sənətidir. Bu, mənəvi oyanışın optimal psixi sağlamlıqdan başqa bir şey olmadığını ifadə etmirmi?
Mən Yoqanandaya öz Avropa mədəniyyətimin qurbanı kimi gəlmişdim – Aristotelin, Platonun, Dekartın, Hegelin, Nitsşenin, Haydeggerin, Sartrın, Derridanın və varlıq və həyatın mənası ilə bağlı ideyaların digər müəlliflərinin uşağı kimi. Mən bu irsin sərhədini aşmağa və onun boğucu pəncəsindən qaçmağa gəlmişdim; azadlığımın ölçüsünə çevriləcək bir məsafə yaratmaq üçün.
O zaman Yoqanandadan nə istədiyim aydın olur! Terapiya! Mən xəstə kimi gəlmişdim: parçalanmış, nevrotik, inamsız, səbirsiz, “faydasız poeziya” ilə dolu, metafizik cəfəngiyyatlarla dolu, vərdişlərin və aşılanmış reflekslərin qulu, ziddiyyətli illüziyaların çarmıxına mıxlanmış formada. Elə deyildi?
Nəhayət, ondan nə istədiyimi bildiyimi Yoqanandaya söyləmək üçün hücrədən qaçdım. Qoy mənə istədiyini etsin. Qoy məni istədiyi qədər tikə-tikə doğrasın və öz bildiyi kimi tikələri birləşdirsin.
Terrasın sonunda məndən dostumu axtarıb-axtarmadığımı soruşan lama Lobsanqla qarşılaşdım.
Başımı tərpətdim.
“Təəssüf ki, o, artıq burada deyil. O, Zanskar vadisinə getdi”.
Və o, əlini zirvələri ağ buludlar silsiləsində gizlənmiş mavi-boz dağlara tərəf uzatdı.
V
ZANSKARA SƏFƏR
“Yaxşı, – dedi içimdəki təhqir olunmuş balaca oğlan. – Cəhənnəm ol. Başının üstündə dur, səhərdən-axşama kimi bu dağlarda dolan, amma başqasını zəlil et. Əgər sən özünü həqiqətən o qədər müdrik zənn edirsənsə, lakin bir az səbir edə bilmirsənsə, mən sənin müdrikliyinə bir qəpik də vermirəm. Yalnız bir şarlatan sağollaşmadan yoxa çıxa bilərdi”.
Avtobus Lehdən Şrinaqara gedən sərnişinlərin gecələməli olduğu Kargilə çatanda artıq ayrıldığım üçün sevinirdim. Sivil həyatın üstünlüklərini səbirsizliklə gözləməyə başlamışdım: dadlı yeməklər, yaxşı şərab, müntəzəm duşlar, kitablar, ağıllı söhbətlər, Motsart. Və seks.
Lakin ertəsi gün səhər qəribə bir qüvvə məni sübh tezdən oyanmağa və fasilə edən avtobusun yanından yolun kənarındakı kiçik çadır dəstəsinə doğru getməyə məcbur etdi. Fransanın şimalındakı Lilldən kiçik alpinist qrupu orada düşərgə salmışdı; onlardan biri ötən gecə mənə demişdi ki, Zanskara gedirlər. Əvvəlcə istəksiz olsalar da, sonra, nəhayət, dedilər ki, onların ciplərindən birində daha bir nəfər üçün yer var. Lakin yalnız Rinqdoma qədər aparacaqlarını dedilər; orada yol pisləşir və onlar ponilərin belində davam etməli olacaqdılar.
Çantamı götürmək üçün yenidən avtobusa qaçdım.
Yarım saatdan sonra dörd haldan düşmüş cip cənub-şərqə aparan dar yolda taqqıldayır və cızıldıyırdı.