“XAN” Xatirə ədəbiyyatı silsiləsində 48-ci kitab olan “Əmim Hamlet” romanı vətəni Sovet İnqilabının kölgəsində qalan bir xalqın yaxın tarixindən və bu əsarətdən canını qurtarmaq üçün ölkəsindən qaçmaq məcburiyyətində qalan insanlardan birinin – yazarın atası Əjdər Babazadənin başına gələn faciələrdən bəhs edir.
Bu kitab Efron Ariadnanın anası, rus yazıçı və şairi Marina Svetayeva haqqında xatirələrindən ibarətdir. 1918-ci ildə şəxsi nəşrlərin ləğvi haqqında verilmiş avqust qətnaməsindən sonra Moskvada yaranan ilk və yeganə kitab ticarəti müəssisəsi – Yazıçı dükanında fəaliyyət göstərən B.A.Qriftsov, A.K.Civeleqov, P.P.Muratov, M.A.Osorgin, V.F.Xodaseviç, B.K.Zaytsev, N.A.Berdyayev, Marinanın həyatında iz buraxmış Maksim Qorki, İlya Edenburq, Konstantin Balmont və başqaları haqda fikirlər bu xatirədə yer alır. Marina Svetayevanın qəlb dostu, şair və yazıçı Boris Pasternakın da siyasi həyatının məzmunu kitabın əsas mövzularından biridir. Kitabda bir qadının həm yaradıcılıq sahəsində, həm də ana kimi necə istedadlı olduğundan, eyni zamanda o dövrlərdə baş verən siyasi motivlərlə necə baş çıxardığından bəhs edilir.
Kitabda dahi rus rejissoru, filmlərilə dünya kinosu tarixində əvəzedilməz iz buraxan Andrey Arseneviç Tarkovskinin öz yazdığı “Martiroloq” adlı gündəlikdən hissələr, o cümlədən, onun haqqında doğmaları, dost-tanışları və iş yoldaşlarının xatirələri yer alıb. Bu yazıları oxumaqla Tarkovskinin çəkdiyi filmlərdən, əzablarla dolu şəxsi həyatıından maraqlı epizodlarla tanış olacaqsınız. Xatirəsini bölüşənlər arasında rejissorun bacısı Marina Tarkovskaya, yaxın dostu, qohumu Aleksandr Qordon, sevgilisi, sevimli aktrisası Nataliya Bondarçuk, məşhur “Güzgü” filminin həmmüəllifi Aleksandr Mişarin, kino xadimləri – Alisa Freyndlix, Kşiştof Zanussi və başqa insanların adı var. Ümidvarıq, dahi Tarkovski haqqında xatirələr incəsənət tarixilə maraqlanan oxucuların da marağına səbəb olacaq.
Kitabda görkəmli yazıçı İsa Muğannanın qələmə aldığı xatirələri – “Həyatımdan səhifələr” (uşaqlıq illərindən başlamış Xalq Yazıçısı olduğu illərədək olan diqqətəlayiq hadisələr – əsasən, çətin keçən uşaqlıq illəri, ədəbiyyata həvəsinin necə yaranması, ali məktəb dövrü, ona şöhrət gətirən romanlarının ideyasının necə yaranması, ssenari müəllifi olduğu filmləri hansı çətinliklərlə ərsəyə gəlməsi və nəhayət, Muğanna təxəllüsünə necə yetişməsi) və onun haqqında dostları, qələm yoldaşları və qohumlarının xatirə yüklü yazıları yer alıb. Geniş oxucu kütləsi üçün nəşr edilən bu kitab İsa Muğannanın 90 illik yubileyinə ithaf olunub.
Bu kitabda toplanan xatirələr Abbas Mirzə Şərifzadənin dostlarının, yoldaşlarının, tamaşaçıların onu unutmadıqlarını, onunla bağlı kiçik bir hadisəni, sevilməz bir epizodu belə əziz tutduqlarını göstərir. Bunlar hələ ilk xatirələrdir. Onlar Abbas Mirzə haqqında deyiləcək sözün, yazılacaq kitabın bəlkə də başlanğıcıdır. Lakin bu xatirələri böyük bir təşəkkür hissilə nəşr edərkən biz inanırıq ki, yaxın gələcəkdə bu xatirələr daha da genişləndiriləcək, Abbas Mirzə haqqında təsəvvürün zənginləşməsinə kömək edəcəkdir.
Oxuculara təqdim olunan “Zindan xatirələri” adlı xatirələr toplusu S.C.Pişəvərinin 1930-1941-ci illərdə “Qəsr-Qacar” zindanında həbsdə olduğu illərdəki müşahidə və qeydlərindən ibarətdir. Xatirələrdə Rza şah zindanındakı ağır və dözülməz həyat, məmur özbaşınalıqları, günahsız insanlara verilən əzab və işgəncələr oxucuya çatdırılır. Xatirələr keçən əsrin 30-cu illərində İranda mövcud olan siyasi mühiti, Rza şah diktaturasının törətdiyi saysız-hesabsız cinayətlərin bir hissəsini öyrənmək baxımından önəmlidir.
Məhəmməd Əmin Rəsulzadənin “Qafqaz xatirələri” tarixi-sənədli əsəri XX əsrin əvvəllərində baş vermiş tarixi hadisələrlə yanaşı, bu gün dünyada, xüsusən Qafqazda baş verən geosiyasi vəziyyətə də aydınlıq gətirir. Bu tarixi qeydlər bir daha sübut edir ki, ozamankı siyasi gedişatlar, Qafqaz üzərində cərəyan edən dünya maraqları təkrarlanır. Ümidvarıq, bu tarixi xatirələri təkcə oxucu kimi deyil, həm də bir vətəndaş kimi oxuyub, nəticə çıxaracaq, dünyaya açıq gözlə baxacaqsınız.
Kitabda böyük yazıçı, ədəbiyyatşünas alim, professor Mir Cəlalın “Bakı görüşləri” və “Parisdə görüş” adlı öz xatirə qeydləri, eyni zamanda, onun tələbəsi və sonradan dostu olmuş filologiya elmlər doktoru, professor Xalid Əlimirzəyevin “Mənəvi borc” kitabından alınmış xatirələr, professor Şəmistan Mikayılovun, əməkdar jurnalist Flora Xəlilzadənin, Züleyxa Məmmədqızının xatirələri toplanıb. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub. “Mir Cəlal xatirələrdə” kitabı ədibin 110 illiyi münasibətilə çap olunub.
Kitabda Azərbaycanın böyük mütəfəkkiri şair Əhməd Cavad haqda xatirələr toplanıb. Oğulları Niyazi və Yılmaz Axundzadələr, qələm əhli Əmir Mustafayev, Əli Səbri, Rəhman Salmanlı və başqalarının xatirələrinin toplandığı bu kitabda Əhməd Cavadın keşməkeşli ömür yolu, nəcib, qabaqcıl düşüncəli və ziyalı insan olması, repressiyaya necə düşdüyü və bundan sonra ailəsinin başına gətirilən faciələrdən danışılır.
Kitabda tanınmış yazıçı, publisist, naşir Mustafa Çəmənlinin “Nəşriyyatlarda keçən ömrüm” və “Ürəyimdən kimlər keçdi” adlı xatirələri toplanmışdır. İnanırıq ki, “XAN” Nəşriyyatının “Xatirə Ədəbiyyatı” silsiləsində çap etdiyi bu kitab oxucuların və kitabsevərlərin rəğbətini qazanacaq.