Название | KAPİTAL. Siyasi iqtisadın tənqidi |
---|---|
Автор произведения | Карл Генрих Маркс |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-9952-8245-3-8 |
Yuxarıda qeyd edildiyi kimi, əmtəənin ekvivalent formasında onun dəyər kəmiyyəti miqdarca müəyyən deyildir. Əgər biz biliriksə ki, qızıl puldur, yəni bütün başqa əmtəələrə bilavasitə mübadilə edilə bilər, onda biz hələ heç də bilmirik ki, məsələn, 10 funt qızıl neçəyədir. Hər bir başqa əmtəə kimi, qızıl da öz dəyərinin kəmiyyətini ancaq nisbi surətdə, ancaq başqa əmtəələrdə ifadə edə bilər. Qızılın öz dəyəri onun istehsalı üçün tələb edilən iş vaxtı ilə müəyyən olunur və eyni qədər iş vaxtı hər hansı başqa əmtəənin nə qədərində kristallaşmışsa, həmin əmtəənin bu miqdarında ifadə olunur48; Qızıl dəyərinin bu nisbi kəmiyyəti qızılın istehsal edildiyi yerdə, bilavasitə mübadilə ticarətində belə müəyyən olunur. Qızıl tədavülə pul kimi girdikdə, onun dəyəri artıq məlumdur. Əgər XVII əsrin artıq axırıncı on illərində pulun təhlili pulun əmtəə olduğunu müəyyən etmiş olsa da, bu hər halda təhlilin ancaq başlanğıcı idi. Çətinlik pulun əmtəə olduğunu başa düşməkdə deyil, əmtəənin necə və nə səbəbə pul olduğunu aşkara çıxarmaqdadır49.
Biz gördük ki, sadə dəyər ifadəsinin özündə, yəni x miqdar A əmtəə = y miqdar B əmtəəyə ifadəsində belə bir illüziya doğur ki, başqa bir şeyin dəyər kəmiyyəti ifadə olunan şey öz ekvivalent formasına guya əmtəələrin bu münasibətindən asılı olmadan malikdir, həmin şey bu formaya özünün anadangəlmə ictimai xassəsi kimi malikdir. Biz bu illüziyanın necə möhkəmləndiyini izlədik. Ümumi ekvivalent forma müəyyən əmtəənin natural forması ilə qovuşduqda, yaxud kristallaşıb pul forması aldıqda, bu illüziya başa çatmış olur. Həm də bu zaman belə bir təəssürat oyanır ki, guya müəyyən əmtəənin pul olmasına səbəb ancaq bütün başqa əmtəələrin öz dəyərlərini onda ifadə etməsi deyil, əksinə, bu əmtəələrin öz dəyərlərini onda ifadə etməsinə səbəb onun pul olmasıdır. Vasitəçi hərəkət öz doğurduğu nəticədə yox olub gedir və onun izi qalmır. Əmtəələr özləri heç bir yardım göstərmədən, özlərindən kənarda və özləri ilə yanaşı mövcud olan əmtəə cismində öz dəyərinin hazır surətini tapır. Bu şeylər – qızıl və gümüş – yerdən çıxarıldıqları şəkildə eyni zamanda hər cür insan əməyinin bilavasitə təcəssümü olur. Pulun ecazkar xarakteri də buradan irəli gəlir. Bizim indi öyrəndiyimiz cəmiyyət quruluşunda insanların ictimai istehsal prosesindəki münasibətləri xalis atomistik münasibətlərdir. Bunun nəticəsində onların istehsal münasibətləri onların nəzarətindən və şüurlu fərdi fəaliyyətindən asılı olmayan şey xarakteri alır. Bu ən əvvəl onda təzahür edir ki, onların əmək məhsulları ümumiyyətlə əmtəə forması alır. Beləliklə, pul fetişinin sirri əmtəə fetişinin ancaq nəzərə çarpan və göz qamaşdıran sirridir.
ÜÇÜNCÜ FƏSİL
PUL, YAXUD ƏMTƏƏ TƏDAVÜLÜ
1. DƏYƏRLƏRİN ÖLÇÜSÜ
Mən bu əsərin hər yerində, sadəlik xatirinə, fərz edirəm ki, pul əmtəə ancaq qızıldır.
Qızılın birinci funksiyası ondan ibarətdir ki, əmtəə aləminə onun dəyərini ifadə etmək üçün, yəni əmtəələrin dəyərlərini keyfiyyətcə eyni olan və miqdarca müqayisə edilə bilən eyni adlı kəmiyyətlər kimi ifadə etmək üçün material versin. Beləliklə, qızıl dəyərlərin ümumi ölçüsü funksiyasını daşıyır və spesifik ekvivalent əmtəə olan qızıl əvvəlcə məhz bu funksiyasına görə pul olur.
Əmtəələrin ortaq ölçülü olmasına səbəb pul deyildir. Əksinə. dəyər olmaq etibarı ilə bütün əmtəələr məhz maddiləşmiş insan əməyi olduqlarına görə və, deməli, özlüyündə ortaq ölçülü olduqlarına görə, – məhz buna görə bütün əmtəələr öz dəyərlərini eyni bir spesifik əmtəə ilə ölçə bilir, beləliklə də bu əmtəəni özləri üçün ümumi olan dəyərlər ölçüsünə, yəni pula çevirir. Dəyər ölçüsü olmaq etibarı ilə pul, əmtəələrə daxilən xas olan dəyər ölçüsünün, yəni iş vaxtının zəruri təzahür formasıdır50
Əmtəə dəyərinin qızılda ifadəsi: x miqdar A əmtəə = q miqdar pul əmtəəyə, – əmtəənin pul formasıdır, yaxud onun qiymətidir. İndi dəmirin dəyərini ictimai əhəmiyyətə malik formada göstərmək üçün bircə tənlik: 1 ton dəmir = 2 unsiya qızıla tənliyi kifayətdir. Bu tənliyi başqa əmtəələrin dəyər tənlikləri ilə bir sırada çiyin-çiyinə verib yeriməsinə daha ehtiyac yoxdur, çünki ekvivalent əmtəə, qızıl, artıq pul xarakterinə malikdir. Buna görə də əmtəələrin ümumi nisbi dəyər forması indi yenə öz ilk şəklinə – sadə, yaxud tək nisbi dəyər formasına qayıdır. Digər tərəfdən, geniş nisbi dəyər ifadəsi, yaxud nisbi dəyər ifadələrinin sonsuz sırası pul əmtəənin spesifik nisbi dəyər forması olur. Lakin bu sıra artıq indi əmtəə qiymətlərində ictimai surətdə verilmişdir. Hər bir qiymət cədvəlindəki yazıları sağdan sola oxuyun, onda pulun dəyər kəmiyyətinin mümkün olan bütün əmtəələrdə ifadəsini görərsiniz. Lakin pulun özünün qiyməti yoxdur. Bütün başqa əmtəələrin bu vahid nisbi dəyər formasında iştirak etmək üçün pul özünə öz ekvivalenti kimi münasibətdə olmalıdır.
Əmtəələrin ümumiyyətlə dəyər forması kimi, onların qiyməti də, yaxud pul forması da onların hisslərlə qavranılan real cismani formasından fərqli bir şeydir, deməli, ancaq təsəvvürdə mövcud olan yalnız ideal formadır. Dəmir, kətan, buğda və sairənin dəyəri, gözlə görünməsə də, şeylərin özündə mövcuddur; dəyər bunların qızıla bərabərliyində, qızıla nisbətində, onların, necə deyərlər, ancaq beynindəki nisbətdə ifadə olunur. Buna görə də əmtəələri saxlayan şəxs əmtəələrin qiymətini xarici aləmə bildirmək üçün öz dilini onların ixtiyarına verməli və ya onların üstünə kağız yarlıqlar yapışdırmalı olur51. Əmtəə dəyərlərinin qızılda ifadəsi ideal xarakter daşıdığına görə, bu əməliyyat üçün də ancaq fikrən təsəvvür edilən qızıl, yaxud ideal qızıl tətbiq oluna bilər. Hər bir əmtəə sahibi bilir ki, öz əmtəələrinin dəyərini qiymət formasına, yaxud fikrən təsəvvür olunan qızıl formasına salmışsa, hələ heç də öz əmtəələrini əsil qızıla çevirməmişdir və milyonlarla hesablanan əmtəə dəyərlərini qızılda ifadə etmək üçün ona zərrə qədər də real qızıl lazım deyildir. Deməli, dəyər ölçüsü rolunu pul ancaq fikrən təsəvvür olunan pul, yaxud ideal pul kimi oynayır. Bu vəziyyət pul haqqında ən mənasız nəzəriyyələr doğurmuşdur. Dəyər ölçüsü funksiyasını ancaq fikrən təsəvvür olunan pul yerinə yetirirsə də qiymət tamamilə real pul materialından asılıdır. Dəyər, yəni, məsələn, bir ton dəmirdəki qədər insan əməyi fikrən təsəvvür edilən və eyni qədər əməyi ehtiva edən miqdarda pul əmtəədə ifadə olunur. Deməli, qızılın, gümüşün və ya misinmi dəyər ölçüsü olmasından asılı olaraq bir ton dəmirin dəyəri tamamilə müxtəlif qiymətlərdə, yaxud tamamilə müxtəlif miqdar qızıl, gümüş və ya misdə ifadə olur.
İki müxtəlif
48
„Peru mədənlərindən bir unsiya gümüş çıxarıb Londona gətirmək üçün bir buşel taxılın istehsalına lazım gəldiyi qədər vaxt sərf edilərsə, bu məhsullardan birincisi ikincisinin təbii qiyməti olar; yeni, daha zəngin mədənlər tapılması nəticəsində iki unsiya gümüşü indiki bir unsiya gümüş qədər asanlıqla çıxarmaq olarsa, əvvvəllər 5 şillinqə olan bir buşel taxıl indi caeteris parious [başqa şərtlər eyni olduqda] 10 şillinqə olacaqdır“ (
49
C-b professor Roşer bizə öyüd verib deyir: „Pula verilən yanlış tərifləri iki əsas qrupa bölmək olar: pulu əmtəədən böyük bir şey hesab edən təriflər və pulu əmtəədən kiçik bir şey hesab edən təriflər“. Sonra pul haqqındakı əsərlərin rəngarəng kataloqu verilir, burada isə pul nəzəriyyəsinin həqiqi tarixini başa düşməkdən bir əsər-əlamət də görmək mümkün deyildir. Axırda da belə bir nəticə vardır: „Onu da inkar etmək olmaz ki, ən yeni iqtisadçıların çoxu pulu başqa əmtəələrdən fərqləndirən xüsusiyyətlərə az fikir verir“ (deməli, pul yenə də əmtəədən kiçik və ya böyük bir şeydir?)“… Bu belə olduğuna görə, Qanil və başqalarının yarım merkantilist münasibəti bir qədər əsaslıdır“ (
50
Nəyə görə pul bilavasitə iş vaxtının özünü təmsil etmir, məsələn, nəyə görə kağız pul nişanı x miqdar iş saatını təmsil etmir – sualı sadəcə belə bir sualdan ibarət olur ki, nəyə görə əmtəə istehsalı əsasında əmək məhsulları gərək əmtəə forması alsın, zira əmtəə forması məhsulların əmtəələrə və pul əmtəəsinə bölündüyünü bildirir; yaxud belə bir sualdan ibarət olur ki, nəyə görə xüsusi əmək bilavasitə ictimai əmək, yəni öz əksliyi hesab edilə bilməz. Əmtəə istehsalı əsasında ,iş pulunun" bayağı utopizm olduğunu mən başqa bir yerdə müfəssəl nəzərdən keçirmişəm. („Siyasi iqtisadın tənqidinə dair“, səh. 61 və sonrakılar. [bax: K. Marks və F. Engels. Əsərləri. İkinci kəşri. 13-cü cild, səh. 67 və sonrakılar]). Burada ancaq onu qeyd edim ki, məsələn, Ouenin „iş pulunu” da „pul“ adlandırmaq, deyək ki, teatr biletinin də bela adlandırılması qədər əsassızdır. Ouen bilavasitə ictimailəşdirilmiş əməyi, yəni əmtəə istehsalına tamamilə əks olan istehsal formasını nəzərdə tutur. İş qəbzi ancaq, istehsalçının ümumi əməkdə fərdi iştirak payını və ümumi məhsulun istehlak üçün nəzərdə tutulan hissəsindən onun nə qədər pay istəyə biləcəyini göstərir. Lakin əmtəə istehsalını nəzərdə tutmaq və eyni zamanda da onun zəruri şərtlərini pul oyunbazlıqları vasitəsi ilə aradan qaldırmağa çalışmaq Ouenin heç xəyalına da gəlmirdi.
51
Vəhşilər və yarımvəhşilər burada öz dillərinlən bir qədər başqa cür istifadə edirlər. Kapitan Parri Baffin körfəzinin qərb sahilindəki əhali haqqında belə söyləyir: „Bu zaman“ (məhsulu mübadilə edərkən) „…onlar bunu“ (mübadilə üçün onlara təklif olunan şeyi) „iki dəfə yalayır, görünür ki, bundan sonra sövdəni müvəffəqiyyətlə bağlanmış hesab edirlər”. Şərqi eskimoslar arasında da mübadilə edən şəxs aldıqı şeyi həmişə yalayarmış. Beləliklə, dil şimalda mənimsəmə orqanıdırsa, heç də təəccüblü deyildir ki, cənubda qarın mülkiyyət yığmaq orqanı hesab edilir; məsələn, kafr varlı adamı onun qarnının yoğunluğu ilə təyin edir. Gördüyümüz kimi, kafrlar çox anlaqlı məxluqdur: əhalinin sağlamlığı haqqında İngiltərə hökumətinin 1864-cü il Hesabatında fəhlə sinfinin xeyli hissəsində piy əmələ gətirən maddələrin çatışmadığı qeyd edildiyi halda. Həmin ildə Harvey adlı bir həkim (qan dövranını kəşf edən yox) burjuaziyaya və aristokratiyaya artıq piydən xilas olmaq çarəsi göstərən fırıldaqçı reseptlər verməklə şöhrətlənmişdi.