Hekayələr. Проспер Мериме

Читать онлайн.
Название Hekayələr
Автор произведения Проспер Мериме
Жанр
Серия Hekayə ustaları
Издательство
Год выпуска 0
isbn 9789952241723

Скачать книгу

gözəldirlərmi?

Polkovnik Boje soruşdu:

– General L.-ni gördünmü? Paşanın ordusunu necə təşkil edib? Polkovnik S. mənə qılınc göndərmədi ki?

– Bəs ehramlar? Nil şəlalələri? Memnonun22 heykəli? İbrahim paşa23?

Və sair və ilaxır… Hamı birdən danışırdı. Sən-Kler isə yalnız etrüsk vazası haqqında düşünürdü.

Bardaş qurub oturan Teodor – belə oturmağa o, Misirdə adət etmişdi və bunu Fransada tərgidə bilmirdi – hamının sual verib qurtaracağını, daha doğrusu, onların sual verməkdən nə vaxt yorulacaqlarını gözlədi və sürətlə danışmağa başladı ki, onun sözünü kəsə bilməsinlər.

– Ehramlar! Bu, əsl fırıldaqdan başqa bir şey deyil. Onlar camaatın düşündüyü qədər də uca deyil. Strasburq şəhərindəki Münster kilsəsinin24 qülləsindən dörd metr hündür ola ya olmaya. Oradakı qədimliklər adamın lap canını sıxır. Ondan daha danışmayın. Heroqlifləri görəndə əhvalım qarışır. Ora yolu düşən hər bir səyyah belə şeylərlə maraqlanır. Mənim isə bu ölkəyə getməkdə əsas məqsədim Qahirə və İskəndəriyyə şəhərlərinin küçələri ilə axın-axın harasa tələsə-tələsə gedən türklərin, köçəri həyat keçirən bədəvilərin, xristian misirlilərin, fəllahların, qoptların necə insan olduqlarını, onların xüsusiyyətlərini, adət-ənənələrini öyrənmək idi. Hərbi xəstəxanada olarkən tələsik bir neçə qeyd götürmüşəm. Bu xəstəxana nə murdar yermiş! Üç yüzə qədər taun xəstəliyinə tutulmuş adamın içərisində o qədər sakitcə demi25 çəkmişəm ki! Güman edirəm, siz yoluxmaqdan qorxmursunuz! Ah, polkovnik, yeriniz məlum, orada yaxşı süvari qoşun var, əla at minirlər. Oradan gətirdiyim gözəl silahları sizə sonra göstərəcəyəm. Vaxtilə cəsur Murad bəyə26 məxsus olan bir nizə ələ keçirmişəm. Polkovnik, sizin üçün bir yatağan, Oqüst üçün isə bir xəncər gətirmişəm. Özüm üçün gətirdiyim bürüncəyi, əbanı, günəşdən qorunmaq üçün üz örtüyünü sonra göstərərəm. Bilirsinizmi ki, mən istəsəydim, bir neçə qadın gətirə bilərdim. İbrahim paşa Yunanıstandan o qədər qadın göndərib ki, lap elə biri bir qəpiyə… Paşa ilə dəfələrlə söhbət etdim. Əlbəttə, o, ağıllı, xurafata-filana inanmayan bir adamdır. Bizim işlərdən onun necə baş çıxardığını desəm, inanmazsınız. And olsun ki, bizim hökumətin ən kiçik sirlərindən belə onun xəbəri vardır. Onun söhbətlərindən Fransadakı müxtəlif siyasi partiyalar haqqında çoxlu qiymətli məlumatlar əldə etdim. Hal-hazırda o, statistika ilə çox maraqlanır. Bizim qəzetlərin hamısına abunəçidir. Bilirsinizmi ki, o, qatı bonapartçıdır?! İki sözündən biri Napoleondur. “Ah! Bunabardo elə böyük adam olub ki!” deyə tez-tez mənə eşitdirərdi. Napoleona onlar Bunabardo da deyirlər.

– “Jurdina, yəni Jurden”27, – Temin yavaşca pıçıldadı.

Teodor söhbətinə davam etdi:

– Əvvəlcə Mehmet Ali məndən ehtiyat edirdi. Bilirsinizmi, türklər heç kimə inanmırlar; onların hamısı belədir, heç kimə ürək qızdırmırlar. O, məni ya casus, ya da ki, kim bilir, yezuit-ruhani cəmiyyətinin üzvü hesab edirdi. Onun yezuitləri görməyə gözü yoxdur. Ancaq bir neçə dəfə görüşdükdən sonra mənim mövhumata inanmadığımı, səyyah olduğumu, sadəcə, şərq siyasəti, adət-ənənəsilə maraqlandığımı bildi və yalnız bundan sonra məndən çəkinmədən açıq danışmağa başladı. Axırıncı dəfə məni qəbul edəndə – bu, üçüncü görüşümüz idi – onunla sərbəst danışmaq qərarına gəldim: “Başa düşə bilmirəm, nə üçün əlahəzrət özünü Böyük Porta dövlətindən28 ayrı, müstəqil elan etmir? – deyə mən soruşduqda o, cavab verdi: – İlahi! Buna mən çox şad olardım, ancaq Misiri müstəqil elan etsəm, sənin ölkəndə nüfuzlu liberal qəzetlər, qorxuram ki, məni müdafiə etməsinlər”. Çox ağıllı qocadır, qəşəng ağ saqqalı var, heç vaxt gülməz. Məni yaxşı mürəbbəyə qonaq elədi. Ancaq mənim ona verdiyim hədiyyələr içərisində onun ən çox xoşuna gələn rəssam Şarlenin29 çəkdiyi imperator qvardiyasının müxtəlif geyim formalarından ibarət rəsmlər kolleksiyası oldu.

Temin soruşdu:

– Paşa romantikdirmi?

– Ədəbiyyatla ümumiyyətlə, az məşğul olur. Ərəb ədəbiyyatı, bildiyiniz kimi romantik ədəbiyyatdır. Onların Malik-Ayatalnəfus-ibn-Əşrəf30 adlı şairi son vaxtlar “Düşüncələr” adlı əsərini nəşr etdirmişdir. Lamartinin “Düşüncələr”i31 ilə müqayisədə klassik nəsrin gözəl nümunəsi sayılır. Qahirəyə gələndən sonra bir nəfər ərəb dili müəllimi tutdum və onun köməyilə Quranı oxumağa başladım. Nə qədər az dərs alsam da, peyğəmbərin kəlamının ağlagəlməz dərinliyinə məftun oldum və həmin kəlamların bizim dilə nə qədər pis tərcümə olunduğunu başa düşdüm. Bura baxın, ərəb yazısını görmək, istəyirsinizmi? Bax, burada qızıl hərflərlə “Allah” sözü yazılıb.

O, ətirli ipək pul kisəsindən çox çirkli bir məktub çıxarıb bizə göstərdi.

Temin soruşdu:

– Misirdə nə qədər qaldın?

– Ay yarım.

Və səyyah bütün xırda şeylərə qədər hər nə görmüşdüsə, hamısını sadalamağa başladı.

Sən-Kler bu söhbəti eşitmirdi. Teodor gələn dəqiqə o, məclisdən çıxıb kənddəki evinə tərəf yola düşdü. Atını dördnala çapdığından atın ayaq səsləri onun aydın fikirləşməsinə mane olurdu. O, bu dünyada xoşbəxtliyinin həmişəlik alt-üst olduğunu dumanlı şəkildə hiss edir və bu işdə yalnız bir nəfər mərhumu, bir də bir etrüsk vazasını müqəssir bilirdi. Evə qayıdandan sonra Sən-Kler özünü divanın üstünə saldı: həmin divanın üstünə ki, o, bir gün bundan əvvəl də uzanmış və gələcək xoşbəxtliyi barədə xoş xəyallara dalmışdı. Əvvəllər o düşünürdü ki, sevdiyi qadın başqalarına bənzəmir; bu qadın ömründə yalnız onu sevib və ondan başqa daha heç kimi sevməyəcək. İndi isə bu xoş xəyal acı, hüznlü, ürək yaxan bir həqiqət qarşısında əriyib yox olurdu: “Mənim gözəl qadınım var, vəssalam. O ağıllıdır, ancaq ağlı onun qəbahətinin daha da böyük olduğunu göstərir; belə ağılla Masiniyə də könül verib. Doğrudur, o, indi məni sevir… Masinini də belə sevib!… Qayğıkeşliyimə, qılığına girib yaltaqcasına onu tumarladığıma, cəsarət və inadıma görə, o, özünü mənim ağuşuma atıb. Deməli, mən aldanmışam. Məhəbbətimiz, hüsn-rəğbətimiz qarşılıqlı olmayıb. Masini, ya mən – onun üçün heç bir fərqi yoxdur. Masini qəşəngdir, onu o, qəşəngliyinə görə sevib. Mən isə onu hərdənbir əyləndirirəm. “Hə, neynək! İndi ki o birisi ölüb, Sən-Kleri sevək! Əgər Sən-Kler ölərsə, yaxud məni təngə gətirərsə, yaşayırıq, görərik!” – qrafinya belə fikirləşib.

Əminəm ki, şeytan özü-özünə əzab verən

22

Memnon – əfsanəvi yunan qəhrəmanı, ilahə Avroranın (şərqdə adı Şəfəq) oğlu. Misirdəki heykəllərdən birinin onun şərəfinə qoyulduğu deyilsə də, əslində heykəl Misir fironu Amenhotepin şərəfinə ucaldılıb.

23

İbrahim paşa – (1792-1848) – Misir paşası Mehmet Ali paşanın oğlu; sərkərdə.

24

Münster kilsəsi – kilsə qülləsinin hündürlüyü 142 metrdir.

25

Demi – tütün çubuğu (qəlyan).

26

Murad bəy – (1750-1801) – Misir məmlüklüyünün rəhbəri. 1798-ci ildə Napoleon ordusuna məğlub olduqdan sonra fransızların tərəfinə keçib.

27

Jurden – Molyerin komediyasından sitat: “dvoryanlıq meşşanı”

28

Böyük Porta dövləti – Osmanlı Sultanlığının rəsmi adı.

29

Şarle – Şarle Nikolya-Tusen (1792-1845) – Fransız rəssamı, əsasən döyüş səhnələrini əks etdirib. Napoleon ordusunun əsgər və zabitlərini təsvir edən çoxsaylı litoqrafiyaların müəllifidir.

30

Malik-Ayatalnəfus-ibn-Əşrəf – XIX əsrin əvvəllərində ərəb ədəbiyyatında belə bir şair olmamışdır. Müəllifin təxəyyülünün bəhrəsidir.

31

Fransız şairi Alfons de Lamartinin (1790-1869) “Poetik düşüncələr” adlı şeirlər toplusu; 1820-ci ildə nəşr edilib.