Ötən əsrin 50-ci illərində yaradıcılığa başlayan Salam Qədirzadə “Sevdasız aylar, “46 bənövşə” kimi məşhur əsərlərlə oxuculara tanışdır. Onun “Qış gecəsi” romanı da sevgi romanı adlandırıla bilər. Əsərdə Böyük Vətən Müharibəsindən sonra yaşayan gənclərin həyatından, sevgisindən, çətinliklərindən danışılır. Roman “Tarçalan oğlan”la Ceyran adlı bir qızın nakam məhəbbəti, yaşadığı hislər haqqındadır.
Kitabda Xalq yazıçısı Əzizə Cəfərzadənin müxtəlif illərdə müəllimləri, qələm dostları, elm, incəsənət xadimləri, eləcə də müxtəlif sənət sahibləri və digər tanıdığı şəxslər haqqında yazdığı xatirələri yer alıb. Bu xatirələrin bir hissəsi müxtəlif illərdə ayrı-ayrı mətbu orqanda çap olunub. Bəziləri isə yazıçının Ev Arxivində saxlanılan materiallar əsasında tərtib edilib. Yazıçının xatirələri küll halında ilk dəfə bu kitabda oxuculara təqdim olunur.
Kitabda mərhum Xalq şairi Məmməd Arazın çətin, bir o qədər də mənalı, dolğun həyatı ömür-gün yoldaşının dilindən nəql edilir, dövrün ədəbi, sosial-ictimai portreti maraqlı ştrixlərlə oxucuya çatdırılır. Nəşrdə həqiqi ədəbiyyatın qaqrşısına kötük dığırladanlar, eləcə də əsl sənətə qahmar çıxanlardan danışılır. Eyni zamanda ikinci dəfə müstəqillik qazanan dövlətin keçdiyi keşməkeşlərdən, müharibənin yaratdığı problemlərdən söz açılır, bütövlükdə sənətkar ömrü təhlil edilir.
Kitabda Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, tanınmış pedaqoq Nadir İsrafilovun ta uşaqlıqdan indiyə kimi xatirələri, keçdiyi həyat yolu işıqlandırılıb. Müəllif əsərdə Azərbaycanda, eləcə də SSRİ-də baş verənləri, vacib hadisələri, təhsilimizin keçdiyi inkişaf yolunu nəql edir, tətbiq olunan yenilikləri, o cümlədən mövcud çatışmazlıqları özünəməxsus üslubda oxucuya çatdırır. Kitab, həmçinin təhsil sahəsində gedən proseslərə işıq tutmaq baxımından vacib mənbə rolunu oynayır.
Bu kitabda görkəmli Azərbaycan-sovet yazıçısı, Azərbaycan Xalq yazıçısı Süleyman Rəhimovun xatirələri toplanıb. Ədibin necə kasıb kəndli ailəsindən çıxmasından, min bir zəhmətlə təhsil almasından, XX əsrin əvvəllərində bir çox vəzifələrdə necə işləməsindən, “Şamo” və “Saçlı” romanlarının necə yaranmasından bəhs edən “Həyat yolu” kitabını onun on cildlik külliyyatı üçün yazdığı müqəddimə də saymaq olar.
Oxuculara təqdim olunan kitab Azərbaycanda XX əsrin əvvəllərində milli dövlətçiliyə aparan yolda cərəyan edən daxili proseslərin, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və həmin vaxt baş verən hadisələrin iştirakçısı olmuş Hacı Mirzə Səlim Axundzadənin mühacirətdə olarkən qələmə aldığı “Xatirat”dır. Müəllif qəflətən vəfat etdiyindən “Xatirat” yarımçıq qalsa da, onda canlı əks olunmuş hadisələrin işıqlandırılması Azərbaycan tarixinin olduqca mühüm olan Azərbaycan Xalq Cümhuriyyəti dövrünü tədqiq etmək üçün qiymətli mənbədir. Kitab tədqiqatçı alimlər və tarix ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
“General Polad Həşimov xatirələrdə” kitabı 14 iyul 2020-ci il tarixində Tovuz rayonu ətrafında gedən döyüşlərdə şəhid olan general-mayor Polad Həşimov haqqında xatirələrdən ibarətdir. Kitabda şəhid generalın ailə üzvlərindən, yaxınlarından, zabit və əsgər yoldaşlarından götürülən xatirə yazıları yer alıb. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub və şəhid generalın cəmiyyətə daha yaxından tanıdılması məqsədi daşıyır. Vətənimiz Azərbaycan uğrundan canından keçən bütün şəhidlərimizə rəhmət diləyirik! Şəhidlərimizin ruhuna dərin ehtiramla, “XAN Nəşriyyatı” komandası
Tanınmış yazıçı Anarın “Sizsiz” əsəri xatirə-romandır. Bu əsəri oxumaqla yazıçını və onun ailəsini yaxından tanımaq mümkündür. Əsərdə atası Rəsul Rza, anası Nigar Rafibəyli haqqında yazılmış həqiqi hekayələr yer alıb. Anar bu əsərində sevinc, kədər, xəstəlik, vəfa kimi bəşəri mövzularla mədəni dairələrimizdəki ideal və örnək ailənin cizgilərini müəyyən edib. “Sizsiz” – səmimiyyətlə intellektuallığın vəhdətindən yaranan əsərdir.
Bu kitab böyük Azərbaycan şairi Şəhriyar (Seyid Məhəmmədhüseyn Behcət Təbrizi) haqqında xatirələrdən ibarətdir. Toplunun əvvəlində öz xatirələri də yer alıb. Əlavə olaraq şairin qızı, qardaşı, dostları, müxtəlif sənət və ədəbiyyat adamlarının da yazısı kitaba salınıb. Bu xatirələrdə Şəhriyarın uşaqlığından tutmuş ahıl yaşlarına qədər başına gəlmiş hadisələrdən bəhs edilir. “Məhəmmədhüseyn Şəhriyar xatirələrdə” kitabı şəhriyarşünaslıqla maraqlananlar, ümumilikdə isə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
“Xatirə Ədəbiyyatı” silsiləsinin 49-cu kitabı olan “Köhnə Bakı”da Azərbaycanın opera müğənnisi (lirik tenor), aktyor, rejissor, pedaqoq, teatr xadimi, xalq artisti (1932), Azərbaycanın professional musiqi teatrının banilərindən biri Hüseynqulu Sarabskinin (20 mart 1879, Bakı–2 fevral 1945, Bakı) inqilabaqədərki Bakı haqqında xatirələri verilib. XIX əsrin sonu–XX əsrin əvvəllərində xurafata yuvarlanan digər bölgələr kimi paytaxt Bakı şəhəri də xalqı zülmü altında saxlayan fırıldaqçı din xadimlərinin, çar qulluqçularının, şəhər qoçularının və digər feodal ünsürlərin yazılmamış qanunları ilə idarə olunurdu. Daim təqib və təhqir edilən maarifpərvər, ziyalı insanlarsa bu cəhalətlə mübarizə aparmaqda aciz idi. “Köhnə Bakı” kitabında, əsasən, o vaxtkı adət-ənənə və oyunlar haqda geniş məlumat əks olunub.