Xatirələr. Yıxılan rejimin və bitməyən Eşqin hekayəsi. Fərəh Pəhləvi

Читать онлайн.
Название Xatirələr. Yıxılan rejimin və bitməyən Eşqin hekayəsi
Автор произведения Fərəh Pəhləvi
Жанр
Серия Xatirə ədəbiyyatı
Издательство
Год выпуска 0
isbn 978-995-255-738-1



Скачать книгу

həftə sonra insanlar başa düşəcəkdilər… Bəli, inanmaq, gələcəyə inanmaq lazım gəlirdi. Nə olursa-olsun, ümidsizliyə boyun əymək istəmirdim.

      İztirab dolu gərginlik içində keçən bir neçə dəqiqədən sonra Şaha məclisin Şahpur Bəxtiyara etimad göstərdiyi bildirildi. Özü vertolyotla təyyarə limanına gəlirdi.

      Qısa müddətdən sonra Bəxtiyarın əyilə-əyilə vertolyotdan endiyini, üst-başını düzəldib pavilyonun pilləkənlərinə doğru gəldiyini gördük. Məclis rəhbəri Cavad Səid onunla birlikdəydi. İkisi də gəldilər, önümüzdə əyilib bizi həyəcanla salamladılar.

      Ərim yumşaq səslə Şahpur Bəxtiyara: “İndi hər şey sizin əlinizdədir. Bacaracağınıza inanır, İranı sizə, sizi də Allaha əmanət eləyirəm”, – dedi.

      Otuz yeddi gün sonra Şahpur Bəxtiyar Ayətullah Xomeyninin yaratdığı birinci İslam hökuməti tərəfindən devriləcək və ölümdən qurtulmaq üçün İrandan qaçmaq məcburiyyətində qalacaqdı.

      Hər səfərə çıxanda, ənənəvi duaları oxumaq üçün daim hazır olan Tehran Cümə məscidinin imamı doktor Həsən İmani bu dəfə bizimlə birlikdə deyildi. Sonradan saraya çox yaxın olan bu din adamının yola salmağa gəlməməsiylə bizi qınadığını, gedişimizə tərəfdar olmadığını göstərmək istədiyini iddia elədilər. Acı gerçəyi bir müddət sonra öyrəndik: Cenevrədə xəstəxanaya yerləşdirilmişdi. Bir neçə həftə sonra öldüyünü eşitdik.

      Artıq gedə bilərdik. Küləyə qarşı irəliləyib, rəsmi səfərlər üçün istifadə elədiyimiz “Şahin” adlı mavi-bəyaz “Boinq-707” təyyarəmizə çatdıq. Pilləkənin altına çatanda Şah döndü, bizi müşayiət eləyən kiçik qrup dayandı. Üz-üzə gəldiyimiz vaxt gizlədilməsi çətin olan həyəcan keçirdiyimizi xatırlayıram. Bizi yola salmağa gələn zabitlər, saray məmurları, pilotlar, saray mühafizə alayı mənsubları cəsarətlərini sübut eləmiş insanlarıydı. Ancaq yenə də o anda güclə gizlədikləri sarsıntı içində olduqları görünürdü. Göz yaşlarından boğula-boğula bir-bir Şahın əlini öpdülər. Əsasən, bizim getməyimizi tələb eləyən Şahpur Bəxtiyarın da gözləri yaşarmışdı.

      Şah daha sonra xatirələrini yazdığı kitabında (Məhəmməd Rza Pəhləvi, “Tarixə şəhadət”, Paris, 1979), “Yurdumdan ayrılanda, mənə sədaqətlərini göstərənlər məni çox duyğulandırmışdı; hıçqırıqlarla pozulan, insanın ürəyinə bıçaq kimi saplanan sükut hakimiydi ətrafa”, – deyə yazacaqdı.

      Nəhayət, bizimlə gəlmək istəyən bir neçə adamla birlikdə özümüzü təyyarənin içinə saldıq. Protokol şefi Əmir Aslan Əfşar, atası Əbülfət Atabəy, ərimdən qabaq sıra-sıra Əhməd Şaha və Rza Şaha xidmət eləyən Kambiz Atabəy, bizim şəxsi təhlükəsizliyimizi qoruyan Kiomərs Cahanbini və Yəzdan Nəvisiylə mühafizə zabitləri bunların arasındaydı. Uzun zamandan bəri xidmətimizdə olan başqa insanlar da vardı. Sarayda son anda ətrafımda heç bir qadının olmadığını görüb, dörd uşağımızın həkimi olan qohumlarımızdan doktor Luiza Pirniadan sonu naməlum bu səfərə mənimlə getməyi istəyib-istəmədiyini soruşmuşdum. Dərhal qəbul eləmiş, ailəsini orada qoyub təkcə, paltarlarını yığdığı kiçik bir çamadanla bizə qoşulmuşdu. Aşpazımız da bizimləydi, İranı, vərdiş elədiyi mətbəxi bir daha görməyəcəyini sezdiyindəniydi deyəsən, son dərəcə vasvası olan bu adam özüylə iri yemək qazanlarını, çuvallar dolusu noxud, düyü və mərcimək götürmüşdü… Qısası, hər kəs bir şeylə təskinlik tapmağa çalışırdı.

      Təyyarəyə minər-minməz Şah komanda hissəsində əyləşdi. Bu əvvəldən ən böyük zövqlərindən biriydi. Beləcə, keçirdiyi iztirablara baxmayaraq, hətta bəlkə də bu sarsıntı üzündən özünü sonsuzluğadək İrandan uzaqlaşdıracaq, yaxınlarının əlindən qoparacaq bu səyahətdə təyyarəni şəxsən sürmək istəyirdi. Yaşadığımız hadisələrin çoxluğundan çaşıb qalmışdım, amma için-için də dözməyi bacardığımdan özümlə qürur duyurdum. Təyyarəmizin havaya qalxmasıyla bağlı daha bir xatirəm yoxdu.

      İranın hava məkanında uçduğumuz müddətdə ərim təyyarəni idarə elədi. Sonra komandanı pilotlara verib yanımıza gəldi. Elə o zaman tarixin bizi içinə itələdiyi uçurumu bütün dərinliyilə hiss elədim. O anda dərhal dözmək üçün bəzi şeylər eləməsəydim, bəzi cəhdlər göstərməsəydim, ağlımı itirəcəkdim. Dünyaya zavallı ölkəmə yardım üçün müraciət eləməyi düşündüm. Üsyançılara qarşı olan, amma müdafiə imkanları olmayan xeyli adamı orda qoymuşduq, bu yaxınlarda mütləq ayaqlarına yıxılacaqdılar. Onlara tez kömək çatdırmaq lazım gəlirdi, bizə yaxın olan dövlət başçılarına xəbər verilməliydi. İçəridən bəzilərinə mesaj göndərmək üçün dərhal Şahdan izin istədim. Mənə qəribə tərzdə baxdı, sonra istəməyə-istəməyə razı oldu. Əfşar bəyin köməyilə bu çağırışları qələmə aldım. Sonra ilk dəfə Misirin güneyində, Asuana doğru uçanda, həyəcanla dəftərin ilk səhifələrini qaralamağa başladım. Bu dəftəri on səkkiz ay ərzində, Şahın ölümünə qədər özümdə saxladım. Aşağıda o dəftərdən bir neçə sətir çatdırıram:

      “16 yanvar 1979.

      Sarayda durum qorxuludu, çox qorxuludu. Görülməsi lazım gələn çox işlər, telefonla tapılmalı olanlar, ətrafdakı insanların hıçqırtıları…

      Ümidsizliyə qapılmamalı, ağlamamalıyam, ürək-dirək verməliyəm. Bütün həyatımı arxada qoyuram, geri dönmək ümidimi qoruyub saxlayıram, amma eyni zamanda üzüntüdən ürəyim darıxır. Sarayda ayaqlarımızı qucaqlayan, yalvaran, suallar verən insanlar: “Hara gedirsiniz? Nə vaxt qayıdacaqsınız? Niyə bizi tərk eləyirsiniz? Bizi başlı-başına buraxmayın…”

      “Xeyr, ayağa qalxın, Allaha güvənin. Siz zabitsiniz, ağlamamalısınız”, – dedim. Mən içimdə ağlayırdım, amma onlar görmürdülər.

      Vertolyotdan düşəndə gülümsəməli, inandırıcı sözlər tapmalı, daim güclü olmalıyam. “Əminəm ki, beynəlxalq birlik bu vəziyyətin öhdəsindən gələcək, mən İran xalqına güvənirəm”.

      Jurnalistlərə dediklərim bunlarıydı. Aralarından bir nəfər mənə: “Allah köməyiniz olsun!” deyə pıçıldadı. Sonra hamı təyyarəyə doğru yönəldi. Orda insanlar Şahın qarşısında diz çökdülər. Ərim pərişan olmuşdu, gözləri yaşla doluydu. Pilotlar, zabitlər, jurnalistlər, mühafizəçilər, hamı hıçqıra-hıçqıra ağlayırdı.

      Bomboş səmaya qalxdıq. Hər şeyi itirməyin qorxusu qəlbimi qorxunc şəkildə parçalayır. Uşaqlarım, dostlarım, ölkəm… ürəyim param-parça! Bu sonu bilinməyən səfərə çıxmaqdansa, yurdumda ölməyi üstün tutardım. Sonu bilinməyən bu səfər bizi hara aparacaq? Qəlbim bu qədər parçalanıbsa, yaşamağa, təpərli olmağa necə davam eləyəcəyəm?”

      İlk gənclik illərimdə gələcəyimi düşünəndə, özümü mədəni, qürur duyacağım bir kişinin yanında təsəvvür eləyərdim. Get-gedə daha çox qadının İranın inkişafına qoşulmaq üçün səfərbər olduqları bir vaxtda, 50-ci ilin axırlarında təhsilimi bitirmədən ərə getməyi fikirləşmirdim. Günlərin birində ölkəmizin ən böyük şəxsiylə evlənmək ağlıma belə gəlməzdi. Şahdan bir gün:

      “Niyə