Название | Hekayələr |
---|---|
Автор произведения | Проспер Мериме |
Жанр | |
Серия | Hekayə ustaları |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952241723 |
Temin çox təmkinlə dedi:
– Hektor, zəhmət olmasa, ayağa qalxın və zəngi basın ki, bizə şərab gətirsinlər.
Cırtdan yerindən qalxdı və məclisdəkilər ona baxaraq “Quyruğu kəsik tülkü təmsilini”16 xatırlayıb gülümsədilər.
– Mənə qalsa, – Temin söhbətinə davam etdi, – mən başqa cür düşünürəm. Nə qədər çox yaşayıramsa, bir o qədər də əmin oluram ki, gözəl zahiri görkəm, – bunu deyərkən o, divarda onunla üzbəüz vurulmuş güzgüyə özündən razı halda diqqət yetirdi, – və zövqlə geyinmək bacarığı ən təkəbbürlü qadınlara da qalib gəlməkdə orijinal üsuldur.
O, paltarındakı çörək qırıntısını çırtma ilə vurub kənara atdı.
– Bah! – Cırtdan qışqırdı. – Gözəl sifətlə və Ştaubun17 tikdiyi paltarla siz ancaq bir həftəlik qadınların diqqətini cəlb edə bilərsiniz və onlar da sizi ikinci görüşdən sonra darıxdırarlar. Özünü sevdirmək üçün başqa nə isə lazımdır… Əsl mənada sevilmək o deməkdir ki… Lazımdır ki…
– Bura baxın! – Temin cırtdanın sözünü yarımçıq kəsdi. – Əsaslı dəlil, misal istəyirsiniz? Siz hamınız Masinini tanıyırdınız və onun necə adam olduğunu da bilirdiniz. Hərəkətlərində ingilis nökərlərini, danışığında isə onların atlarını xatırladırdı… Lakin o, Adonis18 qədər gözəl idi, Brümel19 kimi də qalstuk taxardı… Əslinə qalsa, o, mənim tanıdıqlarım arasında ən məhzun, ən cansıxıcı adam idi.
– Elədir, – polkovnik Boje söhbətə qarışdı. – Təsəvvür edirsinizmi, bir dəfə necə oldusa, mən onunla min kilometrə qədər yol getməli oldum. Dilxorluqdan az qala öləcəkdim…
– Bilirsinizmi, hamınızın tanıdığı bədbəxt Riçard Torntonun ölümünə o bais olubdur? – Sən-Kler əlavə etdi.
Jül dedi:
– Axı mən biləni, Tornton Fondi yaxınlığında quldurlar tərəfindən öldürülüb.
– Əlbəttə, elədir. İndi siz görəcəksiniz ki, Masininin bu cinayətdə, az da olsa, əli olmuşdur. Bir neçə səyahətçi, o cümlədən, Tornton quldurlardan ehtiyat etdiklərindən Neapol şəhərinə birlikdə getmək qərarına gəlirlər. Masini də həmin dəstəyə qoşulmaq istəyir. Tornton bundan xəbər tutan kimi onlardan ayrı, hamıdan tez yola düşür. Çünki o, Masini ilə yol yoldaşı olmaq istəmirdi. O, tək-tənha yola çıxır və işin də necə qurtardığını siz özünüz artıq bilirsiniz.
– Tornton haqlı idi; o, iki ölümdən yüngülünü seçdi. Axı Masini ilə yol getmək ölümdən betərdir. – Temin azacıq pauza verdi.
– Mənimlə razılaşırsınızmı ki, Masini dünyanın ən bezdirici adamı olmuşdur?
Hamı bir nəfər kimi dilləndi:
– Razıyıq!
Temin söhbətinə davam etdi:
– İndi, bax, elə bu saat mənimlə razılaşarsınızmı ki, madam de Kursi ən ağıllı qadındır?
Araya bir anlıq sükut çökdü. Sən-Kler başını aşağı salmışdı, bununla belə, bütün nəzərlərin ona dikildiyini təsəvvüründə canlandırırdı.
– Buna kim şübhə edə bilər? – Nəhayət, başını qarşısındakı boşqaba tərəf əymiş Sən-Kler dilləndi. Gözlərini ora elə dikmişdi ki, deyərdin, qabdakı çiçək şəkillərinin bütün məna və rəng çalarlarını öyrənmək istəyir.
– Mən təsdiq edirəm, – Jül səsini qaldırdı, – təsdiq edirəm ki, o, Parisin üç ən gözəl qadınından biridir.
Polkovnik dedi:
– Mən onun ərini tanıyırdım, o, arvadının şanlı məktublarını tez-tez mənə göstərərdi…
– Oqüst, – Hektor Rokantən polkovnikin söhbətini yarımçıq kəsdi, – məni qrafinyaya təqdim edin. Deyilənlərə görə, siz onun sarayında böyük hörmət sahibisiniz.
Sən-Kler dodaqaltı mızıldandı:
– Payızın axırında… o, Parisdən qayıdanda… gərək ki, kənddə heç kimi qəbul etmir.
– İmkan verin sözümü bitirim. Məni eşitmək istəyirsiniz, ya yox? – Temin qışqırdı.
Sakitlik yenidən bərpa olundu. Sən-Kler stulda məhkəmə salonundakı müttəhim kimi oturmuşdu.
Alfons de Temin qəddar soyuqqanlılıqla:
– Siz qrafinyanı üç il əvvəl görməmisiniz, Sən-Kler, o vaxt siz Almaniyada idiniz, – dedi, – və deməli, qrafinyanın o vaxtlar necə olduğunu deyə bilməzsiniz… Gözəl, çiçək kimi təravətli, cazibədar, deyib-gülən, kəpənək kimi qayğısız, şən… hə, yaxşı! Saysız-hesabsız pərəstişkarlar içərisində qrafinyanın kimə daha çox hüsn-rəğbət bəslədiyini bilirsinizmi? Masiniyə! Hamıdan başıboş və qanmazın birisi ən ağıllı bir qadını yoldan çıxarmışdı. Bundan sonra da deyəcəksiniz ki, qozbel adam da bax, bu cür uğur qazana bilərdi? Mənə inanın, buna yalnız gözəl simanız, səliqəli tikilmiş kostyumunuz olarsa, müvəffəq ola bilərsiniz.
Sən-Kler lap çıxılmaz vəziyyətdə qalmışdı. O, danışan adamın dediklərini təkzib etmək, yalana çıxarmaq istədi, ancaq qrafinyanı gözdən salmaq, ləkələmək qorxusu onun qabağını kəsdi. Qrafinyanın xeyrinə bir neçə söz demək istədi, ancaq elə bil, dili tutulmuşdu. Qəzəbindən dodaqları əsirdi, savaşmaq, dalaşmaq üçün bəhanə axtarırdı.
– Necə?! – Jül heyrətlə qışqırdı. – Madam de Kursi özünü Masiniyə təslim edib?! Frailty, thy name is women.20
– Qadın haqqında şayiə yaymağa nə var! – Sən-Kler quru və nifrətamiz bir ahənglə dedi: – Hər kəs özünü göstərmək üçün onu ləkələyə bilər.
O danışdıqca qrafinyanın Paris salonundakı buxarının üstündə dəfələrlə gördüyü etrüsk vazasını dəhşətlə xatırladı. Başa düşdü ki, bu vazanı Masini İtaliyadan qayıdan zaman qrafinyaya hədiyyə olaraq verib. Sonralar bu vaza Parisdən kəndə gətirdilmişdi. Hər gün axşamlar qrafinya bu vazaya gül dəstəsi qoyardı.
Sözlər Sən-Klerin dodaqlarında donub qalmışdı. O, gözləri qarşısında yalnız bir şey görürdü, yalnız həmin şey haqqında düşünürdü: etrüsk vazası!
“Əcəb sübutdur! Belə bir mənasız şeyə görə öz məşuqəsindən şübhələnmək!..” Hansı tənqidçisə, yəqin ki, belə deyəcək. Cənab tənqidçi, siz heç ömrünüzdə sevmisinizmi?
Teminin kefi elə kök idi ki, Sən-Klerin səsinin ahəngi onu qətiyyən hövsələdən çıxarmırdı. O, şən və mülayim bir ifadə ilə dedi:
– Mən yalnız camaatın dediyini təkrar edirəm. Məlum hadisə siz Almaniyada olduğunuz zaman baş vermişdi. Burası da var ki, mən madam de Kursini yaxşı tanımıram;
16
“
17
18
19
20
(İng. Ah qadınlar, xəyanətdir sizin adınız!) İngilis şairi U. Şekspirin “Hamlet” əsərində Hamletin anasına söylədiyi ifadə.