Название | Hekayələr |
---|---|
Автор произведения | Антон Чехов |
Жанр | |
Серия | Hekayə ustaları |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952241716 |
Bərbəzəkli kütlə dağılmışdı, heç kəs gözə dəymirdi, külək tamam yatmışdı, Qurovla Anna Sergeyevna hələ də durub gözləyirdilər, elə bil, gəmidən yenə də sərnişin düşüb-düşməyəcəyini bilmək istəyirdilər. Anna Sergeyevna artıq susurdu, Qurova baxmadan gülləri qoxulayırdı.
Qurov dilləndi:
– Axşamtərəfi hava yaxşılaşıb. İndi hara gedəcəyik? Bir yana getməyək?
Qadın cavab vermədi. Bu vaxt Qurov sınayıcı nəzərlərlə ona baxdı və qəflətən qucaqlayıb dodaqlarından öpdü, güllərin ətri və şehi onu bürüdü, həmin andaca ürkək-ürkək yan-yörəsinə baxdı: görən olmadı ki?
Sonra sakitcə:
– Gedək sizə… – dedi.
Onlar tələsik yola düzəldilər. Qadının nömrəsi boğanaqdı, yapon mağazasından alınmış ətir iyi otağı bürümüşdü. Qurov ona baxıb yenidən fikrə getdi: “Həyat müxtəlif görüşlərlə doludur”. Keçmişdə Qurovun yadında müxtəlif qadınlarla bağlı xatirələr qalmışdı: qayğısız, mərhəmətli, sevildiklərinə görə sevinən, ani xoşbəxtlik üçün minnətdarlığını gizləməyən qadınlar, arvadı kimi artıq söz-söhbətlə, ədayla, haray-qışqırıqla sevən qeyri-səmimi qadınlar, yaşadığı anın sevgi, ehtiras yox, daha əhəmiyyətli nəsə olduğunu üz-gözünün ifadəsi ilə büruzə verən qadınlar və bir də olduqca gözəl, soyuq, üzlərində həyatdan onun verə biləcəyindən çox almaq, qoparmaq kimi vəhşi, inadkar bir arzu ilə yaşayan qadınlar; bunların hamısı cavanlığı keçmiş, höcət, düşüncəsiz, hökmlü, ağılsız qadınlardı. Qurov onlardan soyuyanda bu qadınların gözəllikləri onda nifrət oyadırdı və bu zaman ona elə gəlirdi ki, qadınların alt paltarlarındakı haşiyələr xalıya bənzəyir.
Yenə həmin cəsarətsizlik, təcrübəsiz gəncliyin yenə həmin yöndəmsiz, yenə həmin narahat duyğuları; qəribə bir çaşqınlıq əhval-ruhiyyəsi vardı, sanki kimsə qəflətən qapını döymüşdü. Anna Sergeyevna, bu “it gəzdirən xanım” baş verənlərə nəsə qeyri-adi, olduqca ciddi yanaşırdı. Elə bil, bu hadisədə özünün məhvini görürdü, bu isə həm qəribə idi, həm də yerinə düşmürdü. Onun üzü ifadəliliyini itirmişdi, saralıb-solmuşdu, uzun, pərişan saçları üzünə dağılmışdı; o, qədim şəkillərdəki günahkarlar kimi oturub fikrə getmişdi.
Qadın dilləndi:
– Heç yaxşı olmadı. İndi mənə hörmət eləməyənlərdən birincisi elə siz olacaqsınız.
Nömrədəki stolun üstündə qarpız vardı. Qurov bir dilim kəsib, tələsmədən yeməyə başladı. Sükut ən azı yarım saata qədər uzandı.
Anna Sergeyevna zərifdir, ondan təmiz, sadəlövh, görüb-götürməmiş qadın ətri gəlirdi; stolun üstündə yanan tək şamın işığı onun sifətini zorla işıqlandırırdı, amma hiss olunurdu ki, Anna Sergeyevna əzab çəkir.
Qurov soruşdu:
– Mən sənə niyə hörmət eləməməliyəm? Nə danışdığını heç özün də bilmirsən.
O:
– Qoy Allah günahımdan keçsin! – dedi və gözləri doldu. – Dəhşətdir.
– Sən, elə bil, özünü təmizə çıxarmağa çalışırsan.
– Nəylə özümü təmizə çıxarım? Mən ağılsız, rəzil qadınam, özüm özümə nifrət edirəm və bəraət haqqında fikirləşmirəm. Mən ərimi aldatmadım, mən özümü aldatdım. Özü də indi yox, xeyli vaxtdı aldadıram. Ərim, bəlkə də, yaxşı, namuslu adamdır, amma, di gəl, lakeydir. Bilmirəm, orada nəylə məşğuldur, necə qulluq edir, bircə onu bilirəm ki, lakeydi! Ərə gedəndə iyirmi yaşım vardı, maraq məni haldan salmışdı, daha yaxşı ömür arzusunda idim; özüm-özümə: “axı var, başqa bir həyat var”, deyirdim. Yaşamaq istəyirdim! Yaşamaq və yaşamaq… Maraq məni yandırıb-yaxırdı… Siz bunu başa düşməzsiniz, amma Allaha and olsun ki, mən özümü ələ ala bilmirdim, içimdə nəsə dəyişirdi, qarşımı almaq çətindi. Ərimə xəstələndiyimi dedim və bura gəldim… Buradasa məstlik içərisində, dəli kimi gəzib-dolanırdım. İndisə budur, hər bir adamın nifrət edə biləcəyi iyrənc, murdar bir qadına çevrildim.
Söhbət Qurovu darıxdırırdı, qadının sadəlövh tonu, gözlənilməz və yersiz tövbəsi onu əsəbiləşdirirdi; gözlərindəki yaş olmasaydı, güman etmək olardı ki, qadın ya zarafat edir, ya da rola girir.
– Başa düşə bilmirəm? – deyə o soruşdu. – Sən nə istəyirsən?
Qadın üzünü onun sinəsində gizlədi, ona sıxılıb dedi:
– İnanın, inanın mənə, yalvarıram… Mən təmiz, namuslu həyatı sevirəm, günah işlər məni iyrəndirir, nə elədiyimi heç özüm də bilmirəm. El arasında deyirlər ki, şeytan yoldan çıxarıb. İndi özüm haqqında da deyə bilərəm ki, məni şeytan yolumdan azdırıb.
– Bəsdir, bəsdir, – deyə o mızıldandı.
Qurov onun hərəkətsiz, qorxaq gözlərinə baxdı, onu öpdü, astadan, mehriban-mehriban söhbətə başladı, tədricən qadın sakitləşdi və şənləndi; hər ikisi gülüşməyə başladılar.
Sonra onlar gəzməyə çıxdılar, sahildə kimsə gözə dəymirdi, şəhər sərv ağaclarıyla ölü görkəmi almışdı, amma dəniz hələ də səsli-küylü idi, hələ də sahilə çırpılırdı; dalğalar qoynunda bir barkas yırğalanırdı və barkasın yuxulu fənəri dörd tərəfə titrək işıq salırdı.
Fayton tutub Oreandaya getdilər.
– Mən bayaq giriş qapısına diqqət yetirəndə bildim ki, sənin familiyan fon Dideritsdir. Ərin almandır? – deyə Qurov soruşdu.
– Yox, deyəsən, onun babası alman olub, özü isə pravoslavdır.
Oreandada, kilsənin yaxınlığındakı skamyada oturub sakitcə dənizə baxırdılar. Səhər dumanında Yalta zorla görünürdü, dağların zirvəsində ağappaq buludlar donub qalmışdı. Ağacların yarpaqları tərpəşirdi, cırcıramalar cırıldaşırdı. Dənizin dərədən eşidilən yeknəsəq, küt gurultusu qabaqda bizi gözləyən rahatlıqdan, əbədi yuxudan söhbət açırdı. Yalta, Oreanda olmayanda da dəniz bu cür gurultu salıb, indi də salır, biz olmayanda da beləcə laqeyd-laqeyd, küt-küt guruldayacaqdır. Bu sabitlikdə, hər birimizin həyatımıza və ölümümüzə qarşı olan bu laqeydlikdə, bəlkə də, bizim əbədi xilasımızın, həyatın işıqlı dünyada fasiləsiz davamının və fasiləsiz kamilləşməsinin rəhni gizlənir. Səhər ala-toranında olduqca nəhəng görünən və sehrli aləmdən – dənizdən, dağdan, buludlardan, geniş səmadan sakitləşmiş, vəcdə gəlmiş cavan qadınla yanaşı oturan Qurov fikirləşdi ki, əslində, dərinə gedəndə, işıqlı dünyada hər şey, mövcudluğun ali məqsədini, özümüzün insanlıq