Название | KAPİTAL. Siyasi iqtisadın tənqidi |
---|---|
Автор произведения | Карл Генрих Маркс |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-9952-8245-3-8 |
Əmtəə tədavülü məhsulların bilavasitə mübadiləsindən yalnız formaca deyil, mahiyyətcə də fərqlidir. Doğrudan da, indicə təsvir edilən prosesə yaxından nəzər salaq. Şübhəsiz, toxucu kətanı bibliyaya, öz əmtəəsini özgə əmtəəsinə mübadilə etmişdir. Lakin bu hadisə belə bir hadisə olaraq ancaq onun özü üçün mövcuddur. Qızdırıcı içkini soyuq möminlikdən üstün tutan bibliya satıcısı heç fikrinə də gətirməmişdir ki, onun bibliyasına kətan mübadilə edilir; eynilə toxucu da heç güman etmir ki, onun kətanına buğda mübadilə edilmişdir və i. a. B şəxsin əmtəəsi A şəxsin əmtəəsinin yerini tutur, lakin A ilə B öz əmtəələrini bir-biri ilə mübadilə etmir. Əslində elə ola bilər ki, A ilə B bir-birindən alsın, lakin bu kimi təsadüfi bir hal da əmtəə tədavülünün ümumi şəraitindən irəli gəlmir. Biz burada, bir tərəfdən, görürük ki, əmtəə mübadiləsi bilavasitə məhsul mübadiləsinin fərdi və yerli hədlərini yıxıb dağıdır və insan əməyi maddələrinin mübadiləsini inkişaf etdirir. Digər tərəfdən, iştirak edən şəxslərin nəzarətindən kənarda qalan və təbiətin verdiyi münasibətlər xarakteri daşıyan tam bir ictimai əlaqələr dairəsi inkişaf edir. Toxucu kətanı ancaq ona görə sata bilir ki, kəndli buğdanı satmışdır; araq həvəskarı bibliyanı ancaq ona görə sata bilir ki, toxucu kətanı satmışdır; araqçəkən şəxs öz qızdırıcı içkisini ancaq ona görə sata bilir ki, başqa birisi abhəyat satmışdır və i. a.
Bunun nəticəsində tədavül prosesi heç də bilavasitə məhsul mübadiləsində olduğu kimi, istehlak dəyərləri öz yerlərini və sahiblərini dəyişdikdən sonra bitmir. Pul axırda məlum əmtəənin metamorfozları sırasından çıxması üzündən yox olmur. Pul tədavül prosesinin bu və ya digər əmtəənin tərk etdiyi nöqtələrində daim yenidən toplanır. Məsələn, kətanın ümumi metamorfozunda: kətan–pul–bibliya metamorfozunda əvvəlcə kətan tədavüldən çıxır, pul onun yerini tutur, sonra bibliya tədavüldən çıxır və pul onun yerini tutur. Bir əmtəənin yerini başqa əmtəənin tutması nəticəsində üçüncü bir şəxsin əlində pul əmtəə qalır64. Tədavül arasıkəsilmədən pul təri axıdır.
Belə bir ehkamdan daha bayağı bir şey təsəvvür etmək çətindir ki, guya əmtəə tədavülü alqılarla satqılar arasında hökmən müvazinət yaradır, çünki hər bir satqı eyni zamanda alqıdır, habelə vice versa [əksinə]. Əgər bununla demək istəyirlər ki, həqiqətən baş vermiş satqıların sayı alqıların sayına bərabərdir, onda bu, məzmunsuz bir tavtologiyadır. Lakin bu ehkamla sübut etmək istəyirlər ki, satıcı öz arxasınca bazara öz alıcısını da gətirir. Alqı ilə satqı bir-biri ilə qütbü əkslik təşkil edən iki şəxsin – pul sahibi ilə əmtəə sahibinin qarşılıqlı münasibəti olmaq etibarı ilə eyni bir əməliyyatdır. Lakin eyni bir şəxsin hərəkətləri olmaq etibarı ilə bunlar bir-biri ilə qütbü əkslik təşkil edən iki əməliyyatdır. Beləliklə, satqı ilə alqının eyniyyətində belə bir hal nəzərdə tutulur ki, əmtəə tədavülün kimyagər retortasına atılıb oradan pul şəklində çıxmadıqda, əmtəə sahibi tərəfindən satılmadıqda, deməli, pul sahibi tərəfindən alınmadıqda, faydasız olur. Bu eyniyyətdə daha sonra nəzərdə tutulur ki, mübadilə prosesi, baş tutduqda da, əmtəənin həyatında müəyyən bir fasilədir, çox və ya az davam edə bilən məlum bir dövrdür. Əmtəənin birinci metamorfozu eyni zamanda satqı və alqı olduğuna görə, bu natamam proses eyni zamanda müstəqil bir prosesdir. Alıcının əmtəəsi vardır, satıcının isə pulu, felən bazara yenidən tez və ya gec çıxmasından asılı olmayaraq, özünün tədavül edə bilmək formasını saxlayan əmtəəsi vardır. Bir başqası almadan heç kəs sata bilməz. Lakin birisi bir şey satmışsa, ancaq buna görə də dərhal bir şey almalı deyildir. Əmtəə tədavülü məhsul mübadiləsinin zaman, məkan və fərdi hədlərini məhz ona görə dağıdır ki, öz əməyinin məhsulunu özgəninkiləşdirməklə bunun əvəzində özgə əməyinin məhsulunu almaq arasındakı bilavasitə eyniyyət bir-birinə əks olan iki əməliyyata–satqı ilə alqıya bölünür. Bir-birinə tam müstəqil proses kimi qarşı duran proseslər müəyyən daxili vəhdət təşkil edirsə, bu məhz o deməkdir ki, onların daxili vəhdəti xarici əksliklərin hərəkətində vücuda gəlir. Daxilən müstəqil olmayan yəni bir-birini tamamlayan proseslərin zahirən bir-birindən ayrılması müəyyən nöqtəyə çatdıqda, onların vəhdəti zorakılıq yolu ilə–böhran şəklində meydana çıxır. Əmtəəyə xas olan əkslik–istehlak dəyəri ilə dəyər arasındakı əkslik, eyni zamanda özünü bilavasitə ictimai əmək kimi ifadə etməli olan xüsusi əməyin əksliyi, eyni zamanda ancaq abstrakt ümumi əmək əhəmiyyətinə malik olan əlahiddə və konkret əməyin əksliyi, şeylərin şəxsiyyətləşməsi ilə şəxslərin şey keyfiyyəti almasının əksliyi–bu immanent ziddiyyət – əmtəə metamorfozunun əksliklərində öz hərəkətinin inkişaf etmiş formalarını alır. Deməli, elə bu formaların özündə böhranın mümkünlüyü–lakin ancaq mümkünlüyü vardır. Bu mümkünlüyün gerçəkliyə çevrilməsi tam bir sıra şərtlər məcmusunun olmasını tələb edir ki, bunlar da sadə əmtəə tədavülü çərçivəsində hələ əsla mövcud deyildir.65
Əmtəə tədavülü prosesində bir vasitəçi olan pul tədavül vasitəsi funksiyası kəsb edir.
Əmək məhsullarının bir-birinə maddi mübadiləsi üçün vasitə olan forma dəyişilməsi, Ə–P–Ə tələb edir ki, eyni bir dəyər əmtəə olmaq etibarı ilə prosesin başlanğıc nöqtəsini təşkil edərək yenidən əmtəə şəklində həmin nöqtəyə qayıtsın. Beləliklə, əmtəələrin bu hərəkəti bir dövran təşkil edir. Digər tərəfdən, bu formanın özü pul dövranına yol vermir. Bu formanın nəticəsi ondan ibarətdir ki, pul öz başlanğıc nöqtəsinə qayıtmaq deyil, arasıkəsilmədən bu nöqtədən uzaqlaşır. Əmtəə satıcının əlində öz çevrilmiş formasında, pul formasında qaldığı vaxta qədər bu əmtəə özünün birinci metamorfozu mərhələsində olur, yəni öz tədavülünün yalnız birinci yarısını icra etmiş olur. Proses–alqı məqsədi ilə satqı–başa çatdıqda, pul da öz əvvəlki sahibinin əlindən çıxıb getmiş olur. Doğrudur, toxucu bibliya aldıqdan sonra, yenidən kətan satsa, pul da yenə onun əlinə qayıdar. Lakin bu pul əvvəlki 20 arşın kətanın tədavülü nəticəsində qayıdıb gəlmir, əksinə, bu tədavül pulu toxucunun əlindən çıxarıb bibliya satanın əlinə keçirmişdir. Pul ancaq onun sayəsində qayıda bilir ki, yeni əmtəə birinci tədavül prosesinin verdiyi eyni nəticə ilə qurtaran yenə həmin tədavül prosesini yenidən başlayır və ya təkrar edir. Deməli, əmtəə tədavülünün bilavasitə pula verdiyi hərəkət forması pulun daim başlanğıc nöqtədən uzaqlaşması deməkdir, bir əmtəə sahibinin əlindən başqasının əlinə keçməsi, yaxud pulun tədavülü (currency cours de la monnaie) deməkdir.
Pulun tədavülü eyni bir prosesin daim yeknəsəq təkrar olunmasıdır. Əmtəə həmişə satıcı tərəfdə, alqı vasitəsi olan pul isə həmişə alıcı tərəfdə olur. Pul alqı vasitəsi vəzifəsini
64
2-ci nəşrə qeyd. Bu hadisə nə qədər nəzərə çarpsa da, çox zaman iqtisadçılar, xüsusən fritreder vuigaries bunu görə bilmir.
65
Müqayisə et: Cems Mill haqqında qeydlərim. "Siyasi iqtisadın tənqidinə dair", səh. 74–76 (bax: K. Marks və F. Engels. Əsərləri. İkinci nəşri. 13-cü cild, səh. 79-81). Burada iqtisadi məddahlıq metodu üçün iki cəhət xarakterikdir. Birincisi, əmtəə tədavülü ilə bilavasitə məhsul mübadiləsi arasındakı fərqlərdən sadəcə sərfnəzər edərək bunları eyniləşdirməkdir. İkincisi, kapitalist istehsal prosesinə xas olan ziddiyyətləri inkar etmək cəhdləridir; buna nail olmaq üçün kapitalist istehsal agentləri arasındakı münasibətlər əmtəə tədavülündən irəli gələn sadə münasibətlərə müncər edilir. Halbuki əmtəə istehsalı ilə əmtəə tədavülü ən müxtəlif istehsal üsullarına xas olan hadisələrdir, hərçənd bunların həcmi və əhəmiyyəti heç də eyni deyildir. Deməli, biz müəyyən istehsal üsullarının hamısına aid olan ancaq abstrakt əmtəə tədavülü kateqoriyalarını biliriksə, onda biz bu istehsal üsullarının differentia specifica-sı (xarakterik xüsusiyyətləri) haqqında qətiyyən heç bir şey bilmirik, bunların haqqında heç bir şey deyə bilmərik. Siyasi iqtisaddan başqa heç bir elmdə ən adi ümumi nöqtələr belə bir iddia ilə irəli sürülmür. Məsələn, Jan Batist Sey böhranlar haqqında fikir yürütməyə girişir, amma bircə şey bilir; onu bilir ki, əmtəə məhsuldur.