Hekayələr. Антон Чехов

Читать онлайн.
Название Hekayələr
Автор произведения Антон Чехов
Жанр
Серия Hekayə ustaları
Издательство
Год выпуска 0
isbn 9789952241716 



Скачать книгу

ayaq səsləri eşidildi, sanki kimsə bir az gedib dayanırdı, bir dəqiqədən sonra yenidən tup, tup… ayaq səsləri eşidildi. İtlər mırıldandılar.

      Burkin:

      – Bu gəzən Mavradır, − dedi. Ayaq səsləri kəsildi.

      İvan İvanıç böyrüüstə çevrilərək dedi:

      – Ətrafdakıların necə yalan danışdıqlarını görmək və dinləmək, bu yalana dözdüyün üçün axmaq adını almaq, təhqirə, alçalmaya tab gətirmək, namuslu, azad adamların tərəfində olduğunu açıq surətdə deməyə cəsarət etməmək, yalan danışmaq, yalandan gülümsəmək nəyə lazımdır? Hamısı bir parça çörək, isti bir bucaq, bir quruşluq rütbə üçündürmü? Yox, bu cür yaşamaq artıq mümkün deyil!

      Müəllim:

      – Siz, deyəsən, daha ayrı mətləbə keçdiniz, İvan İvanıç, − dedi. − Gəl, yataq.

      Burkin on dəqiqə keçməmiş yuxuya getdi. Amma İvan İvanıç gah bu böyrü, gah o böyrüüstə çevrilib ah çəkdi, sonra yenidən durub bayıra çıxdı və qapı ağzında oturub çubuq çəkməyə başladı.

Tərcümə edəni: İsgəndər Nəfisi

      İT GƏZDİRƏN XANIM

I

      Söhbət gəzirdi ki, sahildə təzə adam peyda olub: it gəzdirən xanım. Yaltada yaşamasının iki həftəsi tamam olmuş, üzü-gözü buralara alışmış Dmitri Dmitriç Qurov da təzə gələnlə maraqlanmağa başladı. Günlərin bir günü Verne pavilyonunda oturmuş Qurov bəstəboylu, başına beret qoymuş sarışın bir qadının sahildə gəzişdiyini və onun arxasınca ağ bir şpitsin10 qaçdığını gördü.

      Sonra Qurov gündə bir neçə dəfə şəhər bağında ona rast gəldi. Qadın tək-tənha gəzişirdi, bereti başında, ağ şpitsi yanında olurdu. Kimliyini-nəçiliyini bilən yoxdu, ona, sadəcə olaraq, “it gəzdirən xanım” deyirdilər.

      Qurov öz-özünə fikirləşdi: “Əgər bura ərsiz gəlibsə, tanış-bilişi yoxdursa, onunla tanışlıq pis olmazdı”.

      Qurovun yaşı qırxa çatmamışdı, amma artıq on iki yaşlı qızı, iki gimnazist oğlu vardı. Onu tez, ikinci kurs tələbəsi olanda evləndirmişdilər, indisə arvadı ondan xeyli yaşlı görünürdü. Arvadı hündürboylu, sözü üzə deyən, qaraqaşlı, ədalı, mötəbər, özü demişkən, təfəkkürlü qadın idi. O, çox mütaliə edirdi, məktublarında “ъ” hərfini11 yazmırdı, ərinə Dmitri yox, Dimitri deyirdi, Qurovsa onu dayaz, məhdud, kobud qadın sayırdı, ondan qorxurdu, buna görə də evdə olmağı xoşlamırdı. Arvadına çoxdan xəyanət eləməyə başlamışdı, özü də tez-tez xəyanət edirdi, bəlkə də, elə buna görə qadınlar haqqında həmişə pis fikir söyləyirdi, onlardan söhbət düşəndə deyirdi:

      – Alçaq irqdir.

      Ona elə gəlirdi ki, qadınlar haqqında ürəyindən keçənləri deməyə kifayət qədər acı təcrübəsi var, bununla belə “alçaq irq”siz ikicə gün də yaşaya bilmirdi. Kişi məclisində darıxırdı, özündə-sözündə olmurdu, ağzına su alıb otururdu, onlara qanı qaynamırdı. Qadın məclisinə düşəndə isə özünü azad hiss edirdi, onlarla nə danışmaq, özünü necə aparmaq lazım gəldiyini yaxşı bilirdi; hətta qadınlarla susmaq da onun üçün asan idi. Qurovun görkəmində, xasiyyətində, bütün təbiətində onu qadınlara sevdirən, onları yoldan çıxaran sezilməz bir cazibədarlıq vardı; o, bunu bilirdi və onun özünü də hansı bir qüvvəsə qadınlara tərəf çəkirdi.

      Zəngin, həqiqətən, acı təcrübə çoxdan ona bir dərs vermişdi: əvvəl həyata xoş bir rəngarənglik gətirən, şirin və yüngül sərgüzəşt kimi görünən hər cür yaxınlıq sonradan istər-istəməz son dərəcə mürəkkəb məsələyə çevrilir və vəziyyət əvvəl-axır ağırlaşır; bu, ilk növbədə hörmətli adamlara, xüsusən süst, qətiyyətsiz moskvalılara aiddir. Amma maraqlı bir qadınla hər yeni görüşdə necə olurdusa, bu təcrübə yaddan çıxırdı və o yaşamaq istəyirdi, hər şey ona çox sadə və əyləncəli görünürdü.

      Nəhayət, günlərin bir günü Qurov bağda oturub nahar edirdi, elə bu vaxt beretli xanım oturmaq üçün tələsmədən qonşu stola yaxınlaşdı. Üzünün ifadəsi, yerişi, paltarı, saçının düzümü, elə bil, Qurova deyirdi ki, nəcib cəmiyyətdəndir, ərdədir, Yaltaya birinci dəfə gəlib və təkdir, həm də darıxır… Yerli adət-ənənələrin çirkinliyi haqqındakı söhbətlərdə yalan az deyildir, o bu söhbətlərə nifrət edirdi və bilirdi ki, bu söhbətləri əksər hallarda qadınlarla günaha batmağa hazır olan, lakin bunu bacarmayan adamlar uydururlar. Qadın üç addımlığındakı stolun arxasında oturanda asan qələbələrlə, dağlarda gəzintilərlə bağlı söhbətlər yadına düşdü, adını-familiyasını bilmədiyi naməlum bir qadınla tələsik, ötəri yaxınlığın şirnikdirici fikri qəflətən onu həvəsə saldı.

      O, mehribanlıqla muşqurdu, şpits yaxın gələndə barmağıyla onu hədələdi. Şpits mırıldandı. Qurov yenidən barmağını silkələdi.

      Qadın ona baxdı, tez də gözlərini yerə dikdi.

      – Qapan deyil, – deyə qadın dilləndi və qızardı.

      – Sümük vermək olar?

      Qadın başını razılıqla tərpədəndə Qurov gülərüzlə soruşdu:

      – Yaltaya çoxdan təşrif gətirmisiniz?

      – Beş gün olar.

      – Mənsə ikinci həftəmi başa vururam.

      Bir az susdular.

      Qadın ona baxmadan dilləndi:

      – Vaxt yaman tez gedir, bununla belə, buralar olduqca darıxdırıcıdır.

      – Buraların darıxdırıcı olmasından şikayətlənmək dəbə çevrilib. Bir də görürsən ki, kənd əhlindən biri ya Belevdə, ya da Jizdrada özü üçün yaşayır, darıxıb eləmir, bura gələn kimi başlayır: “Ah, darıxdırıcıdır. Ah, istidir”. Fikirləşirsən ki, yəqin, Qrenadadan gəlib.

      Qadın gülümsədi. Sonra yad adamlar kimi sakitcə yeməklərini davam etdirdilər; nahardan sonra yanaşı yola düzəldilər – sərbəst, məmnun, hara getdiklərinin, nədən danışdıqlarının fərqinə varmayan adamların zarafatyana, yüngül söhbətləri başladı. Onlar gəzişir, gəzişdikcə dənizin qəribə işıqlanmasından danışırdılar. Dəniz həlim və isti idi, yasəməni rəngə çalırdı, suyun üzərində ay işığının qızılı zolağı uzanırdı. İsti gündən sonra havanın boğanaq olmağından söhbət etdilər. Qurov özündən danışdı, dedi ki, moskvalıdır, təhsilinə görə filoloqdur, amma bankda işləyir; nə vaxtsa şəxsi operada oxumaq arzusundaymış, sonra daşını atıb, Moskvada iki evi var… Qadından isə öyrəndi ki, Peterburqda böyüyüb, amma S. şəhərində ərdədir, iki ildir orada yaşayır, hələ bir ay da Yaltada qalacaq, bəlkə, dincəlmək arzusunda olan əri dalınca gəldi. Qadın ərinin harada – quberniya heyətindəmi, yoxsa quberniya torpaq idarəsindəmi işlədiyini tapıb deyə bilmədi və bu, özünə də gülməli gəldi. Qurov bir də onu öyrəndi ki, qadının adı Anna Sergeyevnadır.

      Qurov sonra qaldığı nömrədə qadın haqqında düşündü, fikirləşdi ki, sabah onunla görüşəcək. Belə də olmalıdır, hökmən, görüşməlidir.



<p>10</p>

Şpits – dikqulaqlı, qalıntüklü it.

<p>11</p>

Rus dilində “ъ” hərfi heç bir səs bildirmir, sadəcə, özündən əvvəl gələn samitin qalın səsləndiyinə işarə edir.