İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il may ayının 26-da Füzuli rayonunun Saracıq kəndində tanınmış və hörmətli tacir ailəsində anadan olub. Bu gün İlyas Əfəndiyevin 108 illiyidir. Avtobioqrafiq əsər hesab olunan «„Geriyə baxma qoca“» romanı İlyas Əfəndiyevin altıncı, sonuncu romanıdır. Yazıçı bu romanı 1980-ci ildə altmış altı yaşında yazıb bitirib. Romanda hadisələr XX əsrin əvvəllərində, xüsusən, Qarabağda baş verən dövrü hadisələrlə zəngindir. Yazıçı öz nəsil şəcərəsini çözələyərək ordan xeyli bitkin və zəngin məlumatlar araşdırıb üzə çıxarmışdır. Axıcı dil ilə yazılmış əsər birinci şəxsin – Muradın dilindən nəql olunur. Əslində isə Murad elə yazıçının prototipidir. Artıq cümlələrin olmadığı, bayağılıqdan və şişirtmədən uzaq olan bu gözəl nəsr nümunəsi oxucuda müsbət hisslər yaradır. Onu keçmişini, əcdadlarını, onların dünənini araşdırmağa vadar edir. Əsər Qarabağın dillərə dastan təbiətini, güzəranını, arandan yaylağa, yaylaqdan arana köç edən həyatını göz önünə gətirir. Müəllif o dövrdəki bəylərin, xanların, onların ailə üzvlərinin yaşayışını heç nədən çəkinmədən pisiylə, yaxşısıyla qələmə alıb. Əsərdə anası bəy, atası isə tacir nəslindən olan Muradın uşaqlıq illəri yaxşı, varlı güzərana düşmüşdür. Lakin buna baxmayaraq, o, heç vaxt varlı həyat tərzinə, kübar yaşayışa can atmır. Murad o dövrdə bir çox haqsızlıqların şahidi olur. Babasının rəhmətə getmiş qardaşı uşaqlarını qapısında nökər işlətməkdən tutmuş, onların dul qalmış analarının gecəylə bir çobana qoşulub qaçmasına qədər nəql edən əsər çox kövrək və kədərli sətirlərlə zəngindir. Məhz bu səbəbdəndir ki, yazıçı ahıl yaşında qələmə aldığı əsərə «„Geriyə baxma qoca“» adını verib. Kitabın ilk səhifələrində müəllif bu adın səbəbini belə açıqlayır: ""Hətta indi, yəni yaşlı vaxtımda dönüb keçmişə baxmaq istəyəndə elə bil ki, içəridən bir səs təşvişlə mənə deyir: «„Geriyə baxma, qoca!“». Lakin mən baxmaq istəyirəm. Mən bu keçmişin çox əzablı, çox kədərli olduğunu bilirəm, ancaq yenə də ona təkrar-təkrar tamaşa etmək, nəyi isə anlamaq istəyirəm. "" İnsan isə elə bir varlıqdır ki, keçmişdə nə qədər ağrı-acı ilə üzləşə belə həmişə geriyə boylanmağa can atır. Çünki hər bir insanın keçmişi onun özünəməxsusdur. Gələcəyinizi yaxşı görə bilmək üçün isə tez-tez keçmişinizə boylanın. Lap qoca olsanız da. Necə ki, İlyas Əfəndiyev altmış altı yaşında bunu bacarmışdı.
Oliver Tvistin macəraları – Çarlz Dikkensin ikinci romanı. Oxuculara təqdim olunan «„Oliver Tvist“» romanı məşhur ingilis yazıçısı Çarlz Dikkens yaradıcılığından Azərbaycan dilinə tərcümə edilən ilk əsərdir. Bu roman Dikkensin yaradıcılığında xüsusi yer tutur və öz dərin ictimai məzmunu, həyat həqiqətini düzgün göstərməsi və bədii vüsəti etibarı ilə bütün dünya ədəbiyyatında geniş şöhrət qazanmışdır. Öz zəmanəsinin ictimai mənzərəsini geniş əks etdirən, kapitalist-burjua şəraitində yoxsulların ağır vəziyyətini, xüsusən səfillərin və kiçik yaşlı uşaqların ehtiyac üzündən çəkdiyi müsibətləri inandırıcı bir qələmlə təsvir edən bu roman XIX əsrin ingilis ədəbiyyatında tənqidi realizmin ən gözəl nümunələrindən biri sayılır və yarandığı vaxtdan indiyə qədər öz bədii təsir gücünü, idrak əhəmiyyətini itirməyən sənət əsəri kimi diqqəti cəlb edir, dünya xalqlarının dilinə tərcümə olunur. Oliver dünyaya gələndə anası onun üzünü cəmi bircə dəfə görmüş və dünyadan köçmüşdü. Onun 9 yaşı olana qədər heç kim onun valideynlərinin kim olduğunu bilməmişdi. Hələ uşaqlıq illərində o bircə dəfə nə xoş bir söz, nə xoş bir baxış görməmiş, həmişə aclıq və sıxıntı ilə yaşamışdır. Bir dəfə o, yurdsuzlar evindən bir tabut düzəldənin yanına şagird vəzifəsinə göndərilir. Burda o ondan böyük və güclü olan Noe Kleypol ilə tanış olur. Noe həmişə onu təhqir edib ələ salsa da, Oliver heç vaxt ona fikir vermir. Lakin bir gün Noe Oliverin anası haqqında nalayiq sözlər deyir, Oliver bundan bərk qəzəblənib ona zərbə endirir. Noe ona şər atıb, hamıya deyir ki, guya onu öldürəcəkdi. Onlar Oliveri bərk cəzalandırıb döyürlər. Oliver isə buna dözməyib oradan qaçır. Londona gedən yol işarəsini görüb ora qaçmaq niyyətinə düşür. Küçələrdə yatır, günlərlə ac qalır. Nəhayət yeddinci gün öz yaşıdı olan Cek Daukins adlı oğru ilə tanış olur. Cek onu yedizdirib, doydurur və söz verir ki, ona Londona getməyə kömək edəcək və Oliveri ogruların başçısı olan yəhudi Fecin ilə tanış edir. Fecin ona söz verir ki, ona iş verəcək. Bir gün o Cek Daukins və Beytslə birlikdə işə gedirlər. Oliver onları kənardan müşahidə edib görür ki, onlar qoca bir kişinin cibindən (mister Braunlou) oğurluq edirlər. Kişi bunu hiss edir. Bundan həyəcanlanan Oliver qaçmağa başlayır. Hamı elə bilir ki, oğurluğu o etmişdir. Onu tutub döyürlər və həbsxanaya aparırlar. Mister Braunlounun isə balacaya yazığı gəlir və onu azad etdirib öz evində saxlayır. Oliver xeyli müddət xəstə yatır. Ona orda missis Beduin qulluq edir və həmişə orda divardan asılan bir portretdəki qadınla onların bir bir-birinə nə qədər oxşamasına məəttəl qalır. Fecin isə qorxur ki, Oliver onları ələ versin. Ona görə də onu oğurlayıb öz yanında saxlayır. Bu zaman onlar yeni bir oğurluq planı hazırlayırlar. Türmədən yeni çıxmış Billi Sayksa isə Oliver kimi oğlan uşağı lazım olur. Belə ki, onlar bir yerdə həmin evə gedirlər. Oliveri pəncərədən içəri salırlar ki,qapını açıb onları içəri buraxsın. Lakin Oliver qəti qərara alır ki,içəridə qışqırıb hamını oyatsın. Elə bu zaman evin gözətçiləri güllə atmağa başlayırlar. Oliver isə bu zaman yaralanır.Sayks onu götürüb qaçır. Lakin sonra isə tab gətirə bilməyib,onu qanovda yerə atır. Oliver oyandıqda çox halsız olur. Həmin evə geri qayıdıb kömək istəyir. Orda onu missis Meyli və Roz xoş qaşılayırlar və onu polisə verməkdən imtina edirlər. Bu vaxt Oliverin böyüdüyü yurdsuzlar evində onun anasına qulluq etmiş və öləndə yanında olmuş qoca qadın can verir. O nəzarətçi missis Kornini yanına çagırtdırıb deyir ki, o Oliverin anasının verdiyi əmanəti oğurlamışdır. (Bəlkə də bu əmanəti kimsə bilsəydi o vaxt həmin uşağa qarşı yaxşı rəftar edilərdi.). Qoca Salli sözünü axıra qədər deyə bilməyib ölür. Ovucundakı qəbzi isə ona verir. Oliverin taleyindən xəbərsiz və narahat olan Fecin Sayksın rəfiqəsi olan Nensinin yanında qışqırıb, Oliverin böyük pullara dəydiyini söyləyir. Nensi özünü sərxoş göstərib Fecinin arxasınca düşüb, naməlum bir şəxslə gizlin söhbətinə qulaq asır. Məlum olur ki,Fecin bu naməlumun tapşırığı ilə Oliveri oğruya çevirmək niyyətində olur və söz verir ki, buna nail olacaq.
“Al qırmızı etüd” romanı Konan Doylun Şerlok Holms obrazını yaratdığı ilk əsəridir. Doktor Uotsonun Holmsla tanışlıqları, dolayısıyla gələcək dostluqları və Uotsonun başlarına gələn macəraları qeyd etməsi buradan başlamışdı. Konan Doyl və Şerlok Holmsa məşhurluq qazandıran bu povest ilk dəfə olaraq Azərbaycan dilində nəşr edilir.
Bakı milyonçuları və ziyalıları, ruhaniləri, qoçuları və hambalları, Bakı mətbuatı, təhsil və maarifin səviyyəsi xanlıqlardan tutmuş bu günümüzə qədər paytaxtımızın mənzərəsini ustalıqla təsvir edən Qılmn İlkinin “Sən köhnə Bakını tanıyırsanmı?” kitabı oxucuya (dinləyiciyə) Bakının qədimiliyi haqqında geniş məlumat verir. Müəllif Bakı şəhərini, Xəzər dənizini, Abşeron kəndlərini, bağlarını yana-yana, sevə-sevə göstərir. Müəllif qeyd edir: “Bakını sevmək, onu təsvir etmək bacarığı böyük istedadın və sevginin bulağından su içməlidir. Bakının unudulmuş bəzi tarixi yerləri və adamları haqqında məlumat öyrənmək işində bu kitab səni təmin edərsə, özümü xoşbəxt hesab edərəm”.
Bu kitabda Fridrix Bodenştedtin hörmətli müəllii Mirzə Şəfi Vazeh haqqında xatirələri toplanmışdır. Xatirələr filosof-şairin şəxsiyyəti, məhəbbəti, yaradıcılığı barədə oxucuda (dinləyicidə) geniş təsəvvür yaradır.
Zəmanəmizin görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun yaradıcılığı dərin milli xüsusiyyətlərə malik olduğu kimi, həm də ümumbəşəri mahiyyət və məzmun ifadə edir. Onun dünya ədəbiyyatında böyük hadisə sayılan əsərləri realizmin tükənməz bədii və idraki gücünü nümayiş etdirir. Çingiz Aytmatov üçün ədəbiyyatda bir “böyük mövzu” – insan mövzusu var. Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının baş qəhrəmanı Yedigey də bu böyük mövzunun bir parçasıdır, vicdanlı, yorulmaq bilməyən zəhmətkeş, öz yüksək mənəvi borcuna sadiq bir insandır. Müəllif qəhrəmanın taleyini müasir dövrün bir sıra problemləri və bütün bəşəriyyətin sabahkı günü ilə müqayisə edib, dünyada əmin-amanlığın, xeyirxahlığın və humanizmin təntənəsini ən böyük qələbə kimi səciyyələndirir. El-obada Boranlı Yedigey kimi tanınan Yedigey Cangəldin sözün əsl mənasında zəhmət adamıdır. Yedigey, dünyanın yükünü çiynində saxlayan adamlardandır. O, öz dövrünün adamıdır, öz dövrünə qırılmaz tellərlə bağlıdır. Onun qiyməti də məhz elə bundadır ki, öz dövrünün oğludur. Əsərdə zəngin həyat bircə gün ərzində baş vermiş hadisənin işığında göstərilir. Ədəbiyyatın geniş, planetar miqyasda düşünməli olduğunu nəsrinin əsas yaradıcılıq prinsipinə çevirən Çingiz Aytmatovun bu romanda təsvir etdiyi manqurt mövzusu tarixi yaddaşa münasibətlə əlaqəlidir. Manqurt yaddaşsızlığın obrazı və rəmzidir. Çingiz Aytmatov romanda qarşıya qoyulan problemlərə bu keçmiş cəbhəçi, hazırda dəmiryol fəhləsi olan şəxsin taleyinin prizmasından baxmağa, bu problemləri onun anlayışı, onun gözü ilə həll etməyə çalışmışdır. Yazıçı bu əsərdə, əvvəllər olduğu kimi, yenə də həyatın, yaşayış tərzinin təcrübəsi kimi qiymətləndirilən keçmiş nəsillərdən bir miras qalmış miflərə, əfsanələrə isnad etmişdir.
1977-ci ildə yazılmış “Dəniz kənarıyla qaçan Alabaş” əsərində dörd ovçunun dənizə çıxmasından, hadisələrin onların gözlədiklərindən tamamilə fərqli cərəyan etməsindən və Kirisk adlı oğlanın keçdiyi ağır sınaqlardan bəhs olunur.
Bakı milyonçuları və ziyalıları, ruhaniləri, qoçuları və hambalları, Bakı mətbuatı, təhsil və maarifin səviyyəsi xanlıqlardan tutmuş bu günümüzə qədər paytaxtımızın mənzərəsini ustalıqla təsvir edən Qılmn İlkinin “Sən köhnə Bakını tanıyırsanmı?” kitabı oxucuya (dinləyiciyə) Bakının qədimiliyi haqqında geniş məlumat verir. Müəllif Bakı şəhərini, Xəzər dənizini, Abşeron kəndlərini, bağlarını yana-yana, sevə-sevə göstərir. Müəllif qeyd edir: “Bakını sevmək, onu təsvir etmək bacarığı böyük istedadın və sevginin bulağından su içməlidir. Bakının unudulmuş bəzi tarixi yerləri və adamları haqqında məlumat öyrənmək işində bu kitab səni təmin edərsə, özümü xoşbəxt hesab edərəm”.
Uyğur elindən Serbiyayadək böyük bir ərzidə geniş şöhrət tapmış, duzlu-məzəli hekayətləri, tutarlı cavabları el məsəllərinə çevrilmiş, xalqın rəğbət və məhəbbətini qazanmış Molla Nəsrəddin xalq müdrikliyinin timsalıdır. O nə coğrafi sərhəd tanıyır, nə zaman sərhədi. O həmişə yaşardır. Molla Nəsrəddin lətifələri dövrün haqsızlığına, yalançı din xadimlərinin, dövlət adamlarının, hakimlərin rüşvətxorluğuna, ədalətsizliyinə qarşı çevrilmiş bir ittihamnamədir. O yerdə ki, xalq öz etirazını, narazılığını, qəzəbini gülüşlə, kinayəylə, rişxəndlə ifadə etmək istəyir, o yerdə mütləq Molla Nəsrəddin zahir olur…