Xatirələr. Yıxılan rejimin və bitməyən Eşqin hekayəsi. Fərəh Pəhləvi

Читать онлайн.
Название Xatirələr. Yıxılan rejimin və bitməyən Eşqin hekayəsi
Автор произведения Fərəh Pəhləvi
Жанр
Серия Xatirə ədəbiyyatı
Издательство
Год выпуска 0
isbn 978-995-255-738-1



Скачать книгу

ən insanpərvər, ən comərd, ən seçilmişidi Hafiz. İnsan qarmaqarışıq ruhi vəziyyətdə olanda nə qərar verəcəyini, hara gedəcəyini bilmirsə, əsərini gözüyumulu açıb cavabı mütləq onun misralarında tapır. “Qeybdən gələn səs” kimi tanınan şair həqiqəti sirli şəkildə sizə pıçıldayır. Hafiz həyatın üstün gəldiyi anlarda sizə yoldaşlıq eləyib ağrının öhdəsindən gələ, ya da bəxtin qabağında dura bilməyəndə, ona boyun əyməmək üçün qüvvə verir. Bu sətirləri yazan da odur:

      “Məqsədinə çatmaq üçün səhranı keçməyin gərəkdisə, illərlə yoluna davam elə, tikanların açdığı yaralara fikir vermə”.

      Anam təpədən-dırnağa qədər şeirlə dolu həyat yaşayırdı. Hər hadisəylə bağlı xatırladığı bir şeir olurdu mütləq, üzü qəfildən işıqlanır, şeiri əzbərdən deyirdi. Mən də ona başqa şeirlə cavab verəndə, çox sevinirdim. Bu, oyundan daha artıq şeyiydi. Yer üzündə gəlib-gedəri olmağımızı qəbul eləməyin və təvazökarlıqla düşünənlərin biliyinə sığınmağın bir başqa yoluydu şeir. Mən yenə şirazlı olan Sədini, Mövlanə Cəlaləddin Rumini, Ömər Xəyyamı və çağdaş şairlərimizdən Foruq Fərruxzadı, Firudin Məclisini, Söhrab Sepehrini və bir çox başqalarını sevirəm.

      Zamanla evdəki kədərli hava bir az dağılmışdı, atamın itkisinin ağrısını hamımız ürəyimizdə dəfn eləmişdik. Dayılar, bibilər uşaqlarla yanaşı həyat keçirirdik. Artıq məktəb yoldaşlarımı da evə gətirirdim, beləcə, Rzayla keçirdiyimiz ayrılmaz ikili həyatımız və ailə dairəsi genişlənirdi. Bir çox dostum varıydı; əsasən, uşaqlarla yaxşı dil tapırdım, ətrafımdakı böyüklərin şəfqət daşan münasibətlərinin hədəfiydim. Niyə hamı mənə bu qədər mehribanlıq göstərirdi? Başqalarından nə gözəl, nə də sevimli sayırdım özümü. Sonra düşündüm ki, başqalarının üstümdə titrəmələrinin səbəbi nə gözəl gözlərimin xətriydi, nə insani cazibədarlığımıydı. Yeganə səbəb atam öldüyü üçün mənə acımaları ola bilərdi.

      Bu vəziyyət aylar boyunca məni narahat elədi. Həmin sevgi əlamətlərini qəbul eləmək meyliylə, qulağıma çox xoş gələn o sevgi sözlərinin səmimi olmadığını pıçıldayan daxili səsimə inanmağım arasında vurnuxa-vurnuxa qaldım. Bu narahatlığım sonralar keçib-getdi. Amma həmin çağdan qalma bir şəkkaklığım varıydı; mənə atılan böhtanları araşdırıram. Bu səbəbdən, Şahbanu olanda ikiüzlülərdən, saraydakı yaltaqlardan çox ehtiyatlı olmuşam. Ara-sıra onların oyununa düşdüyüm oldusa, mənə söylədiklərinə nadir hallarda diqqət vermişəm. Beləcə, ayaqlarımın yerdən üzülməməsinə nail olduğumu güman eləyirəm. Qənaətimcə, tərifləmələr, ürəkdən gəlməyən davranışlar insan zəkasına həqarət mənasını verir, insanı aldatmaqdan fərqi yoxdu. Həmsöhbətlərimi incitməmək üçün onların üzünə heç şeyi vurmuram, amma bu vəziyyət məni dərindən yaralayır.

      Min illərdi elə eyni tarixlərdə keçirdiyimiz, həyatın hər şeyə baxmayaraq davam eləməsinin lazım gəldiyini, bölüşdürüləcək ortaq xoşbəxtliklər olduğunu göstərən milli bayramlarımız var. Bu bayramların ən başlıcası yazın birinci günü olan 21 marta düşən Novruz (hərfi mənası “yeni gün”) hamının ən çox hazırlaşdığı bayramdı. Onun gəlişi ailədəki əhvali-ruhiyyəni canlandırırdı. Çünki uşaq olanda, Novruzu hamımız birlikdə böyük evdə keçirər, bir-birimizə növbənöv şirniyyatlar, noğullar, meyvələr verərdik.

      Bu həmişə belə olmuşdu. Evlərdə bayramdan iki həftə qabaq təpədən-dırnağacan təmizlik işləri başlayardı, çünki Novruz hər şeydən qabaq yeniliyin rəmziydi; incikliklər unudular, təmizlənib-yuyunub yeni paltarlar geyinilər, evlər təmizlənər və yeni il ayrı daxili aləmlə qarşılanardı. Bizim kiçik ailəmizin bu coşquyla hərəkətə başlamasının ilk əlamətləri təmizliklə bağlı işləriydi. Ev nəhayət, tərtəmiz olandan sonra o məşhur şəkər-şirniyyat hazırlıqlarına başlana bilərdi. Bunun üçün kamil aşpaz olan Əmcət xalamın evində toplaşırdıq. Aşağı mərtəbədəki geniş mətbəxə doluşub, aşpaza kömək eləyərdik. Bu hazırlıqların günlərlə davam elədiyi olurdu… Ən axırda bayram günü süfrə hazırlanırdı. Yer üzünün bütün nemətləri Novruz süfrəsində olur: doğuluşun rəmzi yumurtalar, sağlamlıq üçün sarımsaq, eşq üçün kiçik quru yemişlər, gözəllik üçün alma, rifah üçün qızıllar, işıq üçün şamlar və bir güzgü, yenidən doğuluşun rəmzi kimi, qabaqcadan gözəl qabda xüsusi cücərdilmiş buğda, bir kasa suyun içində dünyanın əbədi olduğunu bildirən şamama və nəhayət, bu dünyanın fani olduğunu göstərən ağac yarpağı. Əlbəttə, etiqad edilən dinə görə, müqəddəs kitab da süfrədəki yerini tutur.

      Vaxt yetişəndə – yazda, gündüzlə gecə bərabərləşdiyi gün (saatı illərə görə dəyişir) ailəliklə masanın ətrafında toplaşıb qucaqlaşır, bayram təbrik edilir, yeni il üçün diləklər tutulur. Böyüklər uşaqlara bayram pulu verir: bəzən xırda pul, bəzən də təptəzə kağız pullar.

      Bu ilk gündə bütün ölkə bayram havasına bürünür. Adətə görə qabaqca ailənin ən yaşlısına baş çəkir, sonra digərləri: böyük ana-atalar, əmilər, dayılar, xalalar, bibilər, onların uşaqları ziyarət olunur. Elə ki, İran küçələri rəngarəng geyinmiş, nəşəli, əlləri çiçəklərlə dolu, balet oynayırmış kimi gedib-gələn, gülən, bir-birinə şirniyyat verən minlərlə insanla dolur və bu şənlik günəş batana qədər davam eləyir.

      On üç gün sonra gələn Sizdah yalnız bayırda keçirilməsi lazım gələn gündü, əks təqdirdə uğursuzluq gətirəcəyinə inanırlar. İlin on üçüncü günü elə bil, bütün ölkə piknikə gedir. Varlılar yemək dolu maşınlarıyla şəhər ətrafına çıxır, imkanı daha az olanlarsa, küçələrdə, ya da dərə yamacında, çinarın altında xalılarını sərib samovarlarını qoyur, yazın ilk şəfəqləri altında manqal kömüründə kabab çəkir, yemək bişirirlər. Hər yer nağara, saz, zurna çalan çalğıçılarla dolu olur.

      Tehrandan kənarda yemək yeyilməsi üçün bu günlər ən gözəl günlərdi. Hava hələ çox isti deyil. Elbrusun hələ qarlı olan təpələrindən şəhərə xəfif, yüngül külək əsir. Yeni ilin uğurlu olması üçün gün çıxmamışdan qabaq cücərmiş buğdanı götürüb axar suya atmaq lazım gəlir. Biz bunu anamla birlikdə eləyirdik.

      Ölkəmdən çox uzaqlarda olduğum bu gün belə, mənim buğda cücərtilərimi başqa çaylar götürüb aparır. Bir dəfə Amerikada sürgündə olanda və hara gedəcəyimizi bilməyəndə, axırda dənizdə yaşamağa qərar verdiyimizi xatırlayıram. Amma o zaman çimərlik bağlıydı və mənim mühafizəmə cavabdeh olan adamların tanışı çimərlik gözətçisiydi. Ona Novruz ənənələrimizdən söz açanda – amerikalılar ənənələr barədə son dərəcə diqqətlidilər – gözətçi bizə buğda cücərtilərimizi dalğalara atmağımıza icazə verdi.

      Novruzdan qabaq “Çərşənbə suru” bayram edilir. Bu, ilin son çərşənbə axşamına təsadüf eləyir. Son çərşənbə axşamı tonqalın üstündən atılır, beləcə, rəmzi olaraq içimizdəki bütün pislikləri alova atır və oddan istilik, işıq alırıq. Biz bu Novruz tonqalını Tehranda bağçalarda, kəndlərdə, başqa bir yer yoxuydusa, küçədə qalayardıq. Bəlkə unudula bilər, amma bu gün belə kimliyimizi təşkil eləyən həmin ənənələrdən vaz keçməkdənsə, evimdə rəmzi olaraq şam yandırır və onun üstündən