Hekayələr. Антон Чехов

Читать онлайн.
Название Hekayələr
Автор произведения Антон Чехов
Жанр
Серия Hekayə ustaları
Издательство
Год выпуска 0
isbn 9789952241716 



Скачать книгу

ki, ərinin əlinə keçəcək, onda bütün işlər korlanacaq. Ən yaxşısı təsadüfə bel bağlamaqdır. Qurov küçədə hasar boyu gəzişir və təsadüf gözləyirdi. O, həyətə dilənçinin gəldiyini, itlərin onun üstünə cumduğunu gördü, bir saatdan sonra royalda çalınan havanı, zəif, anlaşılmaz səsləri eşitdi. Yəqin, Anna Sergeyevna çalırdı. Birdən dəhlizin qapısı açıldı, bayıra qoca bir qarı çıxdı, arxasınca tanış ağ şpits qaçırdı. Qurov şpitsi çağırmaq istədi, qəflətən ürəyi elə döyündü ki, həyəcanından şpitsin adını yadına sala bilmədi.

      O gəzişir, gəzişdikcə boz hasara nifrəti daha da artırdı, əsəbiliklə fikirləşirdi ki, Anna Sergeyevna onu unudub, başqasına könül verib, səhərdən axşama qədər boz hasar gözünü döyənək eləmiş cavan bir qadının vəziyyətində isə bu, çox təbiidir. O, nömrəyə qayıtdı, uzun müddət divanda oturdu, nə eləyəcəyini bilmirdi. Nahar elədi, sonra isə möhkəm yuxuya getdi.

      “Bütün bunlar nə qədər axmaq, nə qədər narahat işlərdir. – O oyanıb fikirli-fikirli qaranlıq pəncərəyə baxdı; artıq axşam düşürdü. – Bax, indi niyə yatdım. Bəs gecə nə edəcəyəm?

      O, ucuz, boz, xəstəxana adyalına oxşayan örtük çəkilmiş yataqda oturub özünə acıq verirdi:

      “Bu da sənə it gəzdirən xanım… Bu da sənə macəra… Otur indi burada”.

      Hələ səhər-səhər vağzalda iri hərflərlə yazılmış bir afişanı xatırladı və durub teatra getdi. Fikirləşdi: “Çox güman ki, Anna Sergeyevna birinci tamaşalara gəlir”.

      Teatr tamaşaçılarla dolu idi. Bütün quberniya teatrlarında olduğu kimi, burada da çilçıraqdan yuxarı dumanlıq idi, üst yarusları səsli-küylü narahatçılıq bürümüşdü; tamaşadan əvvəl yerli ədabazlar əllərini arxalarında daraqlayıb birinci cərgədə durmuşdular; qubernator lojasının ilk sırasında qubernatorun boa12 geymiş qızı oturmuşdu; qubernatorun özü isə porteryerin arxasında gizlənmişdi, onun ancaq əlləri görünürdü. Pərdə yırğalandı, orkestr uzun müddət hazırlaşdı. Tamaşaçılar gəlib yerlərinə keçdikləri müddətdə Qurovun gözləri həris-həris axtarıb-arayırdı.

      Anna Sergeyevna da salona daxil oldu və keçib üçüncü cərgədə əyləşdi. Qurov ona baxanda ürəyi sıxıldı və aydınca başa düşdü ki, işıqlı dünyada ondan ötrü bu qadından yaxın, qiymətli və əhəmiyyətli adam yoxdur; əyalət camaatının arasında itib-batmış, heç nəyilə fərqlənməyən, əlində vulqar lornet tutmuş bu balaca qadın indi onun ömrünün mənasıydı, dərdiydi, sevinciydi, özünün özünə arzuladığı yeganə xoşbəxtliyiydi. Bu pis çalan orkestrin, bu zəhlətökən obivatel skripkalarının sədası altında Qurov fikirləşdi ki, Anna Sergeyevna necə də qəşəngdir. O fikirləşir və fikirləşdikcə xəyala dalırdı.

      Anna Sergeyevna ilə birlikdə kiçik bakenbardlı, ucaboylu, donqar bir cavan da gəldi və onun yanında oturdu; o, tez-tez başını yırğalayırdı, sanki həmişə kiməsə baş əyirdi. Yəqin, bu, Anna Sergeyevnanın Yaltada acı hislərin coşqunluğu vaxtı lakey adlandırdığı əri idi. Həqiqətən, onun uzun boy-buxununda, bakenbardında, balaca təpəsində nəsə lakey cılızlığı vardı, şirin-şirin gülürdü və paltarının döşündə lakey nömrəsinə oxşayan hansısa alimlik nişanı parıldayırdı.

      Birinci fasilədə ər siqaret çəkməyə çıxdı, qadın tək qaldı. Parterdə oturan Qurov ona yaxınlaşdı, zorla gülümsəyib titrək səslə dedi:

      – Salam.

      Anna Sergeyevna ona baxdı, ağappaq ağardı, sonra dəhşət içində bir də baxdı, gözlərinə inanmadı, huşunu itirməsin deyə, yelpiyi ilə lornetini ovcunda möhkəm-möhkəm sıxdı. Heç biri dinmirdi. Anna Sergeyevna oturmuşdu, Qurov onun sıxılmasından qorxuya düşdüyü üçün oturmağa cəsarət etmirdi. Köklənmiş skripkaların və fleytaların səsi eşidilirdi. Birdən dəhşət onları bürüdü: elə bil, bütün lojalardan onlara baxırdılar. Anna Sergeyevna ayağa qalxıb, tələsik çıxışa sarı yönəldi. Qurov da onun dalınca getdi, onlar məqsədsiz şəkildə dəhlizdə gəzişir, pilləkənlə gah yuxarı qalxır, gah da aşağı düşürdülər. Onların gözləri qarşısında hakim, müəllim, udel mundirli və nişanlı adamlar ora-bura gəzişirdi; xanımlar da, asılqandakı şubalar da gözə dəyirdi, tənbəki iyi verən külək əsirdi. Ürəyi möhkəm döyünən Qurov fikirləşdi:

      “İlahi! Bu adamlar, bu orkestr nəyə lazımdır…”

      Həmin andaca, qəflətən, o vaxt stansiyada Anna Sergeyevnanı yola saldığı gecə öz-özünə dediyi sözlər yadına düşdü; hər şey qurtardı, vəssalam, onlar bir daha görüşməyəcəklər. Amma qurtarmağa gör nə qədər qalırmış…

      Anna Sergeyevna “Amfiteatra giriş” yazılmış ensiz, qaranlıq pilləkəndə dayandı.

      – Siz məni necə də qorxutdunuz! – Sarsılmış, rəngi hələ də özünə gəlməmiş Anna Sergeyevna ağır-ağır nəfəs alaraq təkrar etdi. – Siz məni necə də qorxutdunuz! Yarımcan oldum. Niyə gəlmisiniz? Niyə?

      O, alçaq səslə tələsik dedi:

      – Başa düşün, Anna, başa düşün… Yalvarıram, başa düşün…

      Anna Sergeyevna qorxu içində, yalvarış, sevgi dolu nəzərlərlə ona baxdı, diqqətlə baxdı ki, onun cizgilərini uzun müddət yadında saxlasın.

      – Mən elə əzab çəkirəm, elə əzab çəkirəm! – Qadın ona qulaq asmadan sözünə davam elədi. – Bütün vaxtı ancaq sizi fikirləşmişəm, sizin xatirələrinizlə yaşamışam. Həmişə unutmağa çalışmışam, axı niyə gəldiniz, niyə?

      Pilləkənin başındakı meydançada iki gimnazist siqaret çəkir və aşağı baxırdılar, dünya Qurovun vecinə deyildi, o, Anna Sergeyevnanı qucaqlayıb üzünü, yanaqlarını, əllərini öpməyə başladı.

      – Siz nə edirsiniz, siz nə edirsiniz! – qadın onu özündən aralayaraq dəhşət içində dilləndi. – Bizim ikimiz də dəli olmuşuq. Günü bu gün çıxıb gedin, elə indi gedin… And verirəm bütün müqəddəslərə, yalvarıram… Gələn var!

      Pilləkənlərlə kimsə yuxarı qalxırdı.

      – Siz getməlisiniz… – Anna Sergeyevna pıçıltıyla sözünə davam elədi. – Eşidirsiniz, Dmitri Dmitriç? Mən Moskvaya, sizin yanınıza gələcəyəm. Mən heç vaxt xoşbəxt olmamışam, indi də bədbəxtəm, heç vaxt, heç vaxt da xoşbəxt olmayacağam! Əzabımı artırmayın! And içirəm ki, Moskvaya gələcəyəm. İndisə ayrılaq! Mənim əzizim, mehribanım, doğmam, ayrılaq!

      Anna Sergeyevna onun əllərini sıxdı, sürətlə aşağı düşməyə başladı, tez-tez dönüb ona baxırdı, gözlərindən görünürdü ki, o, həqiqətən, xoşbəxt deyil. Qurov bir az dayandı, ətrafı dinlədi, dörd bir yana sükut çökəndən sonra asılqanını tapdı və teatrdan çıxıb getdi.

IV

      Anna Sergeyevna Moskvaya, onun yanına gəlməyə başladı. İki-üç aydan bir o, S. şəhərindən çıxır və ərinə deyirdi ki, qadın xəstəliyi ilə əlaqədar olaraq professorlarla məsləhətləşməyə gedir, əri də inanırdı. Moskvaya gələndə “Slavyan bazarı”nda qalırdı, Qurova xəbərə qırmızı papaqlı adam göndərirdi. Qurov onun yanına gəlirdi və Moskvada heç kəs bundan xəbər tutmurdu.

      Bir qış səhəri Qurov



<p>12</p>

Boa – xəz şərf, yaxalıq