Название | Amerika faciəsi |
---|---|
Автор произведения | Теодор Драйзер |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn |
Roman
2-ci kitab
I FƏSİL
Likurq şəhərində (iyirmi beş min əhalisi olan bu şəhər, Utika ilə Olben arasındakı yolun ortasında, Nyu-York ştatın-da yerləşmişdir) Semyuel Qrifitsin evi. Nahar vaxtına az qal-mışdır, yavaş-yavaş bütün ailə yemək otağına toplanır. Bu gün nahar həmişəkinə nisbətən daha səliqə ilə hazırlanmaq-dadır, çünki ailənin başçısı mister Qrifits dörd günlük səfər-dən sonra şəhərə yenicə qayıtmışdır: o, Çikaqo şəhərində yaxalıq və köynək istehsal edən fabrikantların qurultayında iştirak etmişdi. Qərb ştatlarındakı fabrikantların, – bu yeni baş qaldıran rəqiblərin, qiymətləri aşağı salması, şərq ştatla-rının fabrikantlarını da öz növbələrində, qiymət barəsində bir sazişə gəlməyə məcbur etmişdi. Bu gün günortadan son-ra, Semyuel Qrifits evə telefon edib, qayıdıb gəldiyini və elə bu saat bir-baş fabrikə, kontora getdiyini, nahara qədər ora-da olacağını xəbər vermişdi.
Missis Qrifits, özünə möhkəm surətdə inanan və çox na-dir hallar istisna edilərsə, özünün hər bir mülahizəsini və qə-rarını nöqsansız və qəti hesab edən fəal təbiətli ərinin rəfta-rına çoxdan alışmışdı, buna görə bu dəfə də o, ərinin hərəkə-tinə heyrət etmədi. Əri lazım olan vaxt evə gəlib onunla gö-rüşəcəkdi.
Missis Qrifits ev işlərinə baxan, çox çirkin, lakin olduqca işgüzar bir qadın olan missis Trusdeyl ilə məsləhətləşərək, ərinin qoyun budunu bir çox başqa yeməklərdən üstün tut-duğunu bildiyi üçün, nahara quzu qızartması hazırlamasını tapşırdı. Nahara lazım olan tərəvəz və çərəz seçilib qurtar-dıqdan sonra missis Qrifits yenə də öz həmişəki fikirlərinə qərq oldu: o böyük qızı Mayranın taleyini düşünürdü, May-ra artıq bir neçə il bundan əvvəl Smitin kollecini qurtarmış, lakin bu vaxta qədər ərə getməmişdi. Missis Qrifits bunun səbəbini yaxşı anlasa da, heç vaxt etiraf etmirdi. Mayra çir-kin idi. Onun burnu çox uzun, gözləri bir-birinə çox yaxın, çənəsi, yaraşıqlı bir qız görkəminin tələb etdiyi qədər yuvar-laq deyildi. Adətən, Mayra həmişə həddindən artıq dalğın və ciddi görünür və demək olar ki, yerli cəmiyyətin həyatı ilə əsla maraqlanmırdı. O, adamlarla rəftar etməyi belə ba-carmır, üstəlik hətta bəzi çirkin qızların belə malik olduqları bir istedadın, yəni kişilərin diqqətini özünə cəlb etmək baca-rığından tamamilə məhrum idi. Anası başa düşürdü ki, Mayra çox kəskin, çox tənqidi bir zəkaya malikdir və zehni inkişafı nöqteyi-nəzərindən öz mühitindən yüksəkdə dur-maqdadır.
Mayra cah-calal içərisində böyümüş, həyatını təmin etmək üçün heç bir qayğı ilə üz-üzə gəlməmişdi, lakin onun qarşısında başqa çətin bir məsələ durmuşdu: o cəmiyyətdə özünə mövqe qazanmalı və onu sevən bir ər tapmalı idi – gözəllikdən məhrum olan bir qız üçün isə bu iki məqsədə çatmaq, bir dilənçinin milyoner olması qədər çətin bir iş idi. Budur, artıq on iki il idi ki, (yəni Mayra on dörd yaşına girdiyi zamandan bəri) o ətrafındakı gənc oğlan və qızların nə qədər şən və qayğısız yaşadıqlarını müşahidə edir, özü isə daim mütaliə və musiqi ilə məşğul olurdu, həmişə ya-raşıqlı geyinmək üçün əndişə çəkir və tanışlarını yalnız ona görə ziyarət edirdi ki, bəlkə bir gün onunla maraqlanan birisinə rast gələ bilsin: bu isə Mayranı kədərli etmiş, demək olar ki, onda bir qəddarlıq və rəhmsizlik yaratmışdı, halbuki maddi cəhətdən, onun və ailəsinin həyatı son dərəcə firavan bir həyat idi.
Mayra indicə anasının otağından keçib, dünyada hər şe-yə tamamilə laqeyd bir görkəmlə öz otağına çəkilmişdi: anası onu belə bir əhvali-ruhiyyədən çıxartmaq üçün fikirlə-şir, çarə axtararkən kiçik qızı Bella yüyürüb otağa girdi. Bel-la məktəbdən qayıdarkən zəngin qonşuları olan Fincligilə baş çəkmiş və indi oradan birbaş evlərinə qayıtmışdı.
Bella, ucaboylu, solğun simalı, əsmər bənizli bir qız olan böyük bacısına heç oxşamırdı. Bella bacısına nisbətən al-çaqboylu, lakin ondan zərif və eyni zamanda daha möhkəm idi. Bellanın demək olar ki, tamamilə qara gur saçları vardı, əsmər rəngli üzündən həmişə odlu bir qırmızılıq yağırdı, şən, qonur gözləri dünyada hər bir şeyə qarşı həris bir maraqla işıldayırdı, bədəni elastik, cəld tərpənən əlləri və ayaqları qəşəng idi. Bu qızdakı həyat qüvvəsi sanki aşıb-daşırdı. O, sadəcə ətrafındakı hər bir şeyi sevir, həyatı olduğu kimi qə-bul edib nəşələnir və buna görə də bacısından fərqli olaraq, qarşısı alınmaz bir qüvvə ilə, – kişiləri, oğlanları, qadınları, qocaları və cavanları – hamını özünə cəlb edirdi. Əlbəttə, ata-anası da bunu aydın olaraq görməkdə idilər. Bella tərəf-dən nigarançılıq çəkmək lazım gəlmirdi: vaxtında onun istə-diyi qədər nişanlı namizədləri olacaqdı. Anası bu fikirdə idi ki, elə indidən Bellanın ətrafında fırlanan bir çox gənclər və yaşlı kişilər içərisindən qızı üçün əlverişli bir ər seçmək la-zımdır. Bella çox asanlıqla, nəinki yerli cəmiyyətin qayma-ğını təşkil edən qədim və mühafizəkar ailələrin uşaqları ilə, eyni zamanda anasının çox böyük narazılığına səbəb olaraq, – cəmiyyətdə təzəcə yüksəlmiş və buna görə də az etibara malik ailələrin oğlanları və qızları ilə, məsələn, donuz qaxacı yaxud konserv bankaları və ya elektrik süpürgəsi, taxta və hörmə şeylər, yaxud yazı maşınları istehsal edən fabrikant-ların uşaqları ilə də dostlaşırdı ki, bütün bu adamlar olduqca zəngin adamlar idi. Lakin Likurq şəhərində onları “mənsəb axtaran”, layiq olmadıqları mərtəbəyə qalxan adamlar hesab edirdilər, missis Qrifitsin fikrinə görə Bella bütün bu dostları ilə həddindən artıq rəqs edir, çox tez-tez restoranlara gedir və nəzarətsiz bir halda, avtomobildə bu şəhərdən o şəhərə, o şəhərdən bu şəhərə gedirdi. Lakin bununla belə Bella öz bacısından nə qədər fərqlənirdi! Kiçik qızının fikri ana üçün nə qədər asan bir məsələ idi! Ana yalnız bir müddət, yəni Bella etibarlı bir adam tapıb kilsənin xeyir-duası ilə ərə ge-dənədək ona göz yetirmək lazım gəldiyini bildiyi üçün, qızı-nın bir çox tanışlıqları, aludəçilikləri və əyləncələrindən nəinki bir təlaş duyur, eyni zamanda bunlara qarşı etiraz edirdi: ana öz qızını qoruyurdu.
Bella yüyürüb içəri girdi, qoltuğundakı kitabları bir tə-rəfə atıb qalanmış buxarıya yaxınlaşdı, missis Qrifits başını qaldıraraq:
– Harada idin? – deyə kiçik qızından soruşdu.
Bella anasının sualına əhəmiyyət verməyərək:
– Bilirsən, nə var, ana, – deyə şən bir halda sözə baş-ladı. – Finclilər artıq Qrinvud yanındakı malikanələrindən imtina etmək istəyirlər. Onlar bu il Pay-Poynt yanındakı On ikinci gölə getməyə hazırlaşırlar, orada özləri üçün yeni yay malikanəsi tikəcəklər. Sondra deyir ki, indi onların bu yeni malikanələri köhnə malikanə kimi sudan uzaq olmayacaq, lap gölün yanında olacaq. Orada parket döşəməli böyük bir veranda tikiləcək. Qayıq saxlamaq üçün xüsusi böyük bina düzəldəcəklər, – bilirsən, mister Fincli oğlu Stüart üçün otuz fut uzunluğunda motorlu bir qayıq almaq fikrindədir. Bu lap qiyamət olacaq, yox? Sondra deyir ki, anan icazə versə, sən də oraya gəl, istəsən lap bütün yayı orada qalarsan. Qil də istəsə oraya gedə bilər. Onların malikanələri Emeri Loc ilə İst-Qeyt oteli qarşısında, gölün o biri sahilində olacaqdır. Fentlərin yay malikanəsi isə, – bilirsən hansı Fentləri deyir? Utikadan gələnləri, bir az kənarda, Şeyronun yaxınlığında olacaq. Lap qiyamətdir, deyilmi? Siz də atamla orada yay malikanəsi tiksəydiniz, çox yaxşı olardı. Məncə indi mötəbər adamlar hamısı oraya gedirlər.
Bella ara vermədən danışır, gah içərisində odun yanan buxarının, gah da evin qarşısındakı çəmənliyə açılan pəncə-rələrin yanında fırlanırdı; çəmənliyin arxasında Uikiqi-aven-yu küçəsi uzanır və indi orada qış axşamının qaranlığında, bir-birinin ardınca fənərlər alışıb yanırdı. Bella birnəfəsə ürə-yində nə qədər sözü varsa hamısını deyib qurtarmamış anası ağzını açıb bir kəlmə də olsun danışa bilmədi, nəhayət, anası dedi:
– Doğrudanmı? Belə de! Bəs Entonilər, Nikolsonlar və Teylorlar? Mən onların Qrinvud gölünü tərk edib gedəcək-ləri barədə heç bir şey eşitməmişəm.
– Əlbəttə, nə Entonilər, nə Teylorlar öz yerlərindən