Könlüm Qarabağdadır. Теймур Эльчин

Читать онлайн.
Название Könlüm Qarabağdadır
Автор произведения Теймур Эльчин
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9952-311-56-3



Скачать книгу

olan şeirlərinin bir qismi də balaca oxuculara riyazi əməliyyatların asan yolla öyrədilmə-sinə yönəldilmişdir. Uşaqların maraqlarına uyğun şəkildə qurulan bu tip şeirlər həm onların əylənməsinə, həm də riyazi biliklərinin formalaşmasına xidmət edir. “Hesabla, tap”, “Üstəgəl”, “Çıxıcı”, “Vurucu”, “Bölücü” kimi örnəklər məhz bu məqsədlə yazılmışdır. Məsələn:

1+3=4

      Bir sərçə qondu

      Səhər eyvana.

      Yaşar gətirib

      Dən tökdü ona.

      Üçü də gəldi,

      Elədi cik-cik:

      – Bizə də dən ver,

      Biz də gəlmişik.

      Tapın, uşaqlar,

      Neçə sərçəyə

      Dən verdi Yaşar?

***

      Qarabağ hadisələri başlayan ilk vaxtlardan etibarən T.Elçin dəfələrlə Qarabağa, ata-baba yurdu Şuşaya getmiş, Vasif Adıgözəlov və başqa ziyalılarla birgə orada bir sıra görüşlər keçirmişdir. Elə həmin vaxtlarda – 1988-ci ildə T.Elçin və V.Adıgözəlov birlikdə “Qarabağ şikəstəsi” adlı oratoriya hazırlamaq qərarına gəlir və bunu həyata keçirirlər (Kitabda həmin oratoriyadan uşaq ədəbiyyatı üçün də keçərli olan müvafiq seçmələr – “Qarabağ”, “Qarabağdadır”, “Şuşam”, “Gözəllərin gözəli”, “Olsun”, “Tut ağacı” – təqdim edilmişdir). Onu da qeyd edək ki, şairin Cıdır düzünün şəklini çəkdiyi bir əlyazmasını araşdırarkən məlum olur ki, bu ideya onu hələ 1947-ci ildə düşündürmüş, hətta bu məqsədlə Qarabağ haqqında bir sıra bayatılar və digər şeir nümunələri də yazmışdır. Haqqında danışdığımız “Qarabağ şikəstəsi” oratoriyasına yazdığı şeirləri isə şairin başqa bir əlyazmasından əldə etmişik1:

      İgid, mərd övladların

      Şahin gözü – Qarabağ!

      Yel qanadlı atların

      Cıdır düzü – Qarabağ!

      Yaxud:

      Babaların qeyrəti,

      Musiqimin şöhrəti,

      Yer üzünün cənnəti –

      Qarabağdadır, –

      deyə doğma yurdu vəsf edən şair, eyni zamanda, “Xəyanətin pəncəsi // Dibindən kəsilməsə, // Kim rahat yata bilər?!” misralarında düşmənə nifrətini ifadə etməklə xalqı vətən torpağı uğrunda mübarizəyə səsləyir. Onun “Şuşam” şeiri sadə və axıcı dili, obrazlı-poetik ifadə tərzi və sentimental ovqatı ilə oxucuya ruhi-emosional təsir göstərir:

      Şuşa – dağlar qızı,

               dağlar gözəli!

      Sənə körpəlikdən

               vurulmuşam mən.

      Odlar diyarının

               bahar gözəli,

      Başına dolanan

               qaranquşam mən.

      Sənin torpağına,

               daşına qurban,

      Hərdən o çatılan

               qaşına qurban,

      Qara gözlərinin

               yaşına qurban,

      Xəyanət əlindən

               yaralı Şuşam!

      Ürəyin genişdir

               Cıdır düzüntək,

      Qonaqların olsun

               gərək özüntək.

      Sözün nəğmən kimi,

               nəğmən sözüntək,

      Dayan bədnəzərdən

               aralı, Şuşam!

      Nəfəsim tutulsa,

               mənə nəfəs ver,

      Ümidim qırılsa,

               ümid, həvəs ver.

      Şikəstəm susmasın,

               səsimə səs ver,

      Uca dağlarımın

               maralı Şuşam!

      Şuşa burada bir obraz şəklində təqdim olunmuşdur. Şeirdə Şuşanın tərənnümü, şairin yurd sevgisi, onun bugünkü taleyindən narahatlığı, ayrılıq nisgili… öz bədii əksini tapmışdır.

      T.Elçinin Qarabağ mövzusunda yazdığı ağı-bayatıları təsirsiz oxumaq mümkün deyil. O, folklor janrı əsasında qələmə aldığı bu örnəklərdə dörd misraya bir elin dərdini, ağrı-acısını, nisgilini yerləşdirə bilmişdir:

      Qarabağda el qalar,

      El dərdinə el qalar.

      Yanaram, külə dönnəm,

      Ocağımı el qalar.

***

      Ucadır başın, dağlar,

      Bilinməz yaşın, dağlar.

      Sinənə dağ çəkdilər,

      Mənəm sirdaşın, dağlar.

***

      T.Elçinin cizgi filmi üçün yazdığı “Qara leylək” adlı ssenari müvafiq janrın xüsusiyyətlərini əks etdirməsi və bir sıra cəhətləri ilə maraq doğurur. Uçub gedən dəstədən ayrı düşən qanadı qırılmış Qara leyləyi balaca çoban tapıb sağaldır. Qara leylək balaca çoban və onun sədaqətli dostları olan quzu, çəpiş və Cavarla dostlaşır, onlarla bir yerdə qalır. Lakin vaxt gəlib çatır və həmin leylək dəstəsi geri dönəndə Qara leylək də uçub onlara qoşulur. Bu, ilk baxışdan Qara leyləyin dostluğa sədaqətsizliyi kimi anlaşılsa da, əslində, əsas məna başqadır. Qara leylək balaca çoban və dostlarının yanında nə qədər qayğı görsə də, nə qədər rahat və sakit həyat sürsə də, o özündən olanlardan ayrıdır, təkdir. Leylək dəstəsinin geri döndüyünü görəndə isə onun həsrətinə son qoyulur. Deməli, hər bir yaradılmış varlıq öz ortamında xoşbəxtdir, onun üçün öz yeri-yurdu əzizdir. Müəllif bu hissləri maraqlı və təsirli bir şəkildə qələmə almışdır: “Birdən Qara leylək duruxdu. Leyləklərin səsini eşitmişdi. Göydən onun qarşısına bir lələk düşdü. Leylək özünü itirdi, çırpındı, uçub gedən quşların səsinə səs verdi.

      Qara leylək ağlayırdı…

      Bir neçə gün sonra isə səhər tezdən balaca çoban qəribə bir mənzərə gördü. Qara leylək çadırın qabağında rəqs edirdi, fırlana-fırlana qanadlarını çırpır, arabir qaqqıldayırdı. Balaca çoban, quzu, çəpiş və küçük leyləyin tamaşasına durmuşdular.

      Birdən leylək bərk-bərk qanadlarını çırpıb havaya qalxdı, üç dəfə dostlarının başı üstündə



<p>1</p>

Əlyazmanın əldə olunmasında göstərdiyi köməyə görə Teymur Elçinin qızı Qumru xanıma təşəkkürümüzü bildiririk.