Название | Hekayələr |
---|---|
Автор произведения | Сулейман Сани Ахундов |
Жанр | |
Серия | Hekayə ustaları |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952241082 |
Əmim oğlu onlara xoşgəldin elədi. Qoca kiçik qızı atdan düşürtdü və sonra ata çatılmış iki mafraşı açıb yerə saldı. Bu mafraşlarda bir qədər qab-qacaq və qeyri ev şeyləri vardı. Əmim oğlu həyətimizdəki bir əski komanı göstərib dedi:
− Budaq baba, məskəniniz bu koma olacaqdır. Atı axura çək, rahat et, sonra uşaqlarınız ilə otağa buyurun, bizə qonaq olun.
− Çox razıyam, sizə zəhmət vermək istəmirəm. Qızlarım komanı təmizləyib palaz salarlar, rahat olarıq.
− Budaq baba, yol gəlmisiniz, yorulmusunuz, həm də acmısınız, buyurun, bizdə yemək yeyin, bir qədər rahat olun, sonra mənzilinizi səliqəyə salarsınız.
Bu sözlərə anam da şərik olub qızları otağımıza apardı. Budaq baba da atı rahat edib əmim oğluna qonaq oldu. Anam qızlara yer göstərib oturtdu və sonra bacımı və məni göstərərək tanış etdi:
− Bu mənim qızım və bu da kiçik oğlumdur, böyük qardaşları Tiflisdə oxuyur. Sizin böyük bacınızı tanıyıram. O, Şelli kəndində olur. İndi siz birbaş Kürdüstandanmı gəlirsiniz?
− Xeyr, biz Kürdüstandan Şelliyə gəldik, bacımızın yanında mənzil tapmadıq, buraya gəldik, − deyə böyük qız cavab verdi.
− Ananız sağdırmı?
− Yox, bir ildir ki, ölübdür.
− Anasız uşaqların günü pis keçər, ananın yerini heç kəs verə bilməz. Balalarım, mənim uşaqlarım da körpə ikən ataları öldü. Amma mən özüm uşaqlarımı bəsləyib böyüdürəm.
Anam qızlar ilə mehribanlıqla danışaraq yemək hazır etdi və süfrəyə qoyub təam yeməyi təklif elədi. Lakin onlar utanaraq yerlərindən qımıldanmadılar.
− Utanmayın, qızlarım, irəli gəlin, çörək yeyin.
Bacım qalxıb bacıların əllərindən tutdu və süfrə başına apardı. Onlar da utana-utana yemək yeməyə başladılar. Qonaqlarımız yeməyə məşğul ikən mən də onların bir ata-ana övladı olaraq əsla bir-birinə bənzəmədiklərinə diqqət edirdim.
Böyük qız ucaboylu, incəbelli, iri qaragözlü, uzun qarasaçlı, dodaqlarında müdam bir təbəssüm, nəzakətli bir Kürdüstan gözəli olduğunu sübut edirdi.
İkinciyə gəldikdə alagözlü bu qız göyərçinə bənzəyirdi. Bu bənzəmə mənim fikrimi o qədər cəlb etmişdi ki, özumü saxlaya bilməyərək:
− Sənin adın göyərçindirmi? − deyə kiçik qızdan soruşdum. Qəflətən verdiyim bu sual qadınların gülüşməsinə səbəb oldu.
− Xeyr, mənim adım Gülbənd, bacımınkı Tamamdır, − deyə böyük qız cavab verdi və sonra mənə diqqət yetirərək dedi: − Göyərçin adı sizə daha artıq yaraşır.
Anladım ki, Gülbənd mənim abı mahud çuxama, çal papağıma işarə edir.
Mənim sualım indiyə qədər davam edən sükutu pozdu.
− Mənim qardaşım nağıla qulaq asmağı çox sevər. Ona yemək vermə, içmək vermə, bolluca nağıl söylə. Gecələr məni rahat qoymur. "Bacım, yenə nağıl de", – deyə yalvarar, mən də Məlik Məmməd, Qırat nağıllarından ayrısını bilmirəm, − deyə bacım şikayətləndi.
− Mən də nağıl bilməyirəm, ancaq bacım Tamam çox bilir. Kürdüstan aşıqları söylədikləri nağılların hamısını döşünə yığıb, elədirmi, bacım? – deyə Gülbənd soruşdu.
Tamam isə qızararaq, başını aşağı salıb cavab vermədi. Mən də anamdan soruşdum:
− Ana, Tamam bizim evdə olacaqdır, eləmi?
− Yox, oğlum, Gülbənd əmioğlungildə qalacaqdır, Tamam da əmiqızının uşağını saxlayacaqdır. Budaq baba ilə əmioğlun belə sözləşmişlər.
− Bəs Məmmədrza nədir? Qoy əmiqızımın oğlunu o saxlasın. Tamam da bizdə qalsın, – deyə anamdan rica etdim.
− Kişi xaylağı körpə uşaq saxlaya bilməz, bu, arvad işidir. Sən darıxma, hamımız bir həyətdə oluruq, hər saatda da Tamamla görüşəcəksən, o da sənə gözəl nağıllar söyləyəcəkdir, – deyə anam məni sakit etdi.
Qızlar yeməklərini bitirib ayağa qalxdılar. "Sağ olun", − deyə anamdan getməyə izin istədilər.
− Gedin, qızlarım, mənzilinizi səliqəyə salın. Bu gün rahat olun, sabahdan da işə başlarsınız.
Qızlar çıxdılar, mən də onların arxasınca. Həyətdə Tamama yaxınlaşıb dedim:
− Tamam, doğrusunu de, yenə nağıl deyəcəksənmi?
− Deyəcəyəm, hələ sənə yaxşı oyunlar da öyrədəcəyəm, − deyə məni arxayın etdi. Sonra əlini çiynimə qoyaraq məsumanə bir təbəssümlə: − İndi de görüm, sənsən göyərçin, ya mən?
− Əlbəttə, sənsən. Mən paltarımı dəyişsəm, heç göyərçinə bənzəmərəm, − deyə mən cavab verdim.
− Doğrusu, göyərçini sevirəm, adım göyərçin olsaydı, artıqca xoşlanardım. Anam mənə dağkeçisi deyərdi, çünki qayalara keçi kimi dırmaşardım. Tamam adını mənə atam qoyub.
− Tamam, bundan sonra mən sənə Göyərçin deyəcəyəm, razısanmı?
− Razıyam, indi gedim bacıma kömək edim, sonra söhbət edərik, − deyə Tamam qaçaraq komalarına getdi.
Meyvə bağları ilə əhatələnmiş güllü, bağçalı böyük həyətimizdə bizdən başqa iki əmioğlumun da ailəsi yaşayırdı.
Kiçik əmioğlum hərçənd evli deyildi, lakin dul bacısı və onun iki yaşında oğlu ilə bir ailə kimi ayrıca yaşayırdılar, Tamam da bunlarda işləyəcəkdi. Kürdüstan dağlarında bəslənmiş bu iki çiçək bu ailələr içərisinə girməklə onlarda bir yenilik, şadlıq vücuda gətirdisə də, digər tərəfdən nifaqa və ondan törəyən faciəli hadisələrə də səbəb oldu; lakin burada onlardan bəhs etməyib hekayəmizin qəhrəmanı olan Tamam qızcığazın ürəkdeşən faciəsini yazacağam.
Yazın qızğın günləri idi. Biz uşaqlar vaxtımızın çoxunu meyvə bağlarında keçirərdik. Gah yetişmiş meyvələri dərib yeyərdik, gah quş yuvalarından bala düşürüb oynardıq. Gah da cələ qurub ana quşları tutardıq. Bu pis hərəkətləri bizə tərk etməyə Tamam, səy və qeyrət edərdi. Bunların əvəzində bizə cürbəcür oyunlar öyrədib məşğul edərdi.
Heç unutmaram. Bir gün bibim evinə getmişdim. Onların bağında gözümə ağac deşiyində qayrılmış bir alacəhrə yuvası sataşdı. Cəld ağaca dırmaşıb əlimi yuvaya soxdum və tüksüz ətcə balaların üstündən ana alacəhrəni tutub sevincək bir halda ağacdan endim. Daha bibimə görünməyib evimizə qaçdım. Həyətimizdə
Tamama rast gəldim.
− Bibin sənə nə verdi? – deyə Tamam soruşdu.
− Heç zad vermədi, − deyə cavab verdim.
− Yalan söyləyirsən, bibin səni çox istəyir, yəqin, yenə də ciblərini qənfet