Название | Könlüm Qarabağdadır |
---|---|
Автор произведения | Теймур Эльчин |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-9952-311-56-3 |
Dünya – böyük karvan yolu,
Gəlimlidir, gedimlidir!
Onun da bir son ucu var,
Ölümlüdür, itimlidir!
Könlüm Qarabağdadır
Qarabağ
Qarabağ!
Qədim baba yurdumuz!
Odumuz, ocağımız!
“Yer ver, gəlim” – deyənə
Açılan qucağımız.
Dostluğa sədaqəti,
Məhəbbəti sönməyən.
Əhdindən, ilqarından –
Aləm dönsə – dönməyən.
İgid, mərd övladların
Şahin gözü – Qarabağ!
Yel qanadlı atların
Cıdır düzü – Qarabağ!
Sənə kim bata bilər?
Xəyanətin pəncəsi
Dibindən kəsilməsə,
Kim rahat yata bilər?
Qarabağ!
Ağ birçəkli anamız,
Bayatımız, laylamız.
Şeir-sənət dünyamız,
Qarabağ!
Elimizin ən gözəl,
Yaraşıqlı xalçası.
Zəhmətə qiymət verən,
Torpağa zinət verən,
Azərbaycan xalqının
Ürəyinin parçası,
Qarabağ!
Sularından içməyən
Bilirmi şərbət nədir?
Dostu yaddan seçməyən
Bilirmi qeyrət nədir?
Şərbətimiz – Qarabağ!
Qeyrətimiz – Qarabağ!
Dağlardan aşıb gəlir,
Qarışır bulaqlara.
Qaynayır, daşıb gəlir
Gur şikəstən, Qarabağ!
Oxu zildən, Qarabağ!
Oxu pəsdən, Qarabağ!
Qoy yayılsın aləmə
Bu şikəstən, Qarabağ!
Qarabağdadır
Mənim geniş düzlərim,
Başı uca dağlarım
Qarabağdadır!
Mərd oğul, mərd qızlarım,
Ellərim, oymaqlarım
Qarabağdadır!
Babaların qeyrəti,
Musiqimin şöhrəti,
Yer üzünün cənnəti
Qarabağdadır!
Çal, oxusun bülbülüm,
Açılsın qızıl gülüm.
Yaxın gəlməsin ölüm –
Könlüm Qarabağdadır!
Şuşam
Şuşa – dağlar qızı,
dağlar gözəli!
Sənə körpəlikdən
vurulmuşam mən.
Odlar diyarının
bahar gözəli,
Başına dolanan
qaranquşam mən.
Sənin torpağına,
daşına qurban,
Hərdən o çatılan
qaşına qurban,
Qara gözlərinin
yaşına qurban,
Xəyanət əlindən
yaralı Şuşam!
Ürəyin genişdir
Cıdır düzüntək,
Qonaqların olsun
gərək özüntək.
Sözün nəğmən kimi,
nəğmən sözüntək,
Dayan bədnəzərdən
aralı, Şuşam!
Nəfəsim tutulsa,
mənə nəfəs ver,
Ümidim qırılsa,
ümid, həvəs ver.
Şikəstəm susmasın,
səsimə səs ver,
Uca dağlarımın
maralı Şuşam!
Gözəllərin gözəli
Nəğmən şirin, sözün duzlu-məzəli,
Dilindədir Füzulinin qəzəli.
Səninkidir gözəllərin gözəli,
İsti ana qucağısan, Qarabağ!
Ağ saçların qoca Kirsin qarıdır,
Var-dövlətin zəhmətinin barıdır.
Sinən üstdə Sadıxcanın tarıdır,
Sönməz sənət ocağısan, Qarabağ!
Ulduzların – Vaqif, Zakir, Natəvan,
Üzeyirin – ayrıca bir kəhkəşan.
Kim soruşsa, hanı Cabbar, hanı Xan?
De ki, Bülbül oylağısan, Qarabağ!
Olsun
Qarabağın dağlarında
qar gərək olsun,
Bağlarında heyva olsun,
nar gərək olsun.
Ürəkləri sərinlətsin
şır-şır bulaqlar,
Məclisində kaman olsun,
tar gərək olsun!
Qarabağın dağlarında
şimşəklər çaxar,
Göylərindən heyran-heyran
ulduzlar