Название | Hekayələr |
---|---|
Автор произведения | Сулейман Сани Ахундов |
Жанр | |
Серия | Hekayə ustaları |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952241082 |
Tamam mənim gözlərimdəki yaşı görüb, "indən sonra bir daha quşlara əziyyət verməyəcəyəm" sözlərini eşidib məni qucaqlayıb öpdü.
Bu ittifaqdan sonra mən bu pis adəti tərk etdim. Belə üsul ilə əsla zor etmədən Tamam bir çox çirkin hərəkət və adətləri mənə tərk etdirdi. İndi bu uzun müddət keçdikdən sonra uşaqlıq xatiratımı yad etdikdə Kürdüstan dağlarında bəslənmiş elmsiz, tərbiyə görməmiş bir qızcığazda bu qədər rəhmdilliyə, onun uşaqlara tərbiyə verməkdə bu qədər ustad olmağına heyran qalıram.
Payız yetişdikdə biz uşaqlar üçün yeni bir məşğuliyyət əmələ gəldi. O da bağlarımızdan meyvə dərib damlarda asmaqdan ibarət idi. Anam məni həvəsləndirib deyirdi:
− Dur, oğlum, dur, qışın uzun gecələrində buxarımızı yandıracağıq, onun başına toplaşacağıq, Tamam da bizə gözəl nağıllar söyləyəcək, biz də bu meyvələri şirin-şirin yeyəcəyik.
Bəli, anam vədə verdiyi günlər gəlib çatdı, ağappaq qar kəfən kimi yeri qucaqladı. Soyuq külək heyvanları isti tövlələrə, insanları buxarının başına topladı.
Gecələr qadınlar, uşaqlar otağımıza yığılıb buxarının başına toplaşırdılar. Anam da çərəz gətirib qoyardı. Biz də şirin söhbət edərək yeyərdik, danışardıq, gülüşərdik, axırda da Tamam maraqlı nağıllarını başlardı. Yeri gəldikdə özünü el aşıqlarına oxşadaraq həzin bir səslə oxuyardı. Bəzi vaxt söhbət əcinnədən, şeytandan, divdən, hal anasından düşərdi. Hər kəs bunlardan əcaib, qəraib şeylər nağıl edərdi.
Gülbənd bacısı Tamamın hər şeydən ziyadə xaraba qəbiristandan qorxduğunu söylərdi. Qadınlardan bəzisi ölülərin xortlamağından bəhs edərək Tamamın xofunu haqlı bilərdi. Anam biz uşaqların gözlərində qorxu əlamətini görərək söhbəti dəyişdirərdi. Onun əvəzində xidmətçi Bəxtiyara qaval çaldırıb bizləri oynadardı…
Bu il yay tətili münasibətilə böyük qardaşımla bir yerdə vətənə övdət9 etmiş dayım mənimlə görüşdükdə anama dedi:
− Bunun da oxumaq zamanı çatmış. Gedəndə özümlə aparacağam.
− Yox, qardaşım, birini dartıb qərib vilayətə apardığın yetər, daha bunu vermərəm, − deyə anam dayımın təklifini rədd etdi.
− Verməyib nə edəcəksən? Özün bilirsən ki, oğlunun atası, əmiləri hamısı ölüb, böyük mülkünüz əlinizdən çıxıb, cinsli ilxılarınız sahibsizlikdən tələf olub, sən bir dul arvad, buna nə tərbiyə verəcəksən? Böyüdüb çobanmı edəcəksən? Nə üçün övladının bədbəxt olmağına səbəb olursan?
Belə dəyərli sözləri ilə dayım bacısını yola gətirmək istəyirdi. Lakin anam razı olmayıb deyirdi:
− Övladımı nə üçün elmsiz qoyuram?! Bu ildən mollanın yanına göndərib oxutduracağam…
− Onda bu işi uşağın özünə burax, istər biz ilə təhsilə gedər, istəməz, sən anası və bacısı ilə burada qalar.
Anam buna razı oldu; çünki ondan ayrılmayacağıma şübhə etməyirdi. Lakin hər şey dayım tərəfə keçməyə səbəb oldu. Birisi mollanın çubuq və falaqqa qorxusu, digəri qardaşımın və qeyri məktəbli qohumların gözəl formalı məktəb paltarı və söylədikləri əcaib şeylər idi.
− Mən dayım ilə oxumağa gedəcəyəm, − deyə razılıq verdim.
Anam naçar qalıb bir şey demədi. Lakin yenə də ümidini kəsməmişdi, çünki məktəblərin açılmağına iki ay qalmışdı, ona kimi mən fikrimi dəyişdirəcəyəm ümidində idi.
Bir gün Tamam məndən soruşdu:
− Doğrudanmı, oxumağa gedəcəksən?
− Bəli, gedəcəyəm, yoxsa sən razı deyilsən?
− Mən razıyam, amma xanım məni öyrədir ki, səni bu fikirdən daşındırım. Sən heç kəsə qulaq asma, get, oxu, böyük adam ol, gəl burada çalış, ancaq yazıq kəndlilərə əziyyət vermə. Amma bu dediklərimi anana söyləmə, yoxsa xanım məndən inciyər.
Zavallı anacığım, ümid bağladığın Tamam da sənin bərəksinə gedir. Axır ayrılıq zamanı gəlib çatdı. Anamın və bacımın göz yaşlarına davam edə bilməyirdim. Əgər Tamam olmasaydı, mən anamdan ayrılmayacaqdım. Tamam mənə yanaşıb dedi:
− Heç qüssələnmə, doqquz aydan sonra yenə gələcəksən, burada şad görüşəcəyik. Sən də gördüyün şəhərlərdən, oxuduğun kitablardan bizə nağıl edəcəksən. Amma burada qalsan, heç bir zad bilməyəcəksən.
Bu sözlərlə Tamam mənə təsəlli verərək sakit edirdisə də, titrək səsindən, ağarmış çöhrəsindən, yaşla dolmuş şəhla gözlərindən məlum olurdu ki, bu ayrılıq ona da böyük təsir edir.
Axır gözüyaşlı anam, bacım və sair əqrəbam ilə əlvida edərək yola düşdüm.
Vətəndən xaric qapalı pansion, dörd divar içində yeknəsəq yaşayış, hər bir tutulacaq işin çınqırıq ilə olmasını bir xəyalınıza gətirin ki, belə bir yerdə, asudə, gözəl təbiət içində bəslənmiş bir uşağın halı necə olardı? Gündüzlər dərslərə, idmana, oynamağa və sair işlərə məşğul olaraq belə məişətin ağırlığını bir o qədər hiss eləməyirdim, dərin sükuta dalmış uzun gecələri isə göz yaşı tökərək xəyal ilə keçirirdim… Nəhayət, yay tətili gəlib yetişdi. Bir para yoldaşlarımla vaqona minib vətənə üz qoyduq, üç gündən sonra gəlib evimizə çatdıq. Mən anam, bacım və sair qohumlarımla görüşdüm, öpüşdüm. Lakin nə həsrətini çəkdiyim Tamam və nə də Gülbənd onların arasında yox idi. Bu isə məni iztiraba salırdı. Soruşmağa da cəsarət eləməyirdim. Axırda görüşə gələnlər dağıldıqdan sonra anamdan soruşdum:
− Tamam və Gülbənd haradadırlar? Nə üçün mənimlə görüşməyə gəlmədilər.
Anam çaşqın bir hal ilə dedi:
− Bilmirəm nə üçün, əlbəttə, eşidib gələrlər, görüşərlər… Onlar səni çox istəyirlər.
Anamın belə dolaşıq cavabı məni daha da qorxu və şübhəyə saldı.
− Ana, nədən isə doğrusunu demək istəmirsən, söylə görüm, onların başına nə iş gəlmiş?
− Bir şey yox, onlar buradan köçmüşlər… Gülbənd də, Tamam da ərə getmişlər… Sonra başlarına nə qəziyyə gəlmişdir, bilmirəm.
Anladım ki, anam da, bacım da həqiqəti məndən gizləyirlər. Ona görə artıq sual vermədim və işin həqiqətini bilmək üçün başqa yollar aramağa səy etdim.
Əmioğlumun xidmətçisi Məmmədrza uşaqlıqdan bu üç ailə içində yaşadığına görə hamımız ona bir külfət üzvü kimi baxırdıq, ondan gizli bir sirrimiz olmazdı.
Məmmədrza üçün dünyada qəm-qüssə yaranmamışdı. Həmişə deyən, danışan, gülən, zarafatçı bir şəxs idi. Həmişə də "Bu dünya beş gündür, beşi də qara, əbləh odur onu qəm-qüssə ilə keçirə…" sözlərini təkrarlarla söyləyirdi. Sabah ertə böyük
9