Название | Fəlsəfə : dərs vəsaiti |
---|---|
Автор произведения | Elşən Bayramzadə |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-9952-3706-4-5 |
Birinci pillə ağılın diqqətsiz halıdır (kişpta) : bu zaman ağıl bir obyektdən digərinə doğru “sürüşür”.
İkinci pillə ağılın kütləşmə halıdır (mudha), məsələn yuxuda olduğu kimi.
Üçüncü pillə ağılın nisbi sakitləşmə halıdır (vikşipta). Bu halların heç birində yoqa mümkün deyil.
Dördüncü və beşinci pillələr ekaqra və niruddha adlanır. Ekaqra ağılın düşüncə predmeti olan hansısa obyekt üzərində toparlanması halı, niruddha isə hər bir təfəkkür fəaliyyətinin tam kəsilməsidir.
Yoqa halı da iki növdədir. Birinci halda yoqa ağılın düşüncə obyektində tam toparlanması və mövcud obyektin aydın dərkinə gətirən vəziyyətdə təzahür edir. İkinci halda bütün əqli modifikasiyaların tam kəsilməsi idrakın tam yoxluğu kimi müşahidə edilir.
Yoqa praktikasında səkkiz mərhələ mövcuddur: cilovlama, etika mədəniyyəti, vəziyyət, nəfəsə nəzarət, hisslərin uzaqlaşdırılması, diqqət, canlı seyr, toparlanma.
1.2.5. Mimansa. Mimansa təlimi (mimansa –dərin düşüncə, tədqiqat) m.ö. V-IV əsrlərdə yaranıb. Lakin o vahid fəlsəfi təlim olaraq m.s. II-III əsrlərdə Caymini tərəfindən sistemləşdirilib. Bu təlimin ilk məqsədi veda ayinçiliyinin müdafiəsi və ona haqq qazandırılması olmuşdur. Təbii ki, bu cəhdlər son nəticədə veda ayinçiliyini əsaslandıran dünyagörüşünün axtarışlarına gətirmişdir.
Vedaların əsaslandırılmış olduğunu sübut etmək üçün mimansa təlimi mükəmməl işlənmiş idrak nəzəriyyəsini təklif edir. Bu nəzəriyyə ilk növbədə göstərməlidir ki, hər bir idrakın səhihliyi özlüyündə aşkardır. Kafi şərtlər ödəndikdə bilik yaranır. Hisslər sağlam olarsa, obyektlər məlumdursa və bütün köməkçi şərtlər ödəndikdə qavrayış baş verir. Kafi məlumatlar olduqda nəticə çıxarılır. Hər bir halda əldə edilmiş bilik həqiqidir və biz onları etirazsız qəbul edirik. Şübhə üçün hər hansı bir səbəb olarsa bilik yaranmır, çünki inam yoxdur. Buna bənzər olaraq, bu vedaları oxuyanda bilik, həm də ona inam əldə edirik. Veda dərkinin səhihliyi digər dərklərdə olduğu qədər aşkardır. Hansısa şübhə meydana çıxarsa o, mimansa arqumentləri ilə aradan qaldırılır. Maneə aradan qaldırıldıqdan sonra vedalar öz məzmununu oxucuya aşkarlayırlar. Beləliklə vedaların nüfuzu heç bir şübhə doğurmur.
Vedaların buyurduğunu icra etmək düzgün, qadağan etdikləri isə düzgün deyil. Hər bir kəsin borcu düzgünü icra etmək, düzgün olmayandan isə imtina etməkdir. Vedaların buyurduğu ayinlərin icrası nəyinsə, hansısa mükafatın əvəzində yox, məhz vedaların buyurduğu üçün vacibdir. Bilik və özünənəzarətin sayəsində ayinlərin təmənnasız icrası ölümdən sonra azadolmaya gətirir.
Mimansa təlimində görə maddi dünyanın gerçək mövcudluğu etiraf olunur. Bununla yanaşı canın ölümsüzlüyü xüsusi vurğulanır. Əks halda ölümdən sonra azadolmanı nəzərdə tutan veda ayinlərinin icrasına ehtiyac olmazdı. Lakin bu təlim tərəfdarları şüurun cana immanent xas olması ideyasını qəbul etmirlər. Onlar hesab edirlər ki, can yalnız bədənlə qovuşanda şüur yaranır. Bədəndə yerləşən can müxtəlif bilik növlərinə malik olur. Bəzi mimansa məktəbləri idrakın beş mənbəyini göstərirlər: qavrayış, nəticə, müqayisə, şəhadət və postulatlaşdırma.
1.2.6. Vedanta. Vedanta sistemi vedalara aid müqəddəs düşüncələrin zirvəsi hesab edilir. Məhz bu səbəbdən vedanta –yəni vedaların yekunu adlandırılır. Vedanta upanişadlarda əksini tapmış bütün fəlsəfi fikirləri özündə cəmləyir. Əsas müddəaları Badarayanın müəllifi olduğu “Brahma-sutrada” əksini tapıb. Bütün hind fəlsəfi sistemləri içərisində hind həyatına ən çox təsir göstərən sistem də vedantadır.
Vedanta təliminə görə bütün mövcudluğun mənbəyi Mütləq gerçəklik olan Brahmandır. Hər bir fərdin mənəvi başlanğıcı, yəni Atmanı Brahmanla eyniyyət təşkil edir. Maddi gerçəklik maddi səbəb olan mayanın fəaliyyətinin nəticəsidir. Brahman mayaya maqnit kimi təsir göstərərək onu fəallaşdırır. Ona görə də maddi dünya yalnız xəyal, illuziyadır. Upanişadlarda deyilir ki, dünya öz başlanğıcını bu gerçəklikdən götürür, onda mövcud olur və məhv olarkən ona qayıdır. Kainatda qavranılan ayrıca obyektlərin çoxluğunun (çoxcalığının) gerçək olması inkar edilir. Hər şey Tanrıdır. Can Tanrıdır. Çoxcalıq mövcud deyil. Bu can, və ya Tanrı gerçəklikdir; o qeyri-məhdud şüur (cnyana) və bəxtiyarlıqdır (ananda). Gerçək müdrik özünün daxili “Mən”i, öz Atmanını dərk etməklə Brahmanla qovuşmağa cəhd edir, bununla da dinclik halına yetişir.
Vedanta təlimi sonrakı dövrlərdə də inkişaf etdirilmişdir. Bu təlimin görkəmli ardıcılları Şankara (788-720) advayta-vedanta monist təlimini, Ramanuca (XII əsr) isə vişişta-advayta təlimini yaratmışlar.
1.3.Qeyri-ortodoksal fəlsəfi sistemlər
1.3.1. Çarvak-lokoyata. Hind fəlsəfəsində “çarvak” sözü materialist anlamı verir. Xatırladaq ki, materializm materiyanı yeganə gerçəklik hesab edən fəlsəfi doktrinadır. Materializm ağıl və şüuru materiyanın məhsulu kimi şərh edir. Bununla belə “çarvak” sözünə heç də materiyanın hərfi tərcüməsi kimi baxmaq olmaz. Bəzi versiyalara görə “çarvak” sözü materialist baxışları ilə məşhur olan müdrikin adından götürülüb. Başqa bir versiyaya görə isə “çarvaklar” adı “ye, iç, şənlən” şüarı ilə çıxış edən materialistlərə verilib. Belə ki, “çarv” –yemək, çeynəmək mənasını da verir. Və yaxud, materialistlərin sözləri xoşagəlimliyi, tez başa düşülənliyi ilə (“çaru” –xoşagələn, tez başa düşülən, “vak” –söz) seçildiyi üçün onlar “çarvaklar” adlandırılıb. Materializmi işarələmək üçün lokayata sözündən də istifadə edildiyi üçün( lokayatamata -adi insanın baxışları) bu təlim həm də çarvak-lokayata adlandırılır. Çarvak-lokoyata təliminin kim tərəfindən yaradıldığı dəqiq bəlli deyil. Bununla belə bir çox hind fəlsəfə tarixçiləri bu təlimin Brihaspati tərəfindən yaradıldığını iddia edirlər.
Çarvak-lokayata təlimi əsasən üç hissədən ibarətdir: qnoseologiya -idrak nəzəriyyəsi; ontologiya -varlıq haqqında təlim; etika -əxlaq nəzəriyyəsi.
Çarvak-lokayata sisteminə görə idrakın səhih mənbəyi qavrayışdır. Qavrayışa aid olmayan digər idrak mənbələri, məsələn nəticə, digər şəxslərin şəhadəti dəqiq deyil və yanlış nəticələr verir. Ona görə də birbaşa qavrayışla dərk etdiklərimizdən başqa heç nəyə inanmaq olmaz.
Qavrayış bizə yalnız maddi dünyanı aşkarlayır. Maddi dünya isə materiyanın dörd ünsüründən: hava, od, su və torpaqdan ibarətdir. Bu ünsürlərin hər birinin mövcudluğuna