Название | Sehrbazın Şagirdi |
---|---|
Автор произведения | Эвальд Флисар |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn |
“Hər bir cəmiyyət səni illüziyalarla doldurur, sonra onları gücləndirir. Heç kimin səni izləmədiyi tənha bir yerə çəkilməli olduğunun səbəbi budur. Yalnız belə bir yerdə paltarından əl çəkə bilərsən. Özünlə bağlı illüziyalarını kimin qarşısında müdafiə etmək istərdin? Himalay kəndliləri? Rahiblər, yaklar, keçilər? Mənim qarşımda? Mən sənin nə olduğunu bilirəm. Burada öz çılpaq mənliyinə qədər soyuna bilərsən. Ölkənə qayıdanda özdən xəbərdar olacaqsan”.
O, təkrar etdi ki, mənimçün təyin etdiyi psixofiziki məşqlərin yalnız bir məqsədi var: məni boşaltmaq və aydınlandırmaq. Lakin proses paradoksaldır; o, həmçinin özündə geriçəkilmələri və reqressiyaları ehtiva edir. Hərəkət etməzdən əvvəl bir-iki addım geri çəkilməli ola bilərəm. Çox vaxt geriyə addım atmaq artıq irəliyə doğru bir addım deməkdir. Geriyə addım çox vaxt uşaqlığa qayıdışdır. Lakin əksər hallarda qaranlıq, depressiya, ruhi xəstəlik dəhşətinə düşmək deməkdir. Həmçinin ruhi xəstəlik çox vaxt psixi sağlamlığın ilkin şərti olan daxili yenidənqurulmanın təzahürü olur. Yolda məni gözləyən şeylər arasında çox az şey təxmin edilə bilər. Qorxuramsa, yenə də fikrimi dəyişə bilərəm.
Və mən bunu etsəm o nə deyəcək?
O, mənə baxdı. "Bilirəm ki, yalnız çox gec olanda fikrini dəyişəcəksən".
IX
HÖRÜMÇƏK TORUNUN AÇILMASI
Ayağım yerdən nə qədər kəsilirdisə, bir o qədər də anlayırdım ki, özüm özümü hörümçək toruna dolamışam. Ayağımın altındakı torpağın sonsuz olduğuna və uçurumdan büdrəməyəcəyimə dair əminliyə ehtiyacım var idi. Hər dəfə sürüşməyə başladığımı hiss edəndə torpağı genişləndirirdim, bir uzantı əlavə edirdim, sonra isə həmin uzantıya daha bir uzantı əlavə edirdim və bu əbədi döngü davam edirdi.
Yoqananda mənə dedi ki, mənim özümü aldatmağım cahilliyimdən yaranıb. Heç nə yoxdur. Və ya başqa sözlə, hər şey heçdir. Bunu bilmədiyim üçün (yaxud bilsəm, sadəcə inanmazdım), boşluğu forma ilə doldurmağa çalışmışam. Dünyanın təbiətindən xəbərsiz olduğum üçün anlayışlar formalaşdırmağa və strukturlar yaratmağa başlamışam. Bununla belə, heçlik (sabit bir varlıq kimi mənim yoxluğum) boş məkan olduğundan mən yalnız məkan təcrübələrimi donduraraq formalar yarada bilərdim. Heçlikdən qorxaraq yapışa biləcəyim iplər yaratmağa davam etmişəm; gəmilərimə rəhbərlik edəcək mayaklar. Bu proqnozlar mənə mövcud olduğumu hiss etdirirdi və bu hiss yeni proqnozlar yaratmaqla özünü təsdiqləməyə davam edirdi.
Bu prosesdə meydana çıxan mənim “mən”im, eqom, buranın mütləq hökmdarı, təcrübəm idi. Bu hökmdar üç strateji hərəkətə keçmişdi: maraqsızlıq, acgözlük və aqressivlik. O, baş verənlərlə bağlı ona məlumat verən gizli məlumat xidməti yaradıb. Onda bütün hadisələrin və psixi vəziyyətlərimin tam icmalı var idi. Maraqsızlıq, laqeydlik strategiyası passiv idi: bu, xoşagəlməz faktlar qarşısında məni incidə biləcək, oyadacaq və ya səhv ola biləcək hər şeydən əvvəl gözlərimi yummaq qabiliyyətimdə özünü göstərirdi. Bu, yalançı gücün, yalançı mənliyin, qeyri-səmimi hakimiyyətin hadisələr üzərindəki strategiyası idi.
Acgözlük yoxsulluq qorxusundan, mənə özümü canlı, müstəqil və müvəffəqiyyətli olduğumu hiss etdirəcək şeylərin olmamasından doğmuşdu. O, təcrübələrin, faktların, hadisələrin və “anlayışların” kor-koranə mənimsənilməsi və toplanmasında özünü göstərirdi; hər şey üçün yanan arzuda. Bolluq olan vaxtlarda qıtlıq çəkəcəyim vaxtlar üçün ehtiyat yığmağa can atırdım. Depersonalizasiyadan qorxaraq çoxlu maddi və mənəvi (xüsusən də mənəvi) qida toplamışdım, bu mənim əminliyimin illüziya bazası idi. Lakin bu ehtiyatlar heç vaxt yetərli görünmürdü. Daha çoxunu istəyirdim. Mən heç vaxt çılpaq və ac qalmayacağıma tam əmin olmaq istəyirdim; çünki dünyanı optimal şəkildə “başa düşəcəyəm” və “təcrübə edəcəyəm”.
Məni idarə edən eqonun öz ərazisini müdafiə etmək üçün istifadə etdiyi strategiya instinktiv idi. Lakin o qədər geniş yayılmış və o qədər mürəkkəb idi ki, eqomun müdafiə qüvvələri üçün qərargah lazım idi. Adlarına görə əşyaları ayırd etmək bacarığı lazım idi. Yaranan şey intellekt idi. Hansı ki, bu, zalım fanatiklərin bir növ məxfi xidmətinə çevrildi, eqoya/hökmdarın vəzifə tələbindən kənara çıxmasına, dövlət daxilində, bir növ, dövlətə, eyni zamanda inkivizisiyaya və mənəvi elitaya çevrildi. Onun ruhi batalyonları həmişə hazırlıq vəziyyətində idi; bütün sui-qəsdlərin qarşısı alınmışdı.
Buna baxmayaraq, eqo hakimiyyəti nizamlı deyildi. Müdafiə sistemi xaotik, ziddiyyətli və israfçı idi. Eqo öz müdafiə elitasından sui-istifadə edərək onları tükənənə qədər işləməyə, o tərəf-bu tərəfə qaçmağa, bir-birinə qarşı casusluq etməyə, artıq yerinə yetirilən işləri təkrarlamağa, bir-birinə hesabat verməyə məcbur edirdi. Mənim "mən"imin sahəsi hadisələrə təsir edə biləcək generalların olmadığı xaotik döyüş meydanına bənzəyirdi: böyük səs-küy və nizamsızlıq, o ucdan bu uca qaçan maliyyə problemlərindən tutmuş seksual fantaziyalara, Allaha, dostların hörmətinə, qocalmağa qədər; hər yerdə təhlükə qorxusu var idi.
Hansı təhlükə? Bu yaranmış reallıq krallığında bir boşluq meydana çıxacaq və bu boşluq vasitəsilə eqomun varlığımla bağlı mənə dediyi hər şeyin illüziya olduğu həqiqəti ilə qarşılaşacaqdım? Boşluq həqiqəti ilə? Bir Heç olduğumu dərk etməklə?
Yoqananda içimdə nələrin baş verdiyini, düşündüyüm və hiss etdiyim şeyləri soruşmağa davam etdi. Başa düşdüm ki, ona real hadisələri çatdıra bilməyəcəyəm, yalnız hisslərimi, o hadisələrlə bağlı fikirlərimi deyə bilərəm. Mənəvi döyüş meydanımdakı vəziyyəti ona ancaq zəkamın informasiyası çatdıra bilərdi. Bunlar müstəqil şahidlərin hesabatları deyildi; intellektual senzura yolun bir hissəsində onları öz hakimiyyəti altına salmışdı.
"Mən həqiqəti ifadə edə bilmərəm, – dedim. – İntellektim mənim ifadə qabiliyyətimin mütləq sahibidir. Dediyim hər şey onun kanallarından keçməli, qəlibinə tökülməli, sözlərinə rast gəlməlidir. Bacarmıram, içimdə baş verənlərlə bağlı həqiqəti çatdırmağı, sadəcə olaraq, bacarmıram”.
"Sözləri burax. Göstər", – dedi.
Dilemmanı uşaq zarafatı ilə göstərməyə çalışdım. “Sanki yoldakı bütün çuxurları yığıb yük maşınına yükləmişəm. Ancaq biri qalıb. Hər dəfə onu götürmək üçün maşınla geri dönəndə həmin çuxura düşürəm!”
O dedi ki, sanki ayaqqabılarımın ipindən tutaraq özümü yuxarı çəkməyə çalışıram. Mən meditasiya ilə başımı qatıram. Özümü, varlığımı, eqomu; qaçmaq istədiyim hər şeyi təsdiqləmək üçün meditasiya edirəm. Zehni məşqlərimin başlatdığı prosesə münasibətim “hər şey və ya heç nə”dir. Uğur qazanacağıma dair şiddətli bir ümidlə dolur