Azərbaycan səfəvilər dövləti. Октай Абдулкерим оглы Эфендиев

Читать онлайн.
Название Azərbaycan səfəvilər dövləti
Автор произведения Октай Абдулкерим оглы Эфендиев
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9952-8052-1-4

Скачать книгу

vəziyyətinə həsr olunmuşdur117. V.F.Mimorskinin tədqiqatlarında bu məsələlərə dair qiymətli material və ümumiləşdirmələr vardır118. Son illər çapdan çıxmış bəzi əsərlər diqqəti cəlb edir. Onların arasında daha çox maraq doğuranları – I İsmayılın daxili siyasətinin bəzi, az öyrənilmiş cəhətləri haqqında Jan Obenin tədqiqatı, R.Ş.Seyvorinin mühüm vəzifələr və dövlətinin banisinin istilaları haqqında məqalələri, həmçinin də XVI-XVIII əsrlərdə Səfəvilərin inzibati sistemi haqqında K.M.Röhrbornun əsəridir119. Faruk Sümerin və Bəkir Kütükoğlunun Səfəvilər dövlətinin yaranmasında Anadolu türklərinin roluna və XVI əsrin son rübündə Osmanlı və Səfəvilər dövlətlərinin qarşılıqlı münasibətlərinə həsr olunmuş əsərlərində xeyli dərəcədə yeni material vardır120.

İran tarixşünaslığı (Ə.Kəsrəvinin və N.Fəlsəfinin bəzi əsərləri121 istisna edilməklə) bu sahədə tədqiqatlarla təmsil olunmamışdır. Ə.Tacbəxşin, S.Rəhimzadənin, N.Şeybaninin son dövrdə nəşr edilmiş kitabları millətçilik mövqelərindən yazılmışdır və hekayə xarakteri daşıyır122. Bu əsərlərin mənbəşünaslıq və tarixşünaslıq zəmini məhduddur və buna görə də mövzunun öyrənilməsinə yenilik gətirmir.

Tehran universitetinin professoru Bəstini Pərizinin “Səfəvilər dövründə siyasət və iqtisadiyyat” kitabı əslində bu sahədə İran tarixşünaslığında XVI-XVIII əsrin əvvəllərində Səfəvilər dövlətinin sosial-iqtisadi həyatının öyrənilməsinə ciddi maraq göstərilmiş123 ilk tədqiqatdır.

Keçmiş sovet tarixçilərinin diqqətini cəlb etmiş məsələlərdən biri XVI əsrdə Səfəvilər dövlətinin etnik xarakteri məsələsidir.

Vətən tarixşünaslığında Səfəvilər sülaləsinin və onları müdafiə edən tayfaların türk (Azərbaycan) mənşəli olduğunu ilk dəfə olaraq göstərənlər rus şərqşünasları V.V.Bartold və A.Y.Krımski124 olmuşlar.

Azərbaycan feodal əyanlarının Səfəvilər dövlətinin yaranmasında həlledici rol oynadığı faktı 1941-ci ildə Bakı tarixçilərinin hazırladığı Azərbaycan tarixinə dair ilk kollektiv əsərdə qeyd olunmuşdur125. 1946-cı ildə buna bənzər nəşrdə həmin baxış daha da inkişaf etdirilmişdir126. Qırxıncı illərin əvvəllərində Azərbaycan tarixçisi, akademik İ.A.Hüseynov Şah İsmayılın dövlətini Azərbaycan dövləti kimi səciyyələndirmişdir127. Həmin səciyyələndirmə bu sətirlər müəllifinin əsərlərində elmi dəlillər və mənbəşünaslıq məlumatları ilə əsaslandırılmışdır.

İ.P.Petruşevski özünün ilkin mənbələrinə əsaslanan tədqiqatlarında Səfəvilər dövlətinin yaranmasında və onun tarixinin birinci yüzilliyində Azərbaycanın və Azərbaycan etnik feodal ünsürünün aparıcı, müəyyənedici sosial-iqtisadi və siyasi rol oynadığını təkzibolunmaz şəkildə sübut etmişdir. O, göstərmişdir ki, Azərbaycan əyanları bu dövlətdə müstəsna hüquq və imtiyazlardan istifadə etmişlər. Sarayda yüksək vəzifələr, vilayət canişinlikləri, hərbi iş və s. Azərbaycan feodallarının əlində olduğu halda, dövlət işlərində fars feodallarının rolu maliyyə, dəftərxana və qismən də məhkəmə məsələləri ilə məhdudlaşırdı.

İran tarixşünaslığının millətçi, paniranist baxışlarını, habelə Qərbin mürtəce tarixçilərinin oxşar konsepsiyalarını tənqid edən N.D.Mikluxo-Maklay qeyd edirdi ki, Şeybanilər Səfəviləri bütün İranın hökmdarları kimi tanımırdılar. Onlar Səfəviləri Ağqoyunlular sülaləsinin xələfləri və varisləri hesab edərək onların yalnız Azərbaycan və Qərbi İran üzərində hakimiyyətini tanıyırdılar. O, yazırdı: “Bütün deyilənlər belə bir nəticəyə gəlməyə imkan verir ki, XVI əsrdə yaranmış Səfəvilər dövləti XV əsr Qaraqoyunlu və Ağqoyunlu hakimiyyətlərinin xələfi kimi təşəkkül tapmışdır. Həm də real əsaslara istinad edirdi, yəni Səfəvilər dövləti İran dövləti deyildi və ona heç elə də baxılmırdı”128.

B.N.Zaxoder Səfəvilər dövlətinin yaranmasında Azərbaycanın roluna dair yazırdı: “Sosial-iqtisadi inkişafın nisbətən yüksək pilləsində duran Azərbaycan XVI əsrin əvvəlində Cənubi Qafqazda və İranda yaranan həmin böyük dövlətin özəyini təşkil edirdi. Bu dövlət çoxlu tayfa və xalqları öz tərkibinə daxil etmişdir. Lakin uzun müddət bu dövlətdə onun hərbi qüvvələrində ilk Səfəvilərin arxalandığı Azərbaycan feodalları üstünlük təşkil etmişdilər129.

Hal-hazırda tarix elmində XVI əsr Səfəvilər dövlətinə Azərbaycan dövləti kimi baxmaq meyli tədricən özünə yol tapır130.

Müasir İran tarixşünaslığının görkəmli nümayəndələri də aşkar faktlarla hesablaşmaq məcburiyyəti qarşısında qalaraq Səfəvilər dövlətində türkdilli (Azərbaycan) etnosun rəhbər rolunu, hakim mövqeyini təsdiq edirlər. Məsələn, I Şah Abbasa həsr olunmuş çoxcildli əsərin müəllifi Nəsrulla Fəlsəfi Şah İsmayıl və onun yaratdığı dövlət haqqında yazır: “Şah İsmayıl ata tərəfdən özünü seyid (yəni Məhəmməd Peyğəmbərin nəslindən olan – O.Ə.) Əli nəsli sayır və bu nəsil şəcərəsi ilə fəxr edirdi. Ana tərəfdən isə o, Türkman Həsən bəy Ağqoyunlunun (yəni Uzun Həsənin – O.Ə.) nəvəsi idi və haqlı olaraq özünü bu sülalənin qanuni varisi hesab edirdi… Dövrün bütün tarixlərindən məlum olduğu kimi, onun tərəfdarları da əsasən türkman və tatar tayfalarından olanlar idi.

Hətta taxta çıxdıqdan sonra belə o, İran mənşəyinə və dilinə – millətin iki başlıca əsasına xor baxırdı. O, İranın yerli əhalisini tabe etmiş və onları mənşəcə türkman olan qızılbaş tayfalarının hakimiyyəti altına salmışdı. Fars dili Osmanlı imperiyasında və Hindistanda siyasət və ədəbiyyat dili olduğu bir dövrdə Şah İsmayıl türk dilini İran sarayının rəsmi dili etmişdi. Hətta o özü də yalnız türk dilində şeirlər yazırdı. Nəticədə, türk dili Səfəvilər sarayında elə geniş yayıldı ki, bu sülalənin hakimiyyətinin sonunadək sarayın rəsmi dili olaraq qaldı. Buna görə də türk siyasi qurumlarını yıxan və vahid dövlət yaradan I Şah İsmayılın İranın milli və siyasi birliyini bərpa etməyi qarşısına məqsəd qoymaması şübhəsizdir”131. Başqa bir yerdən iqtibas gətirək: “Şah İsmayıl hər bir vilayəti tutduqdan sonra ələ keçirilmiş qənimətləri, əsirləri və torpaqları Qızılbaş sərkərdələri arasında bölüşdürürdü. Beləliklə, mənşəyi və dili etibarilə türk olan tayfalar İranın hər yerində yerli farsdilli iranlılar üzərində ağalıq etməyə başladılar. İranda imtiyazlı və qüdrətli zümrə əmələ gəldi və bütün hərbi və mülki mövqeləri, vəzifələri ələ keçirərək İran xalqını tam ixtiyarla və əzəmətlə idarə etdi. Buna görə də Səfəvilər dövründə şahı İran şahənşahı adlandırdıqlarına baxmayaraq, İran ölkəsinə Qızılbaş

117

W.Hinz. Schah Esmail II. Berlin, 1933; H.R.Roemer. Der Niedergang Irans nach dem Tode Ismail’s des Grausamen, 1577-1581. Wurzburg- Aumuhle, 1939.

118

V.Minorsky. The Supporters of the Lords of the Ardabil “Tadhkirat al-muluk” kitabında; Shaykh Bali-efendi on Safavids. BSOAS, vol. XX, London, 1957.

119

J.Aubin. Etudes Safavides. I Shah Ismail et les notables de l’lraq persan. “Journal of Economic and Social History of the Orient”, Leiden, 1959, vol. 2, p.l; R.M.Savory. The Principal Offices of the Safawid State during the Reign of Ismail I. BSOAS, vol. XXIII, p.l, 1960; The principal Offices of the Safawid State during the Reign of Tahmasip I. BSOAS, vol. XXIV, p.l, 1961; Some Notes on the Provincial Administration of the Early Safawid Empire. BSOAS, vol. XXVII, p.l, 1964; The Consolidation of Safavid Power in Persia. Der Islam. Bd. 41, Berlin, 1965; Klaus-Michael Rohrbom. Provinzen und Zentralgewalt Persiens im 16 ind 17 Jahrhundert. Berlin, 1966.

120

F.Sümer. Safevi Devletinin kuruluşu ve gelişmesinde Anadolu türklerinin rolü. Ankara, 1976; Azerbaycanın türkleşmesi tarihine ümumi bir bakiş. Türk Tarih Kurumu. Belleten, cilt XXI, sayi 83, Ankara, 1957; B.Kütükoğlu. Osmanlı-İran siyasi münasebetleri. I. 1578-1590, İstanbul, 1962.

121

Əhməd Kəsrəvi Təbrizi. Şeyx Səfi və təbareş. Tehran, 1324; Nəsrulla Fəlsəfi. Cəng-i Çaldıran. Məcəlle-i daneşkədə-i ədəbiyyat, şumare-i 2, sal-i əvvəl, Tehran, 1332; yenə onun: Zindəgani-i Şah Abbas-i əvvəl, cild-i əvvəl. Müqəddəmat-i səltənət-i u əz vəladət ta padşahi. Tehran, 1334 (bundan sonra – N.Fəlsəfi, с.1).

122

Əhməd Tacbəxş. İran dər zaman-i Səfəviyyə Təbriz, 1340; Rəhimzade-i Səfəvi. Şərh-i cəngha və tarix-i zindəgani-i Şah İsmail-i Səfəvi. Tehran, 1341; Nizaməddin Mücir Şeybani. Təşkil-i şahənşahi-i Səfəviyyə. Ehya-i vəhdət-i milli. Tehran, 1346.

123

Bastani Parizi. Siyasət və iqtisad-i əsr-i Səfəvi. Tehran, 1348.

124

В.В.Бартольд. Место прикаспийских областей в истории мусульманского мира. Соч., т. И, ч. I, М., 1963, стр.748; yenə onun: Халиф и Султан. Соч., т. VI, М., 1966, стр.54; А.Е.Крымский. История Персии, ее литературы и дервишской теософии, т. III. М., 1914-1917, стр.148.

125

История Азербайджана (краткий очерк). Изд-во Аз. ФАН. Баку, 1941.

126

История Азербайджана. Баку, 1946.

127

İ.A.Hüseynov. İsmayıl Səfəvi. Bakı, 1943.

128

Н.Д.Миклухо-Маклай. К истории политических взаимоотношений Ирана со Средней Азией в XVI в., стр.16.

129

Б.Н.Заходер. Государство Сефевидов в кн.: “Всемирная история”, т. IV (гл. XXII). М„ 1959, стр.558.

130

История СССР, т. II. М., 1966, стр.542.

131

N.Fəlsəfi, с. I, səh.“he”, “ze”, “ye”.