Hekayələr. Проспер Мериме

Читать онлайн.
Название Hekayələr
Автор произведения Проспер Мериме
Жанр
Серия Hekayə ustaları
Издательство
Год выпуска 0
isbn 9789952241723

Скачать книгу

on dəqiqə idi ki, davam edirdi. Evindən çıxıb işə yollanan bir kəndlinin səsi eşidiləndə, tələsik öpüşdən sonra qapı örtüldü və Sən-Kler cəld oradan uzaqlaşdı.

O, tanış yolla irəliləyirdi. Sən-Kler sevindiyindən az qala tullana-tullana gedirdi. Gah əlindəki əsanı yol boyu kollara çırpır, gah dayanır, gah da yavaş addımlarla irəliləyərək, şərq tərəfdə təzəcə allanmağa başlayan üfüqə diqqətlə tamaşa edirdi. Başqa sözlə, onu azadlığa çıxmış xoşbəxt bir dəliyə oxşatmaq olardı. Yarım saat yol getdikdən sonra o, yay ayları üçün xəlvət, sakit bir guşədə kirayələdiyi balaca evin qapısına gəlib çatdı. Qapını öz açarı ilə açıb içəri daxil oldu, sonra özünü böyük bir divanın üstünə saldı. Gözlərini tavana zilləyərək, xoş təbəssümlə dodaqlarını büzüb xəyal aləminə qapıldı. Təxəyyülü onun gözləri qarşısında tam xoşbəxtliyi təsvir edir, yalnız xoş mənzərələri canlandırırdı. “Necə də xoşbəxtəm! – deyə öz-özünə düşünürdü. – Nəhayət, məni duyan bir qəlbə rast gəldim!… Bəli, mən öz idealımı tapdım… Mən eyni vaxtda özümə həm dost, həm də məşuqə tapdım… Necə bir varlıq!… Necə ehtiraslı bir qəlb! Xeyr, o mənə qədər heç vaxt heç kimi sevməmişdir və bundan sonra da məndən başqa kimsəni sevməyəcəkdir…” Və bu dünyanın işlərinə özünəvurğunluqla müdaxilə edərək “Bu, Parisin ən gözəl qadınıdır”, – deyə fikirləşir və qadının üzünün bütün cizgilərini incəliklərinə qədər xəyalında canlandırırdı. “O, hamının içindən məni seçib. Cəmiyyətin ən ləyaqətli cavanları onun ayaqları altına döşənməyə hazırdırlar. Elə birisi bu qusar11 polkovniki. Özü də necə gözəl, boylu-buxunlu, cəsur, ədabazlıqdan tamamilə uzaq bir adamdır. Yaxud tamaşa salonlarında məharətlə oynayan və gözəl akvarelləri12 ilə hamını heyran qoyan o gənc rəssam. Hələ mən Balkan döyüşlərində Dibiçin13 komandanlığı altında vuruşan o rus əyyaşını demirəm; alnında qılınc zərbəsinin yeri hələ də qalır… O, bunların hamısına rədd cavabı verib. Mən isə…” Sən-Kler yenə əvvəlki fikrinə qayıtdı: “Mən necə də xoşbəxtəm! İlahi! Necə də xoşbəxtəm!” O, yerindən qalxır, otaqda gəzişir, sanki havası çatmırmış kimi pəncərəni açır və yenidən yumallanıb özünü divana salırdı.

Xoşbəxt aşiq də bədbəxt aşiq kimi qüssəli və darıxdırıcı olur. Hər iki vəziyyətdə olan dostlarımdan biri məni dinləməyə məcbur etməyin üsulunu tapmışdı; o, mənə dadlı-ləzzətli yemək verib başımı qatar, özü də başına gələn məhəbbət macəralarından ağızdolusu danışardı. Ancaq qəhvədən sonra, mən mövzunu dəyişdirməyə təcili ehtiyac hiss edirdim.

Bütün oxucularıma dadlı xörək vermək imkanım olmadığından, mən onları Sən-Klerin romantik məhəbbət xəyalları ilə bezdirmək niyyətində deyiləm. Çünki həmişə xəyala qapılıb göylərdə uçmaq olmaz. Sən-Kler yorulmuşdu. O əsnədi, qollarını geniş açıb arxası üstə divana uzandı. Havanın tamam işıqlandığını görəndə yadına düşdü ki, yatmaq lazımdır.

Sən-Kler oyanıb saatına baxanda gördü ki, olan-qalan vaxtı geyinməyə, Parisə gedib dostları ilə nahar etməyə ancaq çatar.

Yenə bir şampan şüşəsinin ağzını təzəcə açmışdılar. Hər halda, oxucular təxmin edə bilər, belə məclislərdə indiyə qədər neçə şüşə şampan içilir. Təkcə bunu demək kifayətdir ki, cavan və subay adamların tez-tez təşkil etdikləri belə nahar zamanı adətən, vaxt tez keçir. Həm də bu məclis indi elə vəziyyətə gəlib çatmışdı ki, nisbətən ayıq başların tamam sərxoş başlar üçün narahat olduqları anda hamı birdən danışmaq istəyirdi.

Harada olursa-olsun, İngiltərə haqqında danışmaq imkanını heç vaxt əldən verməyən Alfons de Temin bu dəfə də sözə başladı:

– Yaxşı olardı ki, Londonda olduğu kimi, Parisdə də hər kəs öz məşuqəsinin şərəfinə sağlıq desin və bu, adət halını alsın. Belə olsa, biz, nəhayət, dostumuz Sən-Klerin kimin ucbatından qəm dəryasına qərq olduğunu biləcəyik. – Bu sözləri deyəndən sonra o özünün və yaxın oturanların qədəhlərini şampanla doldurdu.

Bir az pərt olmuş Sən-Kler cavab verməyə hazırlaşırdı ki, Jül Lamber onu qabaqladı:

– Mən bu gözəl adəti qiymətləndirir və onu qəbul edirəm, – deyib qədəhini təntənə ilə yuxarı qaldırdı. – Parisin bütün modabaz qadınlarının sağlığına. Otuz yaşında olan çəpgözlər, axsaqlar və sairlər istisna olmaqla.

– Ura! Ura! – Gənc ingilispərəstlər qışqırışdılar.

Sən-Kler qədəhini yuxarı tutaraq ayağa qalxdı:

– Cənablar, – deyə sözə başladı, – mənim qəlbim dostumuz Jülün qəlbi kimi geniş deyil, ancaq mənim qəlbim daha sadiqdir, çünki mənim sədaqətim, dəyanətim o dərəcədə tərifəlayiqdir ki, ürəyimdə gəzdirdiyim, xəyalı ilə yaşadığım bir qadından çoxdandır ki, ayrılmışam. Buna baxmayaraq, əminəm ki, mənim seçimimi siz də təqdir edəcək, bəyənəcəksiniz. Əlbəttə, əgər siz artıq mənim rəqibim deyilsinizsə. Cənablar, Jüdit Pastanın14 sağlığına! Avropanın ilk faciə aktrisasını tezliklə görə biləcəyimizin şərəfinə!

Temin deyilən sağlığı tənqid etmək istədi, ancaq alqışlar ona imkan vermədi. Bu atmacadan yayınan Sən-Kler vəziyyətdən çıxdığına əmin oldu və sakitləşdi.

Sonra məclisdəkilər bir qədər teatrdan danışdılar. Dram mövzusu siyasətdən danışmaq üçün imkan yaratdı. Söhbət lord Vellinqtondan15 ingilis atlarına, ingilis atlarından qadınlara keçdi, çünki cavan və subay kişi üçün əvvəlcə gözəl at, sonra isə gözəl qadın dünyada ən çox arzulanan şeylərdir.

Daha sonra belə arzulara çatmaq yolları haqqında mübahisə etdilər. Atlar da arvadlar da alınırlar. Gəlin bu haqda daha danışmayaq. Bu cür incə məsələlərdə təcrübəsi az olduğunu təvazökarlıqla etiraf edən Sən-Kler qeyd etdi ki, qadına xoş gəlmək üçün birinci şərt başqalarından fərqlənmək və seçilməkdir. Ancaq orijinal olmaq üçün ümumi bir qayda mövcuddurmu? Onun fikrincə, belə bir qayda yox idi.

Jül dilləndi:

– Belə çıxır ki, qadınlara xoş gəlmək məsələsində axsaq, beli donqar bir adamın bəxti qədd-qamətli, boylu-buxunlu adamın bəxtindən daha çox gətirir, hə?

– Siz ifrata varırsınız, – Sən-Kler etiraz etdi. – Bununla belə, mən öz fikrimdə qalıram. Məsələn, əgər mən qozbel olsaydım, dərddən tapançanı beynimə sıxıb özümü öldürməzdim, əksinə, gözəl qadınları özümə məftun etməyə çalışardım. Hər şeydən əvvəl mən iki cür təbiətli qadınlarla maraqlanardım: ürəyi həssas, insanı qəlbdən duyanlarla, ya da orijinallıq axtaranlarla. İngiltərədə deyildiyi kimi, qeyri-adi qadınlarla. Belələri isə çoxdur. Birincilərə öz vəziyyətimi bütün dəhşətilə danışardım və təbiətin mənimlə amansız rəftarını bütün çılpaqlığı ilə ortaya qoyardım. Mən onları vadar edərdim ki, mən qarabəxtə rəhm etsinlər; ehtiraslı məhəbbətə qadir olduğumu onlara hiss etdirərdim. İstənilən

11

Qusar – çar ordusunda və bəzi başqa ölkə ordularında macar forması geyinən süvari əsgər və ya zabit.

12

Akvarel – 1) su ilə qarışdırılmış rəng; 2) bu rənglərlə işlənmiş rəssamlıq əsəri.

13

Dibiç İvan İvanoviç (1785-1831) – Rus feldmarşalı, 1828-1829-cu illərdə baş vermiş Rusiya-Türkiyə müharibəsində xüsusilə fərqlənmişdir.

14

Jüdit Pasta – (1798-1865) – məşhur italyan müğənni qadını. 1820-30-cu illərdə Parisin opera teatrında çıxış etmişdir.

15

Lord Vellinqton – (1769-1852) – hersoq, ingilis komandiri, Vaterloo döyüşündə Müttəfiq qüvvələrin komandiri olmuşdur.