Məmməd Səid Ordubadinin tarixi romanlarından sonuncusu olan “Qılınc və qələm”də böyük Azərbaycan şairi və mütəffəkiri Nizami Gəncəvinin yaşadığı dövrün geniş, hərtərəfli mənzərəsi yaradılıb. Tarixi sənədliliklə bədii təxəyyülün ustalıqla əlaqələndirildiyi romanda iki qəhrəmana daha geniş yer verilib: bunlardan biri Nizami, digəri isə Fəxrəddindir. Kitabda Nizaminin fikri-bədii təkamülündə rol oynayan şəxsiyyətlərin bədii surətləri də diqqəti cəlb edir. Roman iki hissədən ibarətdir. Bu kitabda hər iki hissə öz əksini tapıb.
Vətənin taleyi haqqında mühüm tarixi keçidlərdə Azərbaycan xalqının qarşısına çıxan "Olum, ya ölüm" məsələləri barədə dərin düşüncələri Y.V.Çəmənzəminlinin XVIII əsrin böyük sənətkarı və dövlət xadimi Moll Pınah Vaqifin adıyla bağlı olan "İki od arasında" romanında yüksək bədii sənətkarlıqla, həqiqətə güzəştsiz sədaqətlə əksini tapıb. Bu roman Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil olub.