“Xan” nəşriyyatının “Xatirə ədəbiyyatı” seriyasından nəşr etdiyi ilk kitab görkəmli Azərbaycan yazıçısı və dramaturqu Cəfər Cabbarlı haqqındadır. Xatirələrin müəllifi isə yazıçının əmisi qızı və həyat yoldaşı olan Sona xanım Cabbarlıdır. Bu kitabı oxumaqla siz yazıçının həyatının bütün dönəmləri – uşaqlığı, gənclik illəri, yaradıcılığı haqda ətraflı məlumat alacaqsınız. Həm də bu həyatın ən yaxın şahidi olmuş bir xanımın dilindən.
“XAN” nəşriyyatının “Xatirə ədəbiyyatı” silsiləsindən təqdim etdiyi ikinci kitab Fridrix Bodenştedtin “Mirzə Şəfi haqqında xatirələr” kitabıdır. Kitabda 1844-cü ildə Qafqaz canişini general Netqardtın təklifi ilə Almaniyanın Hannover şəhərindən Tiflisə gələn Fridrix Bodenştedtin “tatar” dilini öyrənmək üçün Mirzə Şəfi ilə görüşməsindən, aralarında yaranan səmimi münasibətdən və Mirzə Şəfinin sevgilərindən, qadınlar haqqında düşüncələrindən və onlara böyük hörmətindən bəhs edilir. Ümumiyyətlə, kitab, bu böyük söz adamı haqqında məlumat almaq və onu az da olsa tanımaq üçün yeganə mənbə hesab edilir.
“XAN” nəşriyyatının “Xatirə ədəbiyyatı” silsiləsindən təqdim etdiyi dördüncü kitab Yusif Vəzir Çəmənzəminlinin xatirələrini əhatə edir. Kitabda onun “Bir cavanın dəftəri” və “Həyatımın iyirmi ili” xatirələri dərc olunub. Çəmənzəminli birinci əsəri hekayə kimi qələmə alsa da, əsərin qəhrəmanı özüdür. Bu kitabda siz Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olan Yusif Vəzirin Kiyevdə oxumağa gedənə qədər həyatının bir çox dönəmləri haqqında müfəssəl məlumatlar əldə edə biləcəksiniz.
“Molla Nəsrəddin” ədəbi məktəbinin banisi, böyük Azərbaycan yazıçısı Mirzə Cəlil Məmmədquluzadənin “Xatiratım”ı “Xatirə ədəbiyyatı” seriyasından dərc etdiyi beşinci kitabdır. Oxuduqca yazıçını əhatə edən proseslər və ədibin müasirləri haqqında heç bir ideoloji təsirə məruz qalmamış məlumatlar əldə edə, dövrün mübahisəli məsələlərindən, dönüş məqamlarından xəbərdar ola biləcəksiniz.
Bu kitabda toplanmış xatirələr ölməz şairimiz Mikayıl Müşfiqin ömür-gün yoldaşı, şəxsiyyətə pərəstiş illərində başı müsibətlər çəkmiş Dilbər Axundzadənin şairlə bağlı qələmə aldığı könül çırpıntılarıdır. Xatirələr həmin dövrün acılarını duymaq və şairin yaradıcılığını öyrənmək baxımından daim öz aktuallığını saxlayır.
“XAN” nəşriyyatının “Xatirə ədəbiyyatı” silsiləsindən təqdim etdiyi yeddinci kitab Məmməd Səid Ordubadinin xatirələrini əhatə edir. “Həyatım və mühitim”də Ordubadi yaşadığı dönəmi detallı şəkildə oxucuya çatdıra bilir. Xatiratı oxuduqca çar hökumətinin məhbəslərində yaşanan faciələri, qadınların başına gətirilən əxlaqsız hərəkətləri, I Dünya müharibəsinin yaşatdığı acıları əhatəli şəkildə görmək olar.
Kitabda böyük Azərbaycan mütəfəkkiri Hüseyn Cavidin ailə üzvlərinin – həyat yoldaşının və qızının Cavid haqqındakı xatirələri toplanıb. Bu xatirələr şairin acı taleyinin ağır anlarını bir daha yaşamaqla yanaşı oxucuya, böyük sənətkarın irsinin əbədiliyinə inam hisslərini aşılayır.
Fransada yaşayıb-yaratmış Ümmülbanu (Banin) iki məşhur neft milyonçusunun – Şəmsi Əsədullayev və Musa Nağıyevin nəvəsi olub. Fransız dilində qələmə alınmış “Qafqaz günləri” avtobioqrafik romanında Banin uşaqlıq illərindən başlayaraq Parisə getdiyi günə qədər həyatında baş verənləri qələmə alıb. Roman son dərəcə səmimi bir dildə yazılıb və heyrət doğuran etiraflarla doludur. Kitabda Baninin ailəsi ilə bağlı xatirələri ilə yanaşı, dövrün mədəni-siyasi hadisələri ilə də tanış oluruq. 1917-ci il inqilabı, Azərbaycan Xalq Cumhuriyyətinin qurulması, erməni-müsəlman qırğını, Qızıl Ordunun ölkəyə daxil olması ilə müstəqilliyimizə son qoyulması, varlıların mallarının müsadirə edilməsi, Azərbaycanda sosializmin inkişafı və yayılması kimi məsələlər bir şahidin dilindən nəql edilir. Kitabın 54-60-cı səhifələrinin tərcüməçisi Çimnaz Vəliyevadır.
Kitabda Xalq yazıçısı Əzizə Cəfərzadənin müxtəlif illərdə müəllimləri, qələm dostları, elm, incəsənət xadimləri, eləcə də müxtəlif sənət sahibləri və digər tanıdığı şəxslər haqqında yazdığı xatirələri yer alıb. Bu xatirələrin bir hissəsi müxtəlif illərdə ayrı-ayrı mətbu orqanda çap olunub. Bəziləri isə yazıçının Ev Arxivində saxlanılan materiallar əsasında tərtib edilib. Yazıçının xatirələri küll halında ilk dəfə bu kitabda oxuculara təqdim olunur.
Kitabda mərhum Xalq şairi Məmməd Arazın çətin, bir o qədər də mənalı, dolğun həyatı ömür-gün yoldaşının dilindən nəql edilir, dövrün ədəbi, sosial-ictimai portreti maraqlı ştrixlərlə oxucuya çatdırılır. Nəşrdə həqiqi ədəbiyyatın qaqrşısına kötük dığırladanlar, eləcə də əsl sənətə qahmar çıxanlardan danışılır. Eyni zamanda ikinci dəfə müstəqillik qazanan dövlətin keçdiyi keşməkeşlərdən, müharibənin yaratdığı problemlərdən söz açılır, bütövlükdə sənətkar ömrü təhlil edilir.