Hekayələr. Проспер Мериме

Читать онлайн.
Название Hekayələr
Автор произведения Проспер Мериме
Жанр
Серия Hekayə ustaları
Издательство
Год выпуска 0
isbn 9789952241723 



Скачать книгу

həqiqəti bilmək istəyirsinizsə, o, “alicənab bir adama” ərə getdi. Məndən əl çəkəndən sonra mən ona bir az da cehiz verdim…

      – Siz necə də xeyirxahsınız!.. Bəs nə üçün belə qəddar görünmək istəyirsiniz, hə?

      – Bəli, mən çox xeyirxaham!.. Bu haqda nə qədər çox düşünürəmsə, həmin qadının məni sevdiyinə indi daha çox inanıram. Ancaq o vaxtlar mən əsl məhəbbət hissinin nə demək olduğunu ayırd edə bilmirdim.

      – Heyif ki, siz o məktubu mənə gətirməmisiniz. Qısqanclıq hissi keçirməzdim… Biz qadınlar siz kişilərdən daha həssasıq. Biz məktubun yazılma tərzindən məktub sahibinin səmimi olduğunu, yaxud elə-belə yalandan hisslərlə oynadığını dərhal ayırd edə bilirik.

      – Bununla belə, siz özünüz də dəfələrlə sarsaq və yelbeyin adamların toruna düşmüsünüz!

      Bu sözləri deyəndə Sən-Kler gözlərini etrüsk vazasına zilləmişdi. Onun səsində və gözlərində Matildanın qətiyyən hiss etmədiyi qəzəb hissi vardı.

      – Daha bəsdir! Siz kişilər hamınız Don Juan olmaq istəyirsiniz. Sizə elə gəlir ki, başqalarını oynadırsınız, halbuki siz özünüzdən də əxlaqsız, pozğun olanların cənginə keçirsiniz.

      – Siz xanımlar bu həssaslıqla, yəqin ki, səfeh adamı uzaq məsafədən hiss edirsiniz. Eyni zamanda deyə bilərəm ki, səfeh və yelbeyin dostunuz Masininin qadın dadını bilmədən bakir və əzabkeş kimi öldüyünə şübhə etmirəm…

      – Masini? Ancaq o elə də səfeh deyildi. Burası da var ki, qadınlar da səfeh olurlar axı… Yeri gəlmişkən, Masininin başına gəlmiş bir hadisəni danışım. Ancaq bilmirəm, bəlkə də bunu sizə danışmışam?

      – Heç vaxt danışmamısınız, – Sən-Kler titrək səslə cavab verdi.

      – Masini İtaliyadan qayıdanda mənə aşiq olmuşdu. O, mənim ərimlə tanış idi. Ərim onu mənə ağıllı və zövqlü bir adam kimi təqdim etmişdi. Onlar sanki bu dünyada bir-biri üçün yaranmışdılar. Əvvəllər Masini mənə qarşı çox diqqətli idi; o, mənə sulu boya ilə çəkilmiş bir neçə şəkil verdi və dedi ki, özününküdir. Sən demə, onların hamısını Şrotdan38 alırmış… Musiqi və rəssamlıq haqqında mənimlə elə həvəslə danışırdı ki, sanki bu sahənin bilicisidir. Halbuki çox gülünc görünürdü. Günlərin bir günü o, mənə ağlagəlməz məzmunda bir məktub göndərdi. Məktubda kəlməbaşı yazırdı ki, nə bilim, mən Parisin ən nəcib, namuslu qadınıyam… daha nəyəm və məhz buna görə də o, mənim aşiqim olmaq istəyir. Mən məktubu əmiqızım Jüliyə göstərdim. İkimizin də dəlisov vaxtlarımız idi və biz onunla bir zarafat etməyi qərara aldıq. Bir gün bizə çoxlu qonaq gəlmişdi. Masini də onların arasında idi. Əmiqızım hamıya dedi: “İndi mən sizə bu gün səhər aldığım eşqnaməni oxuyacağam!” O, məktubu götürdü və qonaqların qəhqəhəsi altında ucadan oxudu… Yazıq Masini!..

      Sən-Kler sevincindən qışqırdı və şaqqanaq çəkərək dizlərini qatlayıb yerə çökdü. O, qrafinyanın əlindən yapışdı, onu öpüşlərə və göz yaşlarına qərq etdi. Matildanı təəccüb bürüdü və əvvəlcə belə başa düşdü ki, Sən-Klerə nəsə oldu. Sən-Kler yalnız bu sözləri deyə bildi: “Məni bağışlayın, bağışlayın məni!” Nəhayət, ayağa qalxdı. O, sevinc içərisində idi. Sən-Kler bu an Matildanın vaxtilə ona ilk dəfə “Mən sizi sevirəm!” – dediyi andakından da xoşbəxt idi.

      O dedi:

      – Mən dünyanın ən səfeh və ən günahkar adamıyam, – dedi. – İki gün idi ki, sizdən şübhələnirdim. Şübhələrimi aydınlaşdırmaq üçün sizdən heç bir şey soruşa bilmirdim.

      – Məndən şübhələnirdiniz? Axı nədə?

      – Ah! Mən bədbəxtəm!.. Mənə demişdilər ki, siz Masinini nə vaxtsa əvvəllər sevmisiniz… həm də…

      – Masini! – qrafinya qəhqəhə ilə gülməyə başladı və sonra ciddi görkəm aldı. – Oqüst, mənim haqqımda belə şübhədə olmaq və həmin şübhələri məndən gizlətmək üçün, doğrusu, nə qədər səfeh və ikiüzlü olmaq lazım imiş?!

      Onun gözündən bir damla yaş diyirləndi.

      – Yalvarıram, məni bağışlayın.

      – Sizi necə bağışlamaya bilərəm, əziz dostum?.. Ancaq hər şeydən əvvəl qoy sizə and içim ki…

      – Ah! Mən sizə inanıram, inanıram sizə… mənə heç nə deməyin.

      – Ancaq, Allah xatirinə, deyin görək, siz bu boş, mənasız düşüncələrinizdə nəyə əsaslanırdınız?

      – Heç nəyə… Bu axmaq başımdan savayı heç nəyə… Bir də bu etrüsk vazasına… Görürsünüz, mən elə bilirdim ki, bunu sizə Masini vermişdir…

      Qrafinya təəccüb içində əlini əlinə vurdu və qəhqəhə ilə dedi:

      – Mənim etrüsk vazam! Mənim etrüsk vazam!

      Sən-Kler də özünü gülməkdən saxlaya bilmədi, amma bununla belə, onun yanaqlarından iri göz yaşları axıb süzülürdü. O, Matildanı qucaqladı və ona dedi:

      – Məni bağışlamayınca sizi buraxmayacağam.

      – Sizi bağışlayıram, səfehin biri səfeh! – deyərək Matilda onu nəvazişlə öpdü. – Bu gün mən xoşbəxtəm! Bax, birinci dəfədir ki, sizi ağlayan görürəm. Heç ağlıma gəlməzdi ki, siz ağlaya bilərsiniz.

      Sonra Sən-Klerin qolları arasından çıxaraq etrüsk vazasını qapdı və döşəməyə çırpıb çilik-çilik elədi. (Bu misilsiz və nadir bir vaza idi. Üzərində üç rənglə Larit ilə Santorun döyüş səhnəsi39 təsvir edilmişdi.)

      Sən-Kler bir neçə saat ən xoşbəxt və həm də pərt adam vəziyyətində qaldı.

***

      – Hə, nə oldu? – deyə Rokantən Tortonilər40 ailəsinə məxsus qəhvəxanada rast gəldiyi polkovnik Bojedən soruşdu. – Mənə danışdığın əhvalat doğrudur?

      – Bəli, bu, həqiqətən belədir, mənim əzizim, – polkovnik qəmgin halda cavab verdi.

      – Danışın görüm, bu hadisənin axırı necə qurtardı?

      – Ah, necə olacaq! Sən-Kler mənə dedi ki, o, əvvəlcə səhv edibmiş və yalnız Temin birinci atəş açandan sonra ondan üzr istəmək niyyətindəymiş. Mənim onunla razılaşmaqdan başqa çarəm qalmadı. Temin püşk atmaq istəyirdi. Sən-Kler təkid etmişdi ki, birinci Temin atəş açsın, o da atdı. Mən Sən-Klerin bircə dəfə öz yerində fırlandığını və həmin dəqiqə də palıd ağacı kimi yerə sərildiyini öz gözlərimlə gördüm. Onun yerə düşməyi ilə ölməyi bir oldu. Mən ölümcül yaralanan əsgərlər arasında ölməmişdən əvvəl öz yerlərində belə fırlanmalarını dəfələrlə görmüşəm.

      Rokantən dedi:

      – Bu, çox qeyri-adi ölümdür. Bəs sonra, Temin nə etdi?

      – Belə hadisə vaxtı başqaları nə edir, o da elə… O, tapançasını məyus halda yerə tulladı, elə güclə tulladı ki, tətiyi sındı. Bu, Manton fabrikinin



<p>38</p>

Şrot – Parisdə rəsm əsərləri satan məşhur tacir.

<p>39</p>

Larit ilə Santorun döyüş səhnəsi – qədim yunan mifologiyasında deyilir: Kentavrlar yarı adam, yarı at olan əsatiri varlıqlardır. Laptiflər sülaləsinin hökmdarı Pirifoyun toyuna dəvət olunmuşlar. Şərabdan məst olan kentavr Evriton gəlinin namusuna təcavüz etmək istəyir. İki tayfa arasında müharibə başlayır. Qəzəblənmiş Pirifoy Evritonu cəzalandırır və toydan qovur. Larit ilə Santor da bu döyüşdə iştirak edən əfsanəvi varlıqlardır.

<p>40</p>

Tortonilər kafesi – Parisdə “İtalyan bulvarı”nda kafe.