Hekayələr. Чингиз Айтматов

Читать онлайн.
Название Hekayələr
Автор произведения Чингиз Айтматов
Жанр
Серия Hekayə ustaları
Издательство
Год выпуска 0
isbn 9789952242058 



Скачать книгу

kiçilə-kiçilə düzənlikdə uzaqdan gələn mahnı sədası kimi mavi səmada əriyib itdi və nəhayət, qara bir nöqtəyə çevrildi. Qaranquşlar yad ölkələrə uçub getdilər. Halbuki elə bu səhər tezdən onları yaxından görmək, onlara baxıb zövq almaq, onların cəh-cəhlərinə qulaq asmaq olurdı. Hansısa anlaşılmaz, şirin bir kədərin sərxoşluq dalğası onun qəlbinə doldu, gözləri yaşardı; qoca artıq heç nə görmürdü, ancaq o, səmaya baxmağa davam edir və nəsə ona əziz və doğma olan, bir də tapılmayacaq bir itki haqda düşünüb ah çəkirdi. Cavan olsaydı, bir vida mahnısı oxuyardı.

      Yaxınlıqda eşidilən at ayaqlarının tappıltısı Çordonu öz xəyallarından ayırdı. Kimsə yorğa bir atın üstündə təpəni qalxırdı. Çordon onu görən kimi tanımadı. Bu, qonşu kənddən olan qoca Saparalı idi. Onlar bir-birini çox az tanıyırdılar. Hərdənbir xeyirdə-şərdə rastlaşır, salamlaşırdılar və bununla onların ünsiyyəti bitirdi. Saparalı, yəqin ki, harasa qonaq gedirdi. Onun əynində velvetdən təzə kürk, ayağında dəridən tikilmiş təzə uzunburun qaloş, başında tülkü dərisindən xovlu araqçın, əlində isə sapı qırmızı quşarmudu ağacından olan qamçı var idi.

      – Ay dəmirçi, nə fikrə getmisən? – Saparalı atın yüyənini çəkib qılıqlı bir səslə ucadan onu hayladı.

      Hə, Çordon, doğrudan da, nə vaxtsa dəmirçi olmuşdu.

      – Qaranquşlar uçub gedirlər, – Çordon kefsiz halda dilləndi.

      – Nə? Qaranquşlar? Haradadı onlar?

      – Uçub getdilər.

      – Qoy getsinlər. Odun aparırsan?

      – Hə, qışa tədarük eləyirəm. Bəs sənin yolun harayadı?

      Hələ saqqalına dən düşməmiş, qırmızısifət Saparalının üzündə təbəssüm göründü:

      – Oğlumgilə gedirəm. Odur e… Böyük dağların arxasında, Aksayda sovxoz direktoru işləyir, – Saparalı qamçısını yelləyib həmin istiqaməti göstərdi.

      – Eşitmişəm Aksay haqqında, eşitmişəm, – Çordon başını tərpətdi.

      – Hə, ora gedirəm. Oğlum ismarıc göndərib ki, gəlsin bir-iki gün qalsın. Baxmayaraq ki özü direktordu, yenə də biz qocalarsız keçinə bilmir. Nəvəm evlənir. Gərək adət-ənənə ilə toya hazırlaşaq, qonaqlar çox olacaq, istəyirəm cıdırçıların yarışını təşkil edim.

      Saparalı oğlu işləyən sovxozun işlərindən, keyfiyyətli yun qırxımına görə çobanların yüksək mükafat almasından danışdı: xalq öz direktorundan razıdı və ortalıqda belə bir xeyir xəbər də dolaşır ki, oğlunu təltif edəcəklər.

      Bunun hamısı yaxşı idi. Ancaq indi Çordon başqa şey haqda düşünürdü: o, qəflətən çoxdan ürəyinin dərinliyində basdırılmış, ancaq həmişə canlı olan dərdinin əks-sədasını eşitmişdi. Bu kədər qaranquşlar uçarkən bir daha böyük ağrı ilə ürəyində baş qaldırmışdı. İndi isə yeni bir qüvvə ilə onun sinəsini yandıran alova dönmüşdü. Bəli, bu, oğul həsrəti idi, çoxdan dünyadan köçmüş oğlunun həsrəti… Axı onun da oğlu nə vaxtsa orada işləmişdi – Aksayın yaxınlığında. Bir zamanlar o da atasını dəvət edərdi ki, onun yanına gəlsin. Deyəcəyi sözün fərqinə varmadan Çordon da sanki sayıqlayırmış kimi Saparalının sözünü kəsib dedi:

      – Məni də oğlum çağırıb.

      – Sənin də oğlun ordadır?

      – Hə! – Çordon vahimə içində pıçıldadı.

      – Mənsə bilmirdim, – Saparalı çiyinlərini sadəlövhlüklə çəkdi. – Belədirsə, lap yaxşı. Harada olurlar olsunlar, təki Allah canlarını sağ eləsin. Salamat qal! – Saparalı bunu deyib atını tərpətdi.

      Çordon yalnız Saparalı aralanandan sonra özünə gəldi. Sükutun dibsiz cingiltisi onu ildırım kimi vurdu: “Mən nə dedim? Yalan, yalan! Axı nə üçün?…”

      Çordon yola çıxdı və Saparalının arxasınca cumdu.

      – Dayan, dayan, Saparalı! – Çordon qışqırdı və onun arxasınca qaçdı ki, yalanına görə üzr istəsin, doğrusunu danışsın.

      Saparalı atın başını geri çevirdi:

      – Sənə nə oldu? – o, həyəcanlı halda dedi.

      Çordon təngnəfəs özünü ona çatdırdı, istədi hər şeyi olduğu kimi danışsın, ancaq yenə hansısa bir qüvvə onu bu qərarından daşındırdı, oğlunu sağ-salamat təsəvvür etmək hissi onu tərk etmədi… Söylədiyi kəlmələrdə və təsəvvüründə oğlunun sağ-salamat olması ona düzünü danışmağa imkan vermədi. Oğlunu elə buradaca yenidən dəfn etmək istəmədi. Cəsarəti çatıb deyə bilmədi ki, oğlu artıq yoxdur: o, müharibədə həlak olub. Çordon istəyirdi ki, oğlu bir az da yaşasın, heç olmasa, bir neçə dəqiqəliyə. Sonra deyər, qaçaqaç deyil ki…

      – Səndə burunotu6 yoxdur ki?.. Çəkməsəm, ölərəm. Varındısa ver! – Çordon xahiş etdi.

      – Allah saxlamış, əməlli-başlı qorxutdun məni!

      Saparalı dərindən nəfəs aldı və burunotu götürmək üçün əlini cibinə atdı.

      – Aç ovcunu. Mən də bu zəhrimara qalmış tütünü bilirəm, – o, şüşə qabdan onun ovcuna bir topa burunotu tökdü. – Bu nədir, əllərin əsir ki, deyəsən, qocalmısan?

      – Hə, müharibə vaxtı o qədər çəkic vurmuşam ki, qocalıq özünü göstərir. Bağışla ki, səni yolundan elədim.

      – Heç nə olmaz… Mən getdim.

      – Yaxşı yol! – Çordon dedi.

      İndi Saparalını yolundan saxlamaq yaxşı deyildi. Çordon haradasa buna sevindi də. Saparalı getdi, oğlunun ölümündən danışmaq lazım olmadı. O çıxıb gedəndən sonra Çordon fikirli halda bir qədər yolda dayandı, sonra ovcunu açıb burunotunu yerə tökdü və arabasına tərəf getdi.

      O, başını aşağı salıb yavaş-yavaş gedirdi: “Bu nə iş idi mən tutdum, ağlım azıb, deyəsən!” – öz-özünə deyindi. Sonra yolun ortasında dayandı, fikirli-fikirli ətrafa baxdı. Gözlərini ucsuz-bucaqsız səmada səhraların üstü ilə uçan quşların dəstəsinə dikdi və pıçıldadı: “Yox, mənim oğlum var, o sağdır!” Sonra dərdli-dərdli, var gücü ilə, xırıltılı bir səslə qışqırdı: “Mənim oğlum var, o sağdır, mən onun yanına gedəcəm, mən onu görəcəm!” Sonra yenə sakitləşdi.

      Kəndə gedən yolda Çordon özünü əmin edirdi ki, narahatlığa əsas yoxdur, olan-olub, keçən-keçib, ancaq içində həmin aula getmək istəyi bir az da alovlandı. Belə də olmalı idi. O bu yanğına səbəb olacaq qoru illər boyu ürəyində gəzdirmişdi. O bu barədə tez-tez fikirləşirdi, arzulayırdı ki, oğlunun axırıncı dəfə gəzdiyi yerlərə baş çəksin, müharibəyə getməmişdən əvvəl onun ayaq basdığı yolları ziyarət etsin. Saparalı ilə görüş bunun üçün bir qığılcım idi. İndi Çordonun təsəvvüründə oğlunu sağ-salamat görmək istəyi gerçəkləşir, fantaziyası reallaşırdı. O təsəvvür edirdi ki, oğlunun yaşadığı kəndə gəlib: onlar söhbət edirlər, nə haqdasa danışırlar. Oğlu atasını görcək çox sevinəcək və ona yaxınlaşacaqdı: “Nə



<p>6</p>

Burunotu (nasıbay, qunka) – Orta Asiya ölkələrində papiros kimi çəkilməyən, narkotik maddə kimi iylənilən tütün növü. 2008-ci ildən Türkmənistanda, 2011-ci ildən isə Qazaxıstanda istifadəsi qadağan olunaraq psixotrop maddələrin siyahısına salınıb. Digər Asiya ölkələrində (Çin, Hindistan, Nepal da daxil olmaqla) köşklərdə, günəbaxan tumları və siqaretlə yanaşı piştaxtalarda sərbəst satışa qoyulur.