Xatirələr. Yıxılan rejimin və bitməyən Eşqin hekayəsi. Fərəh Pəhləvi

Читать онлайн.
Название Xatirələr. Yıxılan rejimin və bitməyən Eşqin hekayəsi
Автор произведения Fərəh Pəhləvi
Жанр
Серия Xatirə ədəbiyyatı
Издательство
Год выпуска 0
isbn 978-995-255-738-1



Скачать книгу

hər şeyə inanmağa, özümü aldatmağa razıydım.

      Günlər, həftələr keçir, atamdan heç bir xəbər almırdıq.

      “Atam niyə bizə məktub göndərmir?”

      “O xəstədi, Fərəh, xəstələr məktub yaza bilməz”.

      “Bu doğru deyil, İffət xala da xəstədi, amma ailəsinə yazır”.

      Bu xala doğrudan da, Avropadaydı və ailəsi müntəzəm olaraq ondan uzun məktublar alırdı.

      Yas tutulduğu bəsbəlli olan bu böyük evdə yavaş-yavaş mən də daxil olmaqla, hamı atamdan söz açmağı tamamilə bir tərəfə qoydu. Qapını döymədən otağa girəndə adamlar susur, ya da dərhal mövzu dəyişdirilirdi; bibimdən daha solğun, üzüntüdən xarab olmuş anamsa elə hey ağlayırdı.

      Aylar keçdikcə atamı bir daha görməyəcəyim barədə fikir beynimə necə yerləşdi, heç bilmirəm. Şüuraltı duyğuyla, sözə çevrilmədən oldu bu. Madam ki mənə onun öldüyünü deməmişdilər, madam ki məzarının üstünə getməmişdim, deməli, rəsmi olaraq atam ölmüş sayıla bilməzdi. Tehranın güneyində İmamzadə Abdulla məzarlığında yatan atamın qəbrinin üstünə ilk dəfə gedəndə, on yeddi yaşındaydım. Bəli, rəsmən ölü deyildi, amma mən onu sözün tam mənasında itirmişdim. Həyatımda böyük boşluq varıydı, gözləyirdim… Sonra hər şey hüzn pərdəsinə büründü. Mən bir damcı göz yaşı tökmədən heç dözə bilməyəcəyim şey olmuşdu. Bu gün bəzi adamların atamın qəbrini gizlicə ziyarət elədiklərini, çiçək qoyduqlarını bilirəm. Hətta atamın xatirəsinə hörmətsizlik edilməməsi üçün qəbrinin üstündəki adını silmək niyyətində olduqlarını da bilirəm.

      Aradan qırx il keçəndən sonra bir həkimin müayinəxanasından qayıdanda, eyni bərk ağrı məni də yaxaladı. Ərimi itirməyimdən bir neçə il keçmişdi. Yaşadığımız bu qədər hadisədən sonra uşaqlara və mənə çox kədər verən yasdan, keçmişdən və ailə yaşantımızdan söhbət eləyirdik. Atamı “itirməyimi” danışma tərzimdə bəzi şeylər qəribə gəlmişdi ki, doktor qəfildən olub-keçəni niyə açıq bildirmədiyimi soruşdu:

      “Atanız ölüb, yox? Niyə belə demirsiniz?”

      Bunu bacarmayacağımı güman eləyirdim, amma axırda mənə çox ağır gələn həmin iki kəlməni birləşdirib “atam öldü” dedim və hıçqırıqlar məni boğdu.

      Bir neçə ay sonra uşaqlığımı keçirdiyim bu böyük evdən ayrılmaq məcburiyyətində qaldıq, anam və dayım artıq atamın sağlığında yaşadığımız həyatı davam etdirmək imkanında deyildilər. Bir binanın damı altındakı mənzilimizə daşındıq. İri xiyabanından paytaxtın böyük hissəsinin, xüsusilə Tehran Universitetinin tikililərinin göründüyü mənzilimizə dərhal isinişdim. 50-ci illərin başlanğıcıydı. Universitetin sayı sürətlə artan yeni nəsil üçün təzə binalara ehtiyacı vardı. Kranların işləmələrini, yük maşınlarının manevrlərini izləyə-izləyə keçən yüzillikdən qalan şəhərin, orda-burda göydələnlərin ucaldığı, avtomobillərin sel kimi axdığı geniş məhəllələrə bölünmüş müasir paytaxta çevrilməsinə göz qoya-qoya, neçə-neçə saatlar keçirdim bu xiyabanda!.. Elə güman eləyirdim ki, bir neçə il sonra seçdiyim memarlıq peşəsinə olan bağlılığım bu dövrdə başladı. Bizimlə eyni evdə yaşayan dayım da memarıydı, axşamlar onun layihələrinin üzərinə əyilib işlədiyinə tamaşa eləmək xoşuma gəlirdi.

      Yayda istidən canımızı qurtarmaq üçün yorğan-döşəyimizi xiyabana çıxarır, hamımız birlikdə açıq havada yatırdıq. Yuxuya getməzdən qabaq təsəvvürün tam olması üçün bir gözümü yumub qolumu uzadır, bir ulduzu və ya ayı barmaqlarımdan birinə keçirir, qiymətli daşdan üzüyüm olduğunu xəyalıma gətirirdim, bu oyundan zövq alırdım. Başqa gecələr Rzayla Tehranın açıq havadakı kinoteatrı olan “Diana”nın iri pərdəsində göyüzünə oxşayan mənzərələri heyranlıqla izləyərdik.

      Şəmirandakı uzun yay tətillərinə də əlvida demişdik, anamın artıq orda villa kirayələyəcək qədər pulu yoxuydu. Şəmirana ara-sıra, ancaq bir neçə günlüyünə, orda evləri olan üç dayımdan birinin yanına gedirdim. Belə dəyişiklikdən çox zərər çəkdiyimiz deyilə bilməzdi, çünki böyüklər tətilimizi Şəmiran əvəzinə Gilan və Azərbaycandakı qohumlarımızın yanında keçirməyi qərara aldılar. Bu tətillər və xüsusilə oraya getmək üçün səfərlərimiz böyümə çağımın şübhəsiz, ən gözəl xatirələrini təşkil eləyir. Avtobuslara minərdik. O dövrdə yollar hələ asfaltlanmamışdı, yandırıcı küləklə sovrulan toz buludları açıq pəncərədən içəri dolardı. Yolun kənarında limonad içmək üçün dayananda – su içməyimiz qadağanıydı – saç və kirpiklərimizin tozdan dümağ olduğunu, tanınmaz hala düşdüyümüzü, yaşlılara bənzədiyimizi görüb qəhqəhəylə gülərdik.

      Azərbaycanda Təbrizə, əmim Mənuçöhrün evinə gedirdik. Orda ailəyə məxsus böyük, qədim evdə qalırdıq. Əmim bizi meyvə ağaclarıyla dolu olan geniş ərazisində istirahət eləməyə aparır, mən də doyunca qaysı, gilas yeyirdim.

      Güzəranlarını torpaqdan qazanan bütün qohumlarımın ən böyük qorxusu quraqlığıydı. Hey yağış yağmasına ümid bəslənir, yağmur duasına çıxılırdı. Adətə çevrilən bu yağış həsrəti, mənim üçün də yavaş-yavaş iztirab mövzusu olmağa başlamışdı. Torpaq sahibi olmadığımız üçün Tanrıya səmimi şükür elədiyimi xatırlayıram. Başqa bir dünyanın qüvvələrini öyrənməyə başlamışdım: ədalətin olmadığı, rəhmsiz, ibtidai dünyanın… Torpaq islahatı hələ keçirilməmişdi, yoxsul kəndli ailəsini dolandırmaq üçün bir az buğda oğurlayar, ya da yanlış iş görərdisə, torpaq ağası onu döyə, hətta daha ağır cəza verə bilərdi. Bu vəziyyəti qəbul eləmir, üsyana qalxırdım, hətta iki-üç dəfə kəndliləri istismar eləyən torpaq sahiblərinə çox qəzəblənmiş, hirsimdən ağlamışdım. Onları gecə, projektorların işıqlandırdığı cipləriylə ceyranları ovlayanda gördüyüm zaman da eyni üsyanı yaşamışdım. Gözləri işıqdan qamaşan zavallı heyvanların ən kiçik də olsa, qurtuluş şansları yoxuydu! Sevilən bir uşağıydım, yaxınlarım duyğularımı ciddi qəbul eləyirdilər, amma ağaların bu alçaldıcı və zalım hərəkətlərinin mənim kimi kiçik şəhərli qızı nə qədər çox yaralaya biləcəyini tam dərk eləmirdilər.

      Zəncanda yaşayan bibim Əzizin yanında olanda, ciplə uzaq kəndlərə ziyarətə, ya da şənliklərə qoşulmağa gedirdik. Bibim bu bəhanəylə bəzi ailələrə dərman aparırdı. Səfərlər mənim İranın nə qədər böyük və iqliminin nə qədər sərt olduğunu görməyimə imkan verirdi, çünki təhlükələr heç də əskik deyildi. Çayları keçməyimiz, qorxudan nəfəsimizi kəsən dar aşırımların ətrafında dolaşmağımız, heyvanlardan, xüsusilə canavarlardan ehtiyatlı olmağımız lazım gəlirdi; kişilər bu səbəbdən silah gəzdirirdilər.

      Ara-sıra ata minib, tarlaların arasında dolaşa-dolaşa kəndlilərlə söhbət elədiyimiz də olurdu. Günorta vaxtı hamımız birlikdə çəmənlikdə oturur, kişilərin kəsdikləri qarpızı bölüşdürürdük. Adamlar Azərbaycanın kommunist kampaniyaya qoşulmağa məcbur olduğu günləri hələ qorxuyla xatırlayırdılar. Bir gün köhnə axuru gəzəndə, yanımdakı kəndli bir atın yanında dayandı:

      “Bu ata yaxşı bax, Fərəh, – dedi, – əmin Mahmud xan elə bu atın