Название | Qum fırtınası |
---|---|
Автор произведения | Джеймс Роллинс |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn |
O, geriyə, öz otağında rahat bir sığınacağa çəkildi. Safiyə qızğın ocaqdan uzaqda yerləşən pəncərədən çəkildi. Qaranlıqda qəflətən şüşəli iynəciklər işıqlandı. Safiyə bu işıqların nə olduğunu anlamadan, gözlərini onlara zillədi. Sonra bunun nə olduğu ona çatdı: yenə işıq verilib. Bu anda gecə stolunun üstündəki telefon onu qorxudaraq zəng çaldı. Billi başını yastıqdan qaldırıb ehtiyatla qulaqlarını şəklədi.
Safiyə tələsik dəstəyi qaldırdı.
– Allo?
Cavabında işgüzar, sərt səs eşitdi.
– Doktor əl-Məaz?
– B-bə-li.
Danışan kapitan Hoqandır. Muzeydə fövqəladə hadisə baş verib.
– Hadisə?
Orada nə baş verməsindən asılı olmayaraq, bu adi hadisədən daha böyük bir şey idi.
– Hə, muzeyin direktoru xahiş etdi ki, sizi iclasa dəvət edim. Siz yaxın bir saat ərzində bizə qoşula bilərsinizmi?
– Oldu, kapitan indi çıxıram.
– Çox gözəl. Mən sizin soyadınızı polis idarəsinə deyərəm.
Dəstəkdə bir çıqqıltı eşidildi. Kapitan Hoqan danışığı kəsdi.
Safiyə yataq otağına göz gəzdirdi. Billi pişiklərə xas tərzdə bu gecə baş verən şiddətli hadisələrə öz narazılığını nümayiş etdirərək acıqlı halda quyruğunu yellədi.
– Mən tezbazar çıxıram. – Safiyə bunun doğru olub olmadığını özü də bilmədən öz-özünə söylədi.
Bayırdan sirenaların vıyıltısı eşidilirdi.
Oyanış zamanı Safiyəni haqlayan təşviş heç cür ondan əl çəkmək istəmirdi. Onun bütün dünyası, Britaniya muzeyinin əzəmətli divarlarındakı etibarlılıq vəziyyəti özülünə qədər laxladı.
Safiyə dörd il əvvəl qadınların sinələrinə əldəqayırılma qumbaralar sıxdığı dünyadan qaçmışdı. O, ekspedisiya və qazıntıları bir kabinet sakitliyinə, külüng və belləri kompüter və foliantlara dəyişərək təhlükəsiz və nizamlı bir alim dünyasına çəkilmişdi. Safiyə muzeydə özünü təhlükəsiz hiss edə biləcək və onun evinə çevrilən kiçik bir hücrə yaratmışdı.
Bununla belə, yenə də bəla onu girləyirdi.
Safiyənin əlləri əsirdi. Təlaşın yeni hücumunun öhdəsindən gəlmək üçün onları düyünləmək lazım gəldi. Bu dəqiqə onun dünyada ən çox etmək istədiyi şey geriyə, öz çarpayısına sürünüb yorğanı başına çəkmək idi.
Billi diqqətlə öz sahibinə baxırdı: onun gözlərində lampanın işığı əks olunurdu.
– Mən yaxşıyam, – Safiyə sakitcə pişikdən çox öz-özünə xitab edərək dilləndi. – Hər şey qaydasında düşəcək.
Ancaq bu sözlər nə Billini, nə də onun özünü inandıra bildi.
* * *
Qrinviç vaxtı ilə 02:13.
(Şərq saat qurşağı vaxtı ilə 21:13)
Fort-Mid, Merilend ştatı
Krossvord həlli zamanı kiminsə Tomas Hardini yayındırmasından zəhləsi gedirdi. Bu, bir bir stəkan qırxillik viski və əla bir siqarın da əlavə olunduğu bazar günü axşamı ritualı idi. Sobada od çırtıldayırdı.
Hündür, dəri kresloda rahat əyləşmiş Tomas barmaqları arasında bahalı diyircəkli qələmi fırladaraq krossvord üzərində işləyirdi. O, alnını qırışdırıb “ali məqsəd” məfhumunun hansı beş hərfli sözlə ifadə oluna biləcəyini tapdı. Hardi düşünərkən telefon zəng çaldı. Tomas nəfəs alıb eynəyini burnunun ucundan alnına tərəf çəkdi. Ehtimal ki, onun qızının rəfiqələrindən biri zəng edib növbəti kavaleri ilə istirahət gününü neçə keçirdiyi barədə müzakirə aparmaq istəyirdi.
Hardi stolun üzərindən pulta sarı əyilərək onun şəxsi əlaqə kanalının beşinci xəttinin indikatorunun yanıb-söndüyünü gördü. Bu kanal yalnız üç nəfərə məlum idi: prezidentə, qərərgah rəislərinin birləşmiş komitə sədrinə və onun milli təhlükəsizlik agentliyinin rəhbərliyində olan şəxsi köməkçisinə.
Hardi qəzeti dizinə qoyaraq beşinci xəttin qırmızı düyməsini basdı. Bu sadə hərəkətlə o, danışıqları dinləmələrdən etibarla qoruyan mürəkkəb riyazi alqoritm şifrələməsini buraxıb, yalnız bundan sonra dəstəyi götürdü.
Danışan Hardidir.
– Axşamınız xeyir, cənab direktor.
Təşvişə düşən Hardi oturan yerdə özünü düzəltdi. O, zəng edəni tanımamışdı, ancaq, onun şəxsi telefonunun nömrəsini bilən hər kəsin səsini öz yaxınlarının səsi kimi yaxşı tanıyırdı.
– Kimdir?
– Toni Rektor. Sizi belə gec narahat etdiyim üçün, üzr istəyirəm.
Tomas xəyalən soraq kitabçasında qurdalandı. Vitse-admiral Entoni Rektor. Soyad möhkəm şəkildə beş hərfli abreviatura ilə əlaqəlidir: DARPA. Müdafiə elmi-tədqiqat işlərinin perspektivli planlaşdırılma idarəsi. DARPA-nın devizi belədir: “Birinci ol!” Burada söhbət mütərəqqi silahlanmadan gedir. Amerika Birləşmiş Ştatları ikinci yerdə olmağı özünə rəva görməz. Əsla!
Bəlanı qabaqcadan duyma hissi artırdı.
– Mən sizə necə kömək edə bilərəm, admiral?
– Londonda, Britaniya muzeyində partlayış olub.
Sonra Rektor baş verənləri xırda təfərrüatlarına qədər təsvir etdi. Hardi saatına baxdı. Partlayış baş verən andan heç qırx beş dəqiqə də keçməmişdi. Bu qədər qısa vaxt ərzində Rektorun xidmətinin bu qədər məlumatı necə almağa macal tapması onda maraq oyatdı.
Admiral sözünü qurtaran kimi Tomas daha aydın bir sual verdi.
– Nəyə görə bu partlayış DARPA-nı bu qədər maraqlandırır?
Rektor izah etdi və Tomasa belə gəldi ki, otağın temperaturu on dərəcə aşağı düşdü.
– Siz əminsiniz?
– Mənim adamlarımdan ibarət briqada bu məsələ ilə məşğul olmaq üçün artıq hadisə yerindədirlər. Ancaq, mənə Britaniya əks-kəşfiyyatının da köməyi lazım olacaq. Yaxud, daha yaxşı…
Hətta məxfi əlaqə xəttində belə ucadan ifadə edilməyən alternativ söz yarımçıq qaldı. Bu sirli zəngin mahiyyəti Tomasa aydın oldu. Britaniyanın daxili təhlükəsizlik xidməti onun öz müəssisəsinin ekvivalenti idi. Rektor istəyirdi ki, MTA “tüstü pərdəsi salaraq” baş verənlərə kimsə müdaxilə etməmişdən əvvəl DARPA komandasına, həmçinin Britaniya əks-kəşfiyyatına həmin yerdə xəlvətcə işləyib sonra yox olmasına şərait yaratsın.
– Başa