Qaçaq Kərəm. Fərman Eyvazlı

Читать онлайн.
Название Qaçaq Kərəm
Автор произведения Fərman Eyvazlı
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9952-8260-5-0



Скачать книгу

Mən səndən əl çəksəm də divan əl çəkməyəcək!»

      Atası Oruc ağanın sağlığında kənd cavanları ilə bir yerdə at çapan, ova gedən, Kür yaran İsrafil indi tamam başqalaşmışdı, Qardaşlarından cavan olsa da Orucağalı tayfasına özü başçılıq eləyirdi. Hər-hansı bir məsələdə cavan ağa yalnız öz ağlı ilə durub otururdu…

      Günləri Qazaxda, Gəncədə, Tiflisdə keçən İsrafil ağa kəndin içində belə pay-piyada, özü də tək-tənha az-az görünürdü. Qarşısından gələn adamların bəzisi onunla əl tutub görüşür, bəzisi zəhmindən qorxa-qorxa baş əyib keçir, kimi də özünü itirib yoldan çıxırdı. Ağır şərtlə sələm pul götürmüş borclular isə onun gözünə görünməmək üçün hələ uzaqdan yolunu dəyişirdi. O, bunların hamısını görüb hiss elədikcə ağalıq qüruru daha da artırdı. Rüşvətxor divana arxalanan ağa özünü bu kəndin allahı sayırdı. Onun qara dediyinə ağ deyən olmazdı. Kəndliləri yerli-yersiz döyüb söysə də heç kim qorxusundan onun başının üstündən yuxarılara şikayət edə bilmirdİ. Qəzada, quberniyada nüfuzu böyük idi. Kənd arasında belə məsəl yaranmışdı: «Göydə allahın, yerdə İsrafil ağanın qəzəbinə gəlməyəsən!». Onun sələmə verdiyi borcları yazdığı qara dəftərçəsi vardı. Bu dəftərdə kimlərin adı yox idi!?..

      Üç gündən sonra İsrafil ağanın Söyünbəyli kəndində yaşayan qayınatası – Abbasqulu ağanın qardaşı oğlu Hüseyn ağanın toyu olacaqdı. Ona görə ağa indi yol gedə-gedə baş sındırırdı ki, görəsən toya layiqli nə hədiyyə aparsın, axır ki, fikirləşib tapdı: «Xallı üryəni bəyzadəyə bağışlayacam». – O, qırım papağını sol gözünün üstünə qaldırdı. Sonra dodaqları pıçıldadı: «Sabah Tiflisə gedim, bir yaxşıca hamamlanım…»

      Mollazallar məhəlləsindən keçib kəndin mərkəzinə tərəf irəlilədi. Havanın get-gedə bulandığını görən İsrafil ağa ürəyində dedi: «Qar səhərə kimi belə yağsa yataqdakı qoyunlar acından qırılacaq… Evə qayıdanda gərək nökərlərə tapşıram ki, tez o taya beş-altı araba ot aparsınlar».

      …Qavrı çayı ilə Kürün arasında yerləşən, bir yanı Sığnax, bir yanı Samux olan bu geniş ərazidə kəsəmənlilərin çoxlu yataqları vardı. Yarıköçəri həyat sürən Kəsəmən camaatı əsasən heyvandarlıqla məşğul olduğundan bu yataqlarda yüzlərlə qoyun-quzu sürüsü və mal-qara saxlayırdı…

      El yaylağa köçənə kimi Ceyrançöl şenlik olurdu. Sanki burada qol-qola verib halay vuran dağlar da, dövrəyə aldıqları geniş düzlər də öz boz, kasıb libasını dəyişib qarağandan, pürəndən, irəmədə bitən duzlu ot-gəngizdən, sirkəndən, yovşandan, tuvulğudan güllü, bəzən boz, bəzən ağımtıl, bəzən də yaşıla çalan don geyinirdi… Torpaq şoranlıq olduğundan bu otların, bitkilərin hamısı quşlar kimi dimdiyindən su içir, nəm hava və yağış hesabına cücərirdi. Günəşi ayna kimi əks etdirən duzlaqlar, döşlərdə sədəf kimi sayrışırdı. Yataq-yataq çöllərə səpələnmiş qoyun-quzu sürüləri, naxırlar, ilxılar örüşlərin rəngarəng naxışı-yaraşığı idi. Çoban tütəyinin səsi həzin-həzin ətrafa yayılırdı. Qayalarda, qolpunlarda qaqqıldayan ayaqları xınalı kəkliklər isə bu yerlərin öz nəğməkarı kimi ötürdü. Burada, «allahdan buyruq, ağzıma quyruq» – deyə mürgü vuran boğazıyoluq keçəl anqutlara da, dağlara-dərələrə səpələnmiş ilan-çayana, tülkü-canavara, dovşana və göylərdə dövr edən çalağana da rast gəlmək olurdu.

      Düzənlərdə at çapan kim, atla ceyran, qızıl quşla kəklik ovlayan kim… Bir də görürdün Ağ göldən teyləniş ceyran sürüsü qolpunları süzə-süzə üz tutubdu şehli düzə…

      Dik qaşdan o tərəfə olan «Ağ düz» yataqlarının sürüləri Qavrı çayına, Dik qaşdan bu yana olan yataqların heyvanları isə Kürə suya gəlirdi. Çobanlar kənddəki təzə xəbərləri buradan Ceyrançölə aparır, qışlaqdakı yenilikləri isə kəndə çatdırırdılar. Hərdən Sarı qaşdan karvan enib Qavrının birinci qapısından bəri çıxanda uşaqların bayramı olurdu. Onların hay-küyündən çöllərə ün düşürdü. Balaca «kişilər» karvanın qabağına çıxıb qozdan, fındıqdan, kişmişdən, xurmadan, alma-armud qaxından «torpaqbasdı» alırdılar. Bu da bir adət idi. Bunu uzaq-uzaq ellərdən gəlib Ceyrançöldən keçən karvançılar da yaxşı bilirdi. Odur ki, hər dəfə «yolkəsənlər» bir ətək pay alırdılar…

      ..İndi isə qışın oğlan çağı idi. Böyük çillə yenicə girmişdi. Hər tərəf ağ yorğana bürünməkdə idi. Qar-boran təbiətə hakim kəsilirdi. Yol-iz, hətta bələnlər də, dərin qolpunların qorxunc uçurumları da get-gedə görünməz olurdu. Yolda-izdə, çəhlimlərdə bir ins-cins görünmürdü. Elə bil qarla bərabər göydən bu yerlərə sükut da ələnirdi. Ağ yelin vıyıltısından savayı səs eşidilmirdi.

      Bu vaxt onun yadına bir əhvalat düşdü… Bir yaz aran çox isti olduğundan İsrafil ağa sürülərini vaxtından bir az tez yaylağa qaldırtdırdı. Sürülər dağa çatan kimi bərk qar yağdı. Çobanlar əl-ayaq edənə qədər bir sürü qoyun qırıldı. Sürünün çobanları kor-peşman arana qayıdıb əhvalatı ağaya söylədilər. Ağa bunu şəxsiyyətinə sığışdıra bilməyib dedi:

      – İsrafil ağanın sürüsü salamatdı. Alın bu pulu gedin Gürcüstandan bir sürü qoyun alıb yaylağa qayıdın…

      Çobanlar tapşırığa əməl edib dağa qalxdılar.

      Bu vüqarı saxlamaq baha başa gəldiyindən İsrafil ağa buna təkrar yol vermək istəmirdi.

      Çala-çuxur yolun hər iki tərəfindəki həyətlərə qaratikandan çəpər çəkilmişdi… Fikri yenə uzaqlarda olan ağanın indi bu yolla hara və nə üçün getdiyini özündən başqa heç kəs bilmirdi. O bir qədər də irəliləyəndən sonra sağ tərəfdə çəpərin o üzündəki evin həyətində sallaqbığ, arıq, quru, beli bükük bir kişinin kalça buruntaqladığını gördü. Qocanın başında saçaqları gözünə düşən çal papaq, əynində uzun boz çuxa, belində dizinə qədər uzanan xəncər vardı. Bu, Kərəmin əmisi Cəlal kişi idi. İsrafil ağa gözlərini ondan çəkib düşündü: «Oh, oh, oh! Quru yerə qurd salan qoca kaftar! Suyu başdan bulandıranlardan biri də sən oldun!».

      Ağa yoluna davam elədi… Birdən onun qarşısına çiynində səhəng Kürdən su gətirən bir gəlin çıxdı. Ağanın fikri dağıldı, gözləri işardı. Kəklik yerişli qadın elə gözəl, elə qəddi-qamətli idi ki, ağanın şair qəlbini riqqətə gətirdi, kişi heyran-heyran ona baxmaya bilmədi. «Səd bərəkallah»! Baxışları ilə sanki onu ovlamaq istədi, amma oxu daşa dəydi. Ağanı görən kimi yamşanan kəmənd zülflü gəlin başını aşağı dikib onun yanından teylənmiş ceyran kimi keçdi. «Bu huri-mələk kimin qızı idi, hansı bəxtəvərin övrəti idi? Mən onu niyə tanımadım?» – ağa xəyal etdi. O, üç-dörd addım getməmiş dayandı, sağ əli ilə bığını eşib sol çiyni üstündən xəlvəti geri boylandı. O şux mələk artıq yox idi. Yaxınlıqdakı doqqazlardan hansındansa içəri keçmişdi. Amma «o huri-mələyin» əvəzində ağanın arxa tərəfində hardansa iki kişi peyda olmuşdu. Onlardan biri silahlı idi… Ağa yenə yoluna davam etdi Amma nədənsə arxadan gələn adamlardan şübhələndi. Gümanını yoxlamaq üçün addımlarını yavaşıtdı. Onlar da sanki ağanın fikrini anlayıb böyürlərindəki dəllək dükanının qabağında ayaq saxladılar. Silahlı