İblis busəsi. Яшар Буньяд

Читать онлайн.
Название İblis busəsi
Автор произведения Яшар Буньяд
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn



Скачать книгу

Həmişə beləydi, bir yerə getməyə hazırlaşanda gözümü yumub rahatca yata bilmirdim, səhəri diri açırdım. İndi lap narahatam, özüm də bilmirdim niyə. Mədətin dediyindən yaxında olur, lap yaxında…  Moskva böyük şəhər də olsa, taparıq yəqin ki…

      Heç özümdə bilmirəm onunla görüşə niyə can atırdım. Elə bil hansısa qüvvə məni onun dalınca salıb, axtar deyir, axtar…  Görəsən o heç məni düşündümü? Axtardımı?.. Bəlkə də heç yadına düşməmişəm…

      Mədət “Opel” ini işə salandan iyirmi beş dəqiqə sonra beşmərtəbəli “Monolit” binanın qarşısında maşını saxlayıb pəncərəni açıb başını çölə çıxardı, binanın tinindəki yazıya baxıb dedi:

      – Hə, bura olmalıdır…  – Hər ehtimala qarşı, bir cibindən çıxartdığı ünvan yazılmış kağıza, bir də divardakı lövhəyə baxıb sözünü başıyla təsdiqlədi. Sonra binaya zəndlə baxıb nəsə hesablayıb əlavə etdi: – İkinci giriş…  Getdik.

      Sovet memarlığının gözəl nümunəsi olan bu bina elə giriş qapısından adamı heyran qoyurdu; hündür kalonlar, geniş vestebül, ağ mərmər pılləkənlər, enli metal çərçivəli lift, divar boyu pannolar, addımlarımızın bina boyu əks-səda verən tıqqıltısı…  Moskvanın çox binalarından seçilən bu möhtəşəm evdə mötəbər, adlı-sanlı kübar ailələrin yaşadığına şübhə etmədim.

      Andreygilin mənzili ikinci mərtəbədə yerləşdiyini qapının ağzındakı sakinlər barədə məlumat yazılan lövhədən öyrəndiyimizdən liftə minmədik. Amma mənzilin qapısına çatanda başa düşdük ki, təngənəfəs olduğumuz geniş və hündür pilləkən əvəzinə yuxarı liftlə daha tez qalxardıq.

      Mədət daima maşınla hərəkət etdiyindən pıllələr onu yordu, az qala ləhləyirdi. Yorulduğunu biruzə verməməkçin pilləkənin sürahəsinə söykənib dayandı. Sonra üzbəüz dayandığımız iri qırmızı qapını göztərib dedi:

      – Düyməni bas.

      Zəngin düyməsini basıb gözlədim. Açan olmadı. Bir də basdım, bir də…

      – Heç kim yoxdu…

      Mədət özünə gəlib qapıya yaxınlaşdı, sanki mən düyməni düz basmırammış kimi şəstlə məni süzüb zəngi ovcunun içiylə dalbadal bir neçə dəfə döyəclədi. Qapını açan olmadı.

      – Elə bil ev boşdur, – müəyyənliklə deyib gözlərimdəki “niyə” ni oxuduğundan təsdiqlədi. – Zəngin səsi gup-gup guppuldayır, eşitmirsən?

      Zəngin səsinə bir az qulaq verib başımı tərpətdim ki, hə, guppuldayır…

      Elə bu dəmdə vestibülün sol tərəfindəki mənzilin ağır dəmir qapısının kilidi iki dəfə şıqqıldadı, sonra bir də…  daha sonra qapıya təhlükəsizlik üçün vurulmuş qalın zəncir tarıma çəkilənə qədər aralandı. Boğuq, xırıltılı, lakin mülayim bir səs gəldi:

      – Cavan oğlanlar, sizə kim lazımdır?

      Mədət bir qarış aralı qapının alaqaranlığında solğun, çuxura düşmüş, sulanmış gözləri, qaraqançır olmuş damarlarını üzündəki dərin qırışlar belə gizlədə bilməyən ahıl, əldən düşmüş, lakin qanında olan aristokratlığını təsəvvür ediləcək qədər saxlayan qadını gördü. Rusca salam verib tələsik soruşdu ki, bilmir qonşuları hardadı?

      Moskvalılara xas olan marağını gizlətmədən soruşdu:

      – Siz onu hardan tanıyırsız?

      – Mənim əsgərlik dostumdur…  Andrey, – dedim, – Əfqanıstanda bir yerdə döyüşmüşük.

      Andreyin adını eşidəndə qadın bir az ürəkləndi, zənciri bir az da tarıma çəksə də qapını açmadı. Sonra dərindən ah çəkib nazık rəngsiz dodaqlarını qırışmış barmaqlarıyla ovuşdura-ovuşdura təəccüblə soruşdu:

      – Deməli bilmirsiz? Onlar…  çoxdan burda yaşamırlar…  Lap çoxdan…  Andryuşa əməliyyat olandan sonra…  unutmuşam…  hə, deyəsən İsrailə köçdülər…  Bilmirəm…  Arvadı yəhuduydi deyəsən. Yadımdan çıxıb…

      İxtiyarsız bir-birimizə baxdıq. Deyəsən ikimizin də yadına axşam etdiyimiz söhbət düşdü.

      – Nə əməliyyat? – Təlaşla soruşdum.

      Qadın sanki danışmırdı, səsini içindən dartıb çıxarır, sonra da bu səs aydın eşidilməyən xırıltıya bənzər sözlərə dönüb azca aralı olan qapının arasında boğulub qalırdı.

      – Çooxx ağır əməliyyat… yazıq Andryuşa… Be-ləə…

      Hələ ki üzümüzə bağlanmamış dəmir qapıya yaxınlaşıb başqa nəsə öyrənmək istədim. Az qala aralı qapıdan içəri soxulacaqdım. Qocanın soyuq nəfəsi, lal, solğun baxışlarıyla üz-üzə, göz-gözə dayanmışdım.

      – Bizdən qorxmayın, xahiş edirəm, – deyə yalvardım, – bildiyiniz nə varsa mənə deyin…  Xahiş edirəm…

      Elə bil mənim qəflətən qapıya yaxınlaşmağım, səsimdəki həyacan qadını qorxutmuşdu. Bir yandan da qaralığım…  Titrəyən barmaqlarıyla cəftədən yapışıb qapının üzümə bağladı.

      – Daha heç nə bilmirəm…  Dərman atmaq vaxtımdır. Gedin…

      Zəhmlə kilidlənən qapının o üzündə deyinən qadının özü kimi xırıltılı səsi də yox oldu…

      Yeganə ümidimin puç olmasından məyus olub Mədətə baxdım. Başını aşağı dikib durmuşdu.

* * *

      …Yol boyu ikimiz də susduq. Əslində danışılası söz də yox idi. Mədət mənim çox məyus olduğumu gördüyündən maşını yavaş sürür, bəzən işıqforda yaşıl işıq yansa da dayanıb nəsə fikirləşir, arxadakı maşınların təkidli siqnal verdiyini görəndən sonra elə bil özünə gəlirdi. Hiss edirdim ki, dost axtarışının uğursuz alınmağı ona da yer eləyib.

      Vağzal dairəsində maşını yolun kənarına çəkib saxladı. Cibindən bir kopa pul çıxarıb mənə uzatdı.

      – Kefini pozma…  Al, götür bunu, – deyib əlini irəli uzatdı. – Görürsən dayanacağı? Taksi saxla, get Petrovskiyə…  Yaxındadı…  Mənim vacib işim var, qurtaran kimi gələcəm… Vitalik səni bazarın girişindəki gül dükanında gözləyəcək…  – Sonra da narahat görkəm alıb soruşdu. – Azıb eləməzsən ki? – Mənim inciyən kimi olduğumu görüb gülümsündü. Dodaqlarım qaçdı. – Zarafat eləyirəm. Uşaq deyilsən ki…

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного