Название | Hekayələr |
---|---|
Автор произведения | Сулейман Сани Ахундов |
Жанр | |
Серия | Hekayə ustaları |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952241082 |
Gülbəndin qəziyyəsindən sonra Budaq baba böyük qızının yanına köçməyə məcbur olur. Yazıq Tamam bizim ailəyə öyrəşdiyindən ayrılmaq istəməyirmiş, lakin əmioğluların aralarına nifaq düşməsinə səbəb olmamaq üçün anam onun getməyinə izin verir.
Seyidli kəndi ona qədər başqa kəndlərlə bitişən iki dağın arasında düşmüşdür. Bu kəndlilərin meyvə bağları təxminən 12–13 kvadrat kilometr yer tutaraq uzaqdan baxdıqda böyük bir meşəyə bənzəyirdi. Qərb tərəfə uzanan dağlar getdikcə daralıb əskidən bina olmuş Əsgəran qalasına çatdıqda yarım kilometr qədər bir-birinə yaxınlaşır.
Bu iki dağın arasında Qarqar çayı axır. Kəndlilərin bağları, bostanları, tarlaları bu çaydan sulanır. Seyidli kəndinin səkkiz verstliyində, Əsgəranın yaxınlığında Bozdağ adlı bir otlaq mövcuddur. Bahar fəsli maldar kəndlilər buraya köçüb alaçıqlar qurarlar və orada yaya qədər qalıb mallarını otladarlar. Sonra yaylaqlara köçərlər.
Həmin Bozdağda, yol kənarında əski xaraba bir qəbiristan vardır, kəndlilər burada ölülərini dəfn edirlər. Zavallı Tamamcığazın faciəsi də bu yerlərdə zühur etmiş. Belə ki, bir mallı, dövlətli kəndlinin cavan oğlu şiddətli surətdə dəli olur.
Hətta onu zəncirlə bağlamağa məcbur olurlar. Nə qədər dua yazdırırlar, pirə aparırlar və bu kimi avamca müalicə edirlərsə də, fayda verməyir. Axırda kim isə: "Belə dəliyə bir məsumə qız gəlin olarsa, sağalar", – deyə ata-anasını inandırır. Onlar da elə bir qız axtarmağa başlarlar. Lakin hansı bir fağır kəndliyə böyük pullar vədəsi ilə təklif edirlərsə, heç kəs qızını belə dəliyə vermək istəmir. Axırda arayıb Budaq babanı tapırlar və böyük pul ilə onu razı edirlər.
Zavallı Tamamın "səni bir gözəl dövlətli cavan oğlana veririk" deyə məcburən razılığını alırlar, kəbinini kəsirlər. Sonra toysuz, gizlincə dəliyə gəlin aparırlar. Tamam baxıb görür ki, onu aldadıb dəliyə vermişlər. Bunu bildikdə yazığın bütün bədəni titrəməyə başlar. İttifaqən həmin gecə göy üzünü qara buludlar tutub şiddətli yağmur yağmağa başlar. Dağlardan axan sellər alaçıqlara dolub bəzilərini yumalayıb aparır. Adamların başı buna qarışdıqda Tamam fürsət tapıb qaçır.
Gecənin qaranlığı, göyün dağlara səda salan dəhşətli şaqqıltısı, dərələrdən axan sellərin gurultusu Tamam kimi bir qızı yox, bütün kişiləri də xofa salar. Başıaçıq, ayaqyalın, küləklə boğuşa-boğuşa, sellərlə əlləşə-əlləşə Tamam qaçır. Dəli onun ürəyinə elə bir qorxu salmışmış ki, zavallı qızcığaz indiki halına şad imiş. Onun fikri o imiş ki, adamlar duyuq düşüncə Qarqar çayını keçib meşədə gizlənsin. Lakin bir qədər qaçdıqdan sonra daşlara dəyib yaralanmış ayaqları, yağmurdan islanmış bədəni, külək ilə əlləşməkdən tabdan düşmüş əzası daha hərəkətdən qalır. O zaman bir pənah yeri arayır ki, gizlənib dincəlsin, haranı tapır, bilirsinizmi? Hər şeydən artıq xof etdiyi qəbiristanı.
Tamam, üstü günbədli bir əski məzar tapır və içində gizlənir.
İttifaqən axşamlamış bir qoca dilənçi yoldan keçərkən həmin günbədli məzarı görür. İçəri girmək məqsədilə qapısına gəlir. Bu zaman dəhşətli bir qışqırıqdan diksinərək çəkilir. Qoca heyrətdə ikən Tamam dışarı çıxır və sərsəri, qorxunc bir qəhqəhə çəkərək ildırım kimi çaya tərəf qaçır. Dilənçinin bütün bədəninə bir lərzə yayılır. “Bismillah”, deyərək qəbiristandan qaçmağa üz qoyur. Səhər olcaq Tamamı aramağa başlayırlar. Xeyli aradıqdan sonra meyitini Qarqarın o biri sahilində tapırlar.
QATİL UŞAQ
Otuz-qırx il bundan əvvəl, bəlkə, indi də Azərbaycanın çox yerlərində müsəlman əkinçiləri arasında xeyli təəccüblü, hər kəsin nəzərini özünə cəlb edən və əkinçilik sənətinə əsla yaraşmayan bir hal vardı. O da əkinçilərimizin öz zəhməti ilə becərilmiş taxılı biçməkdə aciz qalaraq iranlı biçinçilərinə möhtac olmaqları idi.
Yayın isti günləri idi. İran biçinçiləri əyinlərində cındır paltar, ayaqlarında çarıq, qabarlı əllərində oraq, arxalarında mitil yorğan Araz çayını keçərək Azərbaycana sel kimi axırdı. Bu zəhmətkeşlər arasında başı əmmaməli və qurşaqlı, boynuyoğun seyid dəstəsi də görünürdü. Zənn olunmasın ki, bu müftəxorlar da Azərbaycana iş aramağa gəlirdilər. Xeyr, onlar xırmanları gəzib: "Cəddimin payını ver", – deyə kəndlilərdən "seyid vergisi" tələb edərdilər. Dini və adəti-mövhumata qərq olmuş sadədil məzlum kəndlilər hər bir vergidən əvvəl bu müftəxorların torbalarını doldurardılar və heç biri cürət edib onların tələbini rədd edə bilməzdi.
Zəmili kəndi dağ ətəyində, meşə qırağında düşmüşdü. Bu kəndin əhli əkinçilik və maldarlıqla məşğul olardı. Tarlaları yüksək yerlərdə olduğu üçün dağlar arasından axan çaylardan istifadə edə bilməzdilər. Ona görə yağmur az yağan ili əkinləri yanıb zəhmətləri hədər gedərdi.
Bu kəndin qurtaracağında, meşənin başlanğıcında əski və ufaq daxmada Qızxanım adlı bir qadın on iki yaşlı oğlu ilə yaşayırdı. Bu qadın beş il idi ki, dul qalmışdı. Əri Mehdiqulunu artıq dərəcədə sevərdi və sevməyə də haqlı idi, çünki Mehdiqulu həlim təbiətli, gülərüzlü, rəhmdil bir şəxs idi. Ölənə kimi bir dəfə də olsa Qızxanımı incidib əziyyət verməmişdi. Bundan əlavə, Mehdiqulu kənd əhli ilə də gözəl rəftar edərdi.
Tarlasını hamıdan qabaq şumlayıb qurtarardı və sonra dul qadınların, xəstə düşmüş kəndli qardaşların yerlərini pulsuz-parasız öz öküzləri ilə sürərdi; buna görə kəndlilər onu çox istərdilər. Bu yaxşılıqların əvəzi idi ki, indi dul qalmış Qızxanımın tarlasını "ho" edib əkərdilər və biçin zamanında kömək edərdilər. Bir tərəfdən də oğlu Mərdanı özlərinə çoban tutub pul verməklə Qızxanıma kömək əllərini uzadardılar. Qızxanım bu qeyrətli kəndlilərin sayəsində öz oğlu ilə yaxşı güzəran edərdi.
Qızxanım əri kimi işlək, xoşxasiyyətli, namuslu bir qadın idi. Bir ittifaq kəndlilərin məhəbbətini ona daha da artırmışdı: cavan Qızxanım dul qaldıqdan sonra dübarə ərə getməmişdi. Elçilərə belə cavab verərdi:
− Sevgili ərimdən sonra kimsəyə arvad olmaq həvəsində deyiləm və oğlum Mərdanın da qəlbini yaralamaq istəmirəm. O qeyrətli uşaq böyüyüb məni hamıdan yaxşı saxlayacaqdır.
Bu fikir yanlış deyildi. Mərdan sağlam, cəsur bir uşaq idi. Anası ilə mehriban rəftar edib itaətindən boyun qaçırmazdı.
Atası Mehdiqulu asudə vaxtlarını ovda keçirərdi. Bəzi vaxt Mərdanı da özü ilə ova aparardı. Bu isə uşaqda ovçuluq həvəsini artırardı. Atası öləndən sonra uşaq onun ov tüfəngini də özü ilə götürərdi. Anası mane olmaq istədikdə deyərdi:
− Anacan, qorxma, tüfəngdən mənə xata gəlməz, bəlkə, məni yırtıcı heyvandan mühafizə edər. Atmaqda da ustayam.
Günəş ahəstə-ahəstə dağ başından enirdi. Getdikcə gözəbatıcı şöləsi zəifləşirdi. Dünyaya buraxmış zərrələrini geri çəkərək sanki deyirdi: “Siz də bir qədər rahat olun, balalarım”.
Bir azdan sonra günəş dağın dalına enərək gözdən qaib oldu. Kəndə